Böhran (qrup)
Böhran | |
---|---|
azərb-kiril. Бөһран | |
Növü | xüsusi təyinatlı əməliyyat qrupu |
Yaranma tarixi | 1989–1991 |
Ölkə | |
Tabedir | SSRİ Dövlət Təhlükəsizlik Komitəsi |
Sayı | 12 nəfər |
Qərargah | Bakı |
Müharibələr | SSRİ-nin süqutu |
Döyüşlər |
Telman Qurbanovun qətli Əjdər Xanbabayevin qətli |
Komandanlıq | |
Məşhur komandirləri | Vaqif Hüseynov |
Böhran (azərb-kiril. Бөһран) — 1989–1991-ci illərdə Azərbaycan SSR-də fəaliyyətdə olmuş, Azərbaycan SSR DTK-nın xüsusi təyinatlı əməliyyat qrupu. Qruplaşma Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmışdı.
Əməliyyat qrupu 1989-cu ildə Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynov tərəfindən yaradımışdır. Qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Əjdər Xanbabayevin və Telman Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər.
Vaqif Hüseynov haqqında 1996-cı ildə cinayət işi açılmışdır. Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal Azərbaycana ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir. 2000-ci ildə qrupun iki üzvü Sadıx Əliyev və Səbuhi Məmmədəliyev həbs edilmişdir. "Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaradılması
[redaktə | mənbəni redaktə et]Azərbaycan SSR DTK-nın sədri Vaqif Əliövsət oğlu Hüseynovun 7 oktyabr 1989-cu il tarixli 0171 saylı məxvi əmri ilə Azərbaycanda siyasi vəziyyətin böhranlı inkişafını lokallaşdırmaq istiqamətində çekist tədbirlərinin həyata keçirilməsi məqsədilə "Böhran" əməliyyat qrupu yaradılmışdır.[1] Qruplaşmanın məqsədi "düşmən fəaliyyətinin aşkar edilərək zərərsizləşdirilməsi üçün kəşfiyyat və əməliyyat tədbirlərinin həyata keçirilməsi" idi.[2] 12 nəfərdən ibarət idi və ona 5-ci şöbənin rəisi Vladimir Adilyeviç Mirzoyev rəhbərlik etmişdir.[1] Qruplaşma xüsusən də milli azadlıq hərəkatında rol oynamış Azərbaycan Xalq Cəbhəsindən qaynaqlanan təhlükəsizlik təhdidlərinə qarşı çıxmaq üçün yaradılmışdır.[3]
Telman Qurbanovun qətli
[redaktə | mənbəni redaktə et]1991-ci il avqust qiyamının uğursuzluğundan sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibovun siyasəti DTK və partiya aparatına arxalanmaqdan demokratik müxalifətə doğru sürüklənməyə çevrilmişdi. Mütəllibovun qərarı ilə Azərbaycan Kommunist Partiyası buraxılmış, Bakıda hərbi vəziyyət ləğv edilmişdi. Eyni zamanda, respublika DTK rəhbərliyini siyasi cəhətdən gözdən salmaq kampaniyasına start verilmişdi. Prezidentin təklifi ilə respublika prokurorluğu DTK-ya və şəxsən Vaqif Hüseynovu ifşa edən faktları açıqlamışdı. Vaqif Hüseynov öz tabeliyində olan, respublika DTK-nın keçmiş 5-ci idarə rəisi və 3 nömrəli bölməsinin rəis müavini, polkovnik-leytenant Sadıx Əliyevin qanunsuz fəaliyyətində iştirakda günahkar bilinmişdi.[4][5]
Sadıx Əliyev kimya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Telman Qurbanovun qətlinin təşkilində ittiham olunurdu. Alim 1990-cı ilin oktyabrında Bakıda evinin qapısında qətlə yetirilmişdi. Cinayətin sifarişçisi böyük iş adamı, "Azərbaycan" iqtisadi assosiasiyasının prezidenti Elxan Məmmədov olmuşdu. Sifarişin arxasında dayanan səbəb Məmmədovun həyat yoldaşı Tamilla Maksudovanı Qurbanova qısqanması idi. 1991-ci ilin avqust qiyamından sonra Əliyev, bir müddət sonra isə Məmmədov da həbs edilmişdir. İstintaq Qurbanovun qətlinin təşkilində respublika DTK-nın iştirakına dair heç vaxt inandırıcı sübutlar təqdim edə bilməmişdi, lakin məhkəmə qərarından xeyli əvvəl bu cinayətlə bağlı bütün məlumatları ictimaiyyətə çatdırmağa cəhd edilmişdir. Əsas diqqət dövlət təhlükəsizlik orqanlarının, xüsusən də Vaqif Hüseynovun "Azərbaycan" assosiasiyasının rəhbərliyi ilə əməkdaşlığına yönəldilmişdi. Bu məlumatın dərcindən sonra prezident Mütəllibovun təzyiqi ilə Hüseynov DTK rəhbəri vəzifəsindən istefa ərizəsi yazmağa məcbur olmuşdur.[4][5]
Əjdər Xanbabayevin qətli
[redaktə | mənbəni redaktə et]"Böhran" əməliyyat qrupu 1990-cı ilin mayında Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" nəşriyyatının və "Yazıçı" nəşriyyatının direktoru Əjdər Xanbabayevin qətlini təşkil etmişdir. Xanbabayev Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnmişdi. İstintaqın məlumatına görə, zərərçəkmiş şəxs Azərbaycan KP MK-nın keçmiş birinci katibi Heydər Əliyevin tərəfdarlarından biri və onun respublikaya qayıtmasının təşkilatçılarından olmuşdur. Azərbaycan SSR hakimiyyət orqanları onun qayıdışını istəmirdilər və Xanbabayev Azərbaycan SSR DTK-nın operativ nəzarəti altında idi. Azərbaycan Prokurorluğunun məlumatına görə, əməliyyat nəzarətinin təşkilatçıları DTK-nın 3 saylı idarəsinin rəisi, polkovnik-leytenant Vladimir Mirzoyev və Azərbaycan SSR DTK-nın 5-ci şöbəsinin rəisi, 3 saylı idarə rəisinin müavini, polkovnik-leytenant Sadıx Əliyev olmuşdur. Cinayət işinin materiallarına görə, onlar DTK sədri Vaqif Hüseynovun birbaşa göstərişlərini yerinə yetirmişdir.[4]
İlkin olaraq istintaq Xanbabayevin qətlinin qısqanclıq zəminindən yerinə yetirildiyini güman etmişdir, lakin 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onlar keçmiş hakimiyyətin Əliyevi öldürməkdən çəkindirmək istəyi ilə siyasi versiyaya keçmişdir. 1990-cı ildə Azərbaycana gəlib. 1995-ci ilin ortalarında "Qarabağ" kooperativinin sədri Tarix Quliyev və Bakı Şəhər Sovetinin deputatı, "Lalə" kafesinin direktoru Tofiq Qasımov Xanbabayevin qətlini etiraf etmiş və həbs edilmişdir. Xanbabayevə atəş açan Quliyevin evinə baxış zamanı cinayətin törədildiyi ehtimal edilən "Makarov" tapançası aşkar edilmişdir.[4]
Həbs olunanların ifadəsinə görə, qətlin təşkilatçısı böyük "gildiyanın üzvləri"ndən biri, sonralar Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Hacı Seyfəl Babayevdir. İddialara görə, Babayev onları hansısa "namus məsələsi" ucbatından qətli törətməyə inandırmışdır. Daha sonra ifadələrini dəyişdirən Quliyev və Qasımov DTK əməkdaşlarının, xüsusilə Hüseynovun, Mirzəyevin və digərlərinin qətldə əli olduqlarını açıqlamışdır. Onların sözlərinə görə, Babayev çekistlərin tələbi ilə Xanbabayevin qətlini təşkil etmişdir. Babayev günahını etiraf etməmiş, həbsindən üç gün sonra istintaq təcridxanasında, naməlum şəraitdə vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının hökmü ilə Qasımov 9 il, Quliyev isə ölüm cəzasına məhkum edilmişdir, lakin Quliyevin hökmü sonradan ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.[2]
Sonrakı dövrlər
[redaktə | mənbəni redaktə et]17 yanvar 1996-cı ildə keçən il Rusiya vətəndaşlığı almış Vaqif Hüseynov haqqında cinayət işi açılmışdır. O, xüsusi təyinatlı "Böhran" qrupunun əsas siması kimi bir sıra cinayətlərdə ittiham olunmuşdur. [4] 2000-ci ildə Sadıx Mikayıl oğlu Əliyev və Səbuhi Seyfəddin oğlu Məmmədəliyev qruplaşmanın aparıcı üzvləri kimi ömürlük həbs cəzasına məhkum edilmişdir.[6][7] O, Vaqif Hüseynovun göstərişi ilə "Böhran" qrupunun yaradılmasında iştirak etməkdə. İstintaqın məlumatına görə, bu qrupun üzvləri 1990–1991-ci illərdə törədilmiş bir sıra cinayətlərdə, o cümlədən Xanbabayevin və Qurbanovun qətlində, vətəndaşlar Əliyev və Bağırovun öldürülməsinə cəhddə iştirak etmişdilər. 2001-ci ilin mayında Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdir.[2]
Eyni zamanda, Vaqif Hüseynov Azərbaycanın istintaq orqanları vəzifə saxtakarlığında ittiham edilmişdi. Onun şəxsi göstərişi ilə DTK zabitlərindən birinin, milliyyətcə erməni olan arvadının pasportu, onun milliyyəti, adı və atasının adı dəyişdirilərək azərbaycanlılaşdırılmışdı. Həmçinin, 1991-ci ildə Azərbaycan Televiziyasında partlayışın təşkili ilə bağlı ittihamlar da səsləndirilmişdir. Respublika Prokurorluğu dəfələrlə Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal vətəninə ekstradisiyasını tələb etmiş, lakin Hüseynov Rusiya vətəndaşı olduğundan bundan imtina edilmişdir.[2]
"Böhran" qrupu Azərbaycan hökuməti tərəfindən "terror təşkilatı" kimi tanınır.[7][8]
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 İsmayılov, Adil. "Cəbhəçilər bu qətlin açılmasına təşəbbüs göstərmədilər... Görəsən niyə?". criminal.az (az.). 25 yanvar 2020. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2022.
- ↑ 1 2 3 4 Tumşis, 2016. səh. 98
- ↑ Ştrasser, Kristof. "The follow-up to the issue of political prisoners in Azerbaijan". Avropa Şurası (ingilis). 14 dekabr 2012. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2022.
- ↑ 1 2 3 4 5 Tumşis, 2016. səh. 97
- ↑ 1 2 Hüseynov, 2013. səh. 364–367
- ↑ Ştrasser, Kristof. "The follow-up to the issue of political prisoners in Azerbaijan". Avropa Şurası (ingilis). 14 dekabr 2012. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2022.
- ↑ 1 2 "Report on fact-finding mission til Azerbaijan Former OPON forces in Azerbaijan, etc. 27 Januar to 1 Februar 2002" (PDF). Danimarka İmmiqrasiya Xidməti (ingilis). 1 fevral 2022. 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 avqust 2022.
- ↑ "В списке «политзаключенных» Лейлы Юнус и Эльдара Зейналова 11 бывших заключенных". day.az (rus). 5 may 2005. 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2022.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Гусейнов, В. А. Преодоление. Постскриптум // Больше чем одна жизнь. Кн. 2. Противостояние. Moskva: Красная Звезда. 2013. ISBN 978-5-88727-100-2.
- Тумшис, Михаил. Щит и меч Советского Союза (rus). Moskva: Rusiya Təhsil və Elmin Təşviqi Fondu. 2016. ISBN 978-5-91244-161-5.