Sosiologiya
Kommunikasiya |
---|
Əsasları |
Sahələr |
Fənlər |
Kateqoriyalar |
Sosiologiya (lat. socius — "cəmiyyət", yun. lóɡos — "elm"; XX əsrin əvvəllərinə qədərki mənbələrdə ictimaiyyat)[1] — cəmiyyətə, insanın sosial davranışına, sosial münasibətlərin nümunələrinə, sosial əlaqələrə və gündəlik həyatla əlaqəli mədəniyyət aspektlərinə diqqət yetirən sosial elm.
Sosiologiyanın funksiyaları və rolu
[redaktə | mənbəni redaktə et]Baxmayaraq ki, qədim zamanlardan insanların sosial rifahını yaxşılaşdırmaq üçün müxtəlif filosoflar (İbn Xəldun, Platon və s.) fərqli ideyalar irəli sürüblər, qanunlar qəbul və icra olunub, sosiologiya bir elm kimi yalnız və yalnız XVIII əsrdən etibarən yaranmağa və inkişaf etməyə başlayıb. Sosiologiyanın banisi kimi fransız filosofu Ogüst Kont götürülür, lakin ondan çox digər 3 şəxs (Karl Marks, Maks Veber və Emil Durkhaym) sosiologiyanın inkişafına töhfə veriblər və elə buna görə də məhz bu 3 şəxs sosiologiyanın "ataları" kimi də tanınır.
Sosiologiya elminə töhfə vermiş və hal-hazırda da bu sahədə çalışan şəxslər 2 kateqoriyaya bölünürlər: klassik sosioloji və müasir sosioloji nəzəriyyəçilər.
Klassik nəzəriyyəçilər sosiologiya elminin yarandığı ildən 20-ci əsrin əvvəllərinədək işləyən şəxsləri əhatə edir. Bu qrupa sosiologiyanın ataları — Georq Zimmel, Ogüst Kont, Herbert Spenser və Vilfredo Pareto kimi şəxslər daxildir. Onların ideyaları hələ də yaşayır və müasir dövrdəki sosial məsələləri anlamaq üçün alimlər onların nəzəriyyələrindən də olduqca çox istifadə edirlər.
Müasir qrupa isə İkinci dünya müharibəsinin başlandığı illərdən indiki dövrə kimi olan şəxslər nəzərdə tutulur və onların da ideyaları olduqca aktual və maraqlıdır. Bu qrupa Talkot Parsons, Entoni Giddens, Yurgen Habermas, Stenli Koen, Yudit Batler və Silviya Uolbi kimi şəxslər daxildir.
İctimai biliyin dərinləşməsi, digər elmlərin yüksək differensiasiyası, həmçinin cəmiyyətin tədqiqində empirik tədqiqat metodlarının labüdlüyü sosiologiyanın ayrıca elm kimi formalaşmasına şərait yaratdı. Sosiologiya elmi digər elmlərlə birgə işləyir və buna görə də multidisiplinar elm kimi də tanınır. Misal üçün, Maks Veberin din və iqtisadiyyat barədə olan işlərinə nəzər yetirsək, görə bilərik ki, Veber iqtisadiyyat, din və siyasət elmlərindən də istifadə edərək dinin cəmiyyətdəki rolunu araşdırmışdır. Sosiologiya elmi hər bir cəmiyyətdə mövcud olan və onun formalaşmasında vacib rol oynayan (din, ailə, dövlət) və cəmiyyətin nümayəndələrinin əmələ gətirdiyi (cinayət, anormallıq, musiqi, incəsənət, media) faktorları dərindən tədqiq edir, Buna görə də sosiologiya elminin əhatəsi olduqca genişdir və cəmiyyətin nəyə görə və hansı səbəblə müəyyən formada hərəkət etməsini, nəyə görə bu formada olduğunu və s. bu cür suallara cavab tapmaq istəyən fərd üçün bu elm olduqca vacib və maraqlıdır.
Sosiologiyanın yalnız nəzəri biliklərdən ibarət olmaması sahəsində Sen-Simonun xidmətləri böyükdür. Məhz o, sosiologiyanı "müşahidəyə əsaslanan elmlər pilləsinə" qaldırmışdır.
Sosiologiya elminin müxtəlif funksiyaları var, ancaq ən əsas funksiyaları insanların normal qəbul etdikləri (adət-ənənə, miflər, dini idealar) ideaları empirik şəkildə araşdırıb nə dərəcədə düzgün olub-olmadığını və nəyə görə o ideaların formalaşdığını, sosial problemlər ortaya çıxdığı zaman onun səbəbini tapıb müvafiq həll yolları təklif etmək və insanlara şəxsi iş və yaxud problem kimi görsənən məsələləri gündəmə gətirib onları tədqiq edib həll yolu göstərməkdir. Adı çəkilən funksiyalardan birincisinə nümunə olaraq qadın-kişi münasibətlərinə, daha doğrusu, bərabərliyinə dair olan ictimai fikirlərin sosioloqlar tərəfindən necə təsirlənərək dəyişdiyini nümunə göstərmək olar. XVII -XVIII-ci əsrlərə kimi dünyanın əksər yerlərində qadının bioloji olaraq kişidən əqli və fiziki cəhətdən "zəif" olduğu və buna görə də kişiyə tabe olub onun əmrlərini yerinə yetirməli olduğu hər kəs tərəfindən qəbul edilirdi. Bu ideaların formalaşmasında dinin də rolu olduqca güclü olub çünki Bibliyada və Tövratda müxtəlif formalarda kişinin qadına sahib çıxması, qadının ona itaət etməsi kimi ayələr var, lakin sosiologiya elmi, xüsusən də feminism cərəyanı ortaya çıxdıqdan sonra yavaş-yavas insanlar bu bərabərsizliyin təbii yox, cəmiyyət, əsasən də kişilərdən tərəfindən yaradıldığını düşünməyə və hətta çoxları qəbul etməyə başladılar. Judith Butler, Simone De Beauvoir, Sylvia Walby və Margaret Mead kimi görkəmli feministlərin araşdırmaları inqilabi ideaların ortaya çıxmasına gətirib çıxardı. Onlar tapdıqları sübutlara istinadən iddia etdilər ki baxmayaraq ki dünya yaranan ilkin zamanlarda qadınlar kişilərdən üstün sosial mövqedə olublar, xış əkinçiliyinin və digər aqrar və texniki inkişaflar nəticəsində matriarxat patriarxat sistemi ilə əvəzlənib. Öz üstünlüklərini bərpa etmək üçün kişilər dini ayələrdən də istifadə ediblər. Nəticədə kişilər dominant, qadlnlar isə aşağı statusa yiyələniblər. Sosioloqlar tarix boyu ciddi dəyişikliklərin baş verməsinə də səbəb olmuşlar.
Sosiologiyanın digər funksiyası olan (sosial məsələlərin tədqiqi və həlli) isə sosiologiya yaranandan bügün ki günümuzə kimi aktual olub və həmişə də olacaq. Sosioloqlar əsasən problemlərin media, ekspert və dövlət nümayəndələri tərəfindən göstərilən səbəbləri ilə tam razı olmayaraq problemlərin görünməyən tərəflərini və səbəblərini araşdırırlar, və elə buna görə də bir çoxları (media, kapitalist, dövlət) tərəfindən tənqidə məruz qalırlar. Nümunə olaraq dahi Karl Marksı göstərmək olar. Onun idealarının sayəsində bizlər artıq kapitalizmin nə dərəcədə ədalətsiz sistem olduğunu anlaya bilirik. İşsizlik, böhran və siyasl oyunların arxasında iqtisadi maraqların və faktorların durduğunu görə bilirik. Əgər Marks olmasa idi, çox güman ki bizlər adı sadalanan problemlərin və hadisələrin təbii olduğunu zənn edərdik. Baxmayaraq ki Marksın ideaları kapitalist dünyasında media və dövlət nümayəndələri tərəfindən (öz mövqelərini sarsıtmamaq üçün) tez-tez işıqlandırılmır, onun ideaları sosial, siyasi və iqtisadi problemlərin anlaşılmasında daim istifadə olunub və olunacaqdır.[2]
Sosiologiyanın predmeti
[redaktə | mənbəni redaktə et]Sosiologiya termini iki sözün birləşməsindən ibarətdir: latın sözü "sosietas" (cəmiyyət) və yunan sözü "loqos" (söz, təlim). Hərfi mənada sosiologiya cəmiyyət haqqında elm deməkdir. Aydın məsələdir ki, bəşəriyyət öz tarixi ərzində həmişə cəmiyyəti dərk etməyə, ona öz münasibətini bildirməyə səy göstərmişdir. Bunu xatırlamaq kifayətdir ki, keçmişin bütün mütəfəkkirləri öz fəlsəfi sistemləri çərçivəsində həm də öz ictimai baxışlarını ifadə etmişlər. İqtisadi, hüquqi, pedaqoji fikir müvafiq xüsusi elmlərdən — siyasi iqtisaddan, hüquqşünaslıqdan, pedaqogikadan qədim olduğu kimi, sosial fikir də bir elm kimi sosiologiyadan daha qədimdir. Sosial məsələlər haqqında mühakimlər, ictimai hadisə və proseslərin qiymətləndirilməsi müxtəlif formalarda, müxtəlif janrlarda öz əksini tapmışdır. Bəşəriyyətin ən ümumi sosial ideyalar işləyib hazırlaması uzunmüddətli mürəkkəb və ziddiyyətli prosesdir. Zehni əmək bölgüsü elə bir yol keçməli idi ki, sosial təfəkkürün özünün spesifik formalarında təzahür də bilsin. Bu baxımdan sosioloji fikir tarixi sosial fikrin, sosial ideyaların xüsusi tərkib hissəsidir. Sosiologiyanın müəyyən ilkin şərtlərin mövcud olduğu XIX əsrdə meydana gəldiyi vaxtdan onun predmeti eynimənalı başa düşülməmişdir. Məsələn, O. Kont belə hesab edirdi ki, sosiologiya insan zəkasının və psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdiyini öyrənən yeganə elmdir. Sosiologiya ictimai həyat faktlarını, proseslərini müşahidə etmək, təsvir etmək və sistemləşdirmək vəzifələrini yerinə yetirməlidir. Herbert Spenserə (1820–1903) görə, sosiologiya elə ən ümumi elmdir ki, özündə həm tarixi inkişafın ümumi nəzəriyyəsini, həm antropologiyanı, həm də etnoqrafiyanı birləşdirir. Alman iqtisadçısı və sosioloqu Albert Şeffle (1831–1903) bildirirdi ki, sosiologiyanın predmetini insanlar arasındakı qarşılıqlı mənəvi münasibətlər, habelə ünsiyyətin ideal və texniki üsulları, formaları təşkil edir. Görkəmli hüquqşünas və sosioloq Lüdviq Qumploviçin (1838–1909) fikrincə, sosiologiya bütün sosial elmlərin fəlsəfi əsasıdır. XIX əsrin sonlarına qədər Kontun nöqteyi-nəzəri, yəni sosiologiyanın cəmiyyətşünaslıqla eyni olan elm kimi nəzərdən keçirilməsi elmi ədəbiyyatda üstünlük təşkil etmişdir. XIX əsrin sonu — XX əsrin əvvəllərində cəmiyyət məsələlərinə həsr olunmuş tədqiqatlarda sosial aspekt xüsusi olaraq ayırd edilir, onun iqtisadi, hüquqi və s. aspektlər sırasında özünəməxsus cəhətlərinə daha çox diqqət yetirilir. Bu halda sosiologiyanın predmeti xeyli məhdudlaşdırılaraq məhz ictimai inkişafın sosial tərəflərinin öyrənilməsinə müncər edilir. Sosiologiya elminin belə şərhini ilk dəfə fransız sosioloqu və filosofu Emil Durkhaym (1858–1917) vermişdir. Dürkheymin fikrincə, sosiologiyanın predmeti elə xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul olmamışdır. Bu reallığın əsasını sosial faktlar təşkil edir. Həmin faktlar isə gerçəkliyini nə iqtisadi, nə psixoloji, nə fiziki və s. faktlarına müncər edilə bilməz; onların öz müstəqil xarakteristikaları vardır. Sosial faktların başlıca əlamətləri onların obyektiv səciyyə daşıması, fərddən asılı olmayaraq mövcud olması, ona təzyiq göstərə bilməsidİr. Dürkheym sosial faktları iki yerə ayırırdı: cəmiyyətin "maddi substratını" təşkil edən morfoloji faktlar (məs. əhali sıxlığı, fərdlər arasında ünsiyyətin intensivliyi, yaşayış yerlərinin [12–13] xarakteri və s.) və mənəvi, qeyri-maddi faktlar (bunlar məcmu halda kollektiv və ya ümumi şüuru təşkil edir). Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir. lakin belə izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət ən müxtəlif elmlər tərəfindən öyrənilir. Ona görə də digər elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və predmetini fərqləndirmək lazımdır. Sosioloji idrakın obyektinin və predmetinin qarışdırılması və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur. Bu qüsur indi meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi də ən müxtəlif məktəblərin və cərəyanların bir çox sosioloqlarına xas olan cəhətdir. Yeri gəlmişkən qeyd edək ki, sosiologiyanın digər elmlərdən, ABŞ-da sosial psixologiyadan və s. nisbətən gec ayrılmasını və müstəqil elmi fənn kimi təşəkkül tapmasını şərtləndirən ən mühüm səbəblərdən biri məhz sosioloji idrakın obyektinin və predmetinin eyniləşdirilməsi olmuşdur. Adətən tədqiqatçının fəaliyyətinin istiqamətləndiyi hər şeyi idrak obyekti kimi qəbul edirlər. Bu o deməkdir ki, müxtəlif hadisə, proses, münasibət ən müxtəlif elmlərin predmetindən söhbət getdikdə yalnız obyektin həmin elmin spesifikası ilə müəyyən edilən tərəfi, aspekti, xassəsi, münasibəti əsas götürülür. Obyektin digər tərəf, aspekt, xassə və münasibətləri isə ikinci dərəcəli məsələlər kimi, yaxud obyektin mövcudluq şəraiti kimi nəzərdən keçirilir. Deməli, hər hansı elmin formalaşması ilə onun elmi tədqiqat predmetini ayırd etmək məsələsi qarşıya çıxır. Başqa sözlə, hər bir elm digər elmdən ilk növbədə öz predimeti ilə fərqlənir. Hər bir elm obyektiv reallığın öz xüsusi tərəfini, sferasını, özü üçün spesifık olan qanunauyğunluqlarını, həmin qanunauyğunluqların xüsusi təzahür formalarını və fəaliyyət mexanizmlərini öyrənir. Bu o deməkdir ki, hər hansı elmin, o cümlədən sosiologiyanın predmetini tədqiqat obyektinə görə müəyyənləşdirmək kifayət deyildir. Məsələn, sosial reallıq ictimai və [13–14] humanitar elmlərin tədqiqat obyektidir, lakin hər bir elm məhz öz predmeti sayəsində müəyyən birmənalılıq qazanır; elmin predmeti həmişə spesifikdir: hətta eyni obyektdə, yaxud onun ayrı-ayrı hissələrində müxtəlif elmlər bir-birindən fərqli, spesifik qanunauyğunluqları tədqiq edirlər. Məsələn, ailə iqtisadiyyat, hüquq, demoqraflıya, sosiologiya, psixologiya, pedaqogika və s. elmlərin tədqiqat obyekti ola bilər, lakin bu elmlərin ailə təsisatına münasibəti, yanaşması öz predmetləri çərçivəsində eyni deyildir, bir-birindən fərqlidir. Hər bir elmin predmeti empirik reallığı abstrakt səviyyədə spesifık şəkildə təkrar istehsal edir, yəni nəzəri abstraktlaşdırmanın nəticəsidir. Belə abstraktlaşdırma öyrənilən obyektin fəaliyyət və inkişafının elə qanunauyğunluqlarını ayırd etməyə imkan verir ki, onlar həmin elm üçün spesifikdir. Sosiologiyanı bir elm kimi səciyyələndirərkən çox zaman əslində sosioloji idrakın başlıca obyektləri sadalanır. Sosioloji məktəblərin və cərəyanların, sosioloji biliyin konkret təşkilat sistemlərinin müxtəlifliyi, ideyanəzəri mövqelərin və yönümlərin rəngarəngliyi sosiologiyanın predmeti məsələsində çətinlikləri artırır. Bir çox hallarda "sosial" anlayışının özü dəqiq təsəvvür olunmur. Hər bir elmin spesifikasını araşdırarkən gerçəklikdəki elə əlaqə və münasibətlər ayırd edilməlidir ki, onlar keyfiyyətcə digər əlaqə və münasibətlərdən fərqli olub, məhz həmin elmin predmetini təşkil edə bilsin. Məsələyə belə yanaşdıqda demək olar ki, sosial adlandırılan əlaqə və münasibətlərin bütün məcmusu sosioloji idrakın obyekti hesab edilməlidir. Bu əlaqə və münasibətlər hər bir konkret sosial obyektdə xüsusi tərzdə təşkil olunmuşdur. Ona görə də sosioloji idrakın obyekti sosial sistem kimi çıxış edir. Deməli, sosial olan, sosial əlaqə və münasibətlər, onların təşkili üsulu elə anlayışlardır ki, bunlar sosioloji idrak obyektinin xüsusiyyətlərini açmaq üçün əsas anlayışlar kimi götürülə bilər. Bu halda sosial qanunauyğunluqların aşkara çıxarılması sosiologiya elminin predmetini müəyyənləşdirmək üçün həlledici [14–15] əhəmiyyət qazanır. Sosiologiya tarixən müəyyən sosial sistemlərinin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları, habelə həmin qanunauyğunluqların şəxsiyyətlərin, sosial qrupların, birliklərin, siniflərin, xalqların fəaliyyətində təzahür formaları və mexanizmləri haqqında elmdir. Sosiologiyanın predmetini müəyyənləşdirərkən adətən ayrı-ayrı sosioloqlar müxtəlif sosial hadisələri və prosesləri həlledici hesab edirlər. Məsələn, qrupların (insanların) qarşılıqlı fəaliyyəti, yaxud bu fəaliyyətin nəticələri; insanların sosial münasibətləri; sosial təsisatlar; sosial təşkilatlar və onların insan davranışına münasibəti; sosial fəaliyyət sistemləri; insan cəmiyyəti və insan davranışı; sosial nizamın və nizamsızlığın təbiəti; sosal qruplar; insan birlikləri formaları; insan cəmiyyətinin əsas strukturları; sosial proseslər; sosial-mədəni hadisələr; sosial həyatın elmi baxımdan öyrənilməsi və s. Bu anlayışlardan hər birinin mənasını, əhəmiyyətini kiçiltmədən qeyd etməliyik ki, sosiologiya üçün sosial anlayışı daha ümumiləşdirici olub, ən mühüm, mərkəzi anlayış kimi nəzərdən keçirilə bilər. Sosial anlayışını həm geniş məzmunda (ictimai mənasında), həm də məhdud (empirik) mənada başa düşülməsi həmişə müəyyən çətinliklər doğmuşdur. Birinci halda sosioloji biliyin spesifik obyekti (sosial əlaqə və münasibətlər) əslində unudulmuş, ikinci halda isə bütövlükdə cəmiyyətə aid olan hadisə və prosesləri dəqiq ifadə etmək mümkün olmamışdır. Ona görə də sosiologiyanın inkişafının müəyyən mərhələsində, ümumi sosioloji nəzəriyyə işləyib hazırlamaq zərurəti yarandıqda bütövlükdə cəmiyyəti, ictimai münasibətlərin bütün sistemini xarakterizə etmək üçün "sosial" anlayışı elmi dövriyyəyə daxil edilmiş, "sosial" anlayışı tədricən müstəqil məna kəsb etmişdir. Sosial münasibətlər şəxsiyyətin cəmiyyətlə qarşılıqlı fəaliyyətinin (sosial qruplar, təşkilatlar, təsisatlar və s. vasitəsilə) səciyyələndirir, istər iqtisadi, istər siyasi, istərsə də mənəvi münasibətlərin mahiyyətini, mühüm aspektini təşkil edir. İctimai münasibətlərin hər hansı sistemi həmişə aydın ifadə olunmuş sosial aspektə malikdir. Deməli, sosial ictimai münasibətlərin xüsusi aspektini səciyyələndirməklə qalmır, onların bütün növlərinə nüfuz edir. Sosialın spesifikasını hansı əsas cəhətlər səciyyələndirir? — Fərdlərin müxtəlif qrupları üçün ümumi xassə olmaq; belə xassə ictimai münasibətlərin bu və ya digər xassələrinin inteqrasiyası nəticəsidir. — Fərdlərin qarşılıqlı vəziyyətinin ifadəsi olmaq; bu, o deməkdir ki, fərdlər və onların qrupları arasında münasibətlərin məzmunu və xarakteri onların ictimai strukturlarda tutduqları yerdən və yerinə yetirdikləri roldan asılıdır. — Fərdlərin və onların müxtəlif qruplarının münasibətlərində təzahür etmək; bu münasibətlər çoxaspektli olub, həm onların bir-birinə, həm cəmiyyətdə öz vəziyyətinə, həm də ictimai həyatın hadisə və proseslərinə münasibətini əks etdirir. — Fərdlərin birgə fəaliyyətinin nəticəsi olmaq; bu nəticə fərdlərin ünsiyyətdə və qarşılıqlı fəaliyyətində təzahür edir. Qarşılıqlı fəaliyyət prosesi fərdlərin bir-birinə təsir göstərməsinə şərait yaradır, ictimai münasibətlərin müxtəlif xassələrinin inteqrasiya olunmasına kömək edir. Sosial münasibətlərin təkmilləşdirilməsi azadlıq, bərabərlik, ədalət anlayışlarının daha real məzmun kəsb etməsi üçün zəruri şərtdir[3].
Görkəmli nümayəndələri
[redaktə | mənbəni redaktə et]Sosial araşdırmalar sahəsi
[redaktə | mənbəni redaktə et]Özəyində cəmiyyəti tədqiq etmək kimi bir vəzifə olan sosiologiya elminin nümayəndələri daim müxtəlif araşdırmalar apararaq cəmiyyətin vəziyyətini öyrənir və problemlər olduqda onlara həlli yolu təklif etmişlər və edirlər. Sosial araşdırmalar sahəsi olduqca genişdir, çünki bütün sosioloqlar bu məsələyə vahid prizmadan baxmır. Məhz buna görə də bu sahədə iki ontoloji cərəyan var ; obyektivism və konstruktionism. Ontologiyanın mənası isə dünyanı və mövcud olan varlıqlara baxış prizması deməkdir. Obyektivizm ontologiyasına görə, sosial dünyanı öyrənmək üçün dəqiq elmlərdə istifadə olunan üsullardan istifadə edilməlidir. Bu üsullara laboratoriya və eksperiment üsulları və sırf kəmiyyətə söykənən məlumat mənbələri (statistik göstəricilər) aiddir. Onlar iddia edirlər ki, sosial dünya faktlarla doludur və yeni bir kəşf etməyə gərək yoxdur. Sosioloqların işi bu faktları öyrənmək və üzə çıxarmaqdır. Sosial dünya stabildir və onu təbiət qanunlarına istinad edərək öyrənmək olar. Bu cərəyanın nümayəndələrinin qəbul etdikləri epistemologiya (məlumatın tərkibi, dəyəri, necəliyi və məqbulluğu) isə positivizmdir.[4]
İstiqamətləri
[redaktə | mənbəni redaktə et]Sosiologiya özü bir sıra cərəyanlara bölünmüşdür:
- Pozitivizm.
- Coğrafi cərəyan.
- İrqi-antropoloji məktəb – J. Qobino, X. Çemberlen, O. Ammon, J. Lapuj.
- Bioloji məktəb – P. Liliyenfell, A. Şeffle, R. Vorms, A. Fulye.
- Sosial-darvinizm.
- İqtisadi materializm.
XX-əsrin əvvəllərində Qərb Sosiologiyasında idealist sosial-cərəyanlar meydana gəldi:
Psixoloji məktəbin daxilində:
Sosiologiyanın ümumi cəmiyyətlə yanaşı muxtar tədqiqat sahələridə mövcuddur:
- Ailə sosiologiyası.
- Şəhər sosiologiyası.
- Sənayenin hər hansısa sahəsində işləyən işçi qruplarının Sosiologiyası.
- Cinayət sosiologiyası.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.azleks.az/online-dictionary/ictimaiyyat?s=my Arxivləşdirilib 2023-08-13 at the Wayback Machine ictimaiyyat: Cəmiyyət və onun inkişafından bəhs edən elm (Azərbaycan dilinin izahlı lüğəti)
- ↑ Richard Jenkins (2002). Foundations of Sociology-Towards A Better Understanding of the Human World
- ↑ Vahidov F. Q. . Ağayev T. B. Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: "Təknur" nəşriyyatı, 2008, 334 s. səh 8–10.
- ↑ George Ritzer (2008). Classical Sociological Theory
- ↑ Victoria Robinson və Diane Richardson (2008). Gender and Women's studies