Halit
Halit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
NaCl |
Strunz təsnifatı | III/A.02[1][2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | kubik sinqoniya[3] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Halit (daş duz) NaCl — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Xassələri
[redaktə | mənbəni redaktə et]Rəng – rəngsiz, ağ, sarı, qırmızımtıl, qara, rəngi çox vaxt qarışıqlardan asılı olub, qeyri-müntəzəm, bəzən zonal xarakter daşıyır; Güclü deformasiyaya uğramış, yaxud silvinlə (KCl) sıx assosiasiya təşkil edən halit çox vaxt xal-xal rəngə boyanır. Bu, güman ki, K40-un və adətən onunla bağlı olan Rb87-un radioaktivliyi ilə əlaqədardır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə (təzə sınıqlarda), yağlı, ipəyi; Şəffaflıq – şəffaf, yaxud yarımşəffaf; Sıxlıq – 2,1-2,2; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – kub {100} üzrə mükəmməl, {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – çox yüksək istilikkeçirmə; zəif elektrikkeçirmə; suda asan həllolma; hidroskopiklik; şor dad; Morfologiya – kristallar: heksaedrik, bəzən oktaedrik, nisbətən az hallarda – sütunvari, tez-tez kristallik «qayıqcıq»lar; kub üzlərində çox vaxt qıfaoxşar pilləli oyuqlar olur; İkiləşmə: {111} üzrə nadir rast gəlir; Mineral aqreqatları: xırda dənəlidən nəhəngdənəliyədək massiv əmələgəlmələr, sıx lifli, ovuntulu kütlələr, bəzən stalaktit və stalaqmitlər, sızmalar, druzalar, nazik təbəqəçiklər.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Tipik xemogen mineral olub, dəniz və şor göl sularının buxarlanması nəticəsində doymuş məhlullardan çökür. Çox vaxt əhəngdaşlarının, dolomitlərin və başqa çökmə süxurların içərisində qalın laylar təşkil edir. Duz laylarının böyük dərinliklərdə plastik deformasiyası və onların tez-tez üstdə yatan süxurlara daxil olması ilə duz günbəzlərinin əmələ gəlməsi əlaqədardır. İsti, quru iqlim şəraitində qapalı duzlu hövzələrin dibində özüçökən ovuntulu duz əmələgəlmələrinin kristalları toplanır. Bəzən halit sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Mineralın nazik təbəqəcikləri başqa duzlarla birlikdə səhra və çöl rayonlarında torpaq səthində şoranlıq əmələ gətirir. Bir çox mineralın vakuollarında halitin mikrokristalları müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: silvin, anhidrit, gips, kalsit, dolomit, gil mineralları və s. Mineralın tapıldığı yerlər: Artyomov (Ukrayna); Veliçka (Polşa); Solvıçeqodski və İletski yataqları, Kamçatka yarımadası, Elton və Baskunçak gölləri (Rusiya); Bad-Reyxenxall, Xaylbronn (Almaniya); Pəncab şt. (Hindistan); Süveyş (Misir); Kanzas, Nyu-Meksiko, Texas, Oklaxoma ştatları (ABŞ) və b. Azərbaycanda Naxçıvan, Sustin, Duzdağ, Nehrəm, Püsyan, Şəkərabad-Qoşadizi (Naxçıvan MR) daş duz, Masazır, Böyükşor (Abşeron yarımadası) özüçökən duz yataqları və bir sıra digər duzsaxlayan sahələr məlumdur.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Əsas etibarilə yeyinti sənayesində və natrium və xlorun mənbəyi kimi kimya sənayesinin müxtəlif sahələrində istifadə edilir. Bəzi göllərin (Abşeron yarımadası) duzsaxlayan çöküntüləri müalicə vasitəsi kimi xalq təbabətində işlədilir. Sintez edilmiş şəffaf halit kristalları optik cihazqayırmada və kvant elektronikasında tətbiq edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.