Ekzema

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ekzema
XBT-10 L2020.-L3030.
XBT-9 692692
OMIM 603165
DiseasesDB 4113
MeSH D004485
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ekzema (q.yun. ἔκζεμα) — "qaynayıram" deməkdir və ən qədim dəri xəstəliklərindən hesab olunur, və adətən "qotur" kimi adlanır. Lakin buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman, Biyett tərəfindən qeydə alınmışdır. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir.

Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasını Hebra, Kapoşi, Polotebnev və başqa alimlər söyləmişlər. 1894-cü ildə T. P. Pavlov ekzemalı xəstələrdə dəri hissiyyatının artmasını söyləmişdir. Müəllif göstərmişdir ki, dəri hissiyyatı təkcə xəstəlik nahiyəsində deyil, ondan xeyli uzaqlarda, görünüşcə sağlam dəridə də artır. Bundan başqa artmış dəri hissiyyatı xəstəliyin kliniki elementləri qurtardıqdan sonra belə müşahidə olunur. Sonralar İ. V. Qolovanov, P. V. Nikolski, S. T. Pavlov, E. A. Dosıçev və başqaları ekzemalı xəstələrdə dəri hissiyyatının artması barədə T. P. Pavlovun fikirlərini bir daha təsdiq etmişlər.

Hazırda belə bir mülahizə vardır ki, ekzema xəstəliyi mərkəzi və vegetativ sinir sisteminin funksional pozğunluğu və bir sıra ekzogen amillərin təsiri nəticəsində əmələ gəlir. Ekzogen amillərdən dəriyə bir müddət təkrar təsir göstərən mexaniki (təkrar xırda zədələnmələr), fiziki (müxtəlif şüalar), kimyəvi (turşular, qələvilər, duzlar və s.) və bioloji (bakteriyalar, göbələklər) qıcıqlandırıcılar, endogen amillərdən isə daxili sekresiya vəzilərinin funksional pozğunluqlarını, habelə daxili orqanların (qaraciyər, öd kisəsi, mədə bağırsaq) xəstəliklərini göstərmək olar. Qeyd etmək istərdim ki, adətən hər hansı bir amilin təklikdə təsiri nəticəsində ekzema əmələ gəlmir. Ekzema xəstəliyinin əmələ gəlməsi üçün bir neçə amilin birgə təsiri olmalıdır. Məhz buna görə ekzema polietioloji xəstəlik hesab edilir. Məsələn, daxili orqanların birində xroniki bir xəstəliyin olması, habelə endokrin və mərkəzi sinir sisteminin funksional pozğunluğu şəraitində ekzema baş verə bilər.

Beləliklə, ekzema xəstəliyinin patogenezində mərkəzi sinir sisteminin birinci dərəcəli əhəmiyyəti vardır.

Ekzemanın baş verməsində dəri reseptorlarının mərkəzi və periferik uclarının funksional pozğunluğunun da əhəmiyyəti vardır. Bir sözlə, ekzemanın baş verməsində mərkəzi və periferik sinir sistemlərinin pozulması mühüm rol oynayır.

Kliniki olaraq ekzema dəri örtüyünün bütün sahələrində baş verə bilər. Lakin o, əllərdə, qollarda, üzdə, boyunda, ayaqlarda daha çox müşahidə edilir. Ekzemanın xüsusiyyəti ondadır ki, o, əsasən orqanizmin simmetrik hissələrində əmələ gəlir. Məsələn, hər iki əldə, hər iki qulaq yaxud göz nahiyəsində və s. Ekzema çox nadir hallarda birtərəfli olur.

Ekzema zamanı iltihabi prosesə cəlb olunmuş nahiyədə əvvəlcə şişkinlik, sonra isə polimorf səpgilər müşahidə olunur. Bu səpgilər sudurcuq, düyüncük və digər tipli ünsürlərdən ibarət olur. Dəridə iltihabi proses artdıqca bu ünsürlər çoxalır.

Sonra sudurcuqların deşilməsi nəticəsində həmin yer sulanır. Bu zaman zədələnmə nahiyəsində səthi sıyrıntılar, buynuz təbəqəsindən məhrum olunmuş sahələr, qartmaqlar və s. ikincili dəri ünsürləri müşahidə olunur. Ekzemanın sulanan dövründə zədələnmə nahiyəsində xırda damcılarla ekssudat buraxan xeyli nöqtəvari məsamələr görmək olar.

Ekzemanın bir neçə kliniki şəkli olur:

  • Mikrob ekzeması
  • Seboreya ekzeması
  • Peşə ekzeması
  • Həqiqi ekzema

Ekzema uzun sürən xroniki dəri xəstəliyidir. O, bəzən sakitləşib sağalmağa meyl edir, bəzən də artıb kəskinləşir.

Ekzemaya diaqnoz qoymaq nisbətən asandır. Xəstəliyin simmetrik olması, zədələnmə nahiyəsində düyüncüklərin, sudurcuqların, sulanmanın, qaşınmanın, müşahidə olunması əsasında diaqnoz qoyulur.

Bəzən ekzemanı allergiyalı dermatitdən ayırmaq xeyli çətinlik törədir. Ekzemadan fərqli olaraq allergiyalı dermatit dəri örtüyünün açıq hissələrində və müəyyən ekzogen qıcıqlandırıcının təsiri nəticəsində əmələ gəlir.

Həmin qıcıqlandırıcı orqanizmdən uzaqlaşdırıldıqda xəstəlik tezliklə qurtarır.

Ekzemanın proqnozu xəstənin, mərkəzi sinir sisteminin ümumi vəziyyətindən, onun əmək və məişət şəraitindən, xəstəliyin müddətindən, residiv və remissiya müddətindən asılıdır.

Ekzema xəstəliyinin müalicəsi mütəxəssis həkim dermatoveneroloq tərəfindən aparılmalıdır. Bu xəstəlik polietioloji xəstəlik olduğundan belə xəstələrin müalicəsi kompleks şəkildə aparılmalıdır. Bu xəstələrin müalicəsində ümumi sinir sistemini sakitləşdirici sedativ dərmanlardan, antihistamin və desensibilizəedici maddələrdən, vitaminlərdən, hepatoprotektorlardan, yerli olaraq isə müxtəlif islatma, məlhəm və emulsiyalardan istifadə olunur.

Müalicə vaxtı eyni zamanda müxtəlif dərman bitki və çiçəklərindən alınmış ekstrakt, tinktura, dəmləmə və çaylardan da geniş istifadə edilir. Habelə, ağ tut yarpağının dəmləməsindən geniş istifadə edilir.Müalicə hər bir xəstəyə xəstəliyin formasından, növündən, xarakterindən asılı olaraq fərdi qaydada təyin edilir.[1]

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-16.