Azərbaycanın suvarma kanalları
Azərbaycanın suvarma kanalları - Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Cəmi uzunluğu 90 min km.-dən artıq. 1,3 mln hektar torpaq sahəsinin suvarılmasına imkan verən sıx kanallar şəbəkəsi[1].
Haqqında
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının inkişafı haqqında dolğun təsəvvür yaratmaq üçün sahənin inkişaf mərhələlərinə nəzər salmaq lazım gəlir. Mütəxəssislər Azərbaycanda sahənin inkişafını keçid dövrlərinə əsaslanaraq aşağıdakı dövrlərə bölməyi daha münasib hesab edirlər:
- Suvarmanın qədim dövrü;
- 1920-1940-cı illər – Sovet hakimiyyəti qurulduqdan sonrakı dövr;
- 1945-1970-ci illər – İkinci Dünya Müharibəsindən sonrakı dövr;
- 1970-1985-ci illər – Ölkənin yüksək inkişaf dövrü;
- 1985-1993-cü illər – Yenidənqurma, Sovet İttifaqının dağılması və postsovet ölkələrinin müstəqillik əldə etmə dövrü – sahənin tənəzzül dövrü;
- 1993-cü ildən sonrakı dövr – yeni inkişaf dövrü.
Suvarmanın qədim dövrü
[redaktə | mənbəni redaktə et]- Qədim dövrlərdə texnika və texnologiyaların zəif inkişafı ilə əlaqədar olaraq suvarma kanalları və hidrotexniki qurğular ağır əl əməyi hesabına tikilib istifadə olunmuşdur.
- V-VI əsrlərdə Mil düzündə inşa edilmiş suvarma kanallarının izləri, VI-VII əsrlərdə çəkilmiş Gavurarx, Hacı Hüseynağa, Daşçay-arx kanalları hələ də qalmaqdadır.
- Mühəndis tipli irriqasiya sistemlərinin və qurğularının tikintisinə XIX əsrin ikinci yarsında başlanılmışdır.
- 1868-ci ildə Qarayazı düzündə mühəndis tipli suvarma şəbəkəsi inşa edilmiş və suvarma aparılmışdır.
- 1872-ci ildə Arazdöyən suvarma şəbəkəsi tikilib istifadəyə verilmişdir.
- 1866-cı ildə “Qafqaz sənaye cəmiyyəti” yaradılmış və Azərbaycana Belli və Qabba adlı mühəndislər göndərilmişdir. İngilis mühəndisləri Belli və Qabbaya aşağıdakı məsələləri araşdırmağı tapşırmışdır:
- Qafqazda suvarma aparılan sahələrdə su təsərrüfat sistemlərinin mövcud vəziyyəti;
- Əhalinin istifadəsindən sonra çaylarda qalan artıq su həcminin müəyyən edilməsi;
- Çayların su ehtiyatlarından istifadə etməklə yeni əkin sahələrini suvarmaq üçün kanalların layihələndirilməsi.
Belli və Qabba 8 il müddətində regionda olan çayların və əsasən Kür və Araz çaylarının hövzələrində tədqiqat işləri apararaq su ehtiyatlarından suvarmada istifadə olunmasına aid çoxsaylı layihələrin sxemlərini hazırlamışlar. Azərbaycan ərazisində pambığın istehsalını artırmaq üçün Belli və Qabbanın su təsərrüfatı sahəsini inkişaf etdirmək məqsədilə hazırladıqları bu layihələr Rusiya və xarici dövlətlərdən olan kapitalistlərdə böyük marağa səbəb oldu.[2]
- 1895-ci ildə Muğana general Zubovun rəhbərliyi altında xüsusi ekspedisiya göndərilmişdir. 1895-1896-cı illərdə mühəndis Navrotskinin başçılığı altında tədqiqat-axtarış işləri aparıldı. Muğan düzünün iqlimi, relyefi və torpaq örtüyü haqqında geniş məlumatlar toplanıldı.[3] Bu ekspedisiyanın gördüyü işlər əsasında Muğanda 1901-ci ildə bitkilərin çala üsulu ilə suvarılması üçün Sarıcalar kanalı, 1902-1903-cü illərdə “Aşağı-Qalitsın” kanalları tikilmişdir.
- 1911-1917-ci illərdə Muğanda ümumi uzunluğu 297.2 km olan Yuxarı Qolitsın (Sabir), Aşağı Muğan (Mürsəlli), Yuxarı Muğan (Əzizbəyov) və Orta Muğan (Nərimanov) magistral kanallarının tikilməsi planlaşdırılmışdır. Ancaq bölgədə əkinəyararlı torpaqların mənimsənilməsi üçün əmək ehtiyatlarının az olması hazırlanmış layihələrə bəzi dəyişiklik edilməsi ilə nəticələnmişdir. Layihələrə edilmiş dəyişikliklər nəzərə alınmaqla 1910-1917-ci illərdə Muğan düzündə 4 magistral kanal tikilmişdir: Yuxarı Qolitsın (Sabir) magistral kanalı, Aşağı Muğan (Mürsəlli) magistral kanalı, Orta Muğan (Nərimanov) magistral kanalı və Yuxarı Muğan (Əzizbəyov) magistral kanalı.[4]
- Azərbaycanda 1914-1917-ci illərdə, Birinci dünya müharibəsinin başlanmasına qədər, suvarılan torpaqların ümumi sahəsi 792 min desyatinə (855,4 min ha) çatdırılmışdır. Pambıqçılıq Yelizavetpol və Bakı vilayətlərində daha sürətlə inkişaf etmişdir. Məsələn, Yelizavetpol (indiki Gəncə) vilayətində 1887-ci ildə cəmi 12550 pud pambıq yığıldığı halda, 7 ildən sonra, yəni 1894-cü ildə bu rəqəm 62220 puda çatdırılmışdır. Bakı vilayətində 1887-1900-cü illərdə pambıq istehsalı min puddan 150 min puda çatdırılmışdır. Bu illərdə tikilmiş suvarma sistemləri bir çox nöqsanlara malik olmuşdur. Bunlar kollektor-drenaj şəbəkələrinin tikilməməsi, suvarma kanallarında sızmaya qarşı örtüklərin olmaması, sahələrin aşağı hissələrinin suvarma suyu ilə basdırılması, hər hektara sərf olunan suvarma suyunun həddindən çox (15-20 min m³/ha) olması idi. 1914-1917-ci illərdə suvarma sistemlərinə diqqət xüsusilə azalmışdır. 150 ədəd suvarma qurğularından ancaq 24-ü işçi vəziyyətdə qallmışdır, 200 min desyatin (216 min ha) suvarılan münbit torpaqlar isə şorlaşıb dövriyyədən çıxmışdır. 1920-ci ildə Azərbaycanda əkin sahələri 1913-cü ilə nisbətən 32 % azalmış, pambıq əkini sahəsi isə Birinci Dünya müharibəsinə qədərki səviyyənin ancaq 5 %-ni təşkil etmişdir. Muğan düzünün əkin sahələrinin suvarılmasında yol verilmiş nöqsanlar, torpaqların şorlaşması və sıradan çıxması elmi-tədqiqat işlərinin genişləndirilməsi və müvafiq praktiki tədbirlərin hazırlanmasını tələb etmişdir. Bu məqsədlə hələ 1890-cı ildə Qafqazda su müfəttişliyi yaradılmışdır. 1910-cu ildə Zaqafqaziyada hidrogeoloji işlər aparılmağa başlanmış, 1912-ci ildə ilk torpaq-kimyası laboratoriyası yaradılmışdır. 1913-cü ildə isə suvarma normaları (hidromodul) öyrənilməyə başlanılmışdır.[5]
1920-1940-cı illər – Sovet hakimiyyəti qurulduqdan sonrakı dövr
[redaktə | mənbəni redaktə et]- Suvarma işlərinin praktiki həlli üçün 1921-ci ilin axırlarında Əmək və Müdafiə Şurasının (STO) qərarı ilə Azərbaycanda «Muğan-Mil su tikinti idarəsi» təşkil edilmiş və bu idarəyə Muğan və Mil düzənliklərində əkinlərin suvarma suyu ilə təmin edilməsi vəzifəsi tapşırılmışdır.
- Muğanda meliorasiya işlərinin aparılması üçün Əmək və Müdafiə Şurası 1921-ci il sentyabrın 30-da Azərbaycana 800 min manat (qızıl pul ilə) vəsaitin və 220 ədəd traktorun verilməsi qərarını qəbul etmişdir. Bu məqsədlə həmin ilin oktyabrın 21-də əlavə olaraq Azərbaycana 12,9 mln. manat vəsait ayrılmış və respublikada xüsusi «Suvarma fondu» təşkil edilmişdir. Nəticədə, 1921-1922-ci illərdə resbublikada buğda əkinlərinin sahəsi 228 mindən (246,2 min ha) 514 min desyatinə (555,1 min ha) qədər artırılmış, pambıq əkini sahəsi isə 1924-cü ildə 85,2 min desyatinə (92 min ha) çatdırılmışdır.
- Böyük Vətən müharibəsinin başlanğıcına qədər, yəni 1920-1941-ci illərdə Azərbaycanda Şimali Muğan magistral kanalı yenidən qurulmuş, Kür çayından su götürən bütün qurğular təmir olunmuş, Tərtərçay, Gəncəçay və Türyançay suvarma sistemlərinin texniki vəziyyəti yaxşılaşdırılmışdır.
- 1927-1933-cü illərdə Mil düzənliyində 35 min hektar əkin sahəsini suvara bilən Orconikidze suvarma sistemi tikilib istismara verilmişdir.
- 1933-cü ildə suvarma kanalları və qurğularının istismarını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycanın bütün suvarılan rayonlarında suvarma sistemi idarələri yaradılmışdır ki, bu gün də həmin idarələr öz fəaliyyətini davam etdirirlər. Muğan, Şirvan və Mil düzənliklərində bir çox əkin sahələrinin və kəndlərin Kür və Araz çaylarının daşması zamanı su altında qalması, əhaliyə böyük ziyan vurması ilə əlaqədar, yuxarıda göstərilən müddətdə həmin çaylar boyunca uzunluğu 799 km olan sahil qoruyucu bəndlər tikilmişdir.[6]
1945-1970-ci illər – İkinci Dünya Müharibəsindən sonrakı dövr
[redaktə | mənbəni redaktə et]Respublikada intensiv meliorasiya işləri Böyük Vətən müharibəsi illərindən sonra geniş vüsət almışdır. Belə ki, Cənub-Şərqi Şirvan, Muğan, Salyan, Mil düzlərində intensiv meliorasiya işləri həyata keçirilmişdir. Az bir müddət ərzində respublika ərazisində tikintisi başa çatdırılan Muğan-Salyan, Baş Şirvan və Mil-Qarabağ kollektorları yuyulmuş torpaqlardan axıdılan duzların Xəzər dənizinə nəql edilməsini təmin etmiş, qrunt suyu səviyyəsinin arzu edilən səviyyəyə düşməsinə zəmin yaratmışdır. Təkcə uzunluğu 101 km olan Muğan-Salyan kollektorunun tikintisinin başa çatdırılması (1948-1952-ci illər) nətcəsində Muğan və Salyan düzünün 190 min hektar sahəsində torpaq qatından yuyulan duzların Xəzər dənizinə axıdılmasına şərait yaratmışdır.
Tikintisi 1956-1964-cü illərdə həyata keçirilən Baş Şirvan və Mil-Qarabağ kollektorunun istismara verilməsi Mil-Qarabağ və Şirvan düzlərində torpaq qatından yuyulan duzların Xəzərə axıdılmasında, torpaqların təkrar şorlaşmasının qarşısının alınmasında, yararlı torpaq fondunun artırılmasında, dayanıqlı məhsulun alınmasında həlledici rol oynamışdır. Əgər kollektorların tikintisinin həyata keçirilməsinədək torpaqlarda şorlaşmanın yüksək olması nəticəsində bitkilərin məhsuldarlığı ilbəil aşağı düşürdüsə, kollektorun tikilib istismara verilməsindən, kollektor-drenaj şəbəkəsinin yaradılmasından və torpaqların artıq duzlardan yuyulması prosesinin həyata keçirilməsindən sonra bitkilərin məhsuldarlığı yüksəlməyə başlamışdır. Belə ki, şorlaşmaya məruz qalmış Muğan-Salyan zonası torpaqlarında pambığın məhsuldarlığı 1933-1939-cu illərdə hər hektardan 6,6 sentner, 1940-1944-cü illərdə 2,5 sentner, müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 3,6 sentnerə qaldırıldı. Kollektor-drenaj şəbəkəsinin tikintisindən sonra, torpaqların yararlı hala salınması tədbirlərinin həyata keçirilməsi nəticəsində məhsuldarlıq 15-20 sentnerə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, 1946-1950-ci illərdə Muğan, Şirvan düzünün cənub-şərq hissəsində, Salyan və Mil düzünün 100 min hektarlarla ərazilərində müvafiq kompleks meliorativ tədbirlər aparılmış, 35 min hektardan artıq sahədə suvarma sistemləri yenidən qurulmuş, 20 min hektardan artıq sahənin artıq duzlardan təmizlənilməsi işləri həyata keçirilmişdir. Baş Şirvan kollektorunun tikilib istismara verilməsi dövrünədək bölgənin əkin sahələrində şorlaşma, şorakətləşmə baş verməsi ilə əlaqədar olaraq pambığın məhsuldarlığı ilbəil azalaraq, ilkin məhsuldarlıqdan 3 dəfə az olmuşdur. Bununla əlaqədar olaraq respublika hökuməti Baş Şirvan kollektorunun tikintisini sürətləndirmək məqsədilə lazım olan əlavə tədbirləri həyata keçirməklə, uzunluğu 216 km olan kollektorun tikintisini 1965-ci ildə başa çatdırmışdır. Sonrakı illərdə də bu silsilədən olan işlər davam etdirilmişdir. Belə ki, 1967-ci ilin 1 yanvar tarixinədək Kür-Araz düzündə açıq və örtülü kollektor-drenaj şəbəkəsinin ümumi uzunluğu 5451 km-ə çatdırılmışdır.[7]
1970-1985-ci illər – Ölkənin yüksək inkişaf dövrü
[redaktə | mənbəni redaktə et]1970-1985-ci illərdə Azərbaycanın meliorasiya və su təsərrüfatında, həmçinin xalq təsərrüfatının bütün sahələrində intensiv inkişaf mərhələsi başlanılmışdır. Bu illərdə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir sıra qərarlar qəbul olunmuş və irimiqyaslı işlərə başlanılmışdır. Araz çayı üzərində su anbarı suelektrik stansiyası ilə birlikdə, Sərsəng, Yuxarı Xanbulançay, Arpaçay, Sirab, Ağstafaçay, Aşağı Köndələnçay, Zaqolovçay və s. su anbarları, Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xanqızı kanalları, üçpilləli Qaraçuq, ikipilləli Arpaçay və Yazıdüzü nasos stansiyaları, Naxçıvan və Abşeron suvarma sistemləri, Caqar-Cibir magistral kanalı, Dağlıq Qarabağda suvarma sistemlərinin yenidənqurulması, Tovuz üçpilləli nasos stansiyası, Baş Şirvan kollektorunun yenidənqurulması, Lənkəran və Astara rayonlarında suvarma sistemləri və digər obyektlər tikilib istifadəyə verilmişdir. Həyata keçirilmiş meliorativ tədbirlər nəticəsində 200 min ha yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı istifadəsinə cəlb edilmiş, 400 min ha suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min ha sahədə suvarma sistemləri yenidən qurulmuş, 460 min ha sahədə hamarlama və 150 min ha-da əsaslı yuma işləri aparılmışdır. Təkcə 1971-1975-ci illərdə 50 min ha sahədə örtülü drenaj sistemi inşa edilmiş, dəmir-beton novlardan ibarət 500 km-ə yaxın kanallar, 3000 km-ə yaxın boru kəməri çəkilmişdir. Bu illərdə Azərbaycanın 40 rayonunda yaşayış qəsəbələri, sosial, mədəni-məişət obyektləri tikilib istifadəyə verilmişdir. Sahənin elmi, layihə-axtarış bazaları möhkəmləndirilmişdir. Bu dövrdə Kür və Araz çayları boyunca 1145 km uzunluğunda mübarizə bəndləri, dağ və dağətəyi çayların yuxarı və orta hissələrində 22 km daş-beton bəndlər və 23 km beton divarlar tikilmişdir. 20 mln. m³ həcmində məcra təmizləmə işləri aparılmışdır. Yuxarı Xanbulançay su anbarının istismara verilməsi (1976-cı il) Geniş miqyaslı meliorasiya və su təsərrüfatı işləri nəticəsində bu dövrdə kənd təsərrüfatında məhsul istehsalı 1,4-3,1 dəfə, məhsuldarlıq 1,7-2,6 dəfə artmışdır. Həyata keçirilmiş kompleks meliorativ tədbirlər nəticəsində kollektor-drenaj şəbəkəsi altında olan ərazilərdə pambığın məhsuldarlığının artırılması üçün zəmin yaranmışdır. Kollektor-drenaj şəbəkələrinin fəaliyyət göstərdiyi ərazilərdə aparılan tədqiqat işləri əsasında müəyyən edilmişdir ki, Şirvan düzündə pambığın məhsuldarlığını 29-30 sentnerə qədər çatdırmaq mümkündür.[8]
1985-1993-cü illər – Sahənin tənəzzül dövrü
[redaktə | mənbəni redaktə et]1985-1993-cü illər meliorasiya və su təsərrüfatının tənəzzül dövrü və sahənin böhranlı vəziyyəti ilə xarakterizə olunur. Bu illərdə baş verən hadisələr SSRİ-nin dağılması, onun tərkibinə daxil olan respublikalarının müstəqilliklərinin elan edilməsi ilə nəticələndi. Bu və digər səbəblərdən sahəyə olan laqeyd münasibət, iqtisadiyyatın digər sahələri ilə bərabər, meliorasiya və su təsərrüfatına ayrılan vəsaitin kəskin şəkildə azalması uzun illər ərzində toplanılmış meliorasiya-irriqasiya potensialının və əsas fondların dağılma, məhv olma təhlü- kəsini yaratmışdır. O cümlədən vəsait çatışmazlığı 150-dən artıq meliorasiya-irriqasiya obyektlərinin tikintisinin yarımçıq qalmasına gətirib çıxartmışdır. Vayxır, Viləşçay, Əyriçay, Tovuzçay su anbarlarının, Baş Mil kanalının, Şəmkir maşın kanalının, Baş Mil-Muğan kollektorunun, Yuxarı Qarabağ kanalının maşın qolunun və digər qurğuların tikintisi dayandırılmışdır. Son dərəcədə vacib olan Bəhramtəpə hidroqovşağında, Samur-Abşeron, Yuxarı Şirvan magistral kanallarında yenidənqurma işlərinə, Naxçıvan Muxtar Respublikasında Arazçay və Cəyriçay su anbarlarının tikintisinə başlamaq mümkün olmamışdır. Bərdə, Şəmkir, Tərtər rayonlarının ərazilərində qrunt sularının səviyyəsinin aşağı salınması, Kürdəmir, Sabirabad, Ucar və digər rayonlarda torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, daşqın yaradan dağ çaylarında sahilmühafizə və sahilbərkitmə işləri, qış otlaqlarının su təminatı və s. obyektlərin inşası dayandırılmışdır. Mövcud suvarma sistemlərinin, hidrotexniki qurğuların, kollektor-drenaj şəbəkəsinin istismarında ciddi çətinliklər yaranmış, sahənin madditexniki bazası zəifləmişdi. 1986-cı ildən başlayan yenidənqurma siyasəti, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, daxili çəkişmələr, vəsait çatışmamazlığı sahəni tam iflasa uğratmışdır. Artıq mövcud irriqasiya-meliorasiya sistemləri, hidrotexniki qurğuların məhv olması prosesi başlamış, suvarılan torpaqların 40%-dən çoxu şorlaşmaya məruz qalmış, kənd təsərrüfatı dövriyyəsindən çıxmışdır. Təsərrüfatdaxili irriqasiya sistemləri və kollektor-drenaj şəbəkələrinin əksəriyyəti dağılmışdır.[9]
1993-cü ildən sonrakı dövr – yeni inkişaf dövrü
[redaktə | mənbəni redaktə et]Müstəqilliyimizin 23 ili ərzində sahəyə əsaslı kapital qoyuluşu 135 dəfəyə yaxın artmışdır ki, bunun da nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşdırılmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, geniş miqyasda bərpa, yenidənqurma və tikinti işləri yerinə yetirilmişdir. Respublikada həyata keçirilən islahatlar nəticəsində «Meliorasiya və irriqasiya haqqında», «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» qanunlar, «Azərbaycan Respublikasının Su Məcəlləsi» və digər normativ-hüquqi sənədlər işlənib hazırlanmışdır. Ölkədə 1997-ci il yanvarın 1-dən mərhələ-mərhələ sudan pullu istifadəyə keçilməsinə, könüllülük prinsipi əsasında torpaq mülkiyyətçiləri və su istifadəçiləri tərəfindən Sudan İstifadə edənlər Birliklərinin yaradılmasına başlanıldı. Bu günədək Sudan İstifadəedənlər Birlikləri (SİB) yaradılmışdır. Aqrar islahatlar nəticəsində ləğv edilmiş keçmiş kolxoz və sovxozların balansında olmuş və sahibsizlik, baxımsızlıq üzündən istismara yararsız vəziyyətə düşmüş daxili təsərrüfat şəbəkələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansına götürülmüş və onların təmir-bərpasına başlanılmışdır. Ölkə iqtisadiyyatı üçün daha vacib olan, tikintisi yarımçıq qalmış bir sıra obyektlərin, o cümlədən Baş Mil-Muğan kollektorunun tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidənqurulması və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisi birinci növbədə maliyyələşdirilmiş və istismara verilmişdir.[10]
Azərbaycanın əsas magistral kanalları
[redaktə | mənbəni redaktə et]Suvarma kanallarının ən başlıcaları aşağıdakılardır:
S/S | Kanalların
adı |
İstismara
verilmə tarixi |
Uzunluğu,
km |
Suburaxma
qabiliyyəti, m³/san |
Yerləşdiyi
ərazi |
Qidalanma
mənbəyi |
---|---|---|---|---|---|---|
1 | Boztəpəarx kanalı | 1924 | 45 | 8 | İmişli | Araz çayı |
2 | Köhnə Xanqızı kanalı | 1933 | 64 | 45 | Beyləqan, Ağcabədi | Araz çayı |
3 | Yuxarı Zeyxur kanalı | 1938 | 35,0 | 6,1 | Qusar | Samurçay |
4 | Samur-Abşeron kanalı (şimal | 1940 | 182,8 | 55 | Qusar, Quba, Xaçmaz, | Samurçay |
5 | Akuşa kanalı | 1949 | 77,4 | 30,0 | Salyan - Neftçala | Kür çayı |
6 | Həsənli arx | 1951 | 42,7 | 12,0 | Cəbrayıl - Füzuli | Araz çayı |
7 | Qızlıq kanalı | 1952 | 41,3 | 7,0 | Ucar - Zərdab | Türyançay |
8 | Maral arx | 1954 | 51,2 | 10,0 | Cəbrayıl - Füzuli | Araz çayı |
9 | Abşeron magistral kanalı | 1956 | 73,3 | 9 | Abşeron | Ceyranbatan |
10 | Türyançay sağ sahil kanalı | 1956 | 27,1 | 10,0 | Ağdaş | Türyançay |
11 | Türyançay sol sahil kanalı | 1956 | 11,9 | 10,5 | Ağdaş, Ucar | Türyançay |
12 | Yuxarı Qarabağ kanalı | 1958 | 172,4 | 113 | Mingəçevir, Yevlax, | Mingəçevir su |
13 | Yuxarı Şirvan kanalı (Şirvan | 1958 | 122,2 | 78 | Yevlax, Ağdaş, Göyçay, | Mingəçevir su |
14 | Baş-Muğan kanalı | 1960 | 34 | 60 | İmişli, Saatlı | Araz çayı |
15 | Sabir kanalı | 1960 | 66,3 | 30 | Saatlı, Sabirabad | Araz çayı |
16 | Aşağı Muğan kanalı | 1960 | 65,7 | 20 | Saatlı, Sabirabad | Araz çayı |
17 | Köhnə Cənubi Muğan kanalı | 1960 | 65 | 35 | İmişli, Biləsuvar, | Araz çayı |
18 | Qızılarx kanalı | 1960 | 26 | 10 | İmişli | Araz çayı |
19 | Candargöl kanalı | 1962 | 36,5 | 6,0 | Ağstafa | Candargölü |
20 | Ağstafaçay sağ sahil kanalı | 1969 | 58,04 | 27 | Qazax, Ağstafa, Tovuz, | Ağstafaçay su
anbarı |
21 | Ağstafaçay sol sahil kanalı | 1969 | 11,06 | 12 | Qazax | Ağstafaçay su
anbarı |
22 | Qudyalçay qidalandırıcı kanalı
(SAK) |
1973 | 16,7 | 15 | Quba | Qudyalçay |
23 | Cağar Cibir kanalı | 1974 | 61,0 | 9,5 | Qusar | Qusarçay |
24 | Tərtərçay sağ sahil kanalı | 1976 | 68,3 | 50 | Ağdərə, | Tərtər çayı |
25 | Tərtərçay sol sahil kanalı | 1976 | 24,3 | 20 | Tərtər, | Tərtərçay |
26 | Baş Mil kanalı | 1976 | 37,5 | 80 | Füzuli | Araz çayı |
27 | Ağsu maşın qolu kanalı | 1982 | 35,6 | 6,2 | Ağsu | Yuxarı Şirvan |
28 | Sabir kanalına Kür çayından
qidalandırıcı kanal |
1985 | 20 | 18,2 | Sabirabad | Kür çayı |
29 | Yeni Cənubi Muğan kanalı | 1985 | 46 | 35 | İmişli, | Araz çayı |
30 | Yuxarı Mil kanalı | 1985 | 40,05 | 30 | Füzuli, | Araz çayı |
31 | Yeni Xanqızı kanalı | 1985 | 51 | 40 | Beyləqan, | Araz çayı |
32 | Cənubi Muğan maşın kanalı | 1987 | 41,5 | 35 | Biləsuvar, | Araz çayı |
33 | Rəsul-arx kanalı | 1987 | 51 | 16 | İmişli, Saatlı | Araz çayı |
34 | Şəmkir sağ sahil maşın kanalı | 1989 | 33,5 | 53 | Şəmkir, | Şəmkirçay su anbarı |
35 | Şəmkir sol sahil maşın kanalı | 1989 | 11,7 | 4 | Şəmkir | Şəmkirçay su anbarı |
36 | Xanarx kanalı | 2007 | 67,2 | 36 | Qusar, | Samurçay |
37 | Vəlvələçay-Taxtakörpü kanalı | 2013 | 31,77 | 75 | Quba-Xaçmaz | Samurçay - SAK |
38 | Taxtakörpü-Ceyranbatan
kanalı |
2013 | 107,93 | 40 | Şabran, | Samurçay – |
39 | Şəmkirçay magistral kanalı | 2014 | 15,39 | 28 | Şəmkir | Şəmkirçay |
40 | Sağ sahil Şəmkirçay kanalı | 2014 | 10,89 | 4,5 | Şəmkir | Şəmkirçay |
41 | Sol sahil Şəmkirçay kanalı | 2014 | 26,74 | 8,3 | Şəmkir | Şəmkirçay |
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016
- Paşayev E.P., Həsənov F.H. "Azdövsutəslayihə” institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
- ↑ "Paşayev E.P., Həsənov F.H. "Azdövsutəslayihə" institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010, s. 13-14" (PDF). 2012-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-27.
- ↑ "Paşayev E.P., Həsənov F.H. "Azdövsutəslayihə" institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010, s. 17" (PDF). 2012-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-27.
- ↑ "Paşayev E.P., Həsənov F.H. "Azdövsutəslayihə" institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010, s. 22" (PDF). 2012-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-27.
- ↑ Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 105-107
- ↑ Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 107-108
- ↑ Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 108-112
- ↑ Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 112-113
- ↑ Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 112-113
- ↑ Ə.C. Əhmədzadə, A.C. Həşimov. Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, 113-115