[go: up one dir, main page]

Biosenoz (yun. βίος — "həyat" + κοινός — "ümumi") — müəyyən abiotik mühit məkanında (biotop, ekotop) yaşayan və bir-biri ilə müxtəlif əlaqələrdə olan bütün canlıların məcmusudur. Buraya bütün avtotrof orqanizmlər olan bitkilərheterotrof orqanizmlər olan canlılar (məməlilər, sürünənlər, quşlar, balıqlar, cücülər və s.) aiddirlər. Biotop şəklində yayılmış bütün canlılar – müxtəlif növlər və hər bir növü təşkil edən fərqlər təbii qrupların biosenozlarını əmələ gətirir. İlk dəfə bu termin (alm. Biocönose‎) elmə 1877-ci ildə Alman alimi Karl Avqust Möbius tərəfindən daxil edilmişdir[1].

Biosenoz anlayışı

redaktə
 
Karl Avqust Möbius

"Biosenoz" sözü iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Yunanca "Bio" - «həyat» və "Koinos" - «ümumi» deməkdir. Bəzən "Koinos" sözünün mənası "nəyisə ümumi şəkildə etmək" sözü kimi tərcümə olunur. Ümumiyyətlə, "Biosenoz" sözünün mənası isə "Ümumi həyat" deməkdir.

Biosenoz - az və ya çox dərəcədə eyni yaşayış mühitinə malik müəyyən ərazidə yaşayan canlıların məcmusudur. Bu məcmuya müxtəlif bitki, heyvan və mikroorqanizmlər daxildir. Biosenoz cansız təbiət amilləri ilə qırılmaz bağlı olub, birlikdə möhkəm sistem əmələ gətirir ki, burada onların komponentləri arasında maddələr dövranı gedir.

Biosenoz növ strukturu, yaxud ona daxil olan hər hansı bir qrupu öyrənərkən növlərin sayı və onların miqdarlarının nisbəti şəklində özünü büruzə verən növmüxtəlifliyinin təsiri mühüm əhəmiyyət kəsb edir. Güclü xarici təsirlərdən növmüxtəlifliyi dəyişə bilər. Biosenozun tamlığının qorunmasında növarası və növdaxili mübarizələrin əhəmiyyəti böyükdür. Bu mübarizələr biosenozda müxtəlif ekoloji oyuqlar əmələ gətirir. Biosenoz inkişaf etdikcə onun biokütləsi, növmüxtəlifliyi artır, qida əlaqələri mürəkkəbləşir. İnsanın heç bir təsiri olmadan formalaşmış biosenozlar (meşə, bataqlıq, çöl) və insan fəaliyyəti nəticəsində formalaşan aqrosenozlar mövcuddur. Biosenozun öyrənilməsi torpaq və su resurslarından səmərəli istifadə olunmasında mühüm rol oynayır. Çünki uzun təkamül prosesləri nəticəsində formalaşmış biosenozda mövcud əlaqələri nəzərə almamaq onların məhvinə səbəb olar.

İlk dəfə Biosenoz (alm. Biocönose‎) termini elmə 1877-ci ildə Alman alimi, hidrobioloqu, zooloqu və botaniki Karl Avqust Möbius (7 fevral 1825 - 26 aprel 1906) tərəfindən daxil edilmişdir. Karl Möbius 1877-ci ildə birlikdə yaşayan kompleks canlı heyvanların məhz "Biosenoz" termini ilə adlnadırılmasını təklif etmişdir. Hər bir biosenoz yaşayış uğrunda mübarizə, təbii seçmə və digər təkamül amillərinin təsiri altında yaranmışdır. Biosenoza daxil olan bitkilərin məcmusu Fitosenoz, heyvanlarınkı isə Zoosenoz adlanır. Biosenoz müəyyən biokütlə, məhsuldarlıq, öz quruluşunun nizamlı olması ilə xarakterizə olunur.

Biosenoz Qida əlaqələri ilə yanaşı, biosenozda bir canlı digəri üçün substrat rolunu oynaya, onun üçün müəyyən bir mikroiqlim yarada, onun çoxalmasını (məsələn: həşəratların çiçəkli bitkiləri tozlandırması) və yayılmasını təmin edə bilir.

Biosenoz və ekosistem

redaktə
border=none  Əsas məqalə: Ekosistem

Ekosistem (yun. "oikos" – ev, yaşayış yeri + "systema" – birlik) — bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistemidir. Ekosistemin sərhədləri az-çox aydın, orada gedən proseslərin xarakterinə görə avtonom xarakter daşıya bilər. Ekosistemin öyrənilməsi təbii sərvətlərdən səmərəli istifadə etmək, təbiəti qorumaq nöqteyi-nəzərincə müasir dövrün ən aktual problemlərindəndir. Biosenoz Ekosistemin tərkib hissəsidir.

 
Kanar adlarında yerləşən Böyük Kanar adasında şirin su Ekosistemi

Biotik qruplaşmalar

redaktə

Biosenoz – quru və su hövzəsinin müəyyən, nisbətən eyni sahəsini tutan, bir-biri ilə abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki, heyvan, mikroorqanizmlərin məcmusudur. Bioloji dövranda iştirakına görə biosenozda əsas üç orqanizmlər aiddir:

  1. Avtotrof orqanizmlər (Produsentlər) – qeyri üzvi maddədən üzvi maddə əmələ gətirir[2].
  2. Heterotrof orqanizmlər (Konsumentlər) – hazır üzvi maddələrlə qidalanan orqanizmlərdir. Bura insan və heyvanlar daxildir.
  3. Redusentlər (Destruktorlar) – orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (CO2, N2, O2, H2O) çevirir, minerallaşdırır.

Beləliklə, biosenoz və biotop bir-birinə təsir göstərən iki ayrılmaz element olub, ekosistem adlanan bu və ya digər dərəcədə dayanıqlı sistem əmələ gətirir. Bunu aşağıdakı formuldakı kimi göstərmək olar:

  • Ekosistem = biotop + biosenoz.

Bəzi tədqiqatçılara görə ekosistem istənilən uzunluqda və ölçüdə ola bilər. Bu baxımdan ayrılır:

  • Mikroekosistemlər - Məsələn meşədəki tək çürümüş kötük, ağac üzərindəki şibyə yastığı;[3]
  • Mezoekosistemlər - Məsələn, meşə, çəmən, səhra;[4]
  • Makroekosistemlər - Məsələn, okean.[5]

Ekosistem biosferin elementar funksional vahididir. Onun strukturuna adətən üç planda baxılır:

  1. Komponent (populyasiya ya növ) tərkibi və müxtəlif növ populyasiyalarının həyati formalarının və başqa struktur elementlərin nisbəti;
  2. Ayrı-ayrı elementlərin ərazidə yayılması; bütün əlaqələrin, ilk növbədə qida zəncirinin, tsikllərin, trofik və digər əlaqələrin məcmusu.

Yucin Odum (1975) ekosistemə və biogeosenoza eyni kateqoriya kimi baxır. Vladimir Nikolayeviç Sukaçov (1942) biosenozu Yer səthinin oxşar canlı komponentlərinin (bitki örtüyü, heyvan, mikroorqanizmlər) və təbii şərait geoloji quruluş və s. onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksini hesab edir. Deməli, biosenozun bağlılıq faktorları – substratın təbiəti, relyef tipi və torpaq sayılır, yəni biogeosenoz Sukaçova görə xoroloji (fiziki-coğrafi) xarakteri daşıyır. Ekosistemlə əsasən ərazicə deyil – trofik mövqeyindən baxılır. Beləliklə, biosenoz və ekosisteminin nisbətini belə təsəvvür etmək olar. Biogeosenoz fitosenozun sərhədi daxilində ekosistemdir. Daha dürüst, ekosistem və biogeosenoz kateqoriyaları bitki qruplaşması səviyyəsində bir-birinə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar. Ekosistemlərin əksərriyyəti uzun təkammül prosesində təşəkkül tapmışdır və növlərin ətraf mühitə uyğunlaşması nəticəsidir. Ekosistemlər özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin dəyişməsinin və populyasiyanın sıxlığını kəskinliyinin qarşısını almaq qabiliyyətinə malikdir.[6]

Biosenozun strukturları

redaktə

Biosenozda bir neçə struktur ayırd edilir. Biosenozun üç strukturu vardır. Onlar aşağıdakılardır:

  1. Biosenozun növ strukturu – onda yaşayan canlıların növ tərkibi və ona daxil olan bütün populyasiyaların nisbəti ilə təyin edilir.
  2. Biosenozun trofik (qida) strukturu – onun əsasını bir-biri ilə kəsişən qida zəncirləri toru təşkil edir.
  3. Biosenozun fəza strukturu – qanunauyğun olaraq burada yaşayan növlərin bir-birinə nisbətən yerləşməsidir (məsələn: meşədə yarus). Biosenozun bütün strukturlarının bir-biri ilə sıx əlaqəsi olur. Biosenozun strukturu onu təşkil edən komponentlərin qarşılıqlı təsiri sayəsində daim qorunur.

Biosenozun növ strukturu

redaktə
 
Balıqlar biosenozu
 
Sualtı həyat biosenozu

Biosenozun strukturu çox planlıdır və onun müxtəlif aspektlərdə öyrənilir. Biosenozun strukturu çox planlıdır və onun müxtəlif aspektlərdə öyrənilir.

Biosenozun növ strukturu bir çox faktorlardan asılıdır və növün müxtəlifliyi ilə xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrin çatışmazlığı hesab olunur. Kasıb və zəngin növlü biosenozlar ayırırlar. Qütb Arktik səhralarda və şimal Tundrada istiliyin son dərəcədə defisitliyi şəraitində, susuz isti səhralarda, çirkab suları ilə çirklənmiş su hövzələrində bir ya bir neçə mühit faktorunun həyat səviyyəsi üçün orta optimal səviyyədən kənara çıxması ilə əlaqədar qruplaşmalar olduqca kəsadlaşır, çünki belə əlverişli şəraitə uyğunlaşa bilmirlər.

Tez-tez fəlakətli təsirlərə məruz qalan biosenozlarda növ spektri böyük olmur. Əksinə, həyat üçün abiotik mühit şəraiti optimuma yaxınlaşdıqca zəngin növlərə malik olan qruplaşmalar əmələ gəlir.[7] Buna tropik meşələrin çox müxtəlif orqanizmlərlə zəngin olan mərcan rifləri, arid zonada çay vadiləri misal ola bilər. Tropik mehələrin biosenozları çox müxtəlif heyvanat aləmi və bitki növlərinə malik olur, hətta yan yana eyni növdən olan ağaclara rast gəlinmir.

Biosenozların növ tərkibi və məskunlaşdığı yerdə yaşama müddətinə hər biosenozun tarixindən də asılıdır. Təzə formalaşan cavan qruplaşmalar çoxdan formalaşmış, yetişmiş qruplaşmalara nisbətən az növə malik olur. İnsan tərəfindən yaradılan biosenozlar növlərlə kəsad olur.

Hətta ən kəsad biosenozlarda da müxtəlif sistematik və ekoloji qruplara aid olan onlarla orqanizmlərə rast gəlmək olar. Məsələn, taxıl zəmisində və ya üzüm bağında az da olsa alaq otları, həşəratlar, ziyanvericilər, yırtıcılar, torpaq qatında və torpaq üstündə mikroorqanizmlər də rast gəlinir.

Biosenozun növ tərkibinin mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin müxtəlifliyindən də asılıdır. Növlərin ekoloji təsnifatına görə müxtəlif şəraiti olan biotoplarda daha zəngin flora və ya faunaya malik olan biosenozlar formalaşır. Növlərin çoxluğunun məskunlaşmaq şəraiti əlverişli sayılan yer qruplaşmalar arasındakı «ekotop» adlanan keçid zonasıdır, burada növ müxtəlifliyinin artması isə «sərhəd effekti» adlanır. Ekotop növlərlə zəngin olur çünki bura hər iki sərhədyanı qruplaşmadan növlər daxil olur. Bundan başqa ekotop sərhədyanı biosenozlarda rast gəlinməyən özünə məxsus xarakter növlər də olur. Məsələn, Böyük Qafqazın cənub yamacında meşəninn yuxarı sərhədinin subalp çəməni nə keçid zonası orta dağ meşə fıstıq qurşağına nisbətən flora və fauna ilə daha zəngindir. İki qonşu biotoplar bir birindən nə qədər çox fərqlənirsə onların sərhədlərində şərait bir o qədər müxtəlif və sərhəd effekti bir o qədər də güclü olar. Meşə və ot bitkilərinin su və quru biosenozlarının kontaktında növ zənginliyi güclü artır. «Sərhəd effekti» bir birindən kəskin ayrılan təbii zonaların flora və faunası üçün daha səciyyəvidir.

Biosenozda ekoloji sığınacaq çox olduqca onun növ tərkibi zəngin olar. Öz növbəsində qruplaşmanın növ müxtəlifliyi artdıqca ekoloji sığınacaq da çoxalır. Bir biosenozun tərkibində eyni ölçü qrupa aid olan növlər sayına görə kəskin seçilir. Onlardan birinə seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan yarımsəhralarında – yovşan, fıstıq meşəsində – fıstıq. Bu qruplaşmalarda müəyyən növlər üstünlük təşkil edir və bütövlükdə biosenozun fəaliyyətini müəyyənləşdirir.

Sayına görə üstünlük təşkil edən dominant növ adlanır, lakin onların arasında elə övlər vardır ki, biosenoz üçün yüksək dərəcədə mühit yarıdır və onlarsız digər növlərin olması mümkün deyildir. Bu növlər qruplaşmanın mikromühitini müəyyənləşdirir və onların aradan götürülməsi biosenozun tam parçalanması təhlükəsini yaradır. Bu növlər edifikatorlar adlanır (lat. – qurucu). Bəzi hallarda heyvanlar da edifikator ola bilər.

Biosenozun tərkibində az miqdarda dominantlarla yanaşı adətən az saylı və nadir növlər daxil olur. Az saylı növlər ikinci dərəcəli növlər də adlanır və onlar növ zənginliyini yaradır, müxtəlifliyini yüksəldir və dominantların yerini doldurmaq və yaxud əvəz etmək üçün ehtiyat vəzifəsini görür.

Biosenozun növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək üçün məxtəlif göstəricilərdən istifadə edilir: növün bolluğu – vahid sahədə növün sayı və həcmi. Rast gəlinməsi – növün biosenozda bərabər və qeyri bərabər yayılmasını səciyyələndirir. Məlumdur ki, biosenozlarda bakteriyalar və digər mikroorqanizmlər üstünlük təşkil edir. Odur ki, müxtəlif ölçülü növləri müqayisə etdikdə saya görə dominantlıq etmək qruplaşmanın xüsusiyyətlərini əks edə bilməz. Müxtəlif ölçülü formalar və növlər müxtəlif əlamətlərinə görə ayrılır: sistematik, ekoloji-morfoloji, ölçüyə görə (torpağın mikro- mezo- və makrofaunası bütövlükdə). Daha kütləvi yayılan növlərin müxtəlif ölçülü qrupların daxilində müxtəlifliyi, say nisbəti, nadir formaların bolluğu, növ strukturun spesifikası haqqında təsəvvür yaradır.

Tropik əlaqələr əsasında xüsusi struktur birliyi – konsorsiumlar mövcuddur. Növün mərkəzi üzvünün xaricində və daxilində yerləşir. Əksər hallarda bir konsorsiumun üzvi və müxtəlif tropik əlaqələrlə bağlıdır. Onlar faktiki olaraq digərinə mühit əmələ gəlmə təsirinə malik olan növün nümayəndəsi ətrafında formalaşır. Beləliklə, biosenoz növlər arasındakı sıx topik və tropik əlaqələr əsasında yaranan konsorsiumlar sisteminlərindən ibarətdir.

Biosenozun ərazi strukturu

redaktə
 
Ərazi Biosenozu

Biosenozda növlər müəyyən ərazi strukturu yaradır. Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq quruluşunu alır: assimilyasiya edən bitkinin yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür. Məsələn, Lənkəranda üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir. Hündürlüyü 28-36 metrə çatır. Ona bəzən vələs azad ağacı Qafqaz xurması qarışır. Orta mərtəbəni dəmir ağac 12-16 metr, alt mərtəbəni isə samşid və bigəvər və başqa kollar tutur 3–7 m. Yaruslar arası bitkilər də mövcuddur bunlara mamırlar və şibyələr çiçəkli efemerlər aiddir və abacların gevdəsində yerləşir. Yerüstü bitiklərə işıq axınından tam istifadə etməyə yarusluq şərait yaradır.[8] Hər bir yarus müəyyən bir kompleks şəraitə uyğunlaşır və fitoiqlimin yaranmasında iştirak edir. Fitosenozların torpaqaltı yarusun bitki köklərinin işlədiyi dərinliklərdən, kök sistemin aktiv hissəsinin yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə torpaq altı yarusu müşahidə edilir.

Heyvanlar bu yaruslarda yerləşir, onlardan bəziləri aşağıdakı qruplara ayrılır: torpaqda məskunlaşanlar – geobiy, yerüstü səth qatında – herpetobiy, mamır yarusundakı – briobiy, ot örtüyündəki – fillobiy, digər yüksəklikdə yaşayan həşəratlar isə – aerobiy adlanır. Quşlar arasında yalnız yerdə yuva quranlar (toyuq kimilər – tetra quşu, tənək quşu), kol arasında yuva quranlar (qar quşu, silviya quşu, oxuyan qara toyuqlar), və ya ağac çətirində yuva quranlar (alacəhra, payızbülbülü, iri yırtıcılar) ayrılır.

Su ekosistemlərində irimiqyaslı şaquli strukturu iki növbədə xarici faktorlar əmələ gətirir. Pellagealda təyin edici faktorlara işıqlama və temperatur qradiyentləri və biogenlərin konsentrasiyası aiddir. Dərinliklərdə hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə faktora qrunt müxtəlifliyi, dib qatlarında suyun hidrodinamikası əlavə olunur. Şaquli strukturun xüsusiyyətlərinin növ tərkibi, dominantlıq edən əvəz olunması, bitkilərin göstəricisi ilə ifadə olunur.

Mozaiklik və yarusluq dinamikası – bir mikroqrup digəri ilə əvəz olunur, onların ölçüləri qısalıb yaxud böyüyə bilər.

Üfüqi istiqamətdə parçalanma - mozaiklik praktiki olaraq bütün fitosenozlar üçün xasdır. Ona görə onların daxilində struktur vahidləri ayırırlar. Bu vahidlərə müxtəlif adlar verilir. Məsələn, mikroqruplar, mikrosenozlar, mikrofitosenozlar. Bu mikroqruplar növ tərkibinə, növlərin say nisbətinə, yaşına, sıxlığına, məhsuldarlığına görə fərqlənir.

Mozaiklik müxtəlif səbəblərdən biotopun xüsusiyyətlərindən, mikrorelyefin, torpağın müxtəlifliyindən, mikroiqlimin təsirindən, bitkilərin mühit əmələ gətirməsindən yaranır. O heyvanların fəaliyyəti güclü küləklər nəticəsində ağacların yıxılması, yanğınlar və s. nəticəsində yaranır.

Biomlar da biosenoz kimi böyük təbii zonalarının ekosistemidir. Yəni, biom Eyni iqlim zonasının ekosisteminin küllüsüdür[9]. Əsasən, 2 cür biom olur:

  • Zona coğrafiyasının qanunu (V.V.Dokuçev tərəfindən hazırlanmışdır)
  • Sektor qanunu
 
Bitki örtüyünə görə təsnif olunmuş yerüstü biomlar
  Qütb səhraları
  Tundra
  Tayqa
  Enliyarpaqlı meşələr
  Çillər
  Subtropik rütubətli meşə
  Aralıq Dənizi biomları
  Musson meşələri
  Arid səhralar
  Kserofit kolluqlar
  Cənub çölləri
  Semiarid səhralar
  Savannalar
  Ağac bitən savannalar (meşə-çöl)
  Subtropik meşələr
  Tropik rütubətli meşələr
  Alp tundrası
  Dağ meşələri

Biosenozda orqanizmlərin əlaqələri

redaktə
 
Biosenozda orqanizmlərin əlaqələri
 
Yunan qozunun Alellopatiyası

Biosenozların yaranması və mövcudluğunun əsası orqanizmlərin eyni biotopda yerləşərək bir-birilə əlaqəsindən ibarətdir.[10]. Bu əlaqələr növlərin qruplaşmasında əsas yaşama şəraitini, qida əldə etməsini və yeni ərazilər zəpt etməsini müəyyənləşdirir. Trofik əlaqələr – bu növün digər növün fərdinin hesabına qidalanır. İynəcənin digər həşəratı uçan halda tutması, peyin qurdu böcəyinin iri dırnaqlıların peyini ilə qidalanması, bilavasitə trofik əlaqəyi misaldır.

Topik əlaqələr – bir növün həyat fəaliyyəti nəticəsində digər növün yaşayış şəraitinin fiziki və kimyəvi dəyişməsi ilə xarakterizə olunur. Bu əlaqələr olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün mühit yaratması, substratın formalaşması ilə əlaqədar digər növün bura köçür yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri temperaturun, ətraf sahənin işıqlanmasının dəyişməsi ifrazat məhsulları ilə mühitin forması və s. səbəbdən köçməkdən çəkinir. Milçən sürfələrinin ipək peyinində məskünlaşması, ağacın gövdəsindəki şibyələr, onlar üçün substrat və ya yaşama mühiti sayılan orqanizmlərlə topik əlaqədə olurlar. Digər orqanizmlər üçün mühitin yaratmaq və ya mühitin dəyişməsi bitkilər böyük rol oynayır, bitki örtüyü enerji mübadiləsi xüsusi xüsusiyyətinə görə yer səthində istiliyinin paylanması, mezo- və mikroiqlimin yaranmasında güclü faktor hesab olunur.

Meşə çətiri altında meşəaltı kollar, ot örtüyü və heyvanat aləmi, sabit temperatur və yüksək rütubətlik şəraitində olur. Topik və tropik əlaqələr biosenozda olduqca böyük əhəmiyyət daşıyır. Məs bu əlaqə tipləri müxtəlif növdən olan orqanizmləri bir-birinin yanında saxlayır və onları müxtəlif miqyasda kifayət dərəcədə sabit qruplaşmalarda cəmləşdirir. Forik əlaqələr – bu növün yayılmasında digər növün yayılmasında iştirakı deməkdir. Nəql etmə rolunda heyvanlar çıxış edir. Heyvanlarn bitki toxumlarını, sporlarını, bitki toxumcuqlarını başqa yerə aparılması zooxoriya deyilir, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Daşıma adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsi ilə həyata keçirilir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla tutub saxlaya bilər.

Fabrikasiya əlaqələri - biosenotik əlaqələrin belə tipində növ iştirak edərək öz tikintisində ayrılma məhsulları yaxud ölü qalıqlar, yaxud da digər növün canlı fərdlərindən istifadə edir. Məsələn: quşlar yuvasını qurmaq üçün ağacların büdaqlarından, məməlilərin tüklərindən, lələklərdən istifadə edirlər.

Fizioloji optimum – növ üçün bütün abiotik faktorlar birliyi əlverişli olur, böyümə və çoxalmanın daha sürətlə getməsi mümkündür. Sinekoloji optimum – elə biotik əlaqədir ki, növ düşmənləri və rəqibi tərəfindən ən az təzyiqə məruz qalır, bu isə onun artmasına imkan yaradır. Sinekoloji və fizioloji optimumlar çox vaxt uyğun gəlmir. Əgər uyğun biotopda ekoloji sığınacaq olduqca güclü rəqib tərəfindən zəpt olunubsa və yırtıcı və parazitlərin təsiri güclüdürsə, növ orada yaşamır. Biosenozun formalaşdıran növ arası əlaqələr orada məskünlaşan növlərin qanunauyğun münasibətinə onların ekoloji xüsusiyyətlərinə, sayına, məkanda paylanmasına şərait yaradır, başqa sözlə biosenozun müəyyən strukturunu yaradır.

Canlılar arasında olduqca müxtəlif qarşılıqlı əlaqələr mövcuddur. Onlar aşağıdakılardan ibarətdir:

  • Yırtıcı - şikar, parazit – sahib əlaqələri qida əlaqəsidir və partnyolardan biri üçün müsbət, digəri üçün mənfi nəticə verir. Digər heyvanlarla qidalanan heyvan yırtıcı adlanır, onlar üçün xüsusi ovlama davranışı səciyyəvidir.
  • Parazitlik – növlər arasında qida əlaqə forması olub, partnör orqanizm canlı sahibinin bədənində həm qidalanır həm məskunlaşır. Parazitlər öz sahibindən xeyli kiçik olur.
  • Mutualizm – simbioz - Təbiətdə növlərin qeniş yayılan qarşılıqlı faydalı əlaqəsi mutualizm adlanır, mutualistik əlaqələr əvvəlki rarazitizm və ya kommensalizmin əsasında vaş verə vilər. Qarşılıqlı faydalı birgə yaşayışın inkişaf dərəcəsi olduqca müxtəlif ola bilər. Simbiotik əlaqəni klassik misalı kimi şibyəni göstərmək olar.
  • Neytralizm – biotik əlaqələrin bir formasıdır iki növ bir ərazidə məskunlaşaraq bir birinə nə müsbət nə də mənfi təsir olmur. Neytralizmdə növlərin bir biri ilə əlaqələri olmur, lakin hər ikisi qruplaşmanın vəziyyətindən asılıdır, məsələn: dələ ilə sığın, fil ilə meymun bir meşədə yaşasalar da, praktiki olaraq bir biri ilə əlaqəsi olmur. Lakin uzun sürən quraqlığın kəsirində meşənin məhv olması, yaxud zərəvericilərin kütləvi çoxalması ağacları çılpaqlaşdırır və hər iki növə təsirini göstərir. Qeytralizm əlaqəsi tipi, xüsusilə ekoloji baxımından müxtəlif üzvlər daxil olan zəngin növlü qruplaşmalarda inkişaf etmişdir.
  • Amensalizm – bu biotik əlaqə formasında iki qarşılıqlda təsir göstərən növlərdən birinə birgə yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn: işıq sevən ot növlərini fıstıq meşəsində güclü kölgədə sıxışdırılır, lakin ağaclara belə qonşuluq heç bir təsir göstərmir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilir bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədi ilə müxtəlif zərərli maddələrdən istifadə olunur. Bu hadisə Alellopatiya adlanır.
  • Rəqabət – oxşar ekoloji tələbatı olan növlər arasında baş verən qarşılıqlı əlaqə rəqabət adlanır. Y. Oduma görə rəqabət eyni məqsədə can atan iki orqanizmilərin mənfi qarşılıqlı təsiridir. Belə növlər bir yerdə məskunlaşdıqda biri digərini qida ehtiyatının sığınacaq yerini azaldır. Rəqabət – ekoloji əlaqələrin qarşılıqlı təsir göstərdiyi hər iki partnyora mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir forması olduqca müxtəlif – birbaşa fiziki mübarizədən sülhv vəziyyətində yaşamağa qədər ola bilər. Bununla belə eyni ekoloji tələbata malik olan iki növ bir qruplaşmada məskunlaşıvsa, əvvəl-axır rəqabətdən biri-digərini sıxışdırıb çıxarmalıdır.

Ədəbiyyat

redaktə
  • Q. Məmmədov, M. Xəlilov – Ekologiya, ətraf mühit və insan. «Elm» nəşriyyatı. 2006.
  • Qara Mustafayev – Ekologiya. Bakı «Ozan». 2001.
  • Odum Ö. – Gkoloqiə. M. 1986.
  • Yusifov E.F., Təhməzov B.H. Ətraf mühit, həyat, iqtisadiyyat. B.: El-ALlianse, 2004. -336 s.
  • Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. B.: Elm, 2003. -516 s.
  • Tischler W., Synökologie der Landtiere, Stuttg., 1955;
  • Balogh J.. Lebensgemeinschaften der Landtiere, Bdpst — B., 1958;
  • Kormondy Е. J., Readings in ecology, L., 1965;
  • Кашкаров Д. Н., Основы экологии животных, 2 изд., Л., 1945;
  • Гиляров М. С., Вид, популяция и биоценоз, "Зоологический журнал", 1954, т. 33, в. 4;
  • Юджин Одум , Экология, М., 1986.
  • Быков Б.А. Экологический словарь. – Алма-Ата : Наука, 1983. – 216 с.
  • Дедю И.И. Экологический энциклопедический словарь. – Кишинев, 1990. – 406 с.
  • Кашкаров Д. Н. Основы экологии животных / 2 изд. - Л., 1945;
  • Беклемишев В. Н. О классификации биоценологических (симфизиологических) связей // Бюлл. Моск. об-ва испытателей природы. – 1951. - Т. 56, вып. 5;
  • Гиляров М. С. Вид, популяция и биоценоз // Зоол. журн. – 1954. - Т. 33, в. 4;
  • Арнольди К. В., Л. В. О биоценозе. - Там же. – 1963. - Т. 42, в. 2;
  • Наумов Н. П., Экология животных / 2 изд. - М., 1963;
  • Основы лесной биогеоценологии / Под ред. В. Н. Сукачева и Н. В. Дылиса. - М., 1964;
  • Макфедьен Э. Экология животных / Пер. с англ. - М., 1965;
  • Дювиньо П., Танг М. Биосфера и место в ней человека. / Пер. с франц. - М., 1968;
  • Корсак К.В., Плахотнік О.В. Основи сучасної екології : Навч. посіб. – 4-те вид., перероб. і допов. – К.: МАУП, 2004. – 340 с: іл.
  • Кучерявий В.П. Екологія . – Львів: Світ, 2001 – 500 с: іл.
  • Мусієнко М.М., Серебряков В.В., Брайон О.В. Екологія: Тлумачний словник. - К.: Либідь, 2004. – 376 с.

İstinadlar

redaktə
  1. K. A. Möbius, Die Auster und die Austernwirthschaft Arxivləşdirilib 2021-11-30 at the Wayback Machine, 1877
  2. "Produsent Sovet Ensiklopediyasında". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-17.
  3. "Parco del delta del Po". 2010-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-17.
  4. "Difesa Ambientale Mare Adriatico". 2011-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-17.
  5. Un progetto di recupero ambientale[ölü keçid]
  6. Formazioni coralligene[ölü keçid]
  7. Kendeigh, S. Charles. 1961. Animal Ecology. Prentice-Hall, Inc., Englewood Cliffs, N.J., 468 p
  8. "Exemple : Mémoire de fin d'études sur la cartographie des biocénoses marines côtières de la Basse-terre de Guadeloupe (diagnostic écologique et pressions anthropiques". 2006-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-19.
  9. Ekologiya. ЮНИТИ nəşriyyatı, 2007, 495 s. Arxivləşdirilib 2010-12-01 at the Wayback Machine ISBN 978-5-238-01204-9  (rus.)
  10. "Ecologia: Ecossistema e Cadeia Alimentar", no site do Centro de Divulgação Científica e Cultural da Universidade de São Paulo, Brasil Arxivləşdirilib 2009-06-03 at the Wayback Machine Yoxlanılıb 4 iyun 2009

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə