Küləkli qar və yağış; çovğun, qasırğa. Borana düşmək. – Kərəməli, yollarım toz, qubar oldu; Boran oldu, çovğun oldu, qar oldu. Aşıq Kərəm. Bunların [Xədicə və uşaqların] ah-naləsi, boranın gurultulu səsi bir-birinə qarışmışdı. S.S.Axundov. Qabaqdan ağ geyib gəlir qara qış; İstinin soyuğu, boranı varmış. S.Vurğun. // Boranlı hava. [Yarpız] qışın boranında çıxıb qapıda dururdu ki, Bəndalı ötəndə boyuna baxsın. Mir Cəlal. // məc. Müsibət, fəlakət, bəla mənasında. Başından min boran keçmiş, dəyişmiş qanlı dövranlar. S.Vurğun. [Xavər] bağrına basdığı balasını həyatın fırtına və boranlarından qorumaq yollarını axtarırdı. M.İbrahimov.