Yelizaveta Petrovna

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yelizaveta Petrovna
Şəxsi məlumatlar
Doğum tarixi 29 dekabr 1709(1709-12-29)[1][2]
Doğum yeri
Vəfat tarixi 5 yanvar 1762(1762-01-05)[3][4][…] (53 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası I Pyotr[7][5]
Anası I Yekaterina[7][5]

Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yelizaveta Petrovna (rus. Елизаве́та Петро́вна; (29 dekabr 1709[1][2], Kolomenskoye[d], Moskva quberniyası[d] və ya Moskva[5]5 yanvar 1762[3][4][…], Sankt-Peterburq[6][5]) — 1741-ci ildən ölümünədək Rusiya imperiyasının imperatriçası olmuşdur. XVIII əsrin iki böyük Avropa müharibəsi zamanı ölkəni idarə etdi: Avstriya vərasət müharibəsi (1740–1748) və Yeddiillik müharibə (1756–1763). Ölümü əsnasında imperiya 16,200,000 km2 əhatə edirdi.

Yürütdüyü daxili siyasət nəticəsində zadəganlar hakimiyyətdə söz sahibi oldular. Mixail Lomonosovun Moskva Universitetini və İvan Şuvalovun Sankt Peterburqdakı İncəsənət Akademiyasını qurmaqda himayədarlıq etdi. Eyni zamanda ən sevimli memarı olan F. B. Rastrellinin xüsusilə Peterhofda inşa etdiyi barokko üslubundakı əsərləri maliyyələşdirdi. Sankt Peterburqdakı Qış sarayıSmolnı kafedralı onun səltənətinin əsas memarlıq əsərləridir. Prussiyaya qarşı yürütdüyü sərt siyasətlə və səltənəti dövründə ölüm hökmü çıxarmamaqla tanınmışdır.[8]

Şahzadə Yelizavetanın İlahə Venera olaraq rəsm olunduğu portret, Peterhof Sarayı, 1710-cu illər

Yelizaveta 29 dekabr 1709 tarixində Rus çarı I Pyotr və onun ikinci xanımı I Yekaterinanın qızı olaraq Moskva yaxınlığındakı Kolomonskaya mülkündə dünyaya gəlmişdir.[9] Anası Yekaterina Alekseyevna I Pyotrun xidmətçilərindən olmuş, dəqiq məlumat olmasa da 23 oktyabr və 1 dekabr 1707 tarixləri arasında Sankt Peterburqdakı bir kilsədə gizlicə çarla evlənmişdir.[10] Yekaterina çar üçün olduqca önəmli idi və buna görə də 9 fevral 1712 tarixində Sankt Peterburqdakı Müqəddəs İsaak kafedralında cütlük rəsmi şəkildə evləndi.

Çar PyotrYekaterina Alekseyevnanın dünyaya gələn 12 övladından (5 oğlan və 7 qız uşağı) yalnız iki qızı — Anna və Yelizaveta yetkinlik yaşlarını görə bildi.[11] Onların hər ikisi 6 mart 1711 tarixində şahzadə və 23 dekabr 1721 tarixində vəliəhd şahzadə elan olundu.[9][10] Onların yeganə sağ qalan qardaşları isə atasının ilk xanımı olan Evdokiya Fyodorovnadan dünyaya gələn Aleksey Pyotroviç idi.

Atasının ən sevimli qızı idi. Həm fiziki, həm də xarakter baxımından atasına çox bənzəyirdi.[12] Olduqca ağıllı olmasına baxmayaraq atasının sevimlisi olan bu balaca qızcığaz mükəmməl bir təhsil ala bilməmişdi. Çünki atasının artıq bir vəliəhdi və oğul nəvəsi var idi. Buna görə də qızlarından birinin və vaxtsa taxta keçəcəyinə inanmırdı. Bu səbəbdən qızların təhsili ilə heç bir təhsili olmayan anaları Yekaterina Alekseyevna məşğul olurdu. Yelizavetanın fransız dayəsi var idi və ona italyan, almanfransız dillərini öyrətmişdi.[9][13] Uşaqlığından bəri olduqca gözəl bir qız olan Yelizavetanın xarici görünüşü ilə bağlı ilk məlumat İngilis elçisinin qeydlərində yer alır:[9][14]

" Açıq qəhvə rəngli saçları, iri mavi gözləri, gözəl və parlaq dişləri var. Nisbətən kök olsa da, sarayda gördüyüm ən kübar və ən yaxşı rəqs edən xanımdır. Almanca, italyanca və fransızca danışır, son dərəcədə xoş xasiyyətlidir. "

Evlilik planları və şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
Şahzadə Yelizaveta, İvan Nikitin, 1720-ci illər

I Pyotr səltənəti illərində imperiyanı Avropalaşdırmış, bu səbəblə öz qızlarını saray ənənələrinə zidd olaraq Avropanın kral sülalələrinə ərə vermək istəyirdi. Pyotrun yeganə oğlu olan Aleksey Pyotroviç zadəgan bir ailənın qızı olan Evdokiya Fyodorovnadan dünyaya gəlmişdi və bu evliliyin qarşısında heç bir maneə olmamışdı. Buna baxmayaraq Pyotr əvvəlllər xadimə olan bir qadınla evlənmiş və dünyaya gələn qızlarını da zadəganlarla evləndirmək istəyirdi. Ancaq Fransaya səfəri əsnasında qızlarından birini vəliəhd Lüdovikə təqdim etmiş, ancaq bu təklif Burbonlar tərəfindən olduqca istehza ilə qarşılanaraq qəbul edilməmişdi. Qısa zamanda gələn rədd cavabının səbəbi isə qızların anasının bir zadəgan olmaması idi.[15]

1724-cü ildə Pyotr hər iki qızını iki gənc şahzadə ilə nişanladı. Bu gənclər Şimali Almaniyada vaxtilə hakim olan Qolşteyn-Şlezviq ailəsinə mənsub idilər. Çarın böyük qızı Anna Petrovna Qolşteyn-Şlezviq hersoqu Çarlz Frederik ilə nişanlandı. Çarlz Frederik dayısının İsveç kralı seçilməsinin ardından üsyan başlatdı və məğlub olaraq Pyotrun dəvəti ilə Rusiya torpaqlarına qaçaraq burada sürgündə yaşadı.[11] Bütün bunlara baxmayaraq bu gənc zadəgan ailəsində doğulmuşdu və valideynlərinin hər ikisi kral ailələri ilə qohum idi.[16] Bir müddət sonra çarın kiçik qızı Yelizaveta da hersoqun yaxın qohumu olan Çarlz Avqust ilə nişanlandı.[16] Anna Petrovnanın nikah mərasimi planlandığı kimi 1725-ci ildə baş tutdu. Ancaq Pyotr nikahdan bir neçə həftə öncə vəfat etdi. Yelizavetanın toy planları isə baş tutmadı. Çünki nişanlısı 31 may 1727 tarixində toy mərasimi baş tutmadan vəfat etdi. Bədbəxtlikdən Yelizavetanın anası İmperatriça Yekaterina da nişanlısından sadəcə iki həftə öncə 17 may günü anidən vəfat etdi.

1727-ci ilin yayında Yelizaveta artıq həm valideynlərini, həm də nişanlısını itirmişdi. Bundan başqa vəfat edən ögey qardaşının oğlu və ailənin yeganə kişi nümayəndəsi olan II Pyotr taxta keçmişdi. Buna görə də gənc Yelizavetanın evlənmə planları təxirə salındı. II Pyotrun 3 il sonra vəfat etməsi və ailənin ən böyük üzvü kimi əmisi V İvanın böyük qızı Anna İvanovnanın taxta keçməsi də Yelizavetaya sərf etmədi. Çünki artıq Yelizaveta gözdən düşmüş və taxtdan uzaqlaşmışdı. Artıq onunla evlənmək istəyən heç kəs yox idi.[17] Gözəlliyi isə artıq heç bir önəm daşımır, hətta İmperatriça Anna tərəfindən qəzəblə qarşılanırdı.[18]

Bu illər ərzində Yelizaveta saray əhalisi arasında bəzi şəxslərlə münasibət qurmuş, bunlardan ilki isə gənc bir qvardiyaçı olan Aleksis Şubin olmuşdur.[17] Ancaq bu münasibət çox çəkmədi və İmperatriça Anna gənc qvardiyaçınını dilini kəsərək Sibirə sürgün etdi. Bu sevgililərdən yalnız biri — Aleksey Razimovski ömrünü davam etdirmişdir. Bəzi mənbələrdə Yelizaveta ilə bu gəncin gizlicə nikah bağladığı da göstərilir.[17] Çünki gələcək illərdə Razimovski sarayda "Gecə imperatoru" olaraq tanınmış,[17] hətta 1756-cı ildə marşal təyin edilmişdi. Ukraynadan gətirilən gənc və yaraşıqlı bir kəndli olan Razimovski Sankt Peterburqdakı kilsə xorunda oxuyurdu. Səsini bəyənən Yelizaveta isə onu saraya dəvət edərək öz xor orkestrına almışdı.[17] Bu andan etibarən cütlük arasında güclü bir sevgi münasibəti olmuş, ancaq bu münasibət sadəcə saray şayəsi olaraq qalmışdır.

Naməlum illər

[redaktə | mənbəni redaktə et]

Aleksandr Menşikovun iqtidarda söz sahibi olduğu illər boyunca (1727-ci ilin sentyabrınadək) Yelizavetanın gənc və təcrübəsiz qardaşı oğlu II Pyotr ona qarşı mərhəmətli oldu. Qədim bir boyar ailəsi olan Dolqorukovlar isə Menşikovun yürütdüyü siyasətə qarşı çıxırdı.[19] II Pyotrun bu ailəyə bağlılığı isə Aleksandr Menşikovun sonunu hazırladı. Nəticədə Aleksandr Menşikov vəzifədən alındı. Bütün mal-mülkü əlindən alınaraq ailəsi ilə birlikdə Sibirə sürgün edildi və burada 1729-cu ilin noyabrında vəfat etdi.[19] Böyük Pyotra nifrət bəsləyən Dolqorukovların ilk işi isə onun qızını saraydan sürgün etmək oldu.[20]

İmperatriça Annanın ölümündən sonra taxta V İvanın nəvəsi VI İvan çıxardılmış, ancaq körpə imperatorun yerinə imperiya onun anası Anna Leopoldovna tərəfindən idarə edilmişdir. Bu illərdə I Pyotrun qızı olaraq Yelizaveta saray mühafizəçiləri arasında nüfuz qazanmışdı.[8] Ancaq naibə Anna Leopoldovnanın hakimiyyəti yüksək vergi və iqtisadi problemlərlə ön plana çıxmışdı. Hətta Anna Leopoldovnanın Fransaya qarşı yürütdüyü sərt tədbirlər səbəbilə Sankt Peterburqdakı Fransız səfirinin tərtibatı ilə naibənin əleyhinə bir saray çevrilişi də hazırlanmışdı.[21][22]

İmperatriça Yelizavetanın tacqoyma mərasimi, Moskva 1742
İmperatriça Yelizaveta Petrovnanın portreti, Şarl Van Loo

Hakimiyyətə gəlişi

[redaktə | mənbəni redaktə et]

Nəhayət 25 noyabr 1741 tarixində gecə yarısı saray mühafizəçiləri hərəkətə keçdi. Dəmir zireh geyinən və yaxasına gümüş xaç taxan Yelizaveta saray mühafizəçilərinin qərargahına gələrək onlara səsləndi:[8]

" Kimə qulluq etmək istəyirsiz: doğuşdan sizin hökmdarınız olan mənə mi, yoxsa mənim taxtıma göz dikənlərə mi ? "

Ardından mühafizə alayı Qış sarayına yürüdü və körpə imperatorla valideynlərini ələ keçirərək həbs etdirdi. Qan tökülmədən taxta keçən Yelizaveta o gecə and içərək səltənəti boyunca ölüm hökmü verməyəcəyinə söz verdi və bu sözünün üzərində ölümünədək dayandı.[8]

33 yaşında nisbətən az təcrübə ilə taxta keçən Yelizaveta Petrovna imperiyanın ən çətin illərində hakimiyyətə gəlmişdi. İmperatriça olaraq elan edilərkən əvvəlki hökmdarların Rusiyanı fəlakətə sürüklədiyini də bildirmişdi.[23] İlk iş olaraq dövlət idarəsindəki alman əsilli bir çox dövlət adamını vəzifədən alaraq sürgünə yolladı.[23] 25 aprel 1742 tarixində isə tacqoyma mərasimi baş tutdu. Bu münasibətlə möhtəşəm şənliklər tərtib edildi və əfv elan olundu.

Hakimiyyət illəri

[redaktə | mənbəni redaktə et]

Bestuzev hadisəsi

[redaktə | mənbəni redaktə et]

Yelizaveta İmperatriça Annanın himayəsində fəaliyyət göstərən hökumət sistemini ləğv etdi və atasının səltənətində olduğu kimi senat quruldu. Bunun ardından İsveçlə davam edən müharibəni bitirmək üçün tərəflər 23 yanvar 1743 tarixində Turku şəhərində görüşdülər. 7 avqust 1743 tarixində imzalanan Abo sülhü ilə cənubi Finlandiya torpaqları və cənubi Danimarkadakı bir çox qala Rusiyaya verildi.[20]

İmperatriça Yelizavetanın Sankt Peterburq küçələrindəki gəzintisi

Bu sülh müqaviləsi ilə qazanılan qələbədə yeni baş nazir Aleksey Bestuzev-Ruminin rolu böyük oldu. Taxta çıxdıqdan dərhal sonra xarici əlaqələr üzrə müşavir təyin olunan Aleksey Bestuzev-Rumin senatda Fransa-Prusiya ittifaqı əleyhinə çıxışları ilə məşhurlaşdı. Bununla yanaşı o illərdə Rusiya üçün ən doğru siyasət olan İngiltərə-Avstriya-Rusiya ittifaqını dəstəkləyirdi. Buna görə də tez-tez XV LüdoviqBöyük Fridrixin tərtiblədiyi sui-qəsdlərə məruz qalırdı.[20]

Yelizavetanın dəstəyi ilə baş nazir qısa zamanda bir çox uğura imza atdı. Onun qüsursuz siyasəti və 30 minlik ordunu Reyn sahillərinə göndərməsi nəticəsində Avstriya vərasət müharibəsini (1740–1748) bitirən Aaxen sülhünü sürətləndirdi. Nəticədə A. B. Rumin İsveçlə olan münaqişəyə son qoydu, imperatriça ilə VyanaLondon sarayını barışdırdı. Yelizavetanın dəstəyi olmadan baş nazirin bütün bunları həyata keçirməsi demək olar ki, mümkün deyildi.[20]

Bütün bunlara baxmayaraq 14 fevral 1758 tarixində Aleksey Bestuzev-Rumin vəzifədən alındı. Gələcəkdə II Yekaterina olaraq taxta çıxan Yekaterina Alekseyevna hadisələri aşağıdakı kimi qeyd edir:

" Bütün mükafatlarından və rütbələrindən azad edilən baş nazir könülsüz də olsa, vəzifədən alındı. Hətta sarayda gəzən şaiyələrə görə, istehfa vərəqini işgəncə ilə imzalayıb. "
İmperatriça Yelizaveta Petrovna at belində, 1743

Yeddiillik müharibə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Yeddiillik müharibə

Yelizaveta səltənətinin digər mühüm məsələsi isə Yeddiillik müharibə oldu. 16 yanvar 1756 tarixində bağlanan Vestminster müqaviləsi ilə Yelizaveta İngiltərəRusiya arasında bağlanan bütün müqavilələri ləğv etdi. II Fridrixə olan şəxsi nifrəti səbəbilə Prussiyaya qarşı cəbhə alan Yelizaveta imperiya üçün təhlükəyə çevrilən bu məsələni aradan qaldırmaq istəyirdi. Yelizaveta Versal sülhü bağlayaraq FransaAvstriya ilə Prussiya əleyhinə ittifaq qurdu. Plana əsasən 17 may 1757 tarixində 85 minlik rus ordusu Köniqsberqə yürüdü.

Çarski Seloda imperatriçanın ürəkgetməsi (19 sentyabr 1757) ilə başlayan ağır xəstəliyi, nə Bestuzevin vəzifədən gedişi, nə də Sankt-Peterburqda xarici qüvvələrin yaratdığı intriqalar rus ordusunun qələbəsinə (12 avqust 1759) mane ola bildi.[20]

Digər tərəfdən 1759-cu ilin sonundan 1761-ci ilədək davam edən Rusiya müqaviməti bölgədəki anti-Prussiya qüvvələrini gücləndirdi. İmperiyanın gələcəyi üçün Yelizaveta ən doğrusunu düşünmüşdü. O, başından bəri iddia edirdi ki, Prussiya kralını əbədi olaraq zəiflətmək üçün onun kral taxtını rütbəcə aşağı salmaq lazımdır.[20] II Fridrix onu gözləyən təhlükəni başa düşürdü. 1760-cı ilin əvvəllərində yazırdı; "Bütün mənbələrimin sonundayam. Bu müharibəni davam etməsi mənim üçün çöküş olacaq. İyul ayınadək davam etsək, bizi böyük bir fəlakət gözləyir." 21 may 1760 tarixində RusiyaAvstriya arasında yeni bir müqavilə imzalandı ancaq bu müqavilənin bir bəndi Versal sarayına bildirilmədi. Müharibə təzminatı olaraq Rusiya şərqi Prussiya torpaqlarını almağı təmin etdi.

Vəliəhd seçimi

[redaktə | mənbəni redaktə et]

Subay və uşaqsız olan Yelizaveta Romanov sülaləsinin davamı üçün öz varisini seçməli oldu. Bu varis isə bacısı oğlu Pyotr Fyodoroviç idi. Ancaq vaxtilə taxtdan endirdiyi və təxminən 20 ildir həbsdə saxlanılan VI İvanı yaddan çıxarmamışdı. VI İvanın çevrilişlə hər an taxta çıxma ehtimalı səbəbilə sərt tədbirlər aldı. Hər hansı bir cəhd olduğu halda dərhal qətlə ytirilməsi haqqında əmr verdi. Bu əmr II Yekaterina səltənətində reallaşdı və VI İvan gizlicə öldürülərək qalanın içinə dəfn olundu.

İmperatriça Yelizavetanın sarayı, 1905, Yevgeni Lansere

Gənc Pyotr 3 aylıq olanda anasını, 11 yaşında isə atasını itirdi. Bu səbəblə xalası tərəfindən Sankt Peterburqa gətirildi və burada Pravoslav kilsəsinə qəbul edilərək 7 noyabr 1742 tarixində rəsmi vəliəhd elan olundu. Xüsusi müəllimlərlə rus və pravoslav təlimi aldı. Sülalənin davamını təmin edən Yelizaveta bu dəfə də varisinin övladı olması üçün fəaliyyətə başladı. Vaxtilə vəfat edən nişanlısı Çarlz Avqustun bacısı qızı gənc Sofiyanı öz vəliəhdinə xanım seçdi. Rus-pravoslav kilsəsinə qəbul edilən Sofiyaya öz anasının şərəfinə Yekaterina adını verdi. Vəliəhdlə gənc Yekaterina Alekseyevnanın toy mərasimi 21 avqust 1745 tarixində baş tutdu. 9 il sonra, yəni 20 sentyabr 1754 tarixində gələcəkdə I Pavel olaraq taxta oturan Pavel Pyotroviç dünyaya gəldi.

Pavel Pyotroviçin əsl atasının kim olduğu haqqında bir çox şaiyələr var. Hətta bəzi mənbələrə görə, onun atası gənc bir əsgər olan Sergey Saltıkov idi və bundan Yelizaveta Petrovnanın da xəbəri olmuşdu. Ancaq vəliəhd Pyotr bunları qəbul etmədi. Şaiyələri qəbul etməsə də, övladına yaxın bir ata da olmamışdı. Yelizaveta doğuşda iştirak edən qadınlardan birinə uşağı ilk olaraq ona gətirməsi üçün əmr vermişdi. Saraydan uzaqlaşdırdığı uşağı anasına belə göstərmədi. Yekaterina Alekseyevna övladını bir neçə ay sonra kilsədə keçirilən mərasimdə görmüşdü. Yalnız 6 ay sonra övladı ilə görüşməsinə icazə verilmişdi. Yelizaveta Petrovnaya görə, bu uşaq atası Böyük Pyotrun nəticəsi və imperiyanın yeganə ümidi olaraq mükəmməl şəkildə yetişdirilməli idi.

1750-ci illərin sonlarında imperatriçanın səhhəti pozulmağa başladı. Kəskin baş ağrılarından şikayətlənən Yelizaveta Petrovna bir müddət sonra dərman qəbul etməyi də rədd etdi. Onun qəbulunda ölüm sözünün deyilməsini qadağan etdi. Artıq ölüm döşəyində olduğunu bilən Yelizaveta son gücünü topladı və şəxsi rahibi ilə günah çıxardı. Ardından son ibadətini etdi və vəliəhdi Pyotr, xanımı Yekaterina və dövlət adamlarından Aleksey Razimovski və qardaşı Kril Razimovskini yanına çağıraraq vidalaşdı. Nəhayət, 5 yanvar 1762 tarixində imperatriça vəfat etdi. Ancaq dövlət adamlarından və əhalidən 6 həftə boyunca gizlədilən bu ölüm 3 fevral 1762 tarixində Sankt Peterburqda elan olundu və elə həmin gün Pyotr və Pavel kafedralında dəfn olundu.

  1. 1 2 Elizabeth // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Elisabet (швед.). SLS.
  3. 1 2 Elisabeth Petrowna // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 Elisabet I de Rússia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  5. 1 2 3 4 5 6 Catalog of the German National Library (alm.).
  6. 1 2 Елизавета Петровна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  7. 1 2 Lundy D. R. Elizabeta Petrovna Romanov, Tsarina of Russia // The Peerage (ing.).
  8. 1 2 3 4 Russian Tsars by Boris Antonov, p.105.
  9. 1 2 3 4 Russian Tsars by Boris Antonov, p.104.
  10. 1 2 Elizabeth and Catherine by Robert Coughlan, p.46.
  11. 1 2 Elizabeth and Catherine by Robert Coughlan, p.50.
  12. Elizabeth and Catherine by Robert Coughlan, p.23.
  13. Cowles, Virginia The Romanovs, London: William Collins, 1971 page 66.
  14. Cowles, Virginia The Romanovs, London: William Collins, 1971 pages 66–67
  15. Elizabeth and Catherine, p.50.
  16. 1 2 Elizabeth and Catherine by Robert Coughlan, p.58.
  17. 1 2 3 4 5 Elizabeth and Catherine by Robert Coughlan, p.59.
  18. Cowles, Virginia The Romanovs, London: William Collins, 1971 page 67
  19. 1 2 Elizabeth and Catherine by Robert Coughlan, p.52.
  20. 1 2 3 4 5 6 Chisholm 1911.
  21. Cowles, Virginia The Romanovs, London: William Collins, 1971 pages 67–68.
  22.  The Russian Tsars by Boris Antonov, p.105.
  23. 1 2 Russian Tsars by Boris Antonov, p.106.