Perm dövrü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Perm dövrüpaleozoy erasının 55 milyon il davam etmiş sonuncu geoloji dövrü. Bu dövrdə vulkanik fəaliyyətlə müşayiət olunan güclü dağəmələgəlmə prosesləri baş vermişdir. Bilavasitə hersin tsiklinə aid olan bu proseslər nəticəsində Ural dağları tam formalaşmış, Mərkəzi Asiyanın möhtəşəm dağ silsilələri, Şimali Amerikanın Appalaç strukturları əmələ gəlmişdir. Bu dövr üçün dəniz, laqun və kontinental rejimli böyük epikontinental hövzələrin geniş yayılması səciyyəvidir. Perm dövrü isti və quru iqlim şəraitində geniş laqunlarda qalın evaporit çöküntüləri (dolomit, anhidrit və gipslər, daş və kalium duzları) toplanmışdır. Rütubətli isti iqlimin üstünlük təşkil etdiyi rayonlarda iri kömür yataqlarının (Peçora hövzəsi, Kuzbas, Çin və b.) əmələgəlməsi üçün ilkin material olan məhv olmuş bitki qalıqların toplanırdı. Cənub yarımkürəsində kontinental rejim üstünlük təşkil edirdi. Burada mövcud olan Qondvana qitəsində dəfələrlə dağ buzlaşması (Cənubi Amerika, Avstraliya) baş vermişdi. Perm dövrü dəniz hövzələrində seratit xətli aimonoideyalar (seratitlər, bəzi aqoniatitlər) meydana gəlmiş, quruda anapsid və sinapsid sürünənlər və pulcuqlu kərtənkələlər, bitkilərdən-qatırquyruqukimilər və çılpaqtoxumlulardan bennettitlər inkişaf etmişdir. Perm dövrü foraminiferlərin (fuzulinidlər), mərcanların (tabuatoidealar və dördşüalılar), buğumayaqlıların (trilobitlər və evripteroidealar), başıayaqlı moluskaların (qoniatitlər), hiolitlərin, qıfıllı braxiopodların (ortidlər, strofomenidlər və produktidlər), mamırkimilərin (sistoporidlər, rabdomezonidlər, kriptosomidlər), balıqlardan akantodların, qədim şüaüzgəclilər və fırçaüzkəclilərin, ikicür tənəffüslülərin, bitkilərdən – qıjıların və b. məhv olması ilə səciyyələnir; lepidodendronlar, kalamitlər, kordaitlər və b. tənəzzülə uğrayır. Perm dövrü hövzələri üçün foraminiferlər, tabulatoidealar və dördşüalı mərcanlar, ammonoideyalar (aqoniatitlər, qoniatitlər və seratitlər), qıfıllı braxiopodalar (produktidlər və spiriferidlər), mamırkimilər (kriptostomidlər), dəniz qönçələri və zanbaqları, bəzi köpəkbalıqıkimilər xarakterikdir. Quruda həşəratlar, suda-quruda yaşayanlardan – steqosefallar və qədim reptilialar (kotilozavrlar və b.) səciyyəvidir. Perm dövrü çılpaqtoxumlu bitkilər geniş yayılmış, yüksək inkişafın pilləsinə çatmışdır. Rifəmələgətirən orqanizmlər, mamırkimilər, mərcanlar, krinoideyalar, süngərkimilər, sianobiontlaryosunlar olmuşdur. Quruda aridləşmə muşahidə olunmuş, iynəyarpaqlılar meydana gəlmişdir. Karbonun fitocoğrafi vilayətiləri permdə yalnız bir müddət qorunub qalmışdır. Dövrün sonunda bitki aləminin yeniləşməsi başlamışdır.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.