Azərbaycanda maşınqayırma sənayesi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycanda maşınqayırma sənayesi

Maşınqayırma ağır sənaye kompleksi olub xalq təsərrüfatı üçün əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Maşınqayırma ümumilikdə xalq təsərrüfatının texniki təminat bazası olaraq istehsalatda əmək məhsuldarlığını yüksəltməklə, insanların maddi rifahının yaxşılaşmasına və dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir. Maşınqayırmanın əsas sahələri - dəzgahqayırma, cihazqayırma, traktor və avtomobilqayırma, gəmiqayırma, təyyarəqayırma, kənd təsərrüfatı maşınqayırması, elektrotexnika, radiotexnika və avtomatika avadanlıqlarının hazırlanmasıdır.

1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatı başlandı. 1858-ci ildə Bakıda ilk metal emalı zavodu tikilmişdir. 1859-cu ildə dünyada ilk neftayırma zavodu Bakıda istifadəyə verildi. Sonrakı illərdə neft, kimya və gəmiçiliyin inkişafı ilə əlaqədar bu sahələrə xidmət göstərən maşınqayırma və metal emalı müəssisələri meydana gəlmişdir.

1911-13-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, birinci dünya müharibəsinin əvvəllərində isə Bakı və onun ətrafında 127 mexaniki, metal emalı müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə 8066 nəfər fəhlə işləyirdi.

İkinci dünya müharibəsi illərində, yəni 1939-45-ci illərdə keçmiş SSRİ-nin bir çox sənaye şəhərlərindən Bakıya köçürülən maşınqayırma zavodlarında əsasən döyüş sursatı, silah və hərbi texnika üçün ehtiyat hissələri istehsal edilirdi. Respublika maşınqayırma sənayesinin inkişafı Azərbaycanda neftçıxarma sənayesinin XIX əsrin sonlarında və XX əsrin əvvəllərində olan inkişafı ilə üzvi surətdə bağlıdır. Xaricdən idxal edilmiş avadanlıq sonrakı dövrlərdə Nobel qardaşlarının, Rotşildin, Tağıyevin, Muxtarovun, Benkendorfun emalatxanalarında təmir olunurdu. Bu emalatxanalar gələcək maşınqayırma zavodlarının əsasını təşkil etmişdir. Maşınqayırmanın aparıcı sahəsi kimi respublikanın neft maşınqayırması yüksək dərəcədə ixtisaslaşdırılmış istehsal kompleksi kimi çıxış edirdi. Burada ümumi metallurgiya, tökmə və metiz bazasına malik olan bir sıra iri zavodlar cəmləşmişdir. Sonrakı dövrlərdə keçmiş Sovetlər İttifaqının neftçıxarma sənayesinin 70%-ə qədər avadanlığının Azərbaycanın neft-maşınqayırma sənayesi tərəfindən istehsal olunması bu sürətli inkişafdan xəbər verirdi.

Böyük Vətən müharibəsi illərində Azərbaycanın maşınqayırma müəssisələrinin istehsal güclərinin 95%-i hərbi texnika və döyüş sursatlarının istehsalına yönəldilmişdir. Həmçinin, neft emalı və neft-kimya müəssisələrinin də bu sahədə böyük xidmətləri olmuşdur. Neft çıxarılması daha da artırılmış və neft maşınqayırma avadanlıqlarının istehsalı da intensivləşdirilmişdir.

İttifaq dövründə maşınqayırma kompleksinin iri müəssisələrinin əsas məhsullar kimi neft-mədən avadanlıqları, elektrik mühərrikləri (400 min ədəd), güc transformatorları (2500 ədəd), lüminiset elektrik lampaları (15 min ədəd), elektrotermik (100 min evt.) və elektroqaynaq (15 mln ədəd) avadanlıqları, alçaq və yüksək gərginlikli aparatlar, avtobus və yük avtomobilləri (3000 ədəd), müxtəlif cihazlar, yol maşınları, hesablama texnikası vasitələri, soyuducular (300 min ədəd), hava soyuducuları (400 min ədəd), elektrik və qaz qızdırıcıları, mətbəx maşınları (25 min ədəd), sərinkeşlər (100 min ədəd), rəngli televizorlar, telefon aparatları və s. göstərmək olar.

Azərbaycanda neft maşınqayırması məhsullarının böyük hissəsi “Azneftkimyamaş” ASC-nin tərkibinə daxil olan müəssisələr tərəfindən istehsal olunur. Keçmişdə Sovetlər İttifaqının bütün neftçıxarma ərazilərində neft və qazın çıxarılması və quyuların cari və əsaslı təmir xidməti üçün avadanlığın 70%-ə qədəri Azərbaycanda istehsal olunurdu. Neft maşınqayırma sənayesinin məhsulları dünyanın 35 ölkəsinə göndərilirdi. Azərbaycan neft maşınqayırma sənayesi bu tipdən olan sənaye müəssisələrinin ən çox cəmləşdiyi sahə hesab olunurdu. Azərbaycan neft-qaz maşınqayırma sənayesi birliyinin tarixi 1935-ci ildən başlayır. Həmin dövrdə neft-mədən avadanlıqlarının və alətlərinin istehsalı və təmiri müəssisələrin birləşdirilməsi əsasında Ümumiittifaq Neftmaşınqayırma Tresti-“Azneftmaş” yaradıldı və bu da sonralar Ümumiittifaq Sənaye Birliyi (ÜSB) “Soyuzneftmaş”a, daha sonra isə “Azneftkimyamaş” Dövlət Şirkətinə çevrildi.

22 mart 2001-ci il tarixli 649 saylı Prezident Sərəncamı ilə "Azneftkimyamaş" Dövlət Şirkətinin bazasında eyniadlı Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bununla Azərbaycanın Neft Maşınqayırma Sənayesi yeni bir mərhələyə qədəm qoydu. Cəmiyyətin müəssisələrində hazırda 100-ə yaxın çeşiddə, 600-dən artıq tip-ölçüdə geoloji-kəşfiyyat, qazma, neftçıxarma, quyuların təmiri və mədənlərin abadlaşdırılması üçün maşın və avadanlıqlar, alətlər və ehtiyat hissələri, habelə kimya sənayesi, kənd təsərrüfatı və digər sahələr üçün müxtəlif məhsullar istehsal edilir.

Bakı Dərin Özüllər Zavodunun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verilən BDÖZ dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsidir. Ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərin dəniz özülü yığmağa imkan verir. 1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması hazırda “Günəşli” yatağında istismar olunur. Zavod 1986-cı ildə layihə gücünə çatdırılmışdır. Zavodda ötən dövr ərzində 178 metrədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. 1992-ci ildə ilk dəfə olaraq “BP” şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt BDÖZ-də uğurla həyata keçirilmişdir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində BDÖZ fəal iştirak edir.

Əsas maşınqayırma müəssisələri

[redaktə | mənbəni redaktə et]

“Azneftkimyamaş” ASC-yə daxil olan zavod və institutlar

  1. Bakı neft maşınqayırma zavodu;
  2. “Bakı fəhləsi” maşınqayırma zavodu
  3. Suraxanı maşınqayırma zavodu
  4. Sabunçu Elmi-İstehsalat Birliyi
  5. B.Sərdarov adına maşınqayırma zavodu
  6. Zabrat maşınqayırma zavodu
  7. Bakı neftqazmədən avadanlıqları zavodu
  8. Balaxanı maşınqayırma zavodu
  9. Səbail maşınqayırma zavodu
  10. Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu (AZİNMAŞ)
  11. Azərbaycan Maşınqayırma Texnologiya İnstitutu
  12. “Neftmaş” Xüsusi Konstruktor Bürosu
  13. “Azərdövlətmaşlayihə” İnstitutu.

Bakı neft maşınqayırma zavodu

[redaktə | mənbəni redaktə et]

“Bakı neft maşınqayırma zavodu” TASC 2010-cu ildə “Səttərxan adına maşınqayırma zavodu” TASC və “Bakı neft mədən maşınqayırma zavodu” TASC-in birləşməsi nəticəsində yaranmışdır. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft mədən avadanlıqların istehsalı sahəsi üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları, siyirtmələri göstərmək olar. Zavodun ərazisi 19.6 ha-dır. Zavodda 314 nəfər işçi çalışır. Ukrayna və Rusiyaya fontan armaturları və kəmər başlıqları ixrac edir.

“Bakı fəhləsi” maşınqayırma zavodu

[redaktə | mənbəni redaktə et]

“Bakı fəhləsi” maşınqayırma zavodu 1900-cü ildə yaradılmış, “Keşlə maşınqayırma zavodu” ilə birləşmişdir. Zavod mancanaq, qaldırıcı kranlar, qazma aqreqatlarının istehsalı üzrə ixtisaslaşmışdır. Ərazisi 16 ha təşkil edən zavodda 380 nəfər işçi çalışır. Mancanaq və AZİNMAŞ 80 qurğularını Qazaxıstana ixrac edir. Zavodun beynəlxalq dərəcəli İSO sertifikatı var.

Suraxanı maşınqayırma zavodu

[redaktə | mənbəni redaktə et]

Suraxanı maşınqayırma zavodu 1926-cı ildə yaradılmışdır. Ərazisi 11.3 ha-dır. Zavod yeraltı neft-mədən avadanlıqlarının istehsalı (dərinlik nasosları) üzrə ixtisaslaşmışdır və dərinlik nasosları, qaz-lift klapanları, pakerlər istehsal olunur. Zavodda 368 nəfər işçi çalışır. Zavod dərinlik nasoslarını və pakerlərini Qazaxıstan və Rusiyaya ixrac edir. Zavodun beynəlxalq dərəcəli APİ və İSO sertifikatları var.

Sabunçu Elmi-İstehsalat Birliyi

[redaktə | mənbəni redaktə et]

Sabunçu Elmi-İstehsalat Birliyi 1914-cü ildə yaradılmışdır. Zavod maşınlar üzərində müxtəlif qurğuların quraşdırılması üzrə ixtisaslaşmışdır. Son dövrlərdə metal konstruksiyalar, körpülər üçün metal özüllər, işıq dirəkləri istehsal edir. Zavodun ərazisi 9.2 ha-dır. Müəssisədə 236 nəfər işləyir. Zavod beynəlxalq İSO sertifikatına malikdir.

B.Sərdarov adına maşınqayırma zavodu

[redaktə | mənbəni redaktə et]

B.Sərdarov adına maşınqayırma zavodu 1926-cı ildə yaradılmışdır. Zavod 37 ha ərazini əhatə edir və 210 nəfər işçi heyəti vardır. Siyirtmələr, dönən kranlar, fontan armaturlar istehsalı üzrə ixtisaslaşmışdır. Rusiyaya iki ədəd manifold qurğusu ixrac olunmuşdur.

Zabrat maşınqayırma zavodu

[redaktə | mənbəni redaktə et]

Zabrat maşınqayırma zavodu 1921-ci ildən fəaliyyət göstərir. Ərazisi 4.6 ha olub, 118 nəfər işçi heyəti vardır. Zavod buruq qüllələrin istehsalı üzrə ixtisaslaşmışdır. Hal-hazırda özüllər, metal konstruksiyaların istehsalı ilə fəaliyyət göstərir. Zavod APİ və İSO beynəlxalq sertifikatlara malikdir. Zavod qüllə özüllərini Rusiyaya ixrac edir.

Bakı neftqazmədən avadanlıqları zavodu

[redaktə | mənbəni redaktə et]

Bakı neftqazmədən avadanlıqları zavodu 1967-ci ildən fəaliyyət göstərir. Zavodun ərazisi 1.6 ha-dır. Zavod neft avadanlıqlarının təmiri və servisi üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar isə avtoçənlər, neft məhsullarının daşınması üçün avtoçənlər, borudaşıyan xüsusi qoşqular, nasos avadanlıqlarının göstərmək olar. Zavodda 70 nəfər işçi çalışır.

Balaxanı maşınqayırma zavodu

[redaktə | mənbəni redaktə et]

Balaxanı maşınqayırma zavodu 1900-cü ildə yaranmışdır. Zavod qazma baltaların və alətlərin istehsalı üzrə ixtisaslaşmış, boru tutucular, metçiklər, kolokovlar, baltalar, karbiratorlar, frezervlərin istehsalı ilə məşğuldur. Zavodun ərazisi 3 ha-dır. Hal-hazırda zavodda 84 nəfər işçi çalışır. Zavod İSO beynəlxalq sertifikatına malikdir.

Səbail maşınqayırma zavodu

[redaktə | mənbəni redaktə et]

Səbail maşınqayırma zavodu 1906-cı ildə yaranmışdır. Zavod neft mədən alətlərinin və elevatorların istehsalı üzrə ixtisaslaşmışdır. Zavodun ərazisi 1.7 ha, işləyənlərin sayı isə 50 nəfərdir. Zavod İSO beynəlxalq sertifikatına malikdir.

Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu (AZİNMAŞ)

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu (AZİNMAŞ) 1931-ci ildə yaranmışdır. AZİNMAŞ-nun fəaliyyət sahəsi yerüstü neft mədən avadanlıqlarının layihələndirilməsidir. İstehsal etdiyi məhsullara neft maşınqayırması alət və avadanlıqlarını göstərmək olar. İnstitutun ərazisi 4.0 ha, orada çalışanların sayı 70 nəfərdir. İxrac məhsulu kimi qazma qurğusu, ixrac olunan yer isə BƏƏ-dir. İnstitutun İSO beynəlxalq sertifikatı var.

Azərbaycan Maşınqayırma Texnologiya İnstitutu

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Maşınqayırma Texnologiya İnstitutu 1961-ci ildə yaranmışdır. İnstitutun ərazisi 6.0 ha, işləyənlərin sayı 70 nəfərdir. İnstitut öz fəaliyyət sahəsini texnologiyaların və qeyri-standart avadanlıqların layihəsində əks etdirir. İstehsal etdiyi məhsullar sırasına muftanı göstərmək olar.

“Neftmaş” Xüsusi Konstruktor Bürosu

[redaktə | mənbəni redaktə et]

“Neftmaş” Xüsusi Konstruktor Bürosu 1966-cı ildə yaradılmışdır. İnstitut öz fəaliyyətini “AZİNMAŞ” layihə institutunda davam etdirir. İnstitutun fəaliyyət sahəsinəyeraltı neft avadanlıqlarının layihələndirilməsi, istehsal etdiyi məhsullar isə pakerlər, klapanlar, dərinlik nasoslarının təmiri, fontan quyuları üçün xüsusi kompleks hissələrin hazırlanmasını göstərmək olar. İnstitutda 25 nəfər çalışır. İxrac məhsulları kimi pakerlər, klapanlar, neft-qaz quyuları üçün xüsusi alətlər, neft avadanlıqlarının hissələrini göstərmək olar. İxrac edilən ölkə Rusiyadır. İnstitut beynəlxalq İSO sertifikatına malikdir.

“Azərdövlətmaşlayihə” İnstitutu

[redaktə | mənbəni redaktə et]

“Azərdövlətmaşlayihə” İnstitutu 1968-ci ildə yaranmışdır. İnstitut öz fəaliyyət sahəsi maşınqayırma üzrə layihə işləridir. İnstitutda 22 nəfər çalışır. İnstitut layihə işləri ilə bağlı xidmətləri təklif edir.

Avtomobilqayırma

[redaktə | mənbəni redaktə et]