Astrositlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Astrosit
</img>
Toxuma kulturasında yetişdirilmiş, GFAP (Glial fibrillary protein) (qırmızı) və vimentinə (yaşıl) (bunlar antigendir) antitellərlə boyanmış siçovulun beynindən əldə edilən astrosit. Hər iki zülal bu hüceyrənin ara filamentlərində böyük miqdarda olur, buna görə də hüceyrə sarı görünür. Mavi material DAPI boyası ilə vizuallaşdırılmış DNT -ni göstərir, həmçinin astrositin və digər hüceyrələrin nüvəsini aşkar edir. Şəkil EnCor Biotechnology Inc -in icazəsi ilə.
Təfərrüatlar
Məkan Beyinonurğa beyni
İdentifikatorlar
latın Astrosit
MeSH D001253
NeuroLex ID sao1394521419
TH H2.00.06.2.00002, H2.00.06.2.01008
FMA 54537
Mikroanatomiyanın anatomik terminləri



</br>

Astrositlər (qədim yunan dilindən, ástron, "ulduz" + kútos, "boşluq", "hüceyrə"), həmçinin ümumilikdə astroqlia olaraq da bilinir. Xarakterik olaraq ulduz şəkilli qlial hüceyrələr olub, baş beyin və onurğa beynində rast gəlinir. Onlar bir çox funksiyanı yerinə yetirirlər. Bunlara, qan-beyin baryerini formalaşdıran endotel hüceyrələrinin biokimyəvi dəstəyi, sinir toxumasının qida maddələri ilə təminatı, hüceyrəxarici ion tarazlığının qorunması və beyində, onurğa beynində baş verən travma, infeksiyadan sonra çapıq toxumasının formalaşması, beyin qan dövranının tənzimlənməsi kimi funksiyalar aiddir. Astrositlərin beyində miqdarı yaxşı müəyyən oluna bilinməmişdir. Onların miqdarı istifadə olunan hesablama texnikasından asılı olaraq dəyişir. Beləki, onların miqdarı beynin müxtəlif bölgələrində fərqlənir və bütün qlia hüceyrələrinin 20%-40%-ni təşkil edir. Başqa bir araşdırmaya əsasən isə astrositlər beyində ən çox rast gəlinən qlia hüceyrələridir. Astrositlər mərkəzi sinir sistemində xolesterolun əsas mənbəyidir. Apolipoprotein E, xolesterolu astrositlərə, neyronlara və digər qlia hüceyrələrinə ötürərək, hüceyrələr arası siqnalizasiyanı tənzimləyir. İnsan beynində astrositlərin miqdarı gəmiricilərdən iyirmi dəfədən çoxdur və onlar bu saydan on dəfə çox sinapsla əlaqə yaradır.

1990-cı illərin ortalarından bəri aparılan tədqiqatlar göstərdi ki, astrositlər qıcığa (stimula) cavab olaraq hüceyrələrarası Ca 2+ ion axınını uzun məsafələrə yayır və neyronlara oxşar olaraq Ca 2+ -dan asılı şəkildə mediatorları (qliotransmitterlər adlanır) xaric edirlər. Məlumatlar göstərir ki, qlutamatın (beyində oyadıcı neyrontransmitter) astrositlərdən, Ca2+ -dan asılı olaraq xaric olunması neyronları oyadır . Bu cür kəşflər astrositləri neyroelm sahəsində mühüm tədqiqat sahəsinə çevirdi.

Siçan korteksinin hüceyrə kulturasında, neyronların (qırmızı) əhatəsində yerləşən astrositlər (yaşıl)
23 həftəlik dölün beyin kulturası insan astrositi
Canlı beyin qabığındakı neyronlar (yaşıl) arasında yerləşən astrositlər (qırmızı-sarı)

Astrositlər mərkəzi sinir sistemindəki qliya hüceyrələrinin bir alt növüdür. Onlar həmçinin astrositik qlial hüceyrələr olaraq da bilinirlər. Ulduz şəkilli astrositlər, çıxıntılarının bir çox hissəsi ilə neyronların əmələ gətirdiyi sinapsları əhatə edir. İnsanlarda bir astrosit hüceyrəsi eyni anda 2 milyona qədər sinapsla qarşılıqlı əlaqədə ola bilər. Astrositləri müəyyən etmək üçün histolloji analizlərdən istifadə edirlər. Onların əksəriyyəti qlial fibrilyar protein (GFAP) ekspresiyya edir . Mərkəzi sinir sistemində, fibroz, protoplazmatik və şüalı astrositlərində daxil olduğu, bir neçə astrosit formalarına rast gəlmək olar. Fibroz astrositlər, adətən ağ maddə daxilində yerləşirlər, hüceyrə orqanelləri azdır və uzun, şaxələnməmiş çıxıntılara malikdirlər. Əksərən bu hüceyrələr astrositik son ayaqıcıqlar (endfoot) adlandırılan çıxıntıları vasitəsilə yaxınlıqda yerləşən kapilyarların xarici səthini əhatə edirlər. Protoplazmatik qliya hüceyrələri daha geniş yayılmışdır və sinir toxumasının boz maddəsində rast gəlinirlər. Onlar daha böyük miqadarda orqanellərə və çox şaxələnmiş çıxıntılara malikdir. Radial qlial hüceyrələr mədəciklərin oxlarına perpendikulyar olan müstəvilərdə yerləşirlər. Onların çıxıntılarından biri nazik qişaya (pia mater) bitişik, digəri isə boz maddənin dərinliklərində yerləşir. Radial qliya hüceyrələri əsasən inkişaf zamanı mövcuddur və neyronların miqrasiyasında iştirak edirlər. Lakin torlu qişanın Müller hüceyrələribeyincik qabığının (serebellar korteks) Berqman qlia hüceyrələri yetkinlik dövründə də mövcud olmaları ilə istisna təşkil edirlər. Astorsitlərin hər üç formasının çıxıntısı, nazik qişaya yaxın olduqda pia-qlial membranın formalaşmasında iştirak edir.

Astrositlər qırmızı rənglə təsvir edilmişdir. Hüceyrə nüvələri mavi rənglə təsvir edilmişdir. Astrositlər yeni doğulmuş siçanların beyinlərindən əldə edilib.

Astrositlər mərkəzi sinir sistemindəki makroqlial hüceyrələrdir . Astrositlər inkişaf edən sinir sistemi neyroepitelində olan progenitor hüceyrələrin heterogen populyasiyalarından yaranırlar. Neyronların alt tiplərini və makroqlial hüceyrə nəsillərinin əmələ gəlməsini müəyyən edən genetik mexanizmlər arasında diqqətəlayiq oxşarlıq vardır. Neyron ixtisaslaşmasında olduğu kimi, sonik kirpi (SHH), fibroblast böyümə faktoru (FGFs), WNTssümük morfogenetik zülalları (BMPs) kimi kanonik siqnal faktorları dorsal-ventral, anterior-posterior və medial-lateral oxlar boyunca morfogen qradientlər vasitəsilə inkişaf edən makroqlial hüceyrələrə mövqe məlumatı verir. Nevral ox boyunca neyroepitelin progenitor domenlərə (p0, p1, p2, p3 və pMN) seqmentasiyası, onurğa beynində fərqli neyronların yaranmasına səbəb olur. Bəzi tədqiqatlara əsaslanaraq, halhazırda inanılır ki, bu model makroqlial hüceyrələrin diferensiasiyasına da uyğun gəlir. Hochtism və əməkdaşları tərəfindən aparılan araşdırmalar müəyyən etmişdir ki, p1, p2 və p3 domenlərindən astrositlərin 3 fərqli populyasiyası ayrılır. Astrositlərin bu alt tipləri onların müxtəlif transkripsiya faktorlarının (PAX6, NKX6.1) və hüceyrə səthi markerlərinin (reelinSLIT1) ifadəsi əsasında müəyyən edilə bilər. Müəyyən edilmiş astrosit alt tiplərinin üç populyasiyası: 1) dorsal olaraq yerləşən, p1 domenindən inkişaf edən VA1 astrositləri PAX6 (protein) və reelin (glikoprotein) ekspresiyya edirlər 2) Ventral olaraq yerləşən, p3 domenindən inkişaf edən VA3 astrositləri NKX6 (protein) ekspressiya edirlər 3) p2 domenindən inkişaf edən VA2 astrositləri isə PAX6, NKX6, reelin və SLIT ekspressiya edirlər. İnkişaf etməkdə olan MSS-də astrositlərin diferensasiyası baş verdikdən sonra, astrosit prekursorlarının terminal differensiasiya prosesi baş verməzdən əvvəl sinir sistemindəki son mövqelərinə köçdüyünə inanılır.

Astrositlər və neyronlar arasında metabolik qarşılıqlı əlaqə

Astrositlər beynin fiziki strukturunu formalaşdırmağa kömək edir. Onların, neyrotransmitterlərin ifrazı və ya absorbsiyası, qan-beyin baryerinin formalaşması da daxil olmaqla bir sıra proseslərdə aktiv rol oynadıqları düşünülür.[1] Sinapslarda presinaptik hüceyrə, postsinaptik hüceyrə və qliya hüceyrəsi arasında meydana gələn sıx əlaqəyə istinad edərək üçtərəfli sinaps anlayışı təklif edilmişdir.

  • Struktur : Astrositlər beynin fiziki sturukturunun formalaşmasında iştirak edirlər. Onlar "ulduza" bənzədiklərinə görə astrosit adını almışlar. Astrositlər beyində ən geniş yayılmış qliya hüceyrəsi olub, neyronların əmələ gətirdikləri sinapsları əhatə edirlər. Onlar beyin daxilində elektrik impulslarının ötürülməsini tənzimləyirlər.
  • Glikogen "yanacaq" ehtiyatı tamponu : Astrositlər glikogen depolayırlar və qlükoneogenez prosesini aparmaq qabiliyyətinə malikdirlər. Frontal korteks (alın qabığı) və hipokampusdakı neyronların yaxınlığında yerləşən astrositlər qlükozanı saxlayır və onu xaric edirlər. Beləliklə, astrositlər yüksək qlükoza istehlakı və qlükoza çatışmazlığı dövründə neyronları qlükoza ilə təmin edə bilərlər. Siçovullar üzərində aparılan son araşdırma astrositlərin bu fəaliyyəti ilə fiziki məşq arasında əlaqənin ola biləcəyini göstərir.
  • Metabolik dəstək : Neyronları laktat kimi enerji substratı ilə təmin edirlər.
  • Qlükoza həssaslığı : beyin daxilində interstisial (hüceyrəarası) qlükoza səviyyəsinin müəyyən olunması da astrositlər tərəfindən tənzim olunur. İn vitroda olan astrositlər qlükoza səviyyəsi aşağı olduqda aktivləşirlər. İn vivoda bu aktivləşmə qastrik boşalmanı artıraraq, həzm prosesini gücləndirir.
  • Qan-beyin baryeri : Endotel hüceyrələrini əhatə edən astrositlərin son ayaqcıqlarının (end-feet) qan-beyin baryerinin sturukturunun saxlanmasına kömək etdiyi düşünülürdü, lakin son tədqiqatlar onların əhəmiyyətli rol oynamadığını göstərir. Bunun əvəzinə, baryerin saxlanmasında ən əhəmiyyətli rol oynayan beyin endotel hüceyrələrinin sıx birləşmələri (tight junctions) və onları xaricdən əhatə edən bazal təbəqədir . Bununla belə, bu yaxınlarda astrosit fəaliyyətinin beyindəki qan axını ilə əlaqəli olduğu və fMRI-də əslində bunun ölçüldüyü göstərilmişdir.
  • Transmitterin qəbulu və xaric olunması : Astrositlər glutamat, ATF və GABA-nın da daxil olduğu bir neçə neyrotransmitter üçün glutamat daşıyıcıları kimi membran daşıyıcılarını ekspressiya edirlər. Bu yaxınlarda astrositlərin glutamat və ya ATF -i vezikulların daxilində, Ca 2+ -dan asılı olaraq xaric etdiyi göstərildi. (Bu, hipokampal astrositlər üçün mübahisəlidir.)
  • Hüceyrəxarici sahədə ion konsentrasiyasının tənzimlənməsi : Astrositlər yüksək sıxlıqda kalium kanalları ekspressiya edirlər. Neyronlar aktivləşdikdə, hüceyrəxarici kalium konsentrasiyasını lokal olaraq artırmaq üçün kalium xaric edirlər. Astrositlər yüksək kalium keçiriciliyinə malik olduqlarına görə, hüceyrəxarici sahədə toplanan artıq kaliumu sürətlə təmizləyirlər. Əgər bu funksiyaya müdaxilə edilərsə, kaliumun hüceyrədənkənar konsentrasiyası yüksələcək və Qoldman tənliyinə görə neyronların depolarizasiyasına səbəb olacaq. Hüceyrəxarici kaliumun anormal şəkildə toplanmasının epileptik neyron fəaliyyəti ilə nəticələndiyi məlumdur.
  • Sinaptik ötürülmənin modulyasiyası : Hipotalamusun supraoptik nüvəsində astrosit morfologiyasında sürətli dəyişikliklərin neyronlar arasında heterosinaptik ötürülməyə təsir göstərdiyi göstərilmişdir. Hipokampusda sinaptik ötürülməni ləngitmək üçün astrositlər sonradan ektonukleotidaza fermenti vasitəsilə adenozinə çevrilən ATF-i xaric edirlər. Adenozin öz reseptorlarına təsir edir və bununla da LTP (uzun müddətli potensiasiya) üçün mövcud dinamik diapazonu artırır.
  • Vazomodulyasiya : Astrositlər qan axınının tənzimlənməsində vasitəçi kimi xidmət edə bilər.
  • Oliqodendrositlərin miyelinləşdirici fəaliyyətinin təşviqi : Neyronların elektrik aktivliyi, miyelinin əmələ gəlməsi üçün vacib bir qıcıq kimi xidmət edən ATF-in sərbəst buraxılmasına səbəb olur. Bununla belə, ATP birbaşa oliqodendrositlərə təsir etmir. Bunun əvəzinə ATF, astrositlərin sitokin-leykemiya inhibitoru faktorunu xaric etməsinə səbəb olur. Bu, requlyator protein olub, oliqodendrositlərin miyelinləşdirici fəaliyyətini stimullaşdırır Bu, astrositlərin beyində koordinasiya edici rolunun olduğunu göstərir.
  • Sinir sisteminin təmiri : Mərkəzi sinir sistemindəki sinir hüceyrələri zədələndikdə, astrositlər boş qalan sahəni dolduraraq qlial çapıq toxuması əmələ gətirir və sinirin bərpasına kömək edə bilir. Zədədən sonra MSS-nin regenerasiyasında astrositlərin rolu yaxşı başa düşülməmişdir. Qlial çapıq toxuması regenerasiya üçün keçirici olmayan baryer kimi təsvir edilmişdir, beləliklə, astrositlər akson regenerasiyasında mənfi rol oynayır. Bununla belə, bu yaxınlarda, genetik ablasiya tədqiqatları nəticəsində astrositlərin regenerasiyanın baş verməsi üçün tələb olunduğu aşkar edilmişdir. Daha da əhəmiyyətlisi, müəlliflər astrositik çapıq toxumasının, stimullaşdırılan aksonların (neyrotrofik əlavələr vasitəsilə böyüməsinə kömək edilən aksonların) zədələnmiş onurğa beyni boyunca uzanması üçünvacib olduğunu tapdılar. Reaktiv fenotipə salınmış astrositlər (astroglioz adlanır, GFAP ifadəsinin yüksəldilməsi ilə müəyyən olunur, hələ də müzakirə olunan bir tərifdir) neyronları öldürə bilən siqnallar buraxaraq neyronlar üçün toksik ola bilər. Bununla belə, onların sinir sisteminin zədələnməsindəki rolunu aydınlaşdırmaq üçün çox iş qalır.
  • Uzunmüddətli potensiasiya : Alimlər astrositlərin hipokampusda öyrənmə və yaddaşı bir-birilə əlaqələndirib- əlaqələndirmədiyini müzakirə edirlər. Bu yaxınlarda sübut edilmişdir ki, insan qlial progenitor hüceyrəsi, yeni yaranan siçanların beyinlərində hüceyrələrin astrositlərə diferensiasiyasına səbəb olur. Diferensiasiyadan sonra bu hüceyrələr LTP-ni (uzun müddətli potensiasiyanı) artırır və siçanlarda yaddaş performansını yaxşılaşdırır.
  • Sirkad saatı : Supraxiazmatik nüvədə molekulyar dalğalanmaları və siçanlarda sirkad davranışlarını idarə etmək üçün astrositlər təkbaşına kifayət edirlər. Beləliklə, məməlilərin kompleks davranışını müstəqil şəkildə başlada və davam etdirə bilərlər.
  • Sinir sisteminin keçidi : Aşağıda sadalanan dəlillərə əsaslanaraq, bu yaxınlarda makro qlianın (və xüsusilə astrositlərin) həm itkili neyrotransmitter kondensatoru, həm də sinir sisteminin məntiqi keçidi kimi çıxış etdiyi fərz edilmişdir. Yəni, makroqliya membran vəziyyətindən və stimulun (qıcığın) səviyyəsindən asılı olaraq stimulun sinir sistemi boyunca yayılmasını ya bloklayır, ya da ona imkan verir.
Şəkil 6 Nossenson və digərlərinin təklif etdiyi kimi bioloji sinir aşkarlama sxemində qlianın ehtimal edilən keçid rolu.
Glianın keçid və itkili kondansator rolunu dəstəkləyən sübutlar
Sübut növü Təsvir İstinadlar
Kalsium sübutu Kalsium dalğaları, yalnız neyrotransmitter miqdarının müəyyən bir konsentrasiya səviyyəsini aşdıqda görünür
Elektrofizioloji sübut Qıcıqlanma səviyyəsi müəyyən bir qıcıq qapısı həddini keçdikdə mənfi dalğa görünür. Elektrofizioloji cavabın forması fərqlidir və xarakterik sinir cavabı ilə müqayisədə əks qütblüdür, bu da neyronlardan əlavə başqa hüceyrələrin də iştirak edə biləcəyini göstərir.
Psixofiziki sübut Mənfi elektrofizioloji reaksiya "hamı və ya heç " qanununa tabe olan fəaliyyətlə müşayiət olunur. Orta dərəcədə mənfi elektrofizioloji cavab, qavrayış kimi şüurlu məntiqi qərarlarda ortaya çıxır. Epileptik tutmalarda və reflekslər zamanı intensiv kəskin mənfi dalğa görünür.
Radioaktivliyə əsaslanan glutamat qəbulu testləri Qlutamat qəbulu testləri göstərir ki, astrositlər qlutamatı ilkin olaraq, qlutamat konsentrasiyası ilə mütənasib olan sürətlə emal edir. Bu, sızan kondensator modelini dəstəkləyir, burada "sızma" qlianın qlutamin sintetazı ilə qlutamatı işləməsidir. Bundan əlavə, testlər neyrotransmitter səviyyəsinin artması ilə mütanasib olaraq neyrotransmitter alınımının azalması, yəni doyma dərəcisini göstərir. Sonuncu , müəyyən bir həddin mövcudluğunu dəstəkləyir. Bu xüsusiyyətləri göstərən qrafiklər Michaelis-Menten qrafikləri adlanır

Astrositlər elektrik impulsları ilə əlaqələnən neksuslar vasitəsilə bir-birinə bağlanaraq (funksional) sinsitium yaradırlar. Astrositlər qonşuları ilə ünsiyyət qurma qabiliyyətinə malik olduqlarına görə, bir astrositin fəaliyyətindəki dəyişikliklər həmin astrositdən kifayət qədər uzaqda olan digər astrositlərin fəaliyyətinə təsir göstərə bilər.

Astrositdə Ca2+ axını dalğalarını yaradan ən mühüm dəyişiklik, astrositlərə Ca2+ ionlarının daxil olmasıdır. Bu axın birbaşa beyinə qan axınının artması ilə əlaqəlidir. Buna görə də, kalsium dalğalarının bir növ hemodinamik cavab funksiyası rolunu oynadığı deyilir. Hüceyrədaxili konsentrasiyası artan kalsium funksional sinsitium vasitəsilə xaricə yayıla bilər. Kalsium dalğasının yayılması mexanizmlərinə, neksuslar boyunca kalsium ionlarının, IP3-ün (inozitol trifosfat) yayılması və hüceyrəxarici ATF siqnalı daxildir. Kalsium ion konsentrasiyasının artması astrositlərdə aktivləşmənin əsas məlum yoludur və astrositik qlutamatın bəzi növlərinin hüceyrədən xaric olunması üçün zəruridir. Astrositlərdə kalsium siqnalının əhəmiyyətini nəzərə alaraq, məkan-zaman olaraq kalsium siqnal yolunun inkişafı üçün sıx tənzimləyici mexanizmlər hazırlanmışdır. Riyazi analiz vasitəsilə göstərilmişdir ki, Ca 2+ ionlarının lokal olaraq daxil olması Ca 2+ ionlarının sitozolik konsentrasiyasının lokal yüksəlməsinə səbəb olur. Bundan əlavə, Ca 2+ -un sitoplazmada toplanması hər bir hüceyrədaxili kalsium axınından asılı olmayıb, membran vasitəsilə Ca 2+ mübadiləsindən, sitozolik kalsiumun diffuziyasından, hüceyrənin həndəsi quruluşundan, hüceyrədənkənar kalsium konsentrasiyasında olan dəyişikliklərdən və ilkin konsentrasiyalardan asılıdır.

Onurğa beyninin dorsal (arxa) buynuzunda aktivləşdirilmiş astrositlər demək olar ki, bütün neyrotransmitterlərə cavab vermək qabiliyyətinə malikdirlər. Aktivləşdikdən sonra qlutamat, ATP, azot oksidi (NO) və prostaqlandinlər (PG) kimi çoxlu sayda neyroaktiv molekulları xaric edirlər. Bu da öz növbəsində neyronların oyanıcılığına təsir göstərir. Astrositlər ilə presinaptikpostsinaptik membranlar arasında əlaqə, eləcə də onların sinaptik fəaliyyət ilə neyrotransmitterxaric etmək qabiliyyəti arasındakı sıx əlaqə üçlü sinaps adlanır. Astrositlər tərəfindən sinaptik modulyasiya bu üç hissəli birləşmə sayəsində baş verir.

Klinik əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Astrositomalar astrositlərdən inkişaf edən ilkin kəllədaxili şişlərdir . Qlial progenitor hüceyrələrin və ya sinir kök hüceyrələrinin də astrositomalara səbəb ola bilməsi mümkündür. Bu şişlər beynin və yaxud onurğa beyninin bir çox yerlərində yarana bilər. Astrositomalar iki kateqoriyaya bölünür: aşağı dərəcəli (I və II) və yüksək dərəcəli (III və IV) astrositomalar. Aşağı dərəcəliastrositomalara uşaqlarda, yüksək dərəcəli astrositomalara isə böyüklərdə daha çox rast gəlinir. Bədxassəli astrositomalar kişilər arasında daha çox yayılmışdır və həyat tərzinin pisləşməsinə səbəb olur.[2]

Pilositik astrositomalar I dərəcəli şişlərdir. Onlar xoşxassəli və yavaş böyüyən astrositomalar hesab olunur. Pilositik astrositomalarda tez-tez maye ilə dolu kistik hissələr və onun bərk hissəni təşkil edən düyün vardır. Onların əksəriyyəti beyincikdə yerləşir. Buna görə simptomların əksəriyyəti müvazinət və ya koordinasiyadakı çətinliklər ilə əlaqədardır. Bunlara uşaqlarda və yeniyetmələrdə daha çox rast gəlinir.[2]

Fibrilyar astrositomalar II dərəcəli şişlərdir. Bunlar nisbətən yavaş böyüyürlər və buna görə də adətən xoşxassəli şişlər hesab olunurlar, lakin ətrafdakı sağlam toxumalara nüfuz edə və bədxassəli şişlərə çevrilə bilərlər. Fibrilyar astrositomalar adətən gənc insanlarda rast gəlinir, onlar da tez-tez qıcolmalara müşahidə olunur.[2]

Anaplastik astrositomalar III dərəcəli bədxassəli şişlərdir. Onlar aşağı dərəcəli şişlərdən daha sürətlə böyüyürlər. Anaplastik astrositomalar aşağı dərəcəli şişlərə nisbətən daha çox özünü təkrarlayır, çünki onların ətraf toxumalara yayılması, şişin cərrahi yolla tamamilə çıxarılmasını çətinləşdirir.

Qlioblastoma multiforme astrositlərdən və ya mövcud astrositomadan yarana bilən IV dərəcəli bədxassəli şişlərdir. Bütün beyin şişlərinin təxminən 50%-i qlioblastomalardır (gliobastoma multiforme). Qlioblastomaların daxilində astrositlər və oliqodendrositlər də daxil olmaqla bir çox qlial hüceyrə növləri ola bilər. Qlioblastomalar qlial şişlərin ən invaziv növü hesab olunur, çünki onlar sürətlə böyüyür və yaxınlıqdakı toxumalara yayılır. Müalicə mürəkkəb ola bilər, çünki bir şiş hüceyrələrinin bir növü müəyyən müalicəyə cavab olaraq ölə bilər, digər hüceyrə növləri isə çoxalmağa davam edə bilər.

Neyroinkişaf pozğunluqları

[redaktə | mənbəni redaktə et]

Astrositlərin müxtəlif neyroinkişaf pozğunluqlarının mühüm iştirakçıları olduğu aşkar olunmuşdur. Bu fikir bildirir ki, astrosit disfunksiyası autizm spektrişizofreniya kimi bəzi psixiatrik pozğunluqların əsasını təşkil edən doğru olmayan sinir dövrəsinin yaranmasına səbəb ola bilər.

Normal vəziyyətlərdə, ağrı hissiyatının ötürülməsi, zərərverici qıcıqların nosiseptiv (ağrını hiss edən) afferent neyronlarda fəaliyyət potensialını əmələ gətirməsi ilə başlayır. Bu neyronlarla daşınan impuls onurğa beyninin arxa buynuzlarında oyadıcı postsinaptik potensial (OPSP) yaradır. Bu mesaj daha sonra beyin qabığına ötürülür, burada biz həmin OPSP-ləri "ağrıya hissiyatına" tərcümə edirik. Astrosit-neyron əlaqəsinin kəşfindən bəri ağrının ötürülməsi ilə bağlı anlayışımız heyrətamiz şəkildə mürəkkəbləşdi. Ağrının işlənməsi artıq siqnalların bədəndən beyinə təkrarlayan estafetlər şəklində ötürülməsi kimi görünmür. Bu proses bir sıra müxtəlif faktorlar tərəfindən tənzim oluna bilər. Son tədqiqatlarda aparıcı mövqe tutan faktorlardan biri ağrı gücləndirici sinaps olub, onurğa beyninin arxa buynuzunda yerləşir və bu sinaps astrositlər tərəfindən əhatə olunur. Qarnizon və iş yoldaşları onurğa beyninin dorsal buynuzunda astrosit hipertrofiyası ilə periferik sinir zədələnməsindən sonra ağrıya qarşı həssaslıq arasında korrelyasiyanın olduğunu aşkar etdi. Bununla da zədənin mövcudluğu qlial aktivləşmənin göstəricisi hesab olunur. Astrositlər neyronların fəaliyyətininin müxtəlifliyini müəyyən edə bilir və kimyəvi transmitterləri xaric edə bilirlər, bu da öz növbəsində sinaptik fəaliyyətin tənzimlənməsini təmin edə bilər. Keçmişdə hiperaljeziyanın (anormal dərəcə də ağrıya artan həssaslıq) onurğa beyninin dorsal buynuzundakı presinaptik afferent sinir sonlarından P maddəsi və qlutamat kimi oyadıcı amin turşularının (OAT) sərbəst buraxılması ilə idarə olunduğu düşünülürdü. AMPA (α-amino-3-hidroksi-5-metil-4-izoksazol propion turşusu), NMDA (N-metil-D-aspartat) və ionotropik qlutamat reseptorlarının kain turşusu alt tiplərinin sonrakı aktivləşdirilməsi bu prosesi izləyir. Məhz bu reseptorların aktivləşməsi ağrı siqnalını onurğa beyninə qədər gücləndirir. Bu fikir doğru olsa da, ağrı siqanalının ötürülmə mexanizmini həddindən artıq sadələşdirir. Kalsitonin geni ilə əlaqəli peptid (CGRP), adenozin trifosfat (ATP), beyin neyrotrofik amili (BDNF), somatostatin, vazoaktiv bağırsaq peptidi (VIP) və vazopressin kimi bir sıra digər neyrotransmitter və neyromodulyatorlar zərərverici qıcıqlandırıcılara cavab olaraq sərbəst buraxılır. Bu tənzimləyici amillərin hər birinə əlavə olaraq, ağrı impulslarını ötürən neyronlar və onurğa beyninin dorsal buynuzundakı digər neyronlar arasında bir neçə digər qarşılıqlı əlaqə ağrı yollarına əlavə təsir göstərir.

Davamlı ağrının iki vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Periferal toxumanın davamlı zədələnməsindən sonra zədələnmiş toxumadan və onurğa beyninin dorsal buynuzundan bir neçə faktorların sərbəst buraxılması baş verir. Bu faktorlar onurğa beyninin dorsal buynuzunda yerləşən, ağrı impulslarının proyeksiya olunduğu neyronların sonrakı impulslara qarşı həssaslığını artırır. Beləliklə, bu həssaşlaşma nəticəsində beyinə gedən ağrı impulslarının sayı artır. Qlutamat, P maddəsi və kalsitonin geni ilə əlaqəli peptidin (CGRP) sərbəst buraxılması NMDAR-ın (N-metil D-aspartat reseptoru) aktivləşməsinə vasitəçilik edir(Bu reseptor əvvəlcə Mg2+ ilə bağlandığı üçün səssizdir). Beləliklə, ağrı impulslarını ötürən postsinaptik neyronlar depolyarizasiya olunur. Əlavə olaraq, İP3 (inozitol trifosfat) yolunun və MAPKs-ın(mitogenlə aktivləşən protein kinaza), məsələn, ERK -ın (hüceyrəxarici siqnalla aktivləşən kinazalar), JNK-nın (C-Jun N-terminal kinazaları) aktivləşməsi, glutamat daşıyıcılarının funksiyasını dəyişən iltihab faktorlarının sintezini artırır. ERK həmçinin neyronlarda AMPARs və NMDARs-ı aktivləşdirir (hər ikisi də glutamat daşıyıcısıdır). Nosisepsiya, həmçinin ATF və P maddəsinin onların müvafiq reseptorları (P 2 X 3) və neyrokinin 1 reseptoru (NK1R) ilə əlaqəsi, metabotropik qlutamat reseptorlarının aktivləşdirilməsi və BDNF-nin (Beyin mənşəli neyrotrofik faktor) sərbəst buraxılması ilə daha da həssaslaşır. Sinapsda qlutamatın davamlı olaraq mövcud olması, qlutamatın astrositlərə mühüm daşıyıcıları olan GLT1GLAST -ın anormal tənzimlənməsi ilə nəticələnir. Davam edən oyanıcılıq, həmçinin ERK və JNK aktivləşməsinə səbəb ola bilər ki, bu da bir neçə iltihab faktorunun sərbəst buraxılması ilə nəticələnir.

Zərərverici ağrı davam etdikcə, onurğa beyni həssaslığı dorsal buynuzda yerləşən neyronlarda transkripsiya dəyişiklikləri yaradır. Bu isə həmin neyronlarda uzunmüddətli dəyişikliklərə səbəb olur. Daxili anbarlardan Ca 2+ -un xaric olması davamlı sinaptik fəaliyyət yaradır ki, bu da qlutamat, ATF, şiş nekrozu faktoru-α (TNF-α), interleykin 1β (IL-1β), IL-6, azot oksidi (NO)) və prostaglandin E2 (PGE2) ifrazına səbəb olur. Aktivləşdirilmiş astrositlər həmçinin pro-IL-1β parçalanmasına səbəb olan və astrositlərin aktivləşməsini təmin edən matriks metalloproteinaz 2-nin (MMP2) mənbəyidir. Sinir zədələnməsinə cavab olaraq, istilik şoku zülalları (HSP) sərbəst buraxılır və onlar müvafiq TLR -ə (Toll bənzəri reseptorlar) bağlana bilir ki, bu da sonrakı aktivləşdirməyə səbəb olur.

Digər patologiyalar

[redaktə | mənbəni redaktə et]

Astrositləri əhatə edən klinik əhəmiyyətli patologiyalara astrogliozastrositopatiya daxildir. Bunlara misal olaraq, dağınıq skleroz, anti-AQP4+ neyromielit optikası, Rasmussen ensefaliti, Aleksandr xəstəliyiamiotrofik lateral skleroz-u göstərmək olar. Tədqiqatlar göstərir ki, astrositlər Alzheimer xəstəliyi, Parkinson xəstəliyi, Huntington xəstəliyi, kəkələməamiotrofik lateral skleroz , xəstəlikləri kimi neyrodegenerativ xəstəliklər, kəskin beyin zədələnmələri olan beyindaxili qansızma və travmatik beyin zədəsi kimi vəziyyətlərdə də nəzərə alına bilər.

  1. Kolb, Brian and Whishaw, Ian Q. (2008) Fundamentals of Human Neuropsychology. Worth Publishers. 6th ed. ISBN 0716795868
  2. 1 2 3 Astrocytoma Tumors Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine. American Association of Neurological Surgeons (August 2005).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]