ABŞ siyasi sistemi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağ evin loqosu - ABŞ siyasi sisteminin simvolu

Amerika Birləşmiş Ştatları federal konstitusiyalı respublikadır. Amerikada siyasət prezident respublikası çərçivəsində həyata keçirilir. Prezident dövlətin, hökumətin, qanunverici və seçki sisteminin başçısıdır. Hakimiyyət federal hökumət və ştat hökumətləri arasında bölünmüşdür. Ali məhkəmə isə onlar arasındakı tarazlığı saxlıyır. İcraedici hakimiyyətə prezident rəhbərlik edir. Qanunverici hakimiyyət isə senata və nümayəndələr palatasına məxsusdur. Məhkəmə hakimiyyəti isə hüquq orqanları və ya məhkəmə tərəfindən həyata keçirilir. Ali məhkəmə və federal məhkəmələrdən ibarət olan məhkəmənin funksiyası ABŞ konstitusiyası ilə yanaşı federal qanunnizamnamələri şərh etməkdir. Buraya icraedici və qanunverici hakimiyyət arasındakı münaqişələrin həll edilməsi daxildir.

İstiqlaliyyət Bəyannaməsi və Konstitusiya Birləşmiş Ştatlar federal hökumətinin özülünü formalaşdırır. Konstitusiya federal hökumətin əsas quruluşunu yaradərkən, İstiqlaliyyət Bəyannaməsi Birləşmiş Ştatların müstəqil siyasi ölkə kimi mövcudluğunu təsdiq edir. Birləşmiş Ştatlar Konstitusiyası 7 mətn və 27 düzəlişlə dünyanın ən qısa yazılı konstitusiyasıdır. Qısa olması ilə yanaşı, Birləşmiş Ştatlar Konstitusiyası nəzər çarpacaq dərəcədə stabil olması ilə də yaddaqalandır. İlk on düzəliş 1789-cu ildə, konstitusiyanın yaranması ilə eyni ildə aparılmışdır və ümumi şəkildə Hüquqlar Haqqında Bill adlanır. Əgər bu ilk on düzəliş orijinal konstitusiyanın hissəsi kimi götürülsə, konstitusiyaya 200 il ərzində cəmi 17 düzəliş edilmişdir. Birləşmiş Ştatlar Konstitusiyasının əsasında Fransız siyasi maarifçisi Monteskyö tərəfindən irəli sürülmüş “hakimiyyət bölgüsü” prinsipi durur. Bu o mənaya gəlir ki, hakimiyyət dövlətin üç orqanı - icraedici, qanunverici və məhkəmə orqanları arasında bölünür, heç bir orqanın daha çox səlahiyyəti yoxdur və heç kim birdən çox orqanın üzvü ola bilməz. Senat üzvləri altı il və Nümayəndələr Palatası üzvləri iki il müddətində xidmətdə olarkən, Prezident dörd il müddətində hakimiyyətdə olur. Ali Məhkəmənin üzvləri ömürlük fəaliyyət göstərirlər.

Prezident Ali Baş Komandan və Baş Diplomat olmaqla yanaşı, həm də dövlət və hökumət başçısıdır. O, bir milyon aktiv xidmətdə olan hərbi qulluqçunun da daxil olduğu dörd milyon insandan ibarət böyük orqana - federal hökumətin icraedici qoluna rəhbərlik edir. İcraedici orqan daxilində Prezidentin milli məsələlər və federal hökumətin işinə rəhbərlik etmək üçün konstitusiya tərəfindən təsdiq edilmiş geniş səlahiyyətləri var və o, daxili işlərə təsir etmək üçün icraedici əmrlər verə bilər. Prezident Konqresdən keçmiş qanunları imzalaya və ya onlara veto qoya bilər və onun Konqresə məsləhət vermək iqtidarı var. Konqres hər bir palatanın üçdən iki səs çoxluğu ilə Prezidentin qoyduğu vetonu ləğv edə bilər. Prezidentin müqavilə bağlamaq, səfirləri təyin etmək və onları qəbul etmək səlahiyyəti var. Prezident Konqresi qova və ya xüsusi seçkilər keçirilməsi üçün əmr verə bilməz, amma onun federal hökumətə qarşı cinayət törədmiş şəxsləri bağışlamaq, icraedici əmrlər vermək və Ali Məhkəmə hakimlərini və federal hakimləri təyin etmək səlahiyyəti var. Prezident dörd il müddətində seçilir və ən çoxu iki dəfə xidmət göstərə bilər. Əslində Prezidentin neçə dəfə xidmət göstərməsi ilə bağlı konstitusiya tərəfindən müəyyən edilmiş limit yox idi və Prezident Corc Vaşinqton yalnız iki dəfə xidmət göstərmək ənənəsi qoydu. Franklin Ruzveltin rekord göstərici kimi dörd dəfə xidmət göstərməsindən sonra xidmət göstərmə dövrünə iki dəfəyə qədər limit qoyulmasına qəra verildi və uyğun düzəliş 1951-ci ildə konstitusiyaya əlavə edildi. Seçkilər Noyabr ayının ilk bazarertəsi günündən sonrakı ilk çərşənbə axşamı günü, Konqres seçkiləri ilə eyni vaxtda keçirilir. Prezident birbaşa seçicilər tərəfindən deyil, Senat və Nümayəndələr Palatası üzvlərinin ümumi sayına əsasən hər bir ştatı təmsil edən Seçki Komissiyası tərəfindən aparılır. Prezident impiçment qaydası ilə vəzifədən kənarlaşdırıla bilər. Nümayəndələr Palatasının Prezidenti vəzifədən uzaqlaşdırmağa tam səlahiyyəti varkən, Senat bunu yoxlamağa tam hüquqludur. İki Amerika Prezidenti Nümayəndələr Palatası tərəfindən vəzifədən kənarlaşdırılmağa çalışılarkən, Senat tərəfindən keçirilən məhkəmələrdə onların günahsız olduğu sübut edilmişdir: Andrey Conson (1868) və Bill Klinton (1999). Riçard Nikson vəzifədən kənarlaşdırılmazdan əvvəl istefa vermişdir (1974). 1939-cu ildən bəri davamlı və böyük miqyasda inkişaf etdirilən Prezident Aparatı mövcudddur. Bu gun o 1600 nəfərdən ibarət heyətə sahibdir. Prezidentin Dövlətin İcraedici qoluna başçılıq etməsinə baxmayaraq, federal qanunların qüvvəyə minməsinə və idarə edilməsinə Konqres tərəfindən milli və beynəlxalq işlərlə bağlı müəyyən məsələləri həll etmək üçün yaradılmış müxtəlif federal icraedici nazirliklər nəzarət edir. Prezident tərəfindən seçilən və Senatın “məsləhət və icazəsi” ilə təsdiq olunan 15 nazir Prezident “kabineti” adı ilə tanınan müşavirə şurasını formalaşdırır. Bu orqan Britaniya kabineti ilə oxşar deyil: tez-tez iclaslar keçirmir və ümumi şəkildə hərəkət etmir. İlk Prezident 1789-cu ildən 1797-ci ilə qədər xidmət göstərən Corc Vaşinqton olmuşdur və hazırkı prezidenti Donald Trumpdur. Qeyd edək ki, 20 yanvar 2017-ci il Donald Trumpın andiçmə mərasimi keçirilib

Nümayəndələr Palatası

[redaktə | mənbəni redaktə et]

Ümumi şəkildə Konqres kimi tanınan Nümayəndələr Palatası ikipalatalı qanunvericiliyin aşağı palatasıdır. Birləşmiş Ştatların qurucuları Palatanı federal sistemdə siyasi cəhətdən əsas qurum olaraq nəzərdə tutmuşdular və 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Palata siyasi debat üçün əsas meydan rolunu oynadı. Buna baxmayaraq, daha sonralar Senat əsas orqan olmuşdur. Palata hər birinin konqres tərəfindən təsdiq edilmiş regionu təmsil etdiyi və iki il xidmətdə olduğu 435 üzvdən ibarətdir. Parlamentdəki yerlər əhalinin hər onillik statistikasına əsasən ştatlar arasında bölünür. Adətən, hər region təxminən 500.000 insanı təmsil edir. Seçkilər Noyabr ayının ilk bazar ertəsi günündən sonrakı ilk çərşənbə axşamı günü keçirilir. Konqres seçkilərində səs verənlərin sayı digər liberal demokrat ölkələrdəkinə nəzərən daha azdır. Prezident seçkilərinin keçirildiyi illərdə seçicilərin 50 %-i iştirak edir, Prezident seçkilərinin olmadığı illərdə isə bu rəqəm səsvermə hüququ olan şəxslərin üçdə bir hissəsinə qədər enir. Nümayəndələr Palatası üzvünün iki illik vəzifə müddəti bitmədən vəfatı və ya istefası zamanı boş qalmış yerin doldurulması üçün növbədənkənar seçki keçirilir. Palatanın işlərinin çoxu 20 daimi və təxminən 100 müvəqqəti komitə tərəfindən görülür. Komitələrin çoxu dövlət fəaliyyətinin daxili təhlükəsizlik, xarici işlər, kənd təsərrüfatı, enerji və ya nəqliyyat kimi müəyyən sahələri ilə məşğul olur. Konqresin hər palatasının özlərinə məxsus müəyyən səlahiyyətləri var. Vergilərin artırılması ilə bağlı bütün qanunlar parlament tərəfindən irəli sürülməlidir. Buna baxmayaraq, hər iki palatanın qanunları istənilən hüquqi sənəd qəbul etməyə icazə verir. Parlament və Senata mediada çox vaxt Capitol Hil və ya sadəcə Hil də deyilir.

Senat ümumi şəkildə Konqres adlanan ikipalatalı qanunvericiliyin yuxarı palatasıdır. Birləşmiş Ştatlar Konstitusiyası müəllifləri Senatı siyasi cəhətdən Parlamentdən daha az mühüm, nəzarətedici orqan olaraq yaratmışdılar. Buna baxmayaraq, XIX əsrin ortalarından Senat əsas palataya çevrilmişdir və əslində bu gün o, ola bilsin ki, dünyanın istənilən qanunverici orqanının ən güclü yuxarı palatasıdır. Senat hər biri bir ştatı təmsil edən və altı il müddətində xidmət edən 100 üzvdən ibarətdir ( hər iki ildən bir Senat üzvlərinin üçdə iki hissəsi seçkilərlə müəyyənləşdirilir ). Əhalinin sayından asılı olmayaraq, hər ştatın iki Senatoru var və əlli ştat olduğundan senatorların sayı yüzdür. Seçkilər cüt illərdə Noyabr ayının ilk bazarertəsi günündən sonrakı ilk çərşənbə axşamı günü keçirilir. Senatorun vəzifədə olduğu altı il müddəti bitmədən vəfatı və ya istefası zamanı boş qalmış yeri doldurmaq üçün xüsusi seçkilər keçirilmir. Əvəzində Senatorun təmsil etdiyi Ştatın qubernatoru boş qalmış yeri doldurmaq üçün yeni seçkilərin keçiriləcəyi Konqres seçkiləri dövrünə qədər xidmətdə olacaq bir şəxs təyin edir. Konqresin hər palatasının müəyyən özünəməxsus səlahiyyətləri var. Senat Prezidentin bir çox mühüm göstərişlərinə ‘məsləhət və razılıq’ verməlidir. Senatın fəaliyyəti Nümayəndələr Palatasından daha fanatik və fərdiyyətçiliyə meyillidir. Senat qaydaları Senatın beşdə üç hissəsi (əgər hər 100 senator iştirak edirsə, 60 Senator) cloture (Fransızca bağlanış deməkdir) tətbiq etməklə debatı sonlandırmayınca, senatora və ya senatorlar qrupuna istədikləri qədər və seçdikləri istənilən mövzu üzərində müzakirələr aparmağa icazə verir.

Ali məhkəmə doqquz Hakimdən ibarətdir: Birləşmiş Ştatların Baş Hakimi və səkkiz Köməkçi Hakim. Məhkəmə işi zamanı səs verərkən onların bərabər səsləri var və Baş Hakimin heç bir həll edici səsi və ya öz əməkdaşlarına göstəriş vermə səlahiyyəti yoxdur. Hakimlər Prezident tərəfindən namizəd göstərilir və Senatın məsləhət və razılığı ilə təsdiq olunurlar. Federal hakimlər kimi, Hakimlər “yaxşı davranış” boyu, yəni ömür boyu xidmətdə olurlar və yalnız istefa zamanı, impiçment qaydası ilə və yaxud cinayətdə təqsirli bilinən zaman vəzifədən kənarlaşdırıla bilərlər. Ali məhkəmə Birləşmiş Ştatlarda ən yüksək instansiya məhkəməsidir. Məhkəmə federal hökumətlə əlaqəli məsələlərlə, ştatlar arası münaqişələrlə və Konstitusiyanın icrası ilə məşğul olur. O dövlətin istənilən təşkilatı tərəfindən qoyulan qanunu və ya icra olunan tədbiri qeyri-konstitusiyon elan edə, onları qüvvədən sala və gələcək qanun və qərarlar üçün nümunələr müəyyən edə bilər. Birləşmiş Ştatlar Konstitusiyasına formal üsullarla dəyişiklik etməyin çətinliyini nəzərə alaraq, Konstitusiyaya Ali Məhkəmənin müxtəlif qərarları ilə Konstitusiyanın bir çox ümumi müddəalarına xüsusi məna verən qeyri-formal dəyişikliklərin edilməsinə qərar verilmişdir. Ali Məhkəmə kimi ümumi seçkilərlə seçilməyən və fəaliyyətinə görə hesabat verməyən bir orqanın özünü demokratik hesab edən bir sistemdə bu qədər siyasi qüvvəyə malik olması Amerika siyasi sisteminin kinayəyə tuş gələn bir çox cəhətlərindən biridir. Ali Məhkəmə bir çox 'siyasi' qərarlar qəbul etdiyindən və onun üzvlərinin gec-gec seçildiyindən, eyni zamanda ömür boyu fəaliyyətdə olduğundan, Hakimlərin Prezident tərəfindən vəzifəyə təyin edilməsi də tez-tez tənqid olunan və mübahisəyə səbəb olan bir məsələdir. Ali Məhkəmədən aşağıda Apelyasiya, daha sonra isə Rayon (Şəhər) Məhkəmələri durur. Məhkəmələrin bu üç səviyyəsi birlikdə federal məhkəmə sisteminin əsasını təşkil edir.

Siyasi Partiyalar və Seçkilər

[redaktə | mənbəni redaktə et]

Amerikan Siyasi sistemində iki siyasi partiya, Demokratlar və Respublikaçılar (çox vaxt “Böyük Qədim Partiya” da adlanır) partiyaları fəal rol oynayırlar. Bu partiyalar çox qədim və stabil partiyalardır - Demokratlar 1824-cü ildə, Respublikaçılar partiyası isə 1854-cü ildə yaradılmışdır. Rəsmlərdə və təbliğ edici materiallarda Demokratlar Partiyası əsasən uzunqulaqla təmsil olunarkən, Respublikaçılar Partiyası fil kimi təsvir olunur. Bu simbolların müəllifi onları uyğun olaraq 1870 və 1874-cü illərdə yaratmış siyasi karikatürist Tomas Nastdır. Hamiləliyin qəsdən sonlandırılması, ölüm cəzası, həmcinslərin münasibətdə olması və kök hüceyrə tədqiqatları kimi sosial məsələlər bir çox Avropa ölkələrində düzgün hesab edilməsə də, Birləşmiş Ştatlarda partiya sıralarında müzakirə olunur. Məsələn, Britaniyada bu tip məsələlər şəxsi seçim hesab olunur və seçkilər zamanı namizədlər və partiyalar arasındakı debatlarda daimi olaraq müzakirə olunmur. Birləşmiş Ştatlarda qərb demokratiyasından fərqli olaraq, din siyasətin bir faktorudur. Namizədlər başqa bir yerdə (hətta Fransa kimi Katolik ölkədə) qəribə görünə biləcək tərzdə öz dini inanclarını açıq şəkildə ifadə edirlər və dini qruplaşmalar, məsələn, Amerika Xristiyan Koalisiyası bir çox Avropa ölkələrində (burada Polşa istisnadır) düzgün hesab edilməyəcək bir şəkildə böyük siyasi təzyiq göstərirlər. Birləşmiş Ştatlarda siyasi partiyalar digər demokratik ölkələrdə olduğundan daha zəif siyasi qurumlardır. Namizədlərin seçimi zamanı onlar digər ölkələrdəki siyasi partiyalardan fərqli olaraq daha az aktivdirlər və seçkilər zamanı müstəqil namizədlərdən və onların daha çox təsirə malik olan kampaniyalarıdan fərqli olaraq, seçki kampaniyalarında daha az təsir gücünə malikdirlər. Digər ölkələrdə seçicilər siyasəti formalaşdırarkən və partiyalara qoşulmaqla onların namizədlərini seçərkən, ABŞ-də seçicilər əsas partiyalardan birinin tərəfdarı kimi qeydiyyatdan keçir və ilkin seçkilərdə iştirak edərək ‘əsl’ seçkilərdə partiya namizədinin kim olacağını müəyyənləşdirmək üçün səs verir. Amerika partiya sisteminin digər qeyri-adi cəhətlərindən biri odur ki, dünyanın bir çox ölkəsində qırmızı rəng Solçuları və mavi rəng Sağçıları təmsil edərkən, Birləşmiş Ştatlarda bunun tam əksidir. Beləliklə, ‘mavi-ştatlar’ Demokratlaran səs verən, ‘qırmızı ştatlar’ isə adətən Respublikaçılar tərəfindən idarə olunan ştatlardır.

Hər bir ştatın icraedici, qanunverici və məhkəmə orqanları var. İcraedici hakimiyyətin başçısı birbaşa seçilən Qubernatordur. Qanunverici hakimiyyət Senat və Nümayəndələr Palatasından ibarətdir (birpalatalı sistemi olan Nebraska istisnadır) Məhkəmə hakimiyyəti dövlət məhkəmə sistemindən ibarətdir. 50 ştat vilayətlərə bölünmüşdür. Hər vilayətin öz məhkəməsi var. Konstitusiyada Prezident və Konqres seçkilərinin nə vaxt keçiriləcəyi dəqiqliklə göstərilsə də, dövlət və yerli seçkilərin tarix və saatları dövlət tərəfindən dəqiqləşdirilir. Buna görə də, Birləşmiş Ştatlarda seçki çoxluğu var və demək olar ki, hər zaman ölkənin hansısa bir yerində seçki olur. Federal seçkilər kimi ştat və yerli seçkilərdə də ən çox səs alan namizədin qələbə çaldığı sistem tətbiq olunur. Eyni zamanda, bir çox ştatlar ‘hakimiyyətin dördüncü qolu’ adlandırılan referendum keçirirlər. Bu, yığılmış müəyyən miqdarda imza və ya qanunverici orqanın qərarı ilə siyasi sualı səsverməyə çıxarmağı mümkün edir. Keçən əsr ərzində 3000 sorğu aparılmış və bir çox gözəl nəticələr əldə edilmişdir.

Yerli hökumət orqanları

[redaktə | mənbəni redaktə et]

3034 dairə, 9498 bələdiyyə, 6500 qəsəbə, 13500 məktəb dairəsi və 35000 digər xüsusi dairələr də daxil olmaqla 87000 yerli hökumət orqanı vardır. Yerli hökumət orqanları polis və yanğından mühafizə, sanitar qaydalar, səhiyyə, təhsil, ictimai nəqliyyat və mənzil təmin etməklə birbaşa xalqın ehtiyaclarını qarşılayırlar. Bəzən iki və ya daha artıq qəsəbə və bir neçə kənddən ibarət olan dairə ərazi bölgüsü olur. Nyu-York şəhəri çox böyük olduğuna görə hər biri müəyyən hüquqlara malik olan 5 rayona bölünür.

ABŞ federal hökumət sistemi konstitusiya ilə yaradılmışdır. Amerika vətəndaş müharibəsindən bəri Amerika siyasi sistemində iki partiya üstünlük təşki etmişdir. Bunlar Demokrat PartiyasıRespublikaçılar partiyası olmuşdur. Digər partiyalar da həmişə mövcud olub. Dünyanın inkişaf etmiş demokratik sistemlərindən bir olan Amerikada 3-cü partiyalar az siyasi təsirə malikdirlər.

ABŞ siyasi sistemi və inkişaf etmiş demokratik sistemlər arasındakı əsas fərqlər senatın yüksək qanunverici orqan kimi səlahiyyəti, Ali məhkəmənin geniş hakimiyyəti, Qanunvericilik və İcra Hakimiyyəti arasında səlahiyyət bölgüsü və iki əsas partiyanın dominantlığıdır. Konstitusiya ilə yaradılan federal qurum Amerika hökumət sisteminin üstün cəhətidir. Ancaq paytaxtdan kənarda olan hər bir şəxs ən azı 3 idarəetmə orqanına tabedir. Federal hökumət, ştat hökuməti və yerli hökumət. Sonra isə buraya dairələr, bələdiyyələr və xüsusi rayonlar daxildir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


Amerika Birləşmiş Ştatları ABŞ prezidentlərinin siyahısı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]