Çantellər
Çantellər — Nepalda xalq.
Çantellərin sayı təqribən 16 min nəfərdir, onların əksəriyyəti ölkənin qərbində yaşayırlar. Sin-Tibet dil ailəsinin mərkəzi qrupuna aid çantelkura dilində danışırlar. Çantellər arasında Nepali dili də geniş yayılmışdır. Dindarları buddistdir. İki qrupa bölünürlər. Şərqi Çantellər Dhaulagiri dağ silsiləsində, Myaqdi distriktində ("8 min dağ ölkəsi") Myaqdi-Khola və Rauqhat-Khola çayları vadisində yaşayırlar.[1].
Şifahi rəvayətlərə görə Çantellər qərbdən köçüb gəlmişlər. Rəsmi sənədlərdə və siyahıyaalmalarda çox vaxt maqarlar kimi qeyd olunurlar, belə ki, Böyük Britaniya və Hindistan ordusunda xidmət zamanı özlərini qəsdən yaxşı əsgər adını qazanmış şimali maqarların bölməsinə aid edirdilər.
Əsas məşğuliyyətləri
[redaktə | mənbəni redaktə et]Hələ XX əsrin əvvəllərində əsas məşğuliyyətləri mis hasilatı idi və zəruri malları misin mübadiləsi vasitəsilə əldə edirdilər. Tədricən maqarlardan mənimsənilmiş terraslarda yerləşən dəmyə əkin torpaqlarında xış əkinçiliyinə keçmişlər. Kənd təsərrüfatı ilə məşğul olan Çantellər qarğıdalı, arpa, buğda, qarabaşaq, tərəvəz, nadir hallarda darı və çətənə (satış üçün) becərir, kartof və düyünü alırdılar. Çantellər arasında maldarlıq (qaramal və davar, nadir hallarda kəl) inkişaf etmişdir. Mal-qaranı kəndlərin ətrafında, biçilmiş sahələrdə və uzaqlarda yerləşən otlaqlarda otarırlar (hər 6–8 həftədən sonra mal-qara yeni yerlərə sürülür). Varlı Çantellərin 100 baş və daha çox mal-qaradan ibarət naxırı olur. Yığıcılıq da yayılmışdır.
Etnoqrafik xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Qərbi Çantellərin məskunlaşdıqları kəndlər pərakəndə, şərqi Çantellərin məskunlaşdıqları kəndlər isə yığcam formadadır. Hər bir küçədə toplantı yeri və iş mərkəzi olan daşla döşənmiş meydançalar yerləşir. Keçmişdə bambuk və ya samandan damları olan birmərtəbəli daş evlər tikilirdi. Əkinçiliyə keçdikdən sonra şimali maqarların evlərinə oxşar şifer damı və verandası olan ikimərtəbəli daş evlər tikməyə başladılar. Pəncərəsi olan yuxarı mərtəbə anbar kimi istifadə olunur, işıq düşməyən aşağı mərtəbədə isə mətbəx (açıq ocaqla) və yaşayış otaqları yerləşir. Soyuq havalarda burada mal-qara da saxlanılır. Yayda evlərin yanında və otlaqlarda mal-qara üçün bambuk həsirlərdən müvəqqəti sığınacaqlar quraşdırırlar. Geyimləri maqarların paltarlarına oxşardır. Yeməkləri əkinçilik və yığıcılıq məhsullarından, həmçinin ətdən bişirilir. İnək və camış südündən əridilmiş yağ — qhiu hazırlanır. Sosial strukturları öyrənilməmişdir.
Din
[redaktə | mənbəni redaktə et]Yerli allahlara (Bhuli, Bara və Siddha), iblislərin və ölülərin ruhuna inanc qorunub saxlanılmışdır. Şamanizm və cadugərlik də yayılmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Miller R. A. Rev.: Chantyal Dictionary and Texts by M. Noonan; R. P. Bhulanja; J. M. Chhantyal; Wm. Pagliuca. Journal of the American Oriental Society Vol. 120, No. 4, 2000, pp. 640–642.
- Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 447. ISBN 978-9952-441-10-9.