[go: up one dir, main page]

Bayandur — oğuz tayfalarından birinin adıdır. Oğuz tayfa birliklərinin adları Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Yazıçı oğlu Əli və Əbülqazi Xan Xivəli tərəfindən qeydə alınmışdır. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncər oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayılarla birgə dururdular, sol cinahda -bayandurlar və peçeneqlər.[1]


Bayandur adı tarixi mənbələrdə

redaktə

Mahmud Kaşğari özünün "Divani-lüğət-it türk" adlı əsərində Oğuzun 22 boydan (qəbilə-tayfa birlikləri) ibarət olduğunu göstərir.

Fəzlullah Rəşidəddinin "Cami-ət təvarix" (bütün tarixlər) əsərində Oğuzların 24 boydan ibarət olduğunu göstərir. Qeyd olunan müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud Kaşğaridə Bayandur adı üçüncü, Rəşidəddində 13-cü çəkilir.

Yazıçıoğlu Əlinin "Səlcuqnamə"sində və Əbulqazi xan Xivəlinin əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi verilmişdir.

Bayandur xan adı Orxon-Yenisey abidələrində yüksək titul, fəxri ad hesab olunurdu. Ağqoyunlu tayfa birləşmələrində bayandurlar tayfasının hakim rol oynaması və ağqoyunlu hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşir[2][3]

Tarixi mənbələrdə Bayandur həm antroponim, həm də etnonim kimi işlədilməsi məlumdur[4].

Bayandur antroponimi də Oğuz Xaqanın "Üç ox-boyundan olan Göy xanın dörd oğlundan biridir. Oğuzların "Üç ox" un sol qolu olan Göy xanın dörd oğlundan birinin adı "Oğuznamə"də Bayandur kimi verilmişdir.

"Kitabi-Dədə Qorqud" dastanlarında Bayandur xan Oğuz elinin xanlar xanıdır. Bundan əlavə dastanda Bayandır çay, Bayandurlu, Bayandır yaşayış məntəqə adları vardır.

Türkmənistanın toponimiyasında türk dilli etnotoponimlər sırasında Bayandır adı mövcuddur. Bayandur sözünün mənşəyinə gəldikdə isə tədqiqatlarda onu müxtəlif cür izah edirlər.

Bayandır adının mənası

redaktə

Bayandır adının kökü əski türk sözü olan "bay"-dır. Mənası "varlı", "zəngin"dir. Bu məna indi də qalır. "OrxonYenisey" abidələrində də bay sözü göstərilən semantik mənada işlənmişdir. "Oğuznamə"də də Bayandur "çox təminatlı", "varlı" kimi izah edilmişdir. Sözün tərkibindəki –an şəkilçisi isə bəzən bitişdirici bəzən də sözdüzəldici şəkilçi kimi işlənmişdir[5]

Salman Mümtaz isə bay sözünü -varlı, böyük, bəy mənasında açıqlamışdır[6].

Azərbaycanın şimal rayonlarının dialektində "bay" sözü – hündür/iri/böyük/ canlı mənalarında qalmaqdadır. Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində Bayandur etnotoponiminin variantlarının müxtəlif areallarda yaşayan izləri də bu yerlərin məhz türk torpaqları olduğunu sübut edir.

Ermənistan ərazisində, Gorus rayonunda 2 Bayandur kəndi, Düzkənd rayonunda isə başqa bir Bayandur toponimi vardır. Bayandur etnotoponiminin müxtəlif areallarını göstərmək olar. Q.Qeybullayev Bayandur tayfasını qədim albanlarla əlaqələndirmiş və onun izlərinin Tərtərdə Bayandur oykonimində, Xanlar rayonunda isə Bayandurçay hidronimində saxlandığını qeyd etmişdir .[7][8]

Bundan əlavə Bayandır LaçınBərdə rayonlarının ərazisində qeydə alınmışdır. Ermənistan ərazisində BAYANDUR- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonununda) kənd adı; BIRINCI BAYANDUR- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adıdır.

Ermənistandakı Bayandur Azərbaycanlı kəndi olub, əvvəllər Gəncə quberniyasına Zəngəzur qəzasına daxil olmuşdur. Kənd Xanazax sovetliyinə daxil idi. 1897-ci ildə Bəyəndur kəndində 153 nəfər azərbaycanlı əhali olmuşdur. 1918-ci il milli qırğınından sonra azərbaycanlılar kənddə tamamilə qırılmış, qovulmuş, kənd erməni kəndinə çevrilmişdir. 1969-cu ildə isə ermənilər kəndin adını dəyişib Vağadur qoymuşlar.

Digər Bayandur da azərbaycanlı kəndi olub, əvvəllər Gəncə quberniyasının Zəngəzur qəzasına daxil olmuşdur. 1897-ci ildə kənddə ancaq azərbaycanlılar (210 nəfər) yaşamışlar. Kənd sovet hakimiyyəti illərində Xandzorik sovetliyinə daxil olmuşdur. 1918-ci ildə Andranikin dəstəsi bu kəndləri dağıtdıqdan sonra orada azərbaycanlılar qalmamışdır[9]

Bayandur həmçinin Düzkənd rayonuna daxil olan kənd və dəmiryol qəsəbəsinin adıdır. Orada daha bir Bayandur kəndinin olması və 1926-ci ilədək Gümrü zəlzələsində uçub xaraba qalması söylənilir. Kəndin qədim sakinləri türklər 1918-ci ildə oradan qaçqın düşmüşlər. Mənbələrdə Bayandur kəndində erməni və yunanların 1918–20-ci illərdə Muş və Bitlisdən gəlib məskunlaşması qeyd edilir. Türkiyədə Bayandır coğrafi adının arealları çox genişdir.

F.Sumər Anadoluda Bayandur adlı 52 oykonimin olmasını qeyd etmişdir. Bundan əlavə Qazaxıstan ərazisində Bayan, Bayandur etnotoponimləri vardır. Azərbaycanın Laçın rayonundakı Zabux çayının qolu və Tərtər rayonundakı kəndin adıdır. Bundan başqa, Daşkəsən və Oğuz rayonlarında Bayan adında kənd vardır[10][11]

İstinadlar

redaktə
  1. Мусульманский мир 950–1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.Birinci bölmə K.E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 30
  2. Əliyev V. Azərbaycan toponimiyası. – Bakı: ADPU nəşri, 1999. −278s.
  3. . Quliyev Ə. Ayrımlar haqqında. Azərbaycan filologiyası məsələləri. III buraxılış. – Bakı: Elm, 1991.
  4. . Qumilyov L. Qədim türklər. –Bakı: Gənclik, 1993. −533s.
  5. . Bayramov I. Indiki Ermənistanın toponimlərində qədim türk tayfalarının izləri.// Dil məsələlərinə dair tematik toplu. 2-ci buraxılış Bakı: ADPU nəşri, 1997. – S.63–69
  6. . IX–XII əsr ərəb coğrafişünas-səyyahları Azərbaycan haqqında. – Bakı: Elm, 1974. −223s.
  7. Qeybullaev Q. Toponimiə Azerbaydcana. – Baku: Glm, 1986. – 192s.
  8. Qeybullaev Q.A. K gtnoqenezu Azerbaydcanüev. –Baku: Glm, 1991. −549s.
  9. Ələkbərli Ə. Qədim türk-oğuz yurdu- Ermənisatan. – Bakı: Sabah, 1994. −208s
  10. Azərbaycan toponimləri. Ensiklopedik lüğət.. –Bakı: Azərbaycan ensiklopediyası, 1999. −588s.
  11. Rəhimoğlu H. Silinməz adlar, sağalmaz yaralar. –Bakı: Azərnəşr, 1997. −257s.

Ədəbiyyat

redaktə

Həmçinin Bax

redaktə