[go: up one dir, main page]

Bu məqalə Ərəb xalqı haqqındadır. Digər mənalar üçün Ərəblər (dəqiqləşdirmə) səhifəsinə baxın.


ƏrəblərAfrikaAsiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir.[1] Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.[2]

Ərəblər
العرب al-ʿarab
Filip Ərəbİoan DəməşqliƏl-Kindi • Əl-Xansa • I Feysal • Camal Əbdül Nasir • Əsməxan • Mey Ziad
Ümumi sayı
354 503 000[1]
Dili

Ərəb dili

Dini

İslam, kiçik hissəsi isə – Xristianlıq

Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcətürkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır.

Ərəblərin soyu

redaktə
 

İbrahim peyğəmbərin İsmayılİshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır. Eyni zamanda yəhudi və müsəlman qaynaqlarına görə İshaqın oğulu Yaqubun (İsrail) soyundan gələnlər israiloğullarını meydana gətirdilər. Ərəblərin atası İsmayıl və yəhudilərin atası İshaq, fərqli analardan olma qardaşdırlar.[3]

İslamaqədərki ərəblərin ictimai-iqtisadi quruluşu

redaktə

İslamaqədərki ərəblərin ictimai quruluşu ibtidai icma quruluşundan quldarlıq quruluşuna keçid mərhələsində idi. Cənubi Ərəbistanda, yəni Yəməndə hələ qədim zamanlarda, eramızdan bir neçə əsr əvvəl əkinçilik inkişaf etmiş, sənətkarlıq və karvan ticarətinin mühüm məntəqələri olan şəhərlər meydana gəlmişdi. Eramızın ilk əsrlərində Cənubi Ərəbistan dövlətlərində quldarlıq üçün xarakterik olan ictimai-iqtisadi münasibətlər mövcud idi. Lakin bununla birlikdə, ibtidai-icma və tayfa-qəbilə quruluşunun qalıqları hələ də davam etməkdə idi. Əkinçilikdə və maldarlıqda qulların əməyi ilə birlikdə, icmalarda birləşmiş olan azad kəndçilərin əməyinin də mühüm əhəmiyyəti var idi.

Eramızın V–VI əsrlərində Cənubi Ərəbistanda baş verən iqtisadi geriləmə nəticəsində iqtisadi ziddiyyətlər də artırdı. Eyni zamanda Ərəbistan yarımadasının bu hissəsində inadlı mübarizə gedirdi. Bu mübarizəni Hindistanı Aralıq dənizinin şərqindəki ölkələrlə birləşdirən dəniz və karvan ticarət yolları üzərində hökmranlıq uğrunda Bizansİran aparırdı. Bizansın müttəfiqi olan həbəşlər Cənubi Ərəbistana dəfələrlə hücum etmiş və burada öz hökmranlıqlarını qurmuşdular. VI əsrin əvvəllərində isə həbəşləri farslar məğlub etmişdilər. Farslar Yəməni fəth edərək Sasanilər İmperiyasının bir hissəsinə çevirdilər.

VII əsrin əvvəllərində Qərbi Ərəbistan ictimai-iqtisadi və mədəni cəhətdən Ərəbistan yarımadasının ən inkişaf etmiş vilayətlərindən biri idi. İbtidai-icma quruluşunun dağılması gedişində yaradılan quldarlıq quruluşu ticarət şəhəri olan Məkkədə tam təşəkkül tapmışdı. Məkkədə olan ticarət və bununla əlaqədar meydana gələn sələmçilik ibtidai-icma münasibətlərinin pozulmasını sürətləndirirdi. Məkkənin əsas əhalisi Qüreyş qəbiləsindən ibarət idi. Bu qəbilənin yuxarı təbəqəsi şəhərin iqtisadi həyatına rəhbərlik edir, siyasi hakimiyyəti ələ keçirməklə yerli Kəbə məbədində varlanmağı qarşısına bir vəzifə kimi qoyurdu. Yuxarı təbəqəni təşkil edən varlı tacirlər və sələmçilər eyni zamanda qul sahibləri idilər. Onlar özlərinin tabeliyində olan qulları əkinçilikdə, süni suvarma işlərində və maldarlıq təsərrüfatında istismar edirdilər. Bundan başqa, həmin quldarlar külli miqdarda qul alveri ilə məşğul olur, qul karvanlarını istədikləri yerə aparır və satırdılar. Məkkəlilərlə Hicaz və ona qonşu olan vilayətlərin qəbilələri arasında daimi ticari-iqtisadi əlaqələr həmin qəbilədən olan əhaliyə ideoloji cəhətdən də təsir etməyə kömək edirdi. Bu təsir nəticəsində Məkkədəki Kəbə mühüm müqəddəs bir yer kimi bir çox qəbilələr üçün ziyarətgaha çevrildi.

Ərəbistan qəbilələri ilə aparılan ticarət mübadiləsi Yəmənlə, Suriya və Misirlə, bəzən də Cənubi Beynəlnehreynlə aparılan dəniz ticarəti məkkəli Qüreyşlilər içərisində qeyri-bərabərliyin tədricən artmasına kömək edirdi. Həmin qəbilənin onlardan asılı olan üzvləri Qüreyş zədəgan sinfi nümayəndələrinə qarşı çıxırdılar. Məkkə əhalisinin Qüreyş qəbiləsindən olmayan hissəsinin vəziyyəti daha da ağır idi. Bunlar öz qəbilələrini tərk etmiş və Məkkə ticarətində xidmət əvəzində aldıqları təsadüfi əməkhaqqı ilə yaşayanlar idi. Lakin Məkkənin ən məzlum və tamamilə hüquqsuz əhalisi qullar idi. Qul, mal və pulun çox hissəsi əhalinin cüzi bir hissəsini təşkil edən və Məkkədə hakimiyyət başında duran yerli zədəganların əlində idi. Belə bir vəziyyət nəinki quldarlarla qullar arasında, həm də var-dövlətin səviyyəsinə görə bir-birindən tamamilə fərqli olan sərbəst adamlar arasında da müşahidə edilirdi. Məkkədə ibtidai-icma münasibətləri və nəsli quruluş davam etsə də, ticarət və sələmçiliklə məşğul olan Qüreyş varlıları artıq quldarların hakim sinfinə çevrilməyə başladı. Burada artıq dövlət idarələrini xatırladan ağsaqqallar şurası, varlı məkkəlilərin həyatını, var-dövlətini və yaşayış yerlərini qoruyan həbəşistanlı qullardan ibarət polis yaradılmağa başladı. Belə bir şəraitdə ərəblərdə qəbilələrin siyasi cəhətdən birləşməsini ideya cəhətdən təmin edə biləcək monoteist (təkallahlı) bir dinin meydana gəlməsi üçün tarixi şərait yetişirdi. Bu din islam dini oldu.

Ərəblərin İslam sivilizasiyasının yaradılmasında rolu[4]

redaktə

İmperiyalar tarixinə nəzər salsaq ərəb xilafətinin və onun ideoloji sütunu olan İslam dininin yayılmasında ərəblərin başlıca sosial baza rolunu oynadıqlarını görərik. Hələ İslamın yaranmasına qədər mənşəyi İbrahim peyğəmbərlərdən başlayan ərəblər külli-kainatı bir Allahın yaratdığına inanır, onu ən ali varlıq hesab edirdilər. Allaha sitayiş edir, bütün qəbz və sənədlərin başında "bismikə allahümə" — "Allahım, Sənin adınla başlayıram" yazırdılar. Zaman keçdikcə onlar Allahın qızları, yaxud "ilahə" adlandırdıqları ulduzlara, mələklərə də sitayiş etməyə başladılar. Kəbədə ən qüdrətli ilahələrin — Əl-Lat və Əl-Üzzanın şərəfinə qranitdən nəhəng heykəllər qoydular. Əslində bunların heç bir mənəvi əsası yox idi. Qəbilə və tayfa müharibələrinin isə ardı-arası kəsilmirdi. İslam sivilizasiyasının bünövrəsini yaradan ərəbləri ağır vəziyyətdən xilas edən Məhəmməd peyğəmbər (570-632) "ilahi" dinin vasitəsi ilə onları birləşdirməyi bacardı. Məhəmməd peyğəmbər əvvəllər öz qövmü tərəfindən qəbul edilməsə də o, sonralar Ərəbistanın dağınıq əhalisini "Allahın yardımı ilə" möhkəm xalqa çevirdi.

"Allahın Rəsulunun" əsas silahı İslam dininə etiqad olmuşdur. İslam dininin ideologiyası ərəblərə Yaxın Şərqi işğal etməyə imkan yaratmışdır. İslam qonşu ölkələrin xalqlarına sosial inqilab və xoşbəxtlik gətirməmişdir, lakin o müsəlman olan bütün insanlara "bərabərlik və qardaşlıq" ideyası vermişdir. Bu isə avtoritar hakimiyyət dünyasında "demokratiyanın" müəyyən mərhələsi hesab olunur. İslamın meydana gəlməsi, sonra isə ərəblərin Qərb və Şərqdəki qanlı işğalları Ərəb xilafətinin yaranması ilə nəticələnmişdi. Məhəmməd peyğəmbərin ölümündən sonra onun qohumları Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656) və Həzrəti Əli (656-661) xəlifə seçilmişdir. Əli İslamın inkişafında mühüm rol oynamış böyük şəxsiyyət olmuşdur. Xəlifə dövlətin siyasi rəhbəri olmaqla yanaşı, ölkənin də ali dini hakimi idi.

Həzrəti Məhəmməd peyğəmbərin ölümündən sonrakı iyirmi beş il ərzində ərəblər İranı, Suriyanı, Qafqazın xeyli hissəsini, Orta Asiyanın bir hissəsini işğal etmişlər. Ərəblər VII–VIII əsrlərdə Şərqin böyük bir bölümünü qan gölünə çevirdilər. Onlar həm Şərqə, həm də Qərbə doğru irəliləyirdilər. Şərqdə Herat və Kabil tutulduqdan sonra ərəblər Hindistana çatdılar. Həmin dövrdə İranda müharibələrdən zəifləmiş Sasani imperiyasının varlığına son qoydular. Eləcə də Şərqi Roma imperiyasını — Bizansı məğlubiyyətə uğratdılar. Afrikada ərəb sərkərdələri Mərakeşin Atlantik okeanı sahillərinə qədər, Qərbi Avropada isə İspaniyadan Cənubi Fransaya qədər irəlilədilər.Lakin 732-ci ildə Puatyedə ərəblər darmadağın edildilər. Beləcə Avropa labüd qətl və qarətdən, işğaldan xilas edildi.

İranı və Roma əyalətlərini işğal edib amansızca talayan müsəlman ərəblər tarixlərində ilk dəfə mədəniyyətin nə olduğunu gördülər.

"Rəsullahın" ölümündən yüz il sonra, yəni VIII əsrin birinci yarısında Ərəb imperiyası İspaniyadan başlayaraq bütün Şimali Afrikanı Süveyşə qədər, sonra İranı, Orta Asiyanı işğal etmişlər. Ərəblər iddia edirlər ki, böyük dəniz səyyahı olmuş, ilk teleskopu və ilk dəniz kompasını kəşf etmişlər. Lakin bu kəşflərin qədim İran alimlərinə məxsusluğu artıq sübut edilmişdir. Onlar Afrika qitəsinin böyük bir hissəsində, Hindistanda, MalayziyadaÇin sahilləri boyu müstəmləkələr qurmuşlar.

Dövlətin, dövlətçiliyin nə olduğunu dərk etməyən ərəblər tutduqları ölkələrin mədəniyyətini, dövlətçiliyini mənimsədilər.

Ardıcıl qələbələrin davam etməsi Ərəb xilafətinin elitasında cah-cəlala, təm-tərağa meyli gücləndirmişdi. Həmçinin, hakimiyyət uğrunda mübarizə də xeyli artmışdı. Təkcə bunu demək kifayətdir ki, yalnız Xəlifə Əbu Bəkr öz əcəli ilə ölmüşdür, digər xəlifələrin hamısı sui-qəsd nəticəsində öldürülmüşdür. Hakimiyyət uğrunda mübarizə nəticəsində xəlifə Osmanın ölümündən sonra xəlifə Əlinin zamanında İslam iki böyük hissəyə — sünnilik və şiəliyə ayrılmışdır.

Xəlifə Əlidən sonra hakimiyyəti Əməvilər sülaləsi (661-750) ələ keçirmiş və təqribən yüz il hakimiyyətdə qalmışlar. Onların paytaxtı o vaxt Şam adlanan indiki Dəməşq şəhəri olmuşdur. Xəlifə Müaviyənin vaxtında paytaxt elan olunan bu şəhər xeyli gözəlləşmiş, şəhərə su çəkilişi həyata keçirilmişdir. Fəvvarələr, pavilyonlar, saraylar və xüsusi ilə də məscidlər şəhərə xüsusi yaraşıq verirdi. Cıdır yarışları, şahmat oyunları, musiqi və rəqslər adi bir hal idi.

VIII əsrin ortalarında ərəblər arasında daxili müharibələr və münaqişələr nəticəsində Əməvilər sülaləsi devrildi. Hakimiyyətə əsasını Məhəmməd peyğəmbərin əmisi Abbasdan götürən Abbasilər sülaləsi (750-1258) gəldi. Xəlifəliyin paytaxtı Şam şəhərindən əsası 762-ci ildə Xəlifə Əl-Mənsur (754-775) tərəfindən qoyulmuş Bağdad şəhərinə köçürüldü. Bağdad həmin dövrdə Şərq və Qərb ilə nəhəng ticarət əlaqələrinə malik idi. Ölkədə çoxsaylı məmurlar aparatı mövcud idi. Onlar digər ölkələrin hakimləri ilə əlaqələr saxlayırdılar. Lakin idarəetmə sistemi xeyli mürəkkəb idi. Abbasilərin dövründə effektli poçt sistemi işləyirdi. Bir sıra xəstəxanalar açılmışdı. Davam edən saysız-hesabsız müharibələr nəticəsində qul ticarəti yüksək həddə çatmışdı. Dünyanın hər yerindən Bağdada alimlər, rəssamlar, şairlər axışıb gəlirdi. Həmin dövrdə onun əhalisi 2 milyondan artıq idi. Riyaziyyat və tibb elmləri daha çox inkişaf etmişdi. Ərəblər tibb elmini hindlilərdən öyrənmişdilər. Onlar tibbə dair sanskritcə kitabları tərcümə və çap edirdilər. Hazırlanmış kağızlar Çindən Bağdada gətirilirdi. Bağdadla yanaşı Qahirə, Bəsrə, KufəKordobada təhsil müəssisələri daha çox inkişaf etmişdir. Fatimi xəlifəsi Müiz Lidinillah (953-975) Qahirəyə gəldikdən sonra 972-ci ildə tikilmiş İsmaili Fatimilərin əqidələrini təbliğ edən Əl-Əzhər məscidi yanında 996-cı ildə yaradılmış eyni adlı mədrəsə XI əsrin axırlarında bütün müsəlman aləmində məşhur olan universitet tipli tədris müəssisəsinə çevrilmişdi. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə əl-Əzhərdə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmişdir. Günümüzdə də fəaliyyətini davam etdirən bu tədris müəssisəsində müxtəlif ölkələrdən olan tələbələr Quranı, hədisləri, müsəlman hüququnu və ərəb ədəbiyyatını öyrənmişlər.

VII–IX əsrlərdə xilafətin inkişafı və möhkəmlənməsi ilə əlaqədar olaraq maliyyə və vergi sistemi ilə bağlı bir sıra dövlət məsələləri meydana çıxmışdı. Ərəblər tabe edilmiş xalqların təsərrüfat-maliyyə sistemindən faydalana bilərdilər. Lakin dəyişikliyə uğramış şərait əyalətlərin, məskunlaşmış məntəqələrin paylanması, əkinçilik və sənaye məhsullarının, natural və pul şəklində qoyulan vergilərin miqdarı haqqında dəqiq məlumatın olmasını tələb edirdi. Bundan savayı, mərkəzləşdirilmiş idarəetmə sisteminin daha bir mühüm tələbi yaxşı rabitə yollarının, marşrutların, poçt stansiyalarının olması, məntəqələr arasında məsafənin dəqiqləşdirilməsi, hərəkət şəraitinin müəyyənləşdirilməsi idi. IX əsrdə Ptolomeyin "Almagesta" və "Coğrafiya" əsərləri ilə tanışlıq, bu əsərlərin tərcümə edilməsi və qədim yunan alimlərinin digər əsərlərinin ərəb elm adamları tərəfindən yenidən işlənməsi coğrafiyanın elmi və təsviri tərəflərini formalaşdırmışdır. Ərəblər öz coğrafi təsvirlərində bütün Avropanı, Asiyanın cənub hissəsini, Şimali Afrikanı, Şərqi Afrikanın sahillərini əhatə etmişdilər. Ispaniyadan tutmuş Türküstana və Hind çayının mənsəbinədək bütün ölkələrin tam təsvirini vermişdilər. Onlar həmin ərazilərdəki faydalı qazıntı yataqlarının müfəssəl xarakteristikasını verməyə nail olmuşdular. Beləliklə də obyektiv və subyektiv amillər məxsusi ərəb elmi ədəbiyyatının yaranmasına təkan verdi.

Ərəb tacirləri Volqa çayı hövzəsindən istifadə etdikdən sonra slavyan xalqlarının yaşadığı şimal ərazilərə gedib çıxdılar. Yayda gecələrin işıqlı olması, qışda gündüzün olmaması ərəbləri heyrətə gətirirdi. Böyük Ipək yolu ilə səyahət çox uzun çəkirdi. Səyyahlar tez-tez çətinliklərlə və təhlükələrlə üzləşirdilər. Karvanlar Xəzər dənizinin şimal sahillərindən Pekinə 260 günə gedib çıxırdı. Yolda dayanacaqlar da nəzərə alınsa, karvanlar mənzil başına bir ildən də artıq vaxtda yetişirdi. Tacirlər Çindən, Orta Asiyadan uzun illər Çin ipəyi, qiymətli daşlar, kəhraba, ekzotik bəzəklər, bahalı çini və saxsı qablar, istiot, ədviyyat, büxur (dini ayinlər zamanı yandırılan ətirli maddə), mirra (ətirli qatran) və s. aparırdılar. Tacirlər X əsrdə ticarət şirkətlərində birləşmişdilər. Ticarət əməliyyatlarında çox vaxt qəbzlərdən istifadə olunurdu. Böyük miqdarda pulu hər hansı bir şəhərdə sərrafa vermək, ondan qəbz götürmək və təyin olunmuş yerdə onu verməklə həmin pulları bütünlüklə geri almaq olurdu. Ticarət əsasən mübadilə yolu ilə gedirdi. Pul isə ancaq hesab vahidi idi. Tacirlər öz mallarını müəyyən məbləğdə qiymətləndirir və onu eyni miqdarda dəyərləndirilən mal ilə dəyişirdilər. Haqq-hesab vaxtı qiymət fərqini mal ilə aradan qaldırmağa çalışırdılar. Məsələn, Çində gümüş dirhəmləri saya salmırdılar. Tacirlər ancaq mal mübadiləsi yolu ilə haqq-hesab çəkirdilər. Şərqi Avropada isə dirhəm həm pul, həm də mal hesab olunurdu.

Karvanlara xidmət etmək üçün şəhər və kəndlərdə karvansaralar tikilirdi. Həmin karvansaralarda tacir və nökər-naib üçün hücrə, at, dəvə, qatır və uzunqulaqlar üçün içərisində yem və su qoyulmuş tövlələr olurdu. Bəzən karvansaralarda ticarət etmək, kommersiya yeniliklərindən xəbər tutmaq olardı. Bəzi tacirlər mal daşınmasını da öz üzərinə götürür, yəni nəqliyyatın təşkili ilə məşğul olurdular. Yük heyvanlarına nökər və bələdçilər qulluq edirdi. Karvanları mühafizə etmək üçün silahlı dəstələr yaradılmışdı. Karvan sahibləri bəzən dilmanclar da tuturdular. Karvanlarda bir neçə min yük heyvanı olurdu. Məsələn, 922-ci ildə Xəlifə Əl-Müqtədir türkdilli Volqa-Kama Bulqar ölkəsinə 3 min baş yük heyvanından və 5 min nəfərdən ibarət karvan göndərmişdi. Ticarətin inkişafında köçəri maldarlar böyük rol oynayırdı. Onlar karvanları müşayiət edir, ətini yemək və yük daşımaq üçün istifadə olunan heyvan satırdılar. Köçərilər arasında karvan ticarətində ixtisaslaşanlar da var idi. Karvan ticarəti belələrinin iştirakı olmadan inkişaf edə bilməzdi. Karvanlar ilə birlikdə əsnaf (kustar), rəssam, usta, alim və diplomatik heyətlər səfərə çıxırdılar. Bəzən tacirlərə də diplomatik tapşırıqların yerinə yetirilməsi tapşırılırdı. 922-ci ildə yola düşən həmin karvan diplomatik, hərbi-texniki və dini tapşırıqlar yerinə yetirmişdi.

Məkkəyə həcc ziyarətinə gedənlərin sayının artması ilə əlaqədar olaraq Ərəb imperiyası karvan yollarının təhlükəsizliyini təmin edir və şəhər həyatını daha da canlandırırdı. Əvvəlcə Dəməşqdə, sonra isə Bağdadda öz mövqeyini möhkəmləndirən xilafət bir tərəfdən HindistanÇin arasında, digər tərəfdən isə slavyan xalqları, Bizans və Avropa arasında inkişaf etmiş yollar şəbəkəsi yaradılmasına nail olmuşdu. Əsas ticarət yolları xilafətin hüdudlarında idi. Bu yolların hər bir mərhələsində, İspaniyadan tutmuş Çinə qədər iri mərkəzi şəhərlərdə müsəlman icmaları, məscid və mehmanxanalar fəaliyyət göstərirdi. Bu müəssisələrdə ancaq müsəlman tacirlər qəbul olunurdu. Tez bir zamanda bütün karvan yollarında və ticarət mərkəzlərində müsəlmanlığı qəbul etmiş tacirlər fəaliyyət göstərdilər. Ticarət, elm və ədəbiyyat sahələrinin mütəxəssisləri hər yerdə həvəslə qəbul olunurdular. Az vaxt ərzində bütün saraylarda, iri mərkəzlərdə hərbi müşavirlərin, ticarət agentlərinin, alimlərin və münəccimlərin əksəriyyəti müsəlmanlar idi.

Lakin daxili mübarizələrin nəticəsi olaraq xəlifəlik zəifləməyə başladı. İspaniyadakı Əməvilər sülaləsi Abbasilərin hakimiyyətini tanımadı. Bir qədər sonra Şimali Afrika xəlifələrin tabeliyindən çıxdı, Misir özünün xəlifəsini elan etdi. Həmin dövrdə ilkin İslam demokratiyasından demək olar ki, heç nə qalmamışdır. Keçmiş bədəvilər indi dəbdəbəli saraylarda yaşayırdılar. Ərəblərin vahid imperiyası müxtəlif hissələrə parçalandı. XIII əsrdə isə Hülakülər Ərəb Xilafətinə son qoydu. Bağdad tutulduqdan sonra Abbasilər Qahirəyə köçdülər, lakin orada hakimiyyətə malik olmadılar.

Ərəb dövlətləri

redaktə
 
Ərəb Birliyinə daxil dövlətlər tünd yaşıl, Ərəb olmayan lakin birliyə daxil olan bölgələr açıq yaşıl və ərəbcə danışılma nisbəti aşağı üzvlər SomaliCibuti taralı yaşıl.

Əhalisinin böyük qisimi ərəb soyundan gələn və ərəbcə danışan ölkələrə ərəb dövlətləri deyilir. İsrail və əhalisinin əksəriyyəti Müsəlman olan Sudan, əhalilərinin bir qisimi ərəb olmaqla birlikdə, Ərəb Dövləti adlanırlar.

Ərəb dövlətlərinin çoxu, 1945-ci ildə yaradılmış Ərəb Birliyinin üzvüdür.

İstinadlar

redaktə
  1. 1 2 "Affinity Bloc – Arab World :: Joshua Project". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  2. "Arabic German Consulting". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-16.
  3. Oxford Dictionary of English 2e, 2003, Oxford University Press: Arab, Ishmael, Isaac
  4. Tərxan Paşazadə, "Ərəblərin İslam sivilizasiyasının yaradılmasında rolu", "Dövlət və Din" İctimai fikir toplusu, (№ 5 (13)), Bakı — sentyabr-oktyabr 2009, səhifə: 167-172.

Xarici keçidlər

redaktə