Xarakter
Xarakter— əlamət, fərqləndirici xüsusiyyət, işarə) — [şəxsiyyət]in münasibət və davranış xüsusiyyətlərini müəyyənləşdirən davamlı, nisbətən daimi psixi keyfiyyət strukturu. Xarakter konkret şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibətilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlər məcmusudur.
Xarakter haqqında anlayış
[redaktə | mənbəni redaktə et]Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusu olmasıdır. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət onun həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür etməsidir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya qeyri-təvazökar doğulmur. Bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında qazanır. Bu əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.
Bütün bunlarla bərabər insan xarakteri onun dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.
Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəlməyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir. Birincisi, insanın düşdüyü hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış fomasının özünəməxsus fərdi xüsusiyyətləri də onun münasibətindən asılıdır.
Xarakterin quruluşu
[redaktə | mənbəni redaktə et]İnsan xarakteri çoxcəhətli xüsusiyyətə malikdir. İnsan xarakterində müxtəlif özünəməxsus əlamətləri müşahidə etmək mümkündür. Bu əlamətlər bir-birindən ayrı, təcrid olunmuş şəkildə deyil, vəhdət halında birləşərək xarakterin vahid strukturunu yaradır.
Xarakterin strukturunda olan əlamətlər bir-biri ilə qanunauyğun şəkildə bağlıdır. Əgər insan qorxaqdırsa, bu düşünməyə əsas verir ki, o, təşəbbüskarlıq, qətiyyətlilik və müstəqillik, əliaçıqlıq keyfiyyətlərinə malik ola bilməz. Bununla belə xaraktercə qorxaq olan adamda mütləq sünilik və yaltaqlıq, konformluq, acgözlük, xəsislik, satqınlığa meyl, inamsızlıq və s. əlamətlər özünü göstərəcəkdir. Lakin bu zaman həmin əlamətlər arasında qorxaqlıq üstünlük təşkil edəcəkdir.
Xarakter əlamətləri içərisində bəziləri əsas, aparıcı əlamət kimi özünü göstərəcək və bütün kompleksin təzahürünün inkişafına istiqamət verəcəkdir. Bunlarla yanaşı olaraq xarakterdə ikinci dərəcəli əlamətlər də mövcud olur ki, onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla şərtlənir, digər halda əsas əlamətlərlə uyğunlaşa bilmir.
Xarakter əlamətləri və şəxsiyyətin münasibətləri
[redaktə | mənbəni redaktə et]Xarakter əlamətləri şəxsiyyətin müxtəlif münasibətləri ilə müəyyən edilən xassələr sisteminə malikdir. Bu münasibətlər eyni zamanda xarakterin mühüm əlamətlərini təsnif etmək üçün əsas rol oynayır. Bu baxımdan şəxsiyyətin münasibətlər sistemini və xarakter əlamətlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar:
- İnsanın başqa adamlara: doğmalarına və yaxınlarına, təhsil və iş yoldaşlarına, tanıdığı və az tanıdığı adamlara münasibətdə ifadə olunan xarakter əlamətləri. Bunlara sədaqətlilik, prinsipiallıq və prinsipialsızlıq, ünsiyyətlilik və qapalılıq, doğruçuluq və yalançılıq, mərifətlilik və kobudluq, qayğıkeşlik və laqeydlik və s. aid etmək olar.
- İnsanın özünün özünə münasibətini bildirən xarakter əlamətləri. Bunlara heysiyyət, öz gücünə inam və inamsızlıq, şöhrətpərəstlik, lovğalıq, təvazökarlıq, özü haqqında yüksək fikirdə olmaq və s. aid etmək olar.
- Əməyə münasibətdə özünü göstərən xarakter əlamətləri. Bunlara vicdanlılıq, əməksevərlik, tənbəllik, təşəbbüskarlıq, işə məsuliyyətli və məsuliyyətsiz münasibət, ciddilik və s. aid etmək olar.
- İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əşyalara qayğılı və qayğısız münasibət və s. aid etmək olar.
Xarakter haqqında təlimlər
[redaktə | mənbəni redaktə et]Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan olmuşdur. Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur. O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır. Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış xarakter tipologiyasını Teofrast təsvir etmişdir.
Xarakterin tədqiqatına zahiri görünüşün onun müəyyən şəxsiyyət tipinə məxsusluğu arasında bağlılıq haqqında elm-fizioqnomika əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
XIX əsrin birinci yarısında xarakter haqqında elm yaranmağa başladı. Frenologiyanın yaradıcısı Qall insan xarakterinin təşəkkül tapdığı 27 elementar psixi xüsusiyyəti sadalayır, onların arasında artıb-törəmə instinktini, övlada məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkti, mübarizəyə və özünü müdafiəyə meyillilyi qeyd etmək olar.
XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk maraqlı əsərlər kimi F.Cordonun "İnsanın genealogiya və bədəni nöqteyi-nəzərdən xarakter" və F.Polanın "Xarakterin psixologiyası" kitabları meydana gəlir.
XX əsrin əvvələrində A.F.Lazurski ilk dəfə olaraq təkcə insanın subyektiv xüsusiyyətlərini deyil, həm də onun dünyagörüşünü, "ictimai baxışlarını" nəzərə alan xarakterin psixososial təsnifatını yaratmağı təklif etdi. Lazurski insanın ətraf mühitə uyğunlaşma dərəcəsindən və ətraf mühitin insana hansı dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviyyə ayırd edirdi: aşağı səviyyə – kifayət qədər uyğunlaşma qabiliyyəti olmayan insanlar; orta səviyyə – ətraf mühitdə öz yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən insanlar; ali, yəni yaradıcı səviyyə – ətraf mühiti dəyişdirməyə çalışan insanlar.
Bu üç uyğunlaşma və üstünlük səviyyələrini nəzərə alaraq Lazurski xarakterin aşağıdakı təsnifatını təklif etmişdir:
- Aşağı səviyyə:
- 1) ağıllı tip;
- 2) affektiv tip (hərəkətli, hissiyatlı, xəyalpərvər);
- 3) fəal tip (impulsiv, enerjili, itaətkar, fəal, inadkar).
- Orta səviyyə:
- 1) praktik olmayan nəzəriyyəçilər, idealistlər (alimlər, rəssamlar, dini xəyalpərəstlər);
- 2) praktiklər – realistlər, alturistlər, ictimaiyətçilər, hökümlülər, evdarlar.
- Ali səviyyə:
- 1) Şüurlu, ruhi duyğuları uzlaşan, ali bəşəri ideallar ilə yaşayan insanlar.
Sonrakı tədqiqatlar xarakterin daha dəqiq anlaşılmasına gətirib çıxardı.
Fərdi xarakterlərin tipologiyasını təhlil edən Ziqmund Freyd xarakterin strukturu ideyasını əsas götürərək sübut edir ki, "müəyyən əlamətlərdən əsas xarakterin formalaşdırılması formulunu çıxartmaq olar, həm də nəzərə almaq lazımdır ki, daimi əlamətlər ya dəyişilməyən ilkin impulsları, ya da onların sublimasiyasını və ya onların yaratdığı reaktiv törəmələrini təmsil edir".
Erkən uşaqlığın xüsusiyyətləri, psixoseksual mərhələnin inkişaf etməsinin spesifikası, müəyyən psixoseksual mərhələnin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini şərtləndirir. Freyd xarakteri oral-passiv, oral-təcavüzkar, anal-xarakterə, genital xarakterə ayırırdı.
Müasir psixoanalitiklər xüsusilə A.Louenin tipoloji modelində xarakterin aşağıdakı tiplərini ayırırlar: aral, mazoxist, əsəbi, fallik-narsis, şizoid. A.Louen xarakter anlayışını yalnız pataloji hallarla məhdudlaşdırmağı təklif edirdi. İnsan - əgər onun tipik davranış vasitələri, yəni xarakteri yoxdursa, sağlamdır. Bu o deməkdir ki, o, real həyatda şəraitin müəyyən tələblərinə uyğunlaşaraq özünü çox gözlənilməz aparır. Müasir amerika psixologiyasında xarakterin iki alternativ tərifindən istifadə olunur: "Xarakter – şəxsiyyətin əxlaqi və mənəvi baxışıdır"; "Xarakter – şəxsiyyətin sübutlara nöqteyi-nəzəridir".
Kettelə görə xarakter – insanın müəyyən münasibətlərdə davranışında özünü büruzə verən, şəxsiyyətin əldə etdiyi daha sabit zəruri xüsusiyyətlərinin fərdi uyğunluğudur. Bunlar aşağıdakılardır:
- Özünə münasibət (tələbkarlığın, tənqidin, özünüqiymətləndirmənin dərəcəsi).
- Başqalarına münasibət (fərdilik və ya kollektivçilik, eqoizm və ya alturizm, qəddarlıq və ya xeyirxahlıq, laqeydlik və ya həssaslıq, kobudluq və ya nəzakət, yalançılıq və ya düzgünlük və s.).
- Tapşırılan işə münasibət (tənbəllik və ya işgüzarlıq, səliqəlilik və ya pintilik, təşəbbüskarlıq və ya passivlik, səbirlilik və ya səbirsizlik, məsuliyyət və ya məsuliyyətsizlik, təşkilarçılıq və s.).
- Xarakterdə iradi keyfiyyətlər də öz əksini tapır: çətinlikləri, mənəvi və fiziki ağrıları dəf etməyə hazır olmaq, sərbəstliyin, intizamın, inadkarlığın dərəcəsi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Psixologiya. Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün dərslik. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə Bakı: 2007.