Xəlil Rza Ulutürk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xəlil Rza Ulutürk
Doğum tarixi 21 oktyabr 1932(1932-10-21)
Doğum yeri
Vəfat tarixi 22 iyun 1994(1994-06-22) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşağı
Təhsili
Fəaliyyəti şair
Fəaliyyət illəri 1948–1994
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "İstiqlal" ordeni
Azərbaycan SSR əməkdar incəsənət xadimi Azərbaycan Respublikasının xalq şairi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəlil Rza Ulutürk (21 oktyabr 1932, Pirəbbə, Salyan rayonu22 iyun 1994, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992).[1] Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.

Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatı tarixinə azadlıq carçısı kimi daxil olub. Azərbaycanın sevimli şairinə çevrilən Xəlil Rza Ulutürk hələ məktəb illərindən öz çalışqanlığı, fərasəti va davranışı ilə müəllimlərin, valideynlərin rəğbətini qazanmışdı. Şair orta məktəbdə oxuduğu illərdə ədəbiyyata sonsuz həvəs göstərib, bütün əsərlərində xalqı düşmənlərə qarşı mübarizəyə səsləmişdir. Yaradıcılığı boyu əsərlərində Vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər tərənnüm olunmuşdur. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan va çarpışan Xəlil Rza Ulutürkün bütün zəncirləri yox etmək, zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirdi. Xəlil Rza Ulutürk ədəbiyyatımızın inkişafına böyük töhfələr verən sənətkarlardandır.

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olmuşdur. 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. 1948-ci ildə "Abşeron" adlı ilk şeirini yazmışdır. 1949–1954-cü illərdə ADU-nun filologiya fakültəsinin jurnalistlika şöbəsində təhsil almışdır.

1950–1960-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955–1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu — "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M. Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza İnstitutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim HikmətMixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945–1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli-bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.

Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. "Bilik" cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:

"Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər."[2]

Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafik əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun imkanları məhdudlaşdırlır, "təhlükəli ictimai mübarizə" yolundan çəkindirməyə çalışılır. Xəlil Rza Ulutürkün atası Rza Ulutürkdür.

Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi Təbriz Xəlilbəylinin atasıdır.

1950-ci illərdə "ov" imzası ilə xeyli sayda Sovet dövrünü tərənnüm edən poemalar yazıb.[3]

1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət "Qardaşlıq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmır. Şairin ən böyük vəzifəsini yazıb-yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır, yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib.

1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıqfikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 Yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya — Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

Xəlil Rza 1990-cı il yanvarın 29-dək — 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün — 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım XX əsrin axırlarından başlayaraq Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirmişdir.

Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.

1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır, lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.

Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzarı üstündə şairin əzəmətli heykəli yüksəldildi.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) "İstiqlal" ordeni ilə təltif edildi.

Bakı, Şirvan, Salyan, GöygölXaçmaz şəhərlərində mərkəzi küçələrdən biri Xəlil Rza Ulutürkün adını daşıyır.

Bakı şəhərində bir kitabxana Xəlil Rza Ulutürkün adını daşıyır.

● Xəlil Rza Ulutürkün Bakı şəhərində yerləşən məzarının üzərində onun heykəli ucaldılmışdır.

Salyan şəhərində Xəlil Rza Ulutürkün adını daşıyan park salınmışdır.

Salyan şəhərində “Ata-oğul” xatirə kompleksində Xəlil Rza Ulutürkün barelyefi vurulmuşdur.

  1. Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
  2. Sevən gözlər. Bakı: Azərnəşr, 1959, 84 səh.
  3. Məndən başlanır vətənim. Bakı: Yazıçı, 1988, 338 səh.
  4. Davam edir 37. Bakı: Gənclik, 1992, 528 səh.
  5. Ayla günəş arasında. Bakı: Yazıçı, 1992, 548 səh.
  6. Qəhrəman Təbrizim. Bakı: Gənclik, 1994, 348 səh.
  7. Uzun sürən gənclik. Bakı: Azərnəşr, 1994, 435 səh.
  8. Türkün dünyası. Bakı: "Qorqud" nəşriyyatı, 1994, 351 səh.
  9. Mən Şərqəm. Bakı: Elm, 1994, 766 səh.
  10. Bağışla, ey Vətən. Bakı: "Qorqud" nəşriyyatı, 1996, 146 səh.
  11. Ömür kitabını yazan şairə. Bakı: "Mütərcim" nəşriyyatı, 1998, 110 səh.
  12. Lefortovo zindanında. Bakı: "Azərbaycan" Nəşriyyatı, 1998, 240 səh.
  13. Xəlil Rza: Seçilmiş əsərləri, iki cilddə. "Şərq-Qərb" Nəşriyyatı, 2005.
  14. Xəlil Rza: Seçmələr. Bakı: "Kitab Klubu", 2015.

Səsləndirilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]