52°13′13″ şm. e. 21°00′38″ ş. u.HGYO

Varşava Politexnik Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Varşava Politexnik Universiteti
Loqonun şəkli
Xəritə
52°13′13″ şm. e. 21°00′38″ ş. u.HGYO
Əsası qoyulub 1826
Tip dövlət universiteti
Tələbə sayı 27.072[1]
Ölkə
Ünvan Polşa, Varşava şəhəri
Sayt pw.edu.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Varşava Politexnik Universiteti (pol. Politechnika Warszawska) — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri.

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

4 yanvar 1826-cı il tarixində Polşada açılmış Texnologiya İnstitutu yanında Hazırlıq Məktəbi ilk çoxsahəli texniki universitet oldu. Varşava Politexnik Universiteti onun ənənələrinin varisi kimi çıxış edir. Hazırda universitet Polşanın aparıcı texniki ali məktəblərindən biridir. Ali təhsil ocağında aparıcı dünya universitetlərinin alim və professorları daxil olmaqla yüksək ixtisaslı professor-müəllim heyəti dərs deyir.

Universitet üç maarifləndirici səviyyədə (bakalavriatura, magistratura, aspirantura) təhsil təklif edir, həmçinin doktorantura təhsili almaq imkanını verir. Tədris polyak və ingilis dillərində aparılır. Ali məktəb ödənişli və ödənişsiz təhsil (müsabiqə əsasında) verir.

Ali təhsil müəssisəsinin Varşava şəhərinin mərkəzində iki böyük binası var. Ümumilikdə Varşava şəhəri və xüsusilə onun mərkəzi hissəsi bir çox dövlət idarələrinin, elmi mərkəzlərin və həmçinin bir sıra yerli və xarici şirkətlərin qərargahlarının yerləşdiyi məkandır.

Universitetin auditoriyaları müasir multimedia vasitələri ilə təchiz edilib. Bu da tədris prosesinin informasiya texnologiyalarının verdiyi üstünlüklərdən yararlanmaqla fərqli keyfiyyətdə təqdim edilməsinə imkan yaradır. Auditoriyaların yüksək sürətli simsiz internetlə təmin edilməsi tələbələrin işini daha da asanlaşdırır.

Tələbələr beynəlxalq tələbə mübadiləsi proqramlarında və təcrübə keçmədə, həmçinin elmi tədbirlərində iştirak edə bilərlər. International Students Office xarici tələbələrə yardım göstərir.

Ali məktəb Avropada və onun hüdudları xaricində aparıcı universitetlərlə və sənaye müəssisələri ilə elmi-tədqiqat və ticarət sahələrində əməkdaşlığı uğurla həyata keçirir. Varşava Politexnik Universitetinin diplomu Avropada və kənarda işə düzəlmə zəmanətidir.

Universitet 20 tədris hissəsindən ibarətdir: on yeddi fakültə, iki kollec və Fakültələrarası Biotexnologiyalar Mərkəzi.

Ali təhsil müəssisəsi texniki istiqamətlərin və ixsisasların geniş seçimini təklif edir. Burada elektronika texnologiyaları və informasiya texnologiyaları, elektrotexnika, riyaziyyat və informatika, energetika və aviasiya, idarə etmə və sosial elmlər, arxitektura, kimya, fizika, geodeziya və kartoqrafiya, kimya istehsal mühəndisliyi, inşaaat, materialşünaslıq və mühəndislik, istehsalat texnikası, mühəndislik ekologiyası, avtomobil istehsalı və inşaat texnikası, menecmentlik fakültələri fəaliyyət göstərir.

Bəzi proqramlar ingilis dilində öyrədilir: elektronika, informasiya texnologiyaları, radiotexnika, energetika və aviasiya hazırlaması, həmçinin riyaziyyat və informasiya elmləri.

Əsas mərkəzi

[redaktə | mənbəni redaktə et]

Ali məktəbin tərkibində Əmək və Karyera Mərkəzi yaradılıb. Mərkəz tələbə təcrübələri və işə düzəltmə məsələləri ilə məşğul olur. Məşhur yerli və beynəlxalq müəssisələr, korporasiyalar, firmalar və nümayəndəliklər bu mərkəzin partnyorlarıdır: Systems Polska SA, A & A People Personeelsdiensten BV, AB Foods Polska Sp. z oo, AB INDUSTRY SA, ACNielsen Polska, Aldesa Polska Services Sp. z o.o., AMS Polska Sp. z oo, Bank BPH, Grupa GE Capital, Beza Projekt sc və s. Mərkəz mütəmadi olaraq işə götürənlərlə görüşlər təşkil edir, hər ay yeni vakansiyalar elan edir.

Tələbə həyatı

[redaktə | mənbəni redaktə et]

Hazırda Varşava Politexnik Universitetində təhsil alan tələbələrin sayı təxminən 38 min nəfər təşkil edir, onların böyük əksəriyyəti əyani oxuyur. Tələbələr mühəndislik, energetika, kompüter texnologiyaları və başqa sahələrə dair layihələr üzərində işləyirlər. Layihələrin bir hissəsi dövlət və elmi ittifaqlar ilə birgə keçirilir.

Universitetin tələbələri xarici dillər üzrə biliklərini dərinləşdirmək üçün SJO Mərkəzində təlim keçə bilərlər. Bu mərkəzdə ingilis, alman, rus və digər dillərin öyrənilməsi təklif edilir. Arzu edənlər uyğun olan səviyyənin sertifikatının alınması üçün imtahanı vermək imkanına malikdir.

Universitetin nəzdində tələbə idman klubu fəaliyyət göstərir. Burada üzgüçülük, aerobika, futbol, basketbol, yüngül atletika, tennis, cüdo kimi idman növləri ilə məşğul olmaq imkanı yaradılıb. Belə ki, hər bir tələbə sevimli idman növü ilə məşğul ola bilər.

Qeyd edək ki, Varşava Politexnik Universiteti təxminən ildə 5,000 mütəxəssis buraxır. Universitetin məzunları Polşa menecerləri və direktorları arasında ən böyük faizi təşkil edirlər. Polşanın 500 ən yaxşı şirkətində hər bir doqquzuncu prezident bu ali təhsil ocağının yetirməsidir. Universitet tələbələrə ixtisası üzrə yüksək səviyyədə ali təhsil verməklə yanaşı İKT-dən istifadə bacarıqlarının inkişaf etdirilməsi, xarici dillərin tədrisinə xüsusi önəm verir.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Varşava Politexnik Universiteti Polşada informasiya texnologiyaları sahəsində yüksək elmi və elmi-tədqiqat potensialına malikdir. Burada bir çox böyük yerli və xarici elmi araşdırmalar aparılır. Kompüterləşdirilmiş informasiya sisteminin tədris prosesinin və elmi-tədqiqat işlərinin yüksək səviyyədə həyata keçirilməsini asanlaşdırır.

Hazırda universitetdə 8 tədqiqat mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər Milli Elm Mərkəzi, Təhsil Nazirliyi, İnkişaf və Tədqiqatlar üzrə Milli Mərkəz, Elmi İttifaqlar Mərkəzi və digər bu kimi qurumlarla əməkdaşlıq edir. Polşanın görkəmli alimlərin iştirakı ilə konfranslar, görüşlər təşkil olunur.

Universitet beynəlxalq mübadilə proqramlarını ABŞ, Kanada, Avstraliya, Çin, Yaponiya, Böyük Britaniya, Avstriya, Almaniya, İtaliya, Danimarka, Fransa, Misir, Finlandiya ali məktəbləri ilə həyata keçirir. Tələbələr bu universitetlərdə beynəlxalq konfranslarda və ya birgə elmi layihələrdə iştirak edə bilərlər.

Məlumat üçün bildirək ki, Polşanın ilk süni peyki Polşa Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Mərkəzinin dəstəyi ilə Varşava Politexnik Universiteti tərəfindən hazırlanıb. Peykin əsas məqsədlərini atmosfer tormozlamasının (deorbitasiya) imkanının və günəş batareyalarının yeni tipinin yoxlanması təşkil edir.

  1. https://stat.gov.pl/download/gfx/portalinformacyjny/pl/defaultaktualnosci/5488/2/15/1/szkoly_wyzsze_i_ich_finanse_w_2018.pdf.