Rober Osseyn
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Rober Osseyn | |
---|---|
Robert Hossein | |
Doğum adı | Abraham Hosseinoff |
Doğum tarixi | 30 dekabr 1927[1][2][…] |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | 31 dekabr 2020[3][4][…] (93 yaşında) |
Vəfat səbəbi | COVID-19[5] |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Atası | Əminulla Hüseynov (Andre Osseyn) |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1948–2020 |
Boyu | 1,75 m[6] |
Mükafatları | |
IMDb | ID0396136 |
Vikianbarda əlaqəli mediafayllar |
Rober Osseyn (fr. Robert Hossein; 30 dekabr 1927[1][2][…], XII arondisman[7] – 31 dekabr 2020[3][4][…]) — əslən azərbaycanlı olan Fransız aktyoru.[8]
Rober Osseyn 2015 Avropa Oyunlarının məşəldarlarından biri olmuşdur[9]. Rober Osseyn Avrasiya Akademiyasının üzvlərinin biridir.[10].[11][12][13]
Həyatı
[redaktə | mənbəni redaktə et]Rober Osseyn 30 dekabr 1927-ci ildə Parisdə anadan olub. Atası Andre Osseyn (Əminulla Hüseynov) Səmərqənddə doğulan İran azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Anası isə Bessarabiyanın (indiki Moldova) Soroki şəhərindən olan teatr aktrisası Anna Minevskaya idi. Milliyətcə yəhudi idi.
Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olmuşdur. Rober Osseynin kino karyerası Pol Kadeakın 1954-cü ildə çəkdiyi "Sarışınlar sahili" filmindəki rolu ilə başlayıb.
Roberin sənətə olan həvəsi getdikcə artırdı. Öz yolunu müəyyənləşdirmək vaxtı çatmışdı, seçim qarşısındaydı. Dram dərnəklərində məşğul olması, məşhur Rene Simon kursunu bitirməsi və "Qran qinol" teatrında çıxışları onun sənətdə atdığı ilk addımları idi. Əlbəttə, gənc Rober yaxşı bilirdi ki, şöhrət adama birdən-birə, heç də asanlıqla nəsib olmur. Şöhrətə aparan yolun yoxuşu, enişi var və bu yolun yolçusu sınaqlardan çıxmalıdı, öz üzərində işləməli, çalışmalıdı.
Rene Simon kursunda aktyorluqla yanaşı, rejissorluq təcrübəsinə də yiyələnmişdi. Ümumiyyətlə götürəndə, onu demək olar ki, Rene Simon məktəbi çox gəncin həyat yoluna, yaradıcılığına yaşıl işıq yandırıb, bu kursu bitirənlərin çoxu sonradan Fransanın tanınmış teatr və kino sənətkarları kimi yetişmiş, məşhurlaşmışlar.
İlk dəfə ekrana çıxanda Rober 21 yaşındaydı. Əlbəttə, onun jan Deplaunun "Suvenir" filmindəki debütü uğurlu sayıla bilməzdi, odur ki, o heç nəylə yadda qalmadı. Təcrübəsizlik istər-istəməz öz sözünü deyirdi. Başlıcası o idi ki, Rober ruhdan düşmədi, o özünə inanırdı, məhz bu inamın nəticəsiydi ki, 1954-cü ildə daha bir filmdəki oyunuyla öz sözünü deyə bildi, fransız kinosu Rober Osseynin simasında yeni bir istedadı aşkar elədi, tapdı. Kino tənqidçilərinin onun haqqında yazdıqları ümidverici məqalələr gənc Roberin özünə olan inamını daha da artırdı. Enlikürək, qədd-qamətli, sərt çöhrəli gənci tamaşaçılar daha çox mənfi rolların ifaçısı kimi, mənfi auralı bir aktyor kimi qəbul edirdilər. O, təhlükəli cinayətkar, quldur və məkrli insan rollarını özünəməxsus bir ustalıqla oynayırdı. "Düseldorflu vampir" adlı psixoloji-kriminal dramındakı Pyotr Kurten də məhz belə obrazlardandır. Rober Osseyn tamaşaçı sevgisini bu yolla qazandı, ürəkləri bu yolla fəth elədi. O, tamaşaçı sevgisini öz qəhrəmanlarına oyatdığı nifrətdən qazanırdı.
Rober Osseyn və Marina Vladiİlk uğurlu filminin ekranlara çıxdığı vaxtdan bir il sonra, 1955-ci ildə Rober Osseyn özündən on yaş kiçik olan gənc aktrisa Marina Vladiylə evlənir. Bu evliliyin fransız kinosuna nə verəcəyini mətbuat çəkçevir eləyir, tənqidçilər təzadlı fikirlər söyləyirdilər. Əslində bu təbii idi, sənət adamlarının həyat və yaradıcılığında evlilik öz müəyyən təsirini göstərməyə bilmir. Həm Reber Osseynin, həm də Marina Vladinin yaradıcılığına nəzər salanda belə qənaətə gəlmək olur ki, onların evliliyi sənətə yeni bir aktyor dueti bəxş eləyib və bundan fransız kinosu udub, qazanıb. Belə götürəndə, onları birləşdirən də elə kino olub. Onlar evdə ər-arvad, çəkiliş meydanında isə hansısa əsərin bir-birini dəlicəsinə sevən personajları idilər. Mən Rober Osseynin ekran əsərlərindən əvvəl Marina Vladinin filmini görmüşəm. Kuprinin eyniadlı əsəri əsasında çəkilən "Cadugər qız" filminə uşaq vaxtı ucqar əyalət qəsəbəsində, soyuq bir payız axşamı, qış klubunun qızdırılmayan zalında baxmışam. Film mənə o qədər maraqlı gəlirdi ki, zaldakı soyuğu belə hiss eləmirdim. Ekrandakı təsirli hadislər, epizodlar tamaşaçıları öz sehrinə salmışdı. Film çox maraqlı bir ekran əsəri kimi yadda qalmaqla yanaşı, Kuprini bizə sevdirdi, sinfimizdə o yazıçını tanımayan, oxumayan şagird yox idi.
Marina Vladi öz həyat yoldaşı ilə birlikdə bir neçə filmə imza atmış, uğurla çəkilmişdir. Rober Marinanı özünün ilham pərisi sayırdı. Evlilikləri barədə Osseyn belə deyir. "Mən Marinanı ilk dəfə görəndə onun on beş yaşı vardı, balet məktəbində oxuyurdu. Məndən on yaş kiçik idi. Otağımın divarlarını onun şəkillərilə bəzəmişdim. O, adamın ağlını başından çıxaracaq dərəcədə gözəl, alagöz, nərmənazik qız idi. Onda mən "Yaramazlar cəhənnəmə gedirlər" adlı ilk filmimi çəkməyə hazırlaşırdım. Marinanı baş rolda çəkilməyə dəvət elədim, o razılaşdı. Çəkiliş meydançasından isə bizim məhəbbətimiz başladı…"
Sovet tamaşaçıları Rober Osseyni Marina Vladidən çox sonralar tanıdı. "Hökm", "İkinci həqiqət" Roberin sovet prokatında göstərilən ilk filmləriydi. Altmışıncı illərin ortasında ekranlara çıxan, Anjelikanın sərgüzəştlərindən bəhs edən melodramdakı qraf de Peyrak obrazıyla isə o, tamaşaçıların sonsuz sevgisini qazandı və daha çox bu roluyla yadda qaldı. Mətbuatda bu rolu Osseyn yaradıcılığının zirvəsi adlandıranlar da var. Elə aktyorun özü də buna böyük önəm verir. Müsahibələrindən birində deyir ki, mən qəbrimin baş daşında özümün yox, jofre de Peyrak obrazının əksinin çəkilməsini istərdim… Edamdan yaxa qurtaran qraf de Peyrak öz sevgisi uğrunda usanmadan, qorxub çəkinmədən mübarizə aparır və subut eləyir ki, Anjelikanın məhəbbətinə layiqdir. Bu film az qala bütün fransızların idealına çevrilib. Deyirlər əgər kinematoqraf olmasaydı belə, təkcə "Anjelika"ya görə onu kəşf etməyə dəyərdi.
Rober Osseyn səksəndən çox ekran əsərində çəkilib. Əsasən qanqsterlər və kölgəli rollar oynayırdı. "Qadağan Kahinlər" (1973) filmində ən yaxşı rollarından birini oynayır. Gənc bir qadına (Klod Jad) aşiq olan və sonra kommunist olan Katolik keşiş rolunu oynayır. Onlardan bəzilərinin rejissoru da özüdür. Ümumiyyətlə götürəndə isə, Roberin yalnız kinoda deyil, teatrda da uğurları çox olub. Kinoda olduğu kimi, onun səhnə qəhrəmanları da tamaşaçılara doğmadı, yaxındı. İstər ekranda olsun, istərsə də teatrda, Osseyn qəhrəmanlarının simasında fransızlar özlərini, öz həyatlarını görürlər və aktyora olan hədsiz hörmət və sevgi də məhz bundan qaynaqlanır.
Rober Osseynin özünün hansı sahəyə üstünlük verdiyini müəyyən etmək asan deyil, kimisi onu daha çox kino aktyoru, kimisi isə teatr sənətçisi kimi qəbul edir. Son illər teatr rejissorluğuna daha çox yer verən Rober, yalnız fransız dramaturqlarının deyil, dünya klassiklərinin əsərlərinə də dönə-dönə müraciət edir. Şekspir, Dostoyevski, Edqar Po kimi yazıçıların qəhrəmanlarını fransız səhnəsinə gətirib. O, 1970-ci ildən başlayaraq doqquz il Reymsdəki Milli xalq teatrının rəhbəri olub. 1985-ci ildə "Yuli Sezar", onun ardınca "Leon xidmətçisinin işi", "Səfillər", "İsus adında insan" və digər əsərlərə səhnə quruluşu verib və bu quruluşlar maraqla qarşılanıb. Rober Osseynin sənətə gəlişinin təkcə Fransada deyil, dünya kinosunda tənqidi realizmin formalaşdığı bir dövrə təsadüf etməsi sonradan onun yaradıcılığına müəyyən təsir göstərməyə bilməzdi. Onun fikrincə, sənət insanlara yalnız əylənmək üçün deyil, onları düşündürmək, onlara yol göstərmək, adamlarda sabahkı günə inam oyatmaq üçün lazımdır.
31 dekabr 2020-ci ildə vəfat etmişdir. Vəfatı ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aktyorun ailəsinə başsağlığı verib.[14]
Seçilmiş filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Robert Hossein // filmportal.de. 2005.
- ↑ 1 2 Robert Hosseinoff // Roglo. 1997.
- ↑ 1 2 Le Monde (fr.). / J. Fenoglio Paris: Société éditrice du Monde, 1944. ISSN 0395-2037; 1284-1250; 2262-4694
- ↑ 1 2 Nachruf: Robert Hossein30.12.1927 – 31.12.2020. / red. J. Bollmann Gemeinschaftswerk der Evangelischen Publizistik, 2021. ISSN 0176-2044
- ↑ Robert Hossein, le géant du théâtre populaire, est mort.
- ↑ https://la-bonne-taille.blog-machine.info/fiche3/robert-hossein.
- ↑ Fichier des personnes décédées.
- ↑ Əfsəroğlu, K. Həyat özü bir kinodur: [əslən azərbaycanlı fransız kino aktyoru Rober Osseyn haqqında] //525-ci qəzet.- 2014.- 14 iyun.- S. 18–19.
- ↑ [1] Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine. Rober Osseyn: İlk Avropa Oyunlarının məşəlini gəzdirməkdən qürur duydum
- ↑ "Eurasian Academy Official Site". 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
- ↑ "Arxivlənmiş surət". 2016-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
- ↑ "Arxivlənmiş surət". 2016-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
- ↑ "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
- ↑ ATV. "Prezident İlham Əliyev və Mehriban Əliyeva Rober Osseynin ailəsinə başsağlığı verdilər" (az.). Youtube.com. 04.01.2021. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-04.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rober Osseyn — IMDb səhifəsi
- Robert Hossein: "Bakıya heyranam"