Peyin
Peyin — Torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrədir. Bu gübrələr uzaq məsafələrə göndərilməyib yalnız istehsal olunduğu yerdə işlənildiyindən onlara yerli gübrələr də deyilir. Hazırkı intensiv əkinçilik sistemində peyin nəinki bitkilərin qidalanmasını yaxşılaşdırır, eyni zamanda o, torpaq əmələgəlmə prosesində münbitləşməyə təsir göstərən ən güclü ekoloji təmiz vasitədir
Tərkibi
[redaktə | mənbəni redaktə et]Peyinin tərkibi bitkilərin qidalanması üçün lazım olan azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd kimi qiymətli elementlərlə zəngindir. Təzə peyində orta hesabla 75% su, 25% quru maddə, 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% əhəng, 0,15% maqnezium olur. Göstərilən elementlərin orta hesabla miqdarı mal-qaranın növündən, yemlənməsindən və peyinin saxlanmasından asılı olaraq dəyişə bilər.Ən çox nəmliyə malik peyin qaramaldan ifraz olunur. Bu peyində bitki üçün lazım olan qida maddələrinin faizi nisbətən azdır. At və qoyun peyinin tərkibində nəmlik faizi qaramal peyininə nisbətən az olur, qidalı maddə ilə zəngindir. Burada əsasən azot və kaliumun miqdarı 0,67% −0,89%-ə qədər çatır. Donuz peyini qaramal və ata görə orta səviyyədə durur. Peyinin zənginliyi qidalı elementlərin hansı formada olmasından da çox asılıdır.
Növləri
[redaktə | mənbəni redaktə et]Çürümə dərəcəsinə görə peyinlər müxtəlif olur: təzə, yarımçürümüş, çürümüş və çürüntü peyini. Təzə və az çürümüş peyin – o peyinə deyilir ki, döşənək üçün işlədilən küləş özünə xas rəngini və möhkəmliyini saxlayır. Bu cür peyindən çıxan sulu şirə qırmızımtıl-sarı və ya yaşımtıl rəngdə olur. Yarımçürümüş peyində — küləş öz möhkəmliyini itirir və tünd qəhvəyi rəng alır. Bu cür peyinin sulu şirəsi qəliz və qara rəngdə olur. Yarımçürümüş peyinin çəkisini təzə ilə müqayisə etdikdə 20–30 faiz azalır. Çürümüş və ya parçalanmış peyin – qara kütlə olub, onda ayrı-ayrı küləş hissələri və yaxud başqa növ döşənəyin fiziki elementləri görünür. Bu cür peyinin sulu şirəsi rəngsizdir. Çürümüş peyin ilk peyinin təxminən 50 faizini təşkil edir. Tam çürümüş peyini – üzvi maddələrlə zəngin qara, eynicinsli torpaqvari kütlədir. O, ilkin təzə peyinin 25 faizdən çoxunu təşkil edir.
İstifadə qaydaları
[redaktə | mənbəni redaktə et]Peyinin tətbiqinin əsas üsulu onu səpinə qədər şum altına verməkdən ibarətdir. Belə olduqda onun birinci il və sonrakı təsiri çox güclü olur. Müxtəlif çürümə dərəcəsindən, gübrələnən bitkinin xüsusiyyətlərindən, torpaq və iqlim şəraitindən asılı olaraq şum altına verilən peyinin dozası müxtəlif olub, 1 hektara 10 tondan 40 tona qədərdir. Müxtəlif zonalarda dənli bitkilər əkiləcək sahələrə, o cümlədən payızlıq bitkilərin bir hektarına 15–25 ton (orta hesabla 18–30 t) peyin verilir. Peyinin, xüsusən çürümüş peyinin bundan yüksək dozalarını ölkənin şimal rayonlarında tətbiq edirlər. Quraqlıg rayonlarda torpaqlar suvarılmadıqda yaxşı çürümüş peyin vermək məsləhət göründüyünə görə dənli bitkilərə onun dozasını azaldır və hektara 12–15 ton verirlər. Bəzi dənli-paxlalı bitkilər (noxud, paxla, soya) əkiləcək sahələrə peyini yumrucuq bakteriyalarının fəaliyyətini artırmaq üçün verirlər və adətən belə halda onun dozası hektara 10 tondan artıq olmur[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1. Zamanov P.B. Qida elementlərinin və gübrələrin torpaq xassələrinə və bitkilərin məhsuldarlığına təsirinin aqrokimyəvi əsasları Bakı-2013