Komatiit
Komatiit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Komatiit — qədim ultramafit-mafit vulkanik süxur komplekslərinin ümumi adı. Komatiit bir sıra kratonlarda (Cənub Afrika, Kanada, Avstraliya) arxeyin yaşıldaş qurşaqları kəsilişlərinin bünövrəsini təşkil edir. Komatiit seriyası ayrı-ayrı lava axınlarından, diferensiasiyaya uğramış qalın lava örtüklərindən və təbəqələnmiş sillərdən ibarətdir. Bu seriyanın ayrı-ayrı üzvləri tərkibcə peridotitlərdən andezitlərədək dəyişir. Kəsilişin daban süzxurları çox zaman yüksəkmaqneziumlu olivinli kumulatlardan (89–94% forsterit molekulları) təşkil olunur, onların üstündə peridotitli, piroksenli və bazaltlı komatiit uyğun olan və ardıcıl bir-birini əvəz edən olivinli, piroksenli və piroksen-plaqioklazlı lavalar yatır. Bütün komatiit üçün, mineraloji tərkibcə eyni olan, lakin fərqli geoloji-tektonik şəraitdə əmələ gələn süxurlarla müqayisədə dəmirliliyin, qələviliyin, alminiumluğun, titanlığın az, kalsium-karbonatlığın isə yüksək olması ümumi cəhət hesab olunur. Komatiit başqa oxşar vulkanitlərdən fərqləndirən ən mühüm xüsusiyyət onların quruluşdur. Komatiit vulkanitləri afir olub spinifeks quruluşludur. Bu quruluş "quş ləpiri" kimi də tanınır, şüşəli və ya devitrifikasion əsas kütlədə bir-birinə bitişmiş olivin və klinopiroksenlərin çox uzun mikrolitlərinin və kristallarının skelet və dendiritlərinin olması ilə müəyyən olunur. Spinifeks — quruluş əsasən lava axınlarının üst və həmcinin kiçik intruziv kütlələrin (subvulkanların) ətraf hissələrində inkişaf tapır. Hesab olunur ki, belə quruluşlar süxurların sürətlə bərkiməsi nəticəsində əmələ gəlir. Komatiit seriyasının əsas üzvlərinin yatımı və onların quruluşunun unikal xüsusiyyətləri ultraəsasi maqmanın Yerin geoloji tarixinin hələ ilkin mərhələsində əmələ gəlməsini və yer qabığının üst horizontlarına maye halında nüfuz etməsini göstərir. 30% MgO olan belə peridotit ərinti ilkin məhlul hesab olunur və bundan bütün Komatiit əmələ gəlir. Komatiit seriyası tərkibinə bazalt, peridotit və piroksenit komatiit daxildir. Sinonim: Komatit.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.