Britaniya Kolumbiyası Universiteti
Britaniya Kolumbiyası Universiteti UBC | |
---|---|
49°15′38″ şm. e. 123°14′45″ q. u.HGYO | |
Əsası qoyulub | 1908 |
Tip | Dövlət |
Tələbə sayı | 58,284 |
Şəhər | Vankuver şəhəri |
Ölkə | |
Sayt | ubc.ca |
Vikianbarda əlaqəli mediafayllar |
Britaniya Kolumbiyası Universiteti (ing. University of British Columbia) — Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1908-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətində universitet yaradılması haqqında qanun qəbul edilir, lakin harada yerləşməsi qeyd olunmur. Qanuna əsasən, yaradılacaq universitetin akademik işlər üzrə Senatı, Çağırışı, İdarəçilər Şurası təsdiq edilir. 1910-cu ildə bütün əyaləti axtardıqdan sonra Vankuver şəhərinin Point Qrey ərazisi gələcək kampusun salınacağı yer kimi müəyyənləşir. 1912-ci ildə universitet Çağırışının ilk iclası keçirilir və doktor Frensis Karter-Kotton yaradılacaq universitetin ilk kansleri, prezidenti isə bir il sonra Frank Ferçayld Uesbruk seçilir.
1914-cü ildə Point Qreydə universitetin ilk binalarının tikintisi həyata keçirilir, lakin I Dünya müharibəsinin başlanması işlərin ləngiməsinə səbəb olur. 1915-ci ildə Vankuver şəhərində yerləşən keçmiş MakGill Universiteti Kollecinin qərargahında Britaniya Kolumbiyası Universiteti yaradılır. Universitet üç fakültə — incəsənət, tətbiqi elmlər, kənd təsərrüfatı fakültələrindən ibarət olur. Həmin ilin sentyabrında buraya 379 tələbə qəbul olunur. 1923-cü ildə Point Qreydə 9 bina, 4 laboratoriya, kitabxana və elektrostansiyanın tikintisi başa çatır, 1925-ci ildə isə Point Qrey kampusunun rəsmi açılışı olur. Universitet açılış zamanı ilk dəfə tələbələrini elmi dərəcələrlə təltif edir.
II Dünya müharibəsi dövründə universitetdə müdafiə tədqiqatlarına diqqət daha da artırılır. Müharibə elan olunduğu gündən başlayaraq ali məktəbin laboratoriyaları, işçi heyəti, tələbələri, avadanlıqları və s. hökumətin bütün əmrlərini yerinə yetirmək vəziyyətində idi və istənilən köməkliyi göstərirdi. 1945-ci ildə Britaniya Kolumbiyası Universitetində müharibədən sonra sərbəst inkişaf dövrü başlayır: yeni tədris proqramları qəbul olunur, hüquq, ictimai fəaliyyət, əczaçılıq fakültələri açılır, tələbələrin sayı ikiqat artır. 1948-ci ildə universitetin Henninqs Fizika binasında professor Van de Qraff atom generatoru quraşdırır, bir il sonra universitetdə tibb fakültəsi və Antropologiya muzeyi, 1950-ci ildə Ticarət və Təhsil məktəbləri, 1951-ci ildə meşə təsərrüfatı fakültəsi və tibb bacısı məktəbi açılır.
Britaniya Kolumbiyası Universiteti 1958-ci ildə 50 illik yubileyini qeyd edir. 1965-ci ildə ali məktəb ən irihəcmli proqramını həyata keçirir — Cənub Kampusunun tikintisinə başlanılır. Həmin kampusun ərazisində 1974-cü ildə Tri-Mezona Universitet Fondu nüvə və hissəciklər tədqiqatları aparmaq üçün nəhəng siklotron quraşdırır. 1981-ci ildə universitetdə klassik yapon Nitobe Memorial Bağının yanında yaradılmış Asiya Mərkəzində Asiya tədqiqatları və Asiya kitabxanası fəaliyyətə başlayır, həmin il elmi-tədqiqatlar aparmaq məqsədilə Diskaveri parkı yaradılır.
1993-cü ildə Vankuver şəhərində təşkil olunan "Vankuver Sammiti" zamanı Britaniya Kolumbiyası Universitetində Rusiya prezidenti Boris Yeltsinin və ABŞ prezidenti Bill Klintonun görüşü olur. Həmin il universitetin biokimya üzrə professoru Maykl Smit genlərin sıralanmasını müəyyən edən "yönəldilmiş mutagenez sahəsi" novator işinə görə kimya üzrə Nobel mükafatına layiq görülür. Universitetin Şimal Kelouna kampusunun açılışı da bu ilə təsadüf edir. 1996-cı ildə universitetdə jurnalistika məktəbinin yaradılması qərara alınır və bir il sonra məktəbin rəsmi açılışı olur. 1997-ci ildə universitetin Antropologiya muzeyində Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı Təşkilatı çərçivəsində iştirakçı ölkələr arasında ticarətin liberallaşması mövzusunda liderlərin iqtisadi müşavirəsi keçirilir.
2001-ci ildə ali məktəbdə Robson Meydanının açılışı baş tutur, 2004-cü ildə isə universitetdə 2000-ci ildə vəfat etmiş Maykl Smitin adını daşıyan elmi-tədqiqat laboratoriyası yaradılır. Bir il sonra Britaniya Kolumbiyası Universitetinin Okanaqan Kampusu açılır. 2006-cı ildə doktor Stifen Tup universitetin prezidenti seçilir və hazırda o, bu vəzifəni icra edir. Həmin il Kanadanın almaz hasilatına rəhbərlik edən universitetin məzunu Çarlz Fipke Okanaqan kampusunda yeni İnnovasiya Tədqiqatları Mərkəzinə 6 milyon Kanada dolları bağışlayır. 2008-ci ildə Vankuver kampusunda ali məktəbin İrvinq Barber Tədris Mərkəzinin rəsmi açılışı olur. Hazırda Britaniya Kolumbiyası Universitetində yeni-yeni tədqiqat laboratoriyalarının, yataqxanaların və s. müəssisələrin yaradılması davam edir, proqramlar qəbul olunur, bir sözlə, ali təhsil ocağı gələcəyin ən güclü elm mərkəzinə çevrilmək məqsədilə sürətlə inkişaf edir.
Müasir vəziyyəti
[redaktə | mənbəni redaktə et]Vankuver şəhəri Sakit okeanın sahilində və sahil boyu uzanan Nort-Şor dağlarının arasında yerləşir. Vankuver Şimali Amerikanın ən gözəl şəhərlərindən biridir və dünyanın 127 şəhəri arasında keçirilən sorğuda "yaşamaq üçün dünyanın ən arzuolunan şəhəri" kimi təsnif edilib. Bu il fevralın 12-dən 28-dək Vankuverdə keçirilən qış Olimpiya və Paralimpiya oyunları şəhəri daha da məşhurlaşdırıb. Şəhərin təmiz havası, yumşaq iqlimi, gözəl təbiəti bura çoxlu sayda turist cəlb edir.
Britaniya Kolumbiyası Universiteti Vankuer, Okanaqan, Şimali, Robson Meydanı kampuslarından və Britaniya Kolumbiyasında yerləşən Tibbi Təhsil korpusundan ibarətdir. Vankuver kampusu (Əsas kampus) Point Qrey yarımadasının qərbində, Vankuver şəhərində yerləşir və Britaniya Kolumbiyası Universitetinin akademik və inzibati nüvəsi hesab edilir. Kampusun yaxınlığında Universitet Fonduna məxsus 763 hektar meşə massivi yerləşir. Meşə Vankuver şəhəri və kampusu arasında "yaşıl qurşaq" kimi xidmət edir. Vankuver kampusu, öz növbəsində, çoxlu sayda elmi-tədqiqat mərkəzlərinin yerləşdiyi Cənub və yataqxanaların, müxtəlif xidmət mərkəzlərinin (polis, yanğın idarələri, banklar, mağazalar) cəmləşdiyi Şərq kampuslarından ibarətdir. Vankuver şəhərciyinin binalarının çoxu yeni olsa da, ən qədim bina burada 1877-ci ilə aiddir. Kampusda zəngin floraya malik parklar, "Qədim Dendari" botanika bağı, Nitobe Memorial yapon bağı, Antropologiya muzeyi, Çen İfaçılıq İncəsənəti Mərkəzi yerləşir.
Okanaqan (Kelouna da deyilir) kampusu 2005-ci ildə yaradılıb və Okanaqan gölünün yanındakı Kelouna şəhərinin şimal-şərqində, beynəlxalq aeroportun yaxınlığında yerləşir. Bu kampus tədris və elmi-tədqiqatların, innovasiyaların, mədəni və ictimai həyatının zənginliyinə görə seçilir. Hazırda kampusda genişmiqyaslı yataqxana və tədris komplekslərinin tikintisi həyata keçirilir.
Şimali kampus Vankuver şəhərciyinin cənub-şərqindədir və Saymon Freyzer Universiteti, Emili Karr İncəsənət və Dizayn, Texnologiya institutları və Britaniya Kolumbiyası Universitetinin əməkdaşlığı çərçivəsində geniş tədqiqatlar aparmaq məqsədilə yaradılıb. Robson Meydanında beynəlxalq konfranslar, forumlar, konsertlər və digər tədbirlər keçirilir. Tibbi Təhsil korpusunda 75 tibb müəssisəsi, 22 böyük və orta regional hospital tələbələrin xidmətindədir.
Britaniya Kolumbiyası Universitetinin nəzdində Vankuver kampusunda 12 fakültə (Tətbiqi elmlər, İncəsənət, Tədqiqatların davam etdirilməsi, Stomatologiya, Pedaqogika, Meşə təsərrüfatı, Ali tədqiqatlar, Yer və qida sistemləri, Hüquq, Tibb, Əczaçılıq və Elmlər fakültələri) və 12 məktəb (Memarlıq və Landşaft Arxitekturası, Tibb Bacısı, Jurnalistika, Kitabxana, Arxiv və İnformasiya Tədqiqatları, Musiqi, İctimai Fəaliyyət, Souder Biznes, İnsan Kinetikası, Audiologiya və Nitq Elmləri, Əhali və Səhiyyə, Cəmiyyət və Regional Planlaşdırma, Ekoloji Sağlamlıq məktəbləri), Fənlərarası Tədqiqatlar və Sağlamlıq İntizamı kollecləri, Okanaqan kampusunda isə Yaradıcı və Kritik Tədqiqatlar, Pedaqogika, Tətbiqi elmlər, Sağlamlıq və sosial inkişaf, Menecment fakültələri, Ali Tədqiqatlar Kolleci, eləcə də İrvinq Berber İncəsənət və Elmlər, İctimai Fəaliyyət, Tibb Bacısı məktəbləri fəaliyyət göstərir. Hər fakültə, məktəb və kollec, öz növbəsində, bir neçə departament və bölmədən ibarətdir. Universitetin ən böyük fakültəsi 1915-ci ildə yaradılmış və 20 departamentdən ibarət olan İncəsənət, ikinci ən böyük fakültəsi isə 1964-cü ildə yaradılan və 15 departamentdən ibarət olan Tətbiqi elmlər fakültəsidir.
Britaniya Kolumbiyası Universitetinin kitabxanası Kanadanın ikinci ən böyük elmi-texniki kitabxanasıdır. Kitabxana sisteminə 5,4 milyon cild kitab, 5,2 milyon mikrofilm, 808000 xəritə, audio, video və qrafik materiallar, 56000 seriyalı abunə, 261000 elektron kitab, Qərbi Kanadada ən böyük biotibbi kolleksiya, Kanadada ən böyük Asiya dillərində olan kitab toplusu daxildir. 1963-cü ildə general-mayor Viktor Odlum universitetə şəxsi kolleksiyasından 10000 kitab hədiyyə edib və bu kitablar Rokvuds Kitabxana Mərkəzində yerləşdirilib. Universitetin hazırda İrvinq Barber Təhsil Mərkəzi adlandırılan əsas kitabxanasında avtomatlaşdırılmış qorunma və informasiya axtarışı bölmələri var. Əsas kitabxanadan başqa, universitetin böyük kitabxanalarından Asiya, Okanaqan, Volter Koerner, Xwi7xwa kitabxanalarını qeyd etmək olar. Kitabxanaların 20 filialı və 3 xəstəxana bölməsi daxil olmaqla burada 300-dən çox əməkdaş çalışır. Britaniya Kolumbiyası Universitetinin kitabxanası Elmi-Texniki Kitabxanalar Assosiasiyasının üzvüdür.
Britaniya Kolumbiyası Universitetinin icraedici orqanına İdarəçilər Şurası, Palatalar Şurası, prezident, vitse-prezidentlər, dekanlar daxildir. Hazırda universitetin 12-ci prezidenti və vitse-kansleri Stifen Tup, prorektoru və akademik işlər üzrə vitse-kansleri Devid Farrardır. Universitetdə ümumilikdə 13622 işçi çalışır. Onların 4669 nəfəri professor-müəllim, qalanları isə inzibati işçilərdir. Bundan əlavə, universitet xəstəxanalarında və "TRIUMF" fondunda 7000-dən çox əməkdaş fəaliyyət göstərir.
Britaniya Kolumbiyası Universitetində Vankuver və Okanaqan kampusu daxil olmaqla ümumilikdə 52136 nəfər tələbə təhsil alır. Onlardan bakalavrların 36771 nəfəri Vankuver, 5609 nəfəri isə Okanaqan kampusunda, magistr və doktorantların isə 9350 nəfəri Vankuver, 406 nəfəri isə Okanaqan kampusunda oxuyur. Burada təhsil alan əcnəbi tələbələrin sayı isə 6403 nəfərə bərabərdir. Əcnəbi tələbələrin əksəriyyəti ABŞ, Çin, Cənubi Koreya, Yaponiya, Honqkonq, İndoneziya, Böyük Britaniya, Meksika, Malayziya və s. ölkələrdən olan gənclərdir.
Britaniya Kolumbiyası Universitetində yerli xalqların (hinduların) nümayəndələri üçün təşkil edilmiş Lonqhaus aborigen tələbələr üçün "komfort zonası" hesab edilir və onların mədəniyyət və fəaliyyətlərini öyrənən mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin dekanı, dekan müavini, müəllimləri var. Lonqhaus Mərkəzi yerli əhali və metislərdə sahibkarlıq keyfiyyətlərini gücləndirmək, onların mədəniyyətlərini qorumaq və inkişaf etdirmək, konkret ehtiyaclarının ödənilməsi üçün şərait yaratmaq məqsədi daşıyır.
Britaniya Kolumbiyası Universitetinin Vankuver kampusunda 8000-dən çox tələbə və əməkdaş yerləşdirmək imkanına malik 8 yataqxana kompleksi var (Merin Drayv, Thunderbird, Vanier Pleys, Volter Qeyc, Fervyu Kresent, Totem Park, Akadiya Park, Rits). Birinci kurs tələbələrinin əksəriyyəti ümumi otaqlı Totem Park və Vanier Pleys yataqxanalarında qalır. Akadiya Park yataqxanası uşaqlı tələbələr üçün nəzərdə tutulub. Vankuver kampusunda birillik yataqxana qiymətləri belədir: ümumi otaq — 3840, birnəfərlik otaq — 4400, 4720 Kanada dolları.
Okanaqan kampusunda yerləşən yataqxanalar yüksək şəraitə malik 1300 birotaqlı nömrələrdən ibarətdir. Bu kampusdakı yataqxanalardan Similkamin Pleys, Kassiar, Kalamoka, Nikola, Valhalla, Kaskad, Yuxarı Kaskad, Monaşi Pleysi qeyd etmək olar. Okanaqan kampusundakı yataqxanalarda 1 illik (2 semestr) qalmaq qiyməti 4400 Kanada dolları təşkil edir.
Kampusda müxtəlif mədəniyyətləri təmsil edən insanlarla yaşamaq tələbəyə zəngin həyat təcrübəsi bəxş edir. Universitetin Mənzil Ofisi tələbələrə həm akademik, həm sosial, həm də mənəvi dəstək olur, onların uğur əldə etmələri üçün müxtəlif tədbirlər keçirir. Rezidensiyaların yaşıl parkların əhatəsində, meşənin, Sakit okeanın yaxınlığında yerləşməsi tələbələrin istirahəti üçün çox gözəl şərait yaradır. Tələbələrin ən sevimli məşğuliyyəti okean sahili boyu piyada gəzintidir. Burada yerləşən Vrik Biç (Wreck Beach) dünyanın ən böyük çimərliklərindən biridir.
Britaniya Kolumbiyası Universitetinin tələbə mətbuatı çox zəngindir. Vankuver kampusunda həftədə iki dəfə çıxan "The Ubyssey" qəzetini, Okanaqan kampusunda iki həftədən bir çıxan "The Phoenix" qəzetini, aylıq dərc olunan "The Graduate" jurnalını, CiTR "Thunderbird Radio" kampus radiosunu, radiostansiyanın dərc etdiyi "Discorder" musiqili və əyləncəli jurnalı, "The Knoll" siyasi proqressiv nəşrini, "Point" həftəlik idman qəzetini, iki həftədən bir dərc olunan "Underqround" Bakalavr Cəmiyyətinin qəzetini, "The 432" saytı və iki həftədən bir dərc olunan satirik nəşri, "PRISM international" saytı və ədəbiyyat jurnalını, ildə iki dəfə çıxan "Cinephile" elmi jurnalını və s. buna sübut kimi göstərmək olar.
Britaniya Kolumbiyası Universitetinin idman komandası universiteti Kanadada və bütün dünyada təşkil edilən idman yarışlarında yüksək səviyyədə təmsil edir. Universitetdə Duq Mitçel Thunderbird, kroket, üzgüçülük, qayalara dırmaşma, dodze mərkəzləri, trenajor zalları mövcuddur, tələbələrə demək olar ki, idmanın bütün növləri ilə məşğul olmaq üçün şərait yaradılıb.
Dünyanın aparıcı universitetlərindən biri olan Britaniya Kolumbiyası Universiteti qlobal vətəndaşlığı, möhkəm vətəndaş cəmiyyətinin yaranmasını, önəmli tədqiqatları dəstəkləyən xüsusi təhsil mühiti yaradaraq Kanadanın və bəşəriyyətin insanlarına xidmət edir. Universitet ictimai rifahın möhkəmləndirilməsi məqsədilə idarəetmənin və təhsil standartlarının ən yüksək səviyyəsini özündə əks etdirir.
Xarici əlaqələri
[redaktə | mənbəni redaktə et]Britaniya Kolumbiyası Universiteti "Universitas 21"[2] beynəlxalq elmi-tədqiqat, Sakit okean regionu Universitetləri assosiasiyalarının və Liman Şəhərlərinin Universitet Liqasının[3] üzvüdür.
Büdcəsi
[redaktə | mənbəni redaktə et]2009–2010-cu tədris ilində Britaniya Kolumbiyası Universitetinin illik gəlirləri 1472140000 Kanada dolları olub. Həmin məbləğin 859402000 dolları hökumət qrantları, 136130000 dolları qeyri-hökumət qrantları və ianə, 186797 dolları investisiya, 326425000 dolları təhsil haqqı, 256155000 dolları satış və xidmətlər, 80825000 dolları isə amortizasiya hesabına əldə olunan gəlirlərdir.
Həmin il universitetin illik xərcləri isə 1687180000 Kanada dolları təşkil edib. Xərclərin 878701000 dollarını əməkhaqqı,127143000 dollarını əməkdaşların müavinəti, 62235000 dollarını təqaüd və kreditlər, 82545000 dollarını qrant və borcların ödənilməsi, 63867000 dollarını mütəxəssis və məsləhət xidmətləri, 28581000 dollarını utilitlər, qalanlarını isə müxtəlif məsrəflər təşkil edib.
Təhsil haqqı
[redaktə | mənbəni redaktə et]2009–2010-cu tədris ilində Britaniya Kolumbiyası Universitetində təhsil haqqı proqram və fakültədən asılı olaraq yerli tələbələr üçün 3614 (Tibb bacısı), 4518 (İncəsənət, Əczaçılıq, Sosial fəaliyyət və s.), 10135 (Hüquq), 15457 (Stomatologiya, Tibb) Kanada dolları arasında, əcnəbi tələbələr üçün isə 16894 (Tibb bacısı), 21118 (İnəsənət, İctimai fəaliyyət və s.), 42909 (Təhsil/Pedaqogika) Kanada dolları arasında dəyişib.
Britaniya Kolumbiyası Universitetində də tələbələrə müxtəlif məbləğdə təqaüdlər təklif olunur (500, 2000, 3000, 5000 Kanada dolları və s.). Təqaüdlər, ilk növbədə, akademik nailiyyətlər əldə etmiş, yaxşı oxuyan, eləcə də ictimai fəaliyyət, idman, incəsənət və s. sahələrdə uğur qazanmış tələbələrə semestrin və ya tədris ilinin sonunda təqdim edilir.
Reytinqi
[redaktə | mənbəni redaktə et]2003[5] | 2004[6] | 2005[7] | 2006[8] | 2007[9] | 2008[10] | 2009[11] | 2010[12] | 2011[13] | 2012[14] | 2013[15] | 2014[16] | 2015[17] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
35 | 36 | 37 | 36 | 36 | 35 | 36 | 36 | 37 | 39 | 40 | 37 | 40 |
2015/16[18] | 2014/15[19] | 2013/14[20] | 2012/13[21] | 2011/12[22] | 2010/11[23] |
---|---|---|---|---|---|
50 | 43 | 49 | 45 | 51 | 44 |
2015/16[24] | 2014/15[25] | 2013/14[26] | 2012/13[27] | 2011/12[28] | 2010/11[29] |
---|---|---|---|---|---|
34 | 32 | 31 | 30 | 22 | 30 |
Məşhur məzunları
[redaktə | mənbəni redaktə et]Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Co Klark – Kanadanın sabiq Baş naziri;
- Con Törner – Kanadanın sabiq Baş naziri;
- Kim Kempbell – Kanadanın sabiq Baş naziri;
- İndira Samarasekera – Alberta Universitetinin hazırkı prezidenti;
- Devid Turpin – Viktoriya Universitetinin 6-cı prezidenti;
- Lalitx Gemeyc – Şri-Lanka İnformasiya Texnologiyası İnstitutunun icraçı direktoru;
- Con Sveynson – "Computer Associates" korporasiyasının icraçı direktoru;
- Bertram Brokhaus – fizika üzrə Nobel mükafatı laureatı (1994);
- Robert Mandell – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (1999);
- Qalya Reyd – yazıçı;
- Ketlen Hiddl – avarçılıq üzrə üçqat Olimpiya çempionu.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Lamiyə Əliyeva, Dünya universitetləri: Britaniya Kolumbiyası Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 18.06.2010, № 23. (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Directory of Open Access Journals. 2003.
- ↑ "Universities 21 - Members". 2011-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-12.
- ↑ Member Universities (As of 2014) Arxivləşdirilib 2021-09-16 at the Wayback Machine. pul.ynu.ac.jp (ing.)
- ↑ "ARWU - University of British Columbia". Shanghai Ranking Consultancy. 2014. 2015-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "QS World University Rankings (2015)". 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- tudelft.nl — Rəsmi saytı