Avgi
Avgi | |
---|---|
Mifologiya | qədim yunan |
Tipi | Elida padşahı |
Yer | Elida |
Adının izahı | Parlayan |
Cinsi | kişi[d] |
Atası | Eley, Poseydon, Helios və ya Forbant |
Anası | Hirmina |
Uşaqları | |
Əlaqəli anlayışlar | Heraklın əməlləri, Avgi tövlələri |
Vikianbarda əlaqəli mediafayllar |
Avgi[1] (q.yun. Αὐγέᾱς, Αὐγείᾱς, hərf. «parlayan») — qədim yunan mifologiyasında personaj, Elidada yaşayan epey tayfasının padşahı. Bir versiyaya görə, atası Günəş tanrısı Helios tərəfindən ona verilən çoxsaylı sürülərə sahib idi. Mikena padşahı Evrisfey Herakla Avgi tövlələrini uzun illər yığılan peyindən bir gündə təmizləməyi tapşırmışdı. Herakl Avgi ilə razılaşmışdı ki, o, pul müqabilində tövlələri bir gündə təmizləyəcək. Razılıq əldə ediləndən sonra Herakl ən yaxın çaylardan kanal qazmış və tövlələrin divarlarını sökmüşdü. Bundan sonra su tövlədəki bütün çirkləri yuyub aparmışdı. Avgi işin müqabilində razılaşdırılan məbləği ödəməkdən imtina etmiş, ardınca isə Herakl ona qarşı müharibəyə başlamışdı. Elida padşahı ilk hücumu dəf etmişdi, lakin sonra məğlub olmuşdur. Mifin bir versiyasına görə, o, Herakl tərəfindən öldürülmüş, digər bir versiyaya görə isə sağ qalmış və çox sonra təbii səbəblərdən vəfat etmişdir.
"Avgi tövlələri" ifadəsi ifrat dərəcədə kirli və diqqətdən kənarda qalmış bir şeyi təsvir etmək üçün istifadə olunan bir ifadədir.[2][3][4]
Mifologiyada
[redaktə | vikimətni redaktə et]Mənşəyi
[redaktə | vikimətni redaktə et]Avginin mənşəyi ilə əlaqədar bir neçə versiyası var. Müxtəlif mənbələrə görə, o, Günəş tanrısı Heliosun,[5][6][7][8] yaxud Elida padşahı Forbantın,[9] Poseydonun oğlu Eleyin (Etoliyadakı eley tayfasının padşahı)[10] və ya Poseydonun öz oğludur.[9] Bununla bağlı Pavsani yazmışdır ki, "Avgiyə daha çox şöhrət vermək istəyənlər" onun adını (q.yun. Ἥλιος, Ἠλεῖος) təhrif edərək Heliosun (q.yun. Ἥλιος, Ἠέλιος) oğlu adlandırmışdırlar. Bəzi qədim müəlliflər Avginin anası olaraq Hirminanı (Neley, Niktey və ya Epeyin qızı)[11] və ya Amfidamın qızı Navsidamı (bu hallarda Heliosu onun atası hesab edirlər)[8] adlandırırlar.[12] Nəhayət, İoann Tsets yazmışdır ki, Avginin anasının adı İfiboya idi.[13][11]
Afinalı Apollodor başqa bir Elida padşahı – Molionanın əri və Molionidlər əkizləri – Kteat və Evritin onları övladlığa götürmüş atası Aktoru Avginin qardaşı kimi qələmə vermişdir.[14] Pavsaninin yazdıqlarına görə, Aktor Forb və Hirminanın yeganə oğlu olub.[15][11]
Həyatı
[redaktə | vikimətni redaktə et]Avgi eleylər və ya epeylər tayfasının padşahı idi. Bu fərqliliyə baxmayaraq, Miletli Hekatey epeylərin "eleylərdən fərqli bir tayfa" olduğunu, həmçinin Avgiyə düşmən mövqedə dayandıqlarını aydınlaşdırmağı zəruri hesab edirdi.[16] Bir qayda olaraq, Avginin səltənəti Elida regionunda, Efira şəhərində mərkəzləşmiş bir ərazidə lokallaşdırılmışdı,[12] lakin alternativ versiyaya görə, buranın tərkibində Pisa şəhəri də var.[13][11] Məlumdur ki, Avgi araba yarışları təşkil edirdi və bu, daha sonra Olimpiya oyunlarına çevrilmişdir.[17] O, bir dəfə ədalətsiz qərar almış, qalib olan Messeniya Pilosunun padşahı Nestordan dörd atını götürmüş və sürücünü qovmuşdur.[18] Bir çox antik müəlliflər Avgini arqonavtların Qızıl yun üçün Kolxidaya səyahətinin iştirakçısı kimi qeyd edirlər.[7][8][5][13]
Avgi sərvəti ilə fərqlənirdi. Bunun sübutu mifin bir versiyasında Avgi heç bir oğrunun içinə girə bilməyəcəyi bir xəzinə tikmək üçün bacarıqlı memarlar Aqamed və Trofoniyə sifariş verməsi idi.[19] Avgi ilk növbədə Heliosun ona verdiyi nəhəng mal-qarası ilə tanınırdı. Feokritin yazdıqlarına görə, "Heç kim deyə bilməz, düşünə bilməzdi ki, / Bütün bunlara bir nəfər və ya hətta on nəfər sahib idi, / Bütün dünyanın padşahları onlara sürülər versə belə".[20] Bu illər ərzində tövlələrdə külli miqdarda peyin yığılmışdı. Başqa bir versiyaya görə, Elidanın hər tərəfində peyin yığınları ortaya çıxmışdı və buna görə də torpaqların çox hissəsi əkinsiz qalmışdı.[10] Mikena padşahı Evrisfey öz qohumu Heraklı kirli işlərlə alçaltmaq istəyirdi və buna görə də ona bütün peyini bir gündə aradan qaldırmağı əmr etmişdi.[10] Mal-qara ilahi formada sağlam idi və buna görə də tövlələrdə çoxlu miqdarda peyin meydana gəlmişdi. Həmin tövlələr otuz ildən artıqdır təmizlənməmişdi və orada 3,000 mal-qara yaşayırdı.[21] Herakl Avginin yanına gəlmiş və Evrisfeyin əmri haqqında heç nə demədən tövləni bərpa etməyi təklif etmişdi, işin əvəzində isə bütün mal-qaranın onda bir hissəsini və ya Pavsaninin qeyd etdiyi versiyaya görə, padşahlığın bir hissəsini tələb etmişdi.[10] Bu işin icrasının mümkün olmadığına inanan padşah təkliflə razılaşmışdı. Sonra Herakl tövlələrin divarlarından birini sökmüş, suyu yaxınlıqdakı Alfey və Peney çaylarından yayındırmışdı və bu, peyinləri yuyub aparmışdı.[9][22] Pavsaninin versiyasına görə, o, Meni çayının axarını əvvəlki halına çevirmişdi.[23][12][24][25]
Peyin çıxarıldıqdan sonra Avgi Lepreyin məsləhəti ilə Herakla pul verməkdən imtina etmişdi. O, işin əmək hesabına yox, ağıllı hiylə sayəsində icra edildiyini,[23] ya da Heraklın öz padşahının əmrlərini yerinə yetirdiyini və buna işinə görə mükafat almamalı olduğunu irəli sürmüşdü. Hakimlər mübahisəyə nəzər yetirməmişdən əvvəl Elida padşahının oğlu Filey atasının "nalayiq" hərəkət etdiyini bildirmişdi. Bundan qəzəblənən Avgi hakimlərə məhəl qoymayaraq həm oğlunu, həm də Heraklı öz torpaqlarından sürgün etmişdi. Evrisfey, öz növbəsində, Herakl ilə Avgi arasında ödənişlə bağlı razılaşma olduğu üçün tövlələrin təmizlənməsini bir şücaət kimi tanımaqdan imtina etmişdi.[9][22][19][26][12]
Herakl Avgidən qisas almağa qərar vermişdi. O, arkadiyalılar, arqoslular və fivalılardan toplanmış bir ordu ilə Elidaya hücum etmişdi.[27] Avgi Amarinkey ilə ittifaq bağlamış və qoşunların komandanlığını əkiz Molionidlərə həvalə etmişdir, lakin mifin bir versiyasına görə, bu, öz qardaşıoğulları idi. Herakl bu müharibə zamanı xəstələnmiş və buna görə də sülh bağlamışdı. Molionidlər onun sülh bağlamaslnda səbəbini öyrənəndən sonra hücuma keçmiş və çoxlu adamı öldürmüşdülər. Pindar sxoliyalarının müəllifi bildirmişdir ki, bu hadisələr zamanı Avgi Heraklın Meqaradan olan övladlarını öldürmüşdü.[28] Herakl sonradan Molionidlər və ya başqa bir versiyaya görə, Avginin oğlu Evrit İstmiya oyunlarına teorlar (müqəddəs səfirlər) kimi gedən zaman onlara hücum edərək öldürmüşdür. Buna görə də eleylər İstmiya oyunlarında iştirakdan həmişəlik imtina etmişdilər.[29][14] Bundan sonra Herakl yenidən Elidaya hücum etmiş və bu dəfə o, qalib gəlmişdir. Herakl Avgini övladlarının çoxu ilə birlikdə öldürmüş və Fileyi yeni padşah elan etmişdir.[14][19][12][30]
Mifin başqa bir versiyasına görə, Avgi Heraklin Elida üzərindəki dağıdıcı kampaniyasından sağ çıxmışdı. Filey öz səltənətdə sülhü bərpa etmiş və Dulixiyə qayıtməşdır. Bundan sonra Avgi yenidən hakimiyyəti ələ almış və qoca yaşında ölənə qədər hökmranlıq etmişdir. Onun vəfatından sonra taxta başqa bir oğlu Aqasfenə keçmişdir.[31][19][28]
Törəmələri
[redaktə | vikimətni redaktə et]Bir çox mənbələrdə Avginin oğulları kimi Aqasfen və Filey xatırlanır. Onlar müxtəlif dövrlərdə atalarının səltənətini idarə etmişdilər. Yelenaya həyat yoldaşı olmaqda iddiaçılar və Troya müharibəsinin iştirakçıları arasında Aqasfenin oğlu Poliksenin adı çəkilmişdir.[8] Bundan əlavə, Siciliyalı Diodor Avginin oğlu Evrit haqqında yazmış,[27] Homer isə Avginin qızı, Mulinin həyat yoldaşı Aqamedadan bəhs etmişdir.[32] Sonrakı versiyaya görə, Aqameda Poseydon, Bel, Aktor və Dikitasdan üç oğul doğmuşdur.[8] Apollodor Herakldan Fessal adənda oğul doğmuş Epikastdan bəhs etmişdir.[33][13][11]
Mirası
[redaktə | vikimətni redaktə et]Avgi ilə bağlı miflər Pindar tərəfindən qəhrəmanlıq ruhunda şərh edilmişdir. Daha sonra mifin daha rasional versiyası Kallimax, Afinalı Apollodor (və ya indi bu adla tanınan başqa bir yazıçı) və Pavsani tərəfindən hazırlanmışdır. Homer və Pindar üçün sxoliya müəllifinə görə, Avgi, şübhəsiz ki, ləyaqətsiz bir adam idi.[28]
Elida sakinləri hələ b.e. II əsrində Avgiyə hörmətlə yanaşır və onun şərəfinə qurbanlar verirdilər.[34][12] Tarixi dövrlərdə öldürülmüş Molionidlərin xatirəsinə keçirilən İstmiya oyunlarında eleylərə bu turnirə qoşulmaq qadağan edilmişdi.[35]
Müasir klassik alimlər Avgini yerli Elida qəhrəmanı hesab edirlər və onlara görə, Avgiyə pərəstişkarlıq Günəş kultu ilə bağlı idi. Bunu həm adının tərcüməsi ("parlayan"), həm də Heliosa bağlanan şəcərəsi sübut edir.[12] Belə bir fərziyyə var ki, əvvəlcə həm Avgi, həm də onun ögey qardaşı, Kolxida padşahı Eet Heliosun hipostazları idi.[28] Tövlələrdə müşahidə olunan kirlilik Günəş işığı ilə dağılan duman və buludlarla əlaqələndirilirdi.[36] Müasir mədəniyyətdə "Avgi tövlələri" ifadəsi ortaya çıxmışdır. Bu, ağır nizamsızlıq, işlərdə laqeydlik, kirlilik və nizamsızlığın hökm sürdüyü bir situasiyaya aid edilir.[37]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Авҝи төвләләри // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 41.
- ↑ Словарь иностранных слов (rus). М.: «Русский язык». 1989. səh. 624. ISBN 5-200-00408-8.
- ↑ "Arxivlənmiş surət". 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-23.
- ↑ "Arxivlənmiş surət". 2024-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-23.
- ↑ 1 2 Аполлоний Родосский, 1964, I, 170—171
- ↑ Феокрит, 1958, XXV, 54
- ↑ 1 2 Аполлодор, 1972, I, IX, 16
- ↑ 1 2 3 4 5 Гигин, 2000, Мифы, 14
- ↑ 1 2 3 4 Аполлодор, 1972, II, V, 5
- ↑ 1 2 3 4 Павсаний, 1996, V, 1, 9
- ↑ 1 2 3 4 5 Wernicke, 1896, s. 2307
- ↑ 1 2 3 4 5 6 7 Мифы народов мира, 1990, Авгий
- ↑ 1 2 3 4 Schirmer, 1884—1890, s. 731
- ↑ 1 2 3 Аполлодор, 1972, II, VII, 2
- ↑ Павсаний, 1996, V, 1, 11
- ↑ Страбон, 1994, VIII, 3, 9
- ↑ Павсаний, 1996, V, 8, 3
- ↑ Гомер, 1990, Илиада, XI, 698—702
- ↑ 1 2 3 4 Schirmer, 1884—1890, s. 732
- ↑ Феокрит, 1958, XXV, 115—117
- ↑ Strouf, 2005. səh. 13
- ↑ 1 2 Диодор Сицилийский, 2000, IV, XIII, 3
- ↑ 1 2 Павсаний, 1996, V, 1, 10
- ↑ Schirmer, 1884—1890, s. 731—732
- ↑ Wernicke, 1896, s. 2307—2308
- ↑ Wernicke, 1896, s. 2308
- ↑ 1 2 Диодор Сицилийский, 2000, IV, XXXIII, 3
- ↑ 1 2 3 4 Wernicke, 1896, s. 2309
- ↑ Павсаний, 1996, V, 2, 1—2
- ↑ Wernicke, 1896, s. 2308—2309
- ↑ Павсаний, 1996, V, 3, 1—3
- ↑ Гомер, 1990, Илиада, XI, 738—741
- ↑ Аполлодор, 1972, II, VII, 8
- ↑ Павсаний, 1996, V, 4 (1)
- ↑ Павсаний, 1996, V, 2, 2
- ↑ Schirmer, 1884—1890, s. 733
- ↑ Медведева, 2009
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Аполлодор Афинский. Мифологическая библиотека. Л.: Наука. Перевод, заключительная статья, примечания, указатель В. Г. Боруховича. 1972.
- Аполлоний Родосский. Аргонавтика (1000 nüs.). Тбилиси: Мецниереба. Перевод и примечания Г. Ф. Церетели. 1964.
- Гомер. [[Илиада]]. Л.: Наука. пер. Н. И. Гнедича. Изд. подг. А. И. Зайцев. 1990.
- Диодор Сицилийский. Историческая библиотека. Античное наследие. М.: Лабиринт. Перевод, статья, комментарии и указатель О. П. Цыбенко. 2000.
- Павсаний. Описание Эллады. СПб.: Алетейя. Перевод и примечания С. П. Кондратьева под редакцией Е. В. Никитюк. Ответственный редактор проф. Э. Д. Фролов. 1996. ISBN 5-89329-006-2.
- Strouf, Judie L. H. The literature teacher's book of lists. Jossey-Bass. 2005. səh. 13. ISBN 0787975508.
- Страбон. География. Литературные памятники. М.: Ладомир. Перевод и примечания Г. А. Стратановского. 1994.
- Феокрит, Мосх, Бион. Идиллии и эпиграммы. Литературные памятники (15000 nüs.). Л.: Издательство АН СССР. Перевод и комментарий М. Е. Грабарь-Пассек. 1958.
- Гай Юлий Гигин. Мифы. Античная библиотека. СПб.: Алетейя. Перевод с латинского, комментарий Д. О. Торшилова под общей редакцией А. А. Тахо-Годи. 2000. ISBN 5-89329-198-0.
- Ботвинник М. Авгий // Мифы народов мира. М.: Советская энциклопедия. Главн. ред. С. А. Токарев. 1990. 20.
- Медведева А. Авгиевы конюшни // Толковый словарь наиболее употребительных иностранных слов. М.: Центрполиграф. 2009. 13. ISBN 978-5-9524-4203-0.
- Schirmer. Augeias // Roscher Wilhelm Heinrich (redaktor). Ausführliches Lexikon der griechischen und römischen Mythologie (alman). Leipzig: Druck und Verlag von B. G. Teubner. 1884—1890. /.
- Wernicke K. "Augeias 1". Paulys Realencyclopädie der classischen Altertumswissenschaft. 1896. /.