Almas Mehmed Paşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Almas Mehmed Paşa
إلماس محمد باشا
1 may 1695 – 11 sentyabr 1697
ƏvvəlkiSürməli Əli Paşa
SonrakıKörpülü Hacı Hüseyn Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kastamonu
Vəfat tarixi
Fəaliyyəti siyasətçi

Almas Mehmed Paşa (166111 sentyabr 1697) — II Mustafa dövründə ümumilikdə 1 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Təxminən 1661-ci ildə Kastamonuda dünyaya gəlmişdir. Atası Savruq adından dənizçi idi. Rəvayətə görə, üzü həddindən çox parlaq olduğu üçün Almas ləqəbi ilə anılmışdır. Kiçik yaşda saray tərbiyə alaraq Divrikli Mehmed ağanın möhürdarı oldu. Mehmed ağanın Trablusşam əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi. Dövrün padşahı IV Mehmed tərəfindən İstanbula çağırılaraq Əndəruna alındı (1678). Daha sonra sarayda çuxadar, ardından riqabdar ağa oldu. Qısa zamanda yüksələrək Sultan Süleymanın cülusunun ardından silahdarlığa, miraləmliyə, ardından isə xəzinədar kəndxudalığına gətirildi. Nəhayət 1689-cu ildə Rumeli bəylərbəyiliyi ilə nişançı paşa elan edildi. Bu vəzifədə ikən vəzirlik rütbəsi aldı. II Əhməd dövründə ikinci vəzir, II Mustafanın cülusunun ardından riqabdar naibi oldu, bir müddət sonra isə sədarətə gətirildi (1 may 1695).

1683 tarixindəki Vyana mühasirəsindəki uğursuzluğun ardından hərbi sahədə cərəyan edən məğlubiyyətlərin qarşısını almaq üçün ordunun başında səfərə çıxmaq istəyən II Mustafayla birlikdə 1695-ci ilin iyulunda yola çıxdı. Lipve qalasının fəthində rol oynadı. Temeşvar qalasının mühasirəyə alınması ilə 1696-cı ilin aprelində yenidən səfərə çıxıldı. Növbəti Avstriya səfəri isə 1697-ci ildə baş tutdu. Belqrad düzündə gedən müzakirələrdə səfərin hansı istiqamətə tərtiblənməsi haqda qərar qəbul edildi. Qəbul edilən hərəkət planına görə, Orta Macarıstan fəth edilməli və burada avstriyalılarla mübarizə aparmaq üçün İmre Tököli macar kralı olmalı idi. Tisa çayı sahilinə gələn Osmanlı ordusu hələ çayı keçməmiş donanmanın köməyilə Titel qalası ələ keçirildi. Ancaq çayın o sahilində gizlənən 8 minlik Avstriya qüvvəsindən xəbərsiz olan Almas Mehmed Paşa ordunun geri qalanının çayı keçməsi üçün olduqca təhlükəli bir yerdə körpü inşa edilməsi ilə bağlı əmr verdi. Körpü iki gündə tamamlandı. Ancaq düşmən ordusunun yaxınlıqda olması xəbərini eşidən Sultan Mustafa xəzinə, yeniçərilər, silahdarlar, cəbhəxana və toplar dərhal çayın digər tərəfinə keçirildi. Almas Mehmed Paşa yeniçəri ağası və ordunun digər böyük şəxsləri ilə birlikdə ordunun tənzimlənməsi üçün Titel qalasında qaldı. Bundan xəbər tutan Avstriya qoşunları dərhal hücuma keçdi. Sədrəzəm Almas Mehmed Paşa isə bir yandan əyalət qoşunları ilə müdafiəyə keçir, digər yandan isə ordunu çayın digər tərəfinə keçirməyə başlamışdı. Orduda baş verən çaxnaşmalar səbəbilə 2 minə yaxın əsgər körpüdən çaya düşdü və həlak oldu. Az sayda əsgərlə 60 minlik düşmən ordusuna qarşı duran Osmanlı ordusunda sərt davranışları ilə əsgərləri özünə düşmən edən Mehmed Paşa elə o əsnada öz əsgərləri tərəfindən öldürüldü (11 sentyabr 1697).

Bu vaxt körpünün ortası dağılmış, əsgərlərin bir qismi suda boğularaq həlak olmuş, bir qismi isə döyüşərək öldürülmüşdür. Bir çox ordu komandiri həlak olmuş, önəmli miqdarda hərbi sursat, silah və 500-dən çox ərzaq daşıyan arabayla yanaşı, sədrəzəmin üzərində olan II Mustafaya aid sədarət möhürü düşmən əlinə keçdi. Bu möhür hal-hazırda Vyana müzeyində saxlanılır. Zenta məğlubiyyətinin ardından padşah və ordunun geri qalanı Temeşvara çəkildi. Belqrad mühafizəsi ilə vəzifələnən Körpülü Hüseyn Paşa isə sədarətə gətirildi.

Öldüyü əsnada 36 yaşlarında olduğu bilinir. Böyük qardaşı Temeşvar mühafizəsi ilə vəzifələnən Mustafa Paşa avstriyalıların qalanı mühasirəyə aldığı əsnada şəhid düşmüşdü. Oğlu Mustafa bəy isə müxtəlif dövlət vəzifələrində xidmət göstərmişdir.

  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekâyi‘ât, (haz. Abdülkadir Özcan) Ankara 1994, s. 524, 526, 537, 595, 621–626;
  • Tevârîh-i Âl-i Osmân, Berlin Staatsbibliothek, nr. hs. 216, vr. 138a vd.;
  • Silâhdar, Târih, II, 306, 361;
  • a.mlf., Nusretnâme, İÜ Ktp., TY, nr. 5983, vr. 268b −269a, 369a −370a;
  • D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 244, 246, 256–257, 281, 455–456;
  • Hadîkatü’l-vüzerâ, s. 122–124;
  • Şeyhî, Vekayiu’l-fuzalâ, II, 211, 217–218;
  • Râşid, Târih, II, 41, 256–260, 303, 317, 374, 407 vd.;
  • Hammer, HEO, XII, 423;
  • Sicill-i Osmânî, I, 395;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 557, 563 vd.;
  • Orhan F. Köprülü, "İlm-i Nücûma Aid Bir Risâlenin Târihî Kaynak Olarak Ehemmiyeti", TD, sy. 2 (1950), s. 317–320;
  • Fahri Ç. Derin, "Mustafa II.ya Dâir Bir Risale", a.y., sy. 13 (1958), s. 60, 64, 67;
  • Cengiz Orhonlu, "Mehmed Paşa", İA, VII, 583–585;
  • Mücteba İlgürel, "Zenta", a.e., XIII, 535–538;
  • A. H. de Groot, "Mehmed Pasha, Elmas", EI² (Fr.), Vl, 985–986.