Adi zirinc
Adi zirinc | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Adi zirinc |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi zirinc (lat. Berberis vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Orta Avropa, Aralıq dənizyanı ölkələri, İran və Kiçik Asiyada yayılmışdır. Avropada təsvir edilmşdir. Boyu 1,5 m-ə qədər olan şaxələnmiş koldur. Boreal coğrafi tipinin Avropa sinfinin Avropa-meşə qrupuna aiddir. Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Rusiya və Qafqazda yayılmışdır. Adi zirinc Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Adi zirinc may-iyunda çiçəkləyir. Salxım şəklində düzülmüş açıq sarı rəngli ətirli çiçəkləri vardır. Meyvələri avqust-sentyabrda yetişir. 2–3 qırmızı-qonur toxumlu gilədir. Çəkisi 0,14–0,32 qramdır. Toxumu meyvəsinin 24–30%-ni təşkil edir, silindr və ya oval şəklindədir. Uzunluğu 12 mm-dir. Əsasən qırmızı, bəzən isə qara, sarı və çəhrayı rəngdə olur. Meyvəsi turşdur və uc hissəsində qönçə tumurcuğu yapışıq qalır. Meyvəsini əl ilə yığırlar. Şaxta vurduqda dadı yaxşılaşır. Hündürlüyü 2.5 m olan tikanlı koldur, cavan budaqları sarı-qonur, köhnələri – boz rəngdədir. Tikanları 2 sm qədər, yarpaqları nazik ellipsvari, kənarları barmaqlı-kiprikciklidir. Çiçəkqrupu – uzunluğu 6 sm çatan çoxçiçəkli sallaq salxımdır. Çiçək saplağının uzunluğu 5–12 mm-dir. Meyvəsi al qırmızı, bəzən sarımtıl-qırmızı, 12 mm qədər uzunsov, turş giləmeyvədir. Aprel-iyun aylarında çiçəkləyir, iyun-sentyabr aylarında meyvə verir. Yarpaqları nazik, pərdəvaridir, ellipsşəkilli, əksinə yumurtaşəkilli və yaxud əksinə yumurtaşəkilli-neştərvaridir, uzunluğu 4 sm olan saplaqda daralmışdır, kənarları kirpikciklimişarvari, alt tərəfdən torvari, təpə hissəsində kütdür. Yarpaqları açıq yaşıl rəngli və turş dadlı olur. Tərkibində 5% şəkər, 5–6% üzvi turşu (əsasən alma turşusu), 0,6–0,8% aşılayıcı və rəngləyici maddə, 0,4–0,6% pektinli maddə, 4,9% sellüloza, 0,95% kül və 150–170 mq% C vitamini vardır. İyun ayında toplanmış yarpaqlarında 120 mq% C vitamini və meyvə verdikdə yığılmış yarpaqlarında 40 mq% E vitamini vardır. Alkaloid, kumarin, flavonoid, C vitamini, piyli yağlar, steroid, aşı maddələri, antosian və karotinoidlərlə zəngindir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Mezokserofitdir, meşə-kol, sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çaylaqlarda, çaqıl daşlıqlarda bitir. Çox vaxt cəngəlliklər əmələ gətirir. Meşə kənarlarında, kolluqlarda, çınqıllı çaylarda rast gəlinir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanın dağ-meşə rayonlarında, Xızıda və Altıağacda daha çox yayılmışdır. Azərbaycanda zirincin 3 növünə rast gəlinir. Adi zirinc daha çox təsadüf edilir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi rayonlarında arandan orta dağ qurşağına kimi əsasən meşə və meşə kənarlarında, kolluqlarda və çaylaqlarda, çaqıl daşlıqlarda bitir. Çox vaxt cəngəlliklər əmələ gətirir.[2]
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Zirincdən təzə halda çox az istifadə edilir. Bundan sirkə, şərab, jele, mürəbbə, şirə, spirtsiz içki, konfet və karamel içliyi və tamlı qatqı hazırlayır və qurudurlar. Zirincin meyvələrindən hazırlanmış içkilər susuzluğu yaxşı yatırır və iştahı artırır. Tərkibində P vitamini olduğuna görə cavan yarpaqları az bir miqdarda salatlara əlavə etmək olar. Turş meyvələr qənnadı istehsalatında limon və sirkə əvəzedicisi kimi istifadə edilir. Bir qədər kal yığılmış meyvələrini qurudur və sumaq əvəzinə tamlı qatqı kimi istifadə edirlər. Zirinci şorabaya da qoyurlar. Meyvəsindən alınmış cövhərdən likör və qazlı içkilər hazırlanır. Zirinc balverən bitki kimi də məşhurdur. Hər çiçək 0,121–0,611 mq şəkəri olan nektar verir. 1 hektar sahədən 230 kq-a qədər bal əldə etmək mümkündür. Zirinc balı qızılı-sarı rəngdə və ətirli olur.
Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Tibet, Çin, Hind və xalq təbabətində, eləcə də homeopatiyada geniş tətbiq edilir. Zirinc meyvəsindən xalq təbabətində sinqa, raxit, qanazlığı, isitmə, mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər. Zirinc mürəbbəsi sarılığın müalicəsində tətbiq edilir. Zirincin yarpaqlarında berberin alkaloidi vardır. Ona görə də yarpaqlarından alınmış spirtli cövhərdən daxili qanaxmalarda müalicəvi vasitə kimi istifadə edilir. Yarpaqlarında, həmçinin A və C (130 mq%) vitaminləri vardır. Zirinc çiçəklərindən dəmlənmiş çay öskürəyə qarşı içilir. Böyrək, o cümlədən böyrək daşı, qaraciyər, öd və sidik kisəsi, dizenteriya, şəkərli diabet, malyariya, revmatizm, plevrit, göz və qadın xəstəlikləri, habelə xoş və bəd xassəli şişlər, qanaxmalar, ağızda iltihab prosesləri zamanı istifadə olunur. Antigistamin, antiprotozoy, antibakterial, antioksidant, antiseptik, sidik və ödqovucu, hipotenziv, işlədici, sedativ və spazmolitik təsirə malikdir. Zirinc və ondan hazırlanan preparatlar qəbzlik, köp, qepatit, xoletistit və böyrək xəstəlikləri zamanı ziyandır. Klimakterik qanaxmalar vaxtı meyvələrin cövhəri təyin edilmir. Müalıcə məqsədi ilə bitkinin yarpaqları, çiçəkləri, meyvələri, budaqları, qabığı və kökü istifadə edilir.
Oduncağından çəkmə mismarlarının və xarrat məmulatlarının hazırlanmasında istifadə olunur. Yaşıllaşdırmada dekorativ bitki və canlı çəpər kimi də istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 330.
- ↑ Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019