Abşeron yarımadası
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Abşeron yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 2110 km² |
Uzunluğu |
|
Hündür nöqtəsi | 27 m |
Əhalisi | 4,642.097 nəfər |
Yerləşməsi | |
40°27′49″ şm. e. 49°57′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
Şəhərlər | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Abşeron yarımadası[1] — Xəzər dənizinin qərb sahilində, Azərbaycan dövləti ərazisində yarımada. Yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron yarımadasının sahəsi 2110 km2, əhalisi təqribən 4,6 milyon nəfər təşkil edir. Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir.
Abşeronun tarixi
[redaktə | mənbəni redaktə et]Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır. Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir. Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir — Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə. III–I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb edirmiş. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.
Əsas magistral yolları
[redaktə | mənbəni redaktə et]Abşeronda və Bakıda respublikanın əsas nəqliyyat magistralları — Heydər Əliyev adına Beynəlxalq hava limanı, Bakı buxtasındakı böyük dəniz limanı, Bakıdakı dəmiryol vağzalı və respublika paytaxtını regionlarla birləşdirən şose yolları vardır.
Neftin və qazın nəql edilməsi üçün əsas magistral boru kəmərləri də buradan başlanır. Bakı TRASEKA (Avropa-Qafqaz-Asiya) beynəlxalq nəqliyyat dəhlizinin əsas məntəqəsidir. Bu layihə çərçivəsində Azərbaycan tarixi Böyük İpək Yolu marşrutunun bərpa olunmasında iştirak edir.
İqlimi
[redaktə | mənbəni redaktə et]İqlimi əsasən mülayim isti və quru subtropikdir. İl ərzindəki günəşli zamanın həcmi 2200–2400 saatdır. Ən soyuq ayın orta temperaturu qışın sərtliyi ərazi üçün yumşaq (0; −5 °C), çox yumşaq (2.5–0 °C) və həddən çox yumşaq (5–2.5 °C) şəraitdə keçir. Ölkənin ən az yağıntılı (200–400 mm) və ən küləkli ərazilərindəndir. İsti dövrlərdəki (aprel-oktyabr) mümkün buxarlanma 1000 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5–25 gün ətrafında tərəddüd edir.
Küləyin orta illik sürəti 4–6 m/san və daha yüksək olur. Ərazi yüksək külək enerjisi potensialına malikdir. Güclü küləkli günlərin sayına görə respublika üzrə birincilik bu ərazilərdədir: il ərzində sürəti 21 m/san-ə qədər olan küləkli günlərin sayı Şubanıda 227 gün, Butada 140 gün, Sumqayıtda 95 gün, Maştağada 40 gün, Pirallahı adasında 37 gün, Bakıda 35 gün təşkil edir. Bu baxımdan yüksək alternativ enerji — külək elektrik enerjisi potensialına malikdir. Iqlim kontinentallıüı mülayim və orta kontinentallıq intervalında səciyyələnir. İl ərzində şaxtasız dövrün davamiyyəti 250 gün və daha çox, havanın temperaturunun 0 °C-dən aşağı olan günlərin sayı isə Abşeronda 10–20 gün təşkil edir. İl ərzində qar örtüyü olan günlərin sayı 10 və daha az olur. Ərazinin bioiqlim potensialı çox aşağı və aşağı göstəricilərə malikdir.
Ərazi rəngarəng landşaft müxtəlifliyinə malikdir. Ərazidə səhra, yarımsəhra, bozqır və dağ-çəmən landşaftları vardır. Samur-Abşeron və Abşeron kanallarının bir hissəsi, Ceyranbatan su anbarı, Masazır və Mirzaladı və s. şor gölləri bu ərazidə yerləşir. Yüksək kurort-rekreasiya potensialına (dənizkənarı iqlim kurortları, balneoloji kurortlar, dənizkənarı iqlim müalicə və rekreasiya yerləri) malikdir.
Faydalı qazıntılar
[redaktə | mənbəni redaktə et]Abşeron yarımadasında neft, qaz, inşaat daşı ("badamdaş" deyilən əhəng daşı), duz, qum və əhəng yataqları vardır. Abşerondakı Masazır, Qala, Böyük Şor, Xocahəsən duz gölləri çox məşhurdur. Dünyada ən qədim neft quyularının bir qismi Abşeronda yerləşir.
Abşeronda yerləşən palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə Azərbaycan dünyada birinci yeri tutur. Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü cənubi Xəzər neft-qaz hövzəsi hüdudlarında, o cümlədən 300-dən çoxu Azərbaycanın quru ərazisində və Xəzər akvatoriyasında — dənizdə və çoxsaylı adalarda yerləşir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Abşeron yarımadası Azərbaycanın əsas sənaye rayonu olaraq özündə neft-qaz çıxarma və emalı sənaye komplekslərini birləşdirir. Yarımadanın ekoloji tarazlığının pozulmasında bu müəssisələrin rolu çox böyükdür. Hal-hazırda ekoloji mühiti tənzimləmək və sovetlər dövründən miras qalmış ekoloji təhlükə amillərini aradan qaldırmaq üçün müxtəlif dövlət və qeyri-dövlət proqramları həyata keçirilməkdədir.
Yarımadanın kənd təsərrüfatına heyvandarlıq, üzümçülük, bağçılıq və bostançılıq aiddir.
Klimatik dənizkənarı kurortlara malikdir. Mərdəkan, Buzovna, Zağulba, Bilgəh, Türkan və Pirşağıda uşaq sanatoriyaları, vərəm və revmatizmə qarşı istirahət evləri, uşaq və yeniyetmələr üçün düşərgələr fəaliyyət göstərir.
Yarımadada yaşayan əhalinin 95%-ni azərbaycanlılar, qalan 5%-ni isə digər millətlər (ruslar, ukraynalılar və s.) təşkil edir.
Yarımadanin şimal sahilində əhalisi yarım milyon nəfər olan böyük sənaye şəhəri Sumqayıt, cənub sahilində isə 2 milyon əhalisi olan paytaxt Bakı şəhəri yerləşir.
Ətraf mühit
[redaktə | mənbəni redaktə et]Azərbaycanda neft və neft məhsulları ilə çirklənmiş torpaqlar geniş sahədə Abşeron yarımadasında yayılmışdır. Burada 21,3 min hektar müxtəlif dərəcədə neftlə çirklənmiş torpaq vardır ki, bunun da 10,1 min ha çirklənmiş və ya lay suları və neft axıdılmış sahələr (8 min ha çirklənmiş), qalanı isə su hövzələridir. Torpağın səthində toplanan qır, bitum, dərinlik süxurları, asfalt Abşeron şəraitində on illərlə qalır, torpaqda deqradasiya prosesi başlayır. Torpağın strukturasının pozulmasına səbəb də belə qıraltı qatda neft məhsulları 100 illərlə qalmasıdır. Nəticədə torpaq qatındakı mikroorqanizmlər, canlılar və bitkilər məhv olur. Neftlə çirklənmə prosesi ilk aylarda daha sürətlə gedir. Sonradan isə tədricən zəifləyir. Bir ildən sonra torpaqda neft qalıqlarının miqdarı illik miqdarın 30%-i, 4 ildən sonra ilə 23%-ni təşkil edir. Ağır fraksiyalı neftin 30%-ı minerallaşır və ya buxarlanır, yerdə qalan hissəsi az həll olan metabolizm məhsullarına çevrilir ki, bunlar da torpağın üst qatında yığılıb qalaraq onun məhsuldarlığının itməsinə səbəb olur. Neftin tərkibində olan qeyri toksik və ya zəif toksik elementlərə Fe, Al, Mn, Ca, No, P aiddir. Bu elementlər neft külünün əsas hissəsini təşkil edirlər. V, Ni, Co, Pb, Cu, Y, As yüksək konsentrasiyalı olduqları halda biosenoza toksik təsir göstərirlər. Abşeron yarımadasında ən toksik elementlər B, No, Hg, Al, Pb, Cl, Y, Se, Fe, S, Na, Mg sayılır. Onlardan yüksək konsentrasiya klarkina B və Mo aid edilir.[2]
Abşeron yarımadasında rekultivasiya tələb edən neftlə çirklənmiş torpaqlar əsasən Qaradağ, Sabunçu, Binəqədi, Suraxanı, Xəzər rayonlarını və azad Dövlət torpaq fondu sahələrini əhatə edir. Ən ağır və geniş şəkildə neftlə çirklənmə və eyni zamanda təkrar şorlaşma Pirallahı, Qala, Maştağa, Ramana, Sabunçu, Suraxanı, Binəqədi və Qaradağ neft yataqlarında baş vermişdir. Abşeronda neft istismarı altında olan torpaqlar və istismardan azad olmuş sahələr də daxil olmaqla boz-qonur, qranulometrik tərkibcə qumlu, qumsal, gillicəli və ağır gilli torpaqlardır. Yarımadanın şərq hissəsi ilə qərb hissəsi kənd təsərrüfatına yararlılıq cəhətindən xeyli fərqlənir. Abşeronun qərb hissəsi litogen mənşəli şor olması ilə bərabər Puta və Lokbatan hissəsində minerallı qrunt sularının təsirindən torpaq örtüyü təkrar şorlaşmaya da məruz qalmışdır (dəniz sahili mikroçökəkliklərdə). Burada buruq sularından duzlu-neftli göllər yaranmışdır.[3]
Yarımadada neftlə çirklənmiş ərazilərin 1029,2 ha-da çirklənmə dərinliyi 10 sm, 857,3 ha-da 25 sm, 1285,7 ha-da 50 sm, qalan hissələrdə isə 50 sm-dən çoxdur. Abşeronun şərq hissəsində torpaq qatının qalınlığı 10–15 sm-dən 30–35 sm arasında dəyişir. Strukturu zəifdir. Humusun miqdarı üst qatda 1–2 % alt qatlara doğru azalaraq 0,5–0,7% təşkil edir. pH üst qatda neytral, alt qatlara doğru zəif qələvilidir. Torpaqlarda karbonatların miqdarı 9–30 % arasında dəyişir. Abşeron yarımadasının şərq, şimal-şərq və cənub-şərq hissəsinin torpaqları əsasən şoran və şorakətli deyil. Qərb hissəsindəki torpaqlar şoran və şorakətlidir. Zərərli duzlardan ən çox Ca(HCО3)2, CaSО4, Na2SО4, NaCl, MgSО4, və az nisbətdə NaHCО3 vardır. Quru qalığın miqdarı üst 0–50 sm qatda 0.2–3.5% , alt qatlarda 4–5% arasında dəyişir. Duz tərkibli xlorlu-sulfatlı-natriumlu və sulfatlı-xlorlunatriumludur. Udulmuş natriumun miqdarı 10–30 % arasında dəyişir. Neftlə dərin və geniş çirklənmiş sahələrdə və yerüstü anbarlarda bitki örtüyü yoxdur. Lakin təmiz və bəzi səthi çirklənmiş sahələrdə Abşerona məxsus qısa vegetasiya müddəti olan efemer ot bitkiləri о cümlədən, yonca, yovşan, dəvətikanı, çayır, dovşan arpası müxtəlif şoranlıq bitkiləri, yulğun və s. yayılmışdır. Neft mədənləri arasında süni ağaclar bağlar, bağçalar onların içərisində Abşerona məxsus sitrus ağac bitkiləri və kolları geniş müşahidə edilir. Bunların arasında birillik və çoxillik ot bitkiləri daha çoxdur.[4]
Aparılmış irimiqyaslı torpaq-coğrafi və stansionar tədqiqatlara əsasən müəyyən edilmişdir ki, bir tərəfdən Xəzər dənizi səviyyəsinin qalxması hesabına minerallaşmış (5,2–30,8 q/l) və torpaq səthinə yaxınlaşmış qrunt sularının, digər tərəfdən isə neft quyularından çıxan sular və suvarma suları hesabına yaranan izafi nəmlənmə hesabına Abşeron yarımadasının şərq hissəsinin torpaq örtüyünün aqromeliorativ xüsusiyyətləri ciddi dəyişikliyə uğramışdır. Yarımadanın Pirşağı-Kürdəxanı, Binə-Aeroport, Saray-Xırdalan, Binəqədi-Novxanı və digər ərazilərində qrunt sularının yer səthində yaxınlaşması (0,5–1,5 m) və süni göllərin yaranması təsirindən 5,0 min hektara qədər yararlı torpaq sahələri bataqlıqlaşmış və təkrar şorlaşaraq kənd təsərrüfatı dövriyyəsindən çıxmışdır.[5]
Bakı şəhəri tabeliyində olan ərazidə 90 daş karxanası fəaliyyət göstərir. Bunlardan 9-u dövlət müəssisəsi, 81-i kiçik müəssisədir. Mövcud və fəaliyyətini dayandırmış bütün karxanalar hesabına 1090 hektar sahədə torpaq örtüyü məhv edilmiş və təbii landşaft tamamilə pozulmuşdur.[6]
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Abşeron yarımadasının antropogen peyzajı
-
Abşeronun qumlu çimərliyi
-
Atəşgah məbədi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Абшерон јарымадасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 30.
- ↑ H. Aslanov, S. Səfərli. Azərbaycanın neftlə çirklənmiş torpaqları, onların rekultivasiyası və mənimsənilməsi.bakı, 2008.
- ↑ Ağayev Ş. B., Əfkərov Q. X. Abşeron yarımadasının pozulmuş və çirklənmiş torpaqları, onların yaranması, rekultivasiya problemləri. Bakı,2007.
- ↑ Mahmudov R. H., Yaqubov Q. Ş., Məmmədov О. Q., Dadaşova F. C. Torpaq örtüyünün sənaye tullantıları ilə çirklənmə dərəcəsinə görə öyrənilməsi və xəritələşdirilməsi üzrə metodiki tövsiyə. Bakı, 2000.
- ↑ Azərbaycan torpaqlarının morfogenetik profili. Bakı, "Elm", 2004.
- ↑ "ABŞERON YARIMADASININ EKOLOJİ PROBLEMLƏRİ" (PDF). 2020-01-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-25.