Angioprotektorlar
Angioprotektorlar — dərman maddələri. Damar keçiriciliyini normallaşdırmaq, damar divarında mikrosirkulyasiya və metabolitik prosesləri yaxşılaşdırmaq, iltihab və ödeməleyhinə təsir xüsusiyyətləri xasdır. Bu maddələrdən müxtəlif mənşəli angiopatiyalarin müalicəsində-diabetik angiopatiyalarda, damarların aterosklerotik zədələnmələrində, revmatik mənşəli damar keçiriciliyi pozğunluqlarında istifadə olunur. Həmçinin trofik yaralarda, antikoaqulyantların dozalanmasının pozulması fonunda baş verə biləcək damar keçiriciliyinin dəyişilməsi və s. kimi hallarda da angioprotektorlar təyin olunurlar.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Angioprotektor və ya kapilyaroprotektor təsir P qrupu vitaminlərində, askorbin turşusunda, qeyri-steroid quruluşlu iltihabəleyhinə dərman maddələrində vardır. Hazırdabu sıranın selektiv təsirli nümayəndələri kimi, əsasən, aşağıdakı preparatlardan istifadə olunur:parmidin, esflazid, eskuzan, etamzilat, kalsium-dobezilat. troksevazin, tribenozid. Angioprotektorların nümayəndələri bir-birindən müəyyən təsir xüsusiyyətlərinə görə fərqlənsələr də, hialurinodaza fermentini blokada etmək, prostaqlandinlərin biosintezini tormozlamaq, bradikininəleyhinə təsir göstərmək və s. kimi təsir spektri onlara xas olan ümumi cəhətlərdir.
Palmidin
[redaktə | mənbəni redaktə et]Bu qrupun tipik nümayəndəsi palmidin preparatıdır. O, kinin-kallikrein sisteminə təsir göstərməklə bradikininin bioloji fəallığını azaldır, trombositlərin aqreqasiyasını zəiflədir və fibrinogenez prosesini stimulə edir. Əvvəllər ondan aterosklerozəleyhinə dərman maddəsi kimi istifadə olunurdu. Son illər preparatın şəkərli diabetə, mədə və mədəaltı vəz fəaliyyətinə. Ağciyər vərəmində intoksikasiya və infiltratın sorulmasına müsbət farmakoterapevtik təsiri aşkar edilmişdir ki, bu da onun istifadə imkanlarını genişləndirir. Parmidin əlavə effekt kimi dispeptik pozğunluqlar, baş ağrısı, dəri-allergik reaksiyaları törədə bilər və qaraciyərdə transaminaza fermentinin aktivliyini yüksəldə bilər. Preparatla müalicə kursu müddətində bəzən hepatitəbənzər pozğunluqlar da baş verə bilər.
Nümayəndələri
[redaktə | mənbəni redaktə et]Angioprotektorların bir neçə nümayəndəsi vardır ki , bunlara aşağıdakıları misal göstərmək olar.
- Etamzilat
- Kalsium-dobezilat
- Troksevazin
- Eskuzanın
- Esflazid
Təsirləri
[redaktə | mənbəni redaktə et]Etamzilat kapilyarların divarında yüksək molekul çəkili mukopolisaxaridlərin əmələ gəlməsini stimulə etməklə patalogiya fonunda onların keçiriciliyini normallaşdırır, dözümlülüyünü yüksəldir və mikrosirkulyasiyanı yaxşılaşdırır. Həmçinin, trombositlərin adgeziyasını normallaşdırır və hemostatik təsir göstərir. Preparat hiperkoaqulyasiya törətmir və tromb əmələ gətirmir. Göründüyü kimi, onun hemostatik təsiri qanın laxtalanma mexanizmlərinə deyil, birbaşa kapilyarların divarlarına təsirilə əlaqədardır. Etamzilatdan diabetik angiopatiya zamanı baş verə biləcək kapilyar qanaxmalarını saxlamaq üçün, otolarinqologiya və oftalmalogiya praktikasında müvafiq cərrahiyyə əməliyyatları zamanı, stomatologiya, urologiya, cərrahiyyə və ginekologiya praktikasında, habelə təxirəsalinmaz hallarda ağciyər və bağırsaq qanaxmalarında, eləcə də hemorragik diatezlər zamanı istifadə olunur.
Kalsium-dobezilat istər kimyəvi quruluş, istərsə də təsir spektrinə görə etamzilata uyğun preparatdır. Troksevazin kapilyarların keçiriciliyini aşağı salmaqla iltihabı və ödeməleyhinə təsir göstərir. Səthi tromboflebitlərdə, venaların varikoz genişlənmələrində, trofik pozğunluq və yaralarda istifadə olunur.
Tribenozid hiperfunksiyası orqanizmdə müxtəlif patofizioloji pozğunluqlar törədən bradikinin və bu kimi digər biogen aktiv maddələrin antaqonistidir. Preparat flebitlərdə, venoz qan dövranı pozğunluğu və venaların varikoz genişlənmələrində, eləcə də venoz durğunluq mənşəli hemorreya və dərinin trofik pozğunluqlarında təyin olunur.
Angioprotektorların digər nümayəndəsi eskuzanın tərkibinə flavanoidlər, saponin və s. maddələr daxildir. Preparat kapilyarların keçiriciliyini aşağı salmaqla, venoz damarların tonusunu yüksəldir və iltihab əleyhinə təsir göstərir. Vena tonuslandırıcı və antitrombotik maddə kimi venoz durğunluqlarda, aşağı ətraf venalarının varikoz genişlənməsi və s. kimi patologiyalar zamanı tətbiq edilir. Esflazid kimyəvi quruluş, təsir mexanizmi, istifadəsinə göstəriş və əks-göstərişlərə görə praktiki olaraq eskuzana oxşar preparatdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ümumi farmakologiya (Dərs vəsaiti I nəşr, V. Y. Əsmətov və G. A. Hüseynovanın həmmüllifliyilə), Bakı, ATU-nun nəşriyyatı, 2011, n.v.8, 127 səh.
- Qəniyev M. M. FARMAKOLOGİYA. (dərslik, 9-cu nəşr), Bakı, Təbib nəşriyyatı, 2013, I hissə. ç.v. 30,87, 500 səh. (azərb. dilində).