An Luşan üsyanı
An Luşan üsyanı—16 dekabr 755-ci ildən 17 fevral 763-cü ilədək Çində baş vermiş üsyan.
Tarixi
[redaktə | mənbəni redaktə et]Üsyan Tan sülaləsi dövründə 16 dekabr 755-ci ildə başlayıb Shi Chaonun initihar etməsi ilə 17 fevral 769-cu ildə bitmişdir.
Çin ordusu generalı olan An Luşannın ərəbləri, göytürkləri və Soğdluları öz tərəfinə çəkərək Şimali Çində özünü imperator elan edib Yan sülaləsinin əsasını qoydu.
Kidanlar göytürklərin sadiq müttəfiqi idilər, lakin xaqanlıq öz mövcudluğunu dayandırdıqda onların müqaviməti mənasız göründü. 745-ci ildə kidanların əsas başçısı mübarizəni dayandırdı. O, Sunqariy əyalətinin rəisi oldu.
Lakin Mancuriyadakı sərhəd qoşunlarının korpus rəisi An Luşan kidanların üzərinə hücum etməyi və onları soymağı davam etdirirdi. Hiddətlənmiş kidanlar ayağa qalxdılar, lakin An Luşan onları dağıtdı. Lakin dəyişmiş başçı da müqavimət göstərməyə başladı. Çinlilər An Luşanı bu müharibənin təşəbbüsçüsü hesab edirdilər, guya o üsyançıları sakitləşdirmək və xidmət göstərmək üçün bu toqquşmanı salmışdı. Əgər bu həqiqətdə belə olmuşdusa, yaddan çıxarmaq lazım deyildir ki, sərhəd qoşunları müharibəni və köçərilərə nisbətən soyğunçuluğu sevən davakar tayfalardan ibarət idi. Buna görə də toqquşma kortəbii və labüdən baş verməli idi. 751-ci ildə An Luşan altmış minlik qoşunla tatablardan bələdçiləri də olmaq şərtilə kidanlara qarşı çıxış etdi.[1]
751-ci ildəki uğursuzluq həm Şərqdə, həm də Qərbdə İmperiyaya çox güclü təsir göstərdi. 754-cü ildə yağan yağışların və daşqınların — təbii fəlakətlərin sayəsində yaranmış vergilərin və aclığın artmasından bütün ölkənin narazı olması ordunu bürüyən narazılıq kimi hökuməti heç də narahat etmirdi. İmperiya ordusu zərbəçi dəstələrdən — süvari ox atanlardan və dəmir geyimli döyüşçülərdən, habelə çoxsaylı köməkçi vasitələrdən: piyadalardan, araba nəqliyyatından, xidmət sahələrindən, intendant qoşunlarından və s.dən ibarət idi.
Qoşunların nəhəng miqdarda olması onunla izah olunur ki, bütün bu döyüş qabiliyyəti olmayan dəstə onların sırasına daxil idi. Lakin köməkçi vasitələr olmadan süvari oxçular və dəmir geyimli döyüşçülər vuruşa bilməzdilər, çünki əgər döyüşçülər özləri öz atlarına qulluq etsələr, silahlarını təmizləsələr, odun daşısalar və yemək hazırlasalar onda onlar oxun yayını qulaqlarına qədər çəkmək və ağır qılıncla vuruşmaq üçün kifayət dərəcədə dincələ bilməzlər.[2]
Sərkərdə An Luşanın rəhbərliyi altında olan nizami yabançı qoşuna Du Fu şeir həsr etmişdir, o bu şerdə 751-ci ildə qoşunda mövcud olan intizamı və döyüş ruhunu təsvir edib. Şer bu qoşunların 755-ci ildə üsyanından bir neçə ay əvvəl yazılmışdır. Onların başçısı hunlara qalib gələn məşhur xan sərkərdəsi, başqa şerdə isə şahin ilə müqayisə olunur.
749-cu ildə tibetlilərə qarşı çıxış edən Qe Şulinin ordusunda səfərbərliyə alınmış Çin döyüşçülərinin hissləri və əhval-ruhiyyəsi Du Funun təsvir etdiyinə bənzəmir.[3]
An Luşan Çinin təsir altına düşən köçərilərdən idi. Atası türk, anası soqdiyalı idi.[4] O, 736-cı ildə diviziyaya başçılıq edərək döyüşü kidanlılara uduzmuşdu. O buna görə ölümə məhkum olsa da imperatorun qarşısında özünə haqq qazandırmışdı. An Luşan türk cəldliyi ilə çin hiyləgərliyini özündə birləşdirmişdi, o eyni vaxtda hiylə işlətməyi və vuruşmağı, məkrlilik etməyi və əmr verməyi bacarırdı. Saray müftəxorlarının satqınlığını bildiyinə görə, An Luşan rüşvət vermək üçün pullarına heyfi gəlmirdi, elə buna görə də o sürətlə yuxarı vəzifələrə qalxırdı.
Bu zaman sarayda zadəganlar, yəni yüksək mənsəbli ailələrin üzvləri, imtahan vermək yolu ilə rütbə almış "alimlər" arasında mübarizə gedirdi. Sonuncuların rəhbəri hesab olunan Li Lin — fu, hökumətin başçısı öz rəqiblərinə qalib gələrək tamamilə savadsız köçəriləri hərbi vəzifələrə irəli sürməyə başladı, onları təhlükəli hesab etmədi. Bu dalğa An Luşanı ayağa qaldırdı. O, 742-ci ildə hərbi islahat vaxtı Mancuriyada, Pinlunda korpus aldı; 744-cü ildə Ordosun mərkəzi hissəsində olan Fanyanda daha bir korpus, 752-ci ildə isə Ordosun şimalındakı Xedunda korpus almağa nail oldu. 754-cü ildə o süvari qoşunlarını ilxılarla təmin etmək məqsədilə özünə hüquq verilməsini xahiş elədi. An Luşan ona tabe olan vilayətlərdən böyük gəlir əldə edərək, kidanlardan, tatablardan və tonqra tayfasından ibarət səkkiz min seçmə döyüşçü topladı. Həmçinin başçı Abusun salamat qalmış türk silahdaşlarını öz ordusuna daxil elədi. Yuxarıda qeyd edildiyi kimi, Abus 753-cü ildə Çinlilərin zindanında ölmüşdü.
An Luşana sadiq olan soqdiyalı tacirlər onun özü tərəfdən "hər yerə ticarət etməyə, həm də onun üçün pul qazanmağa və şəraiti öyrənməyə göndərildilər. Hətta Çin məmurları arasında belə An Luşan özünə dayaq və həmfikir tapdı.
Həddən artıq qızğın fəaliyyət, qoşunun artması, sərhədyanı malikanələrin bir əldə birləşməsi, bəlkə də bizə gəlib çatmayan kəşfiyyat məlumatları nazir Yan Qo-çjunu An Luşana qarşı məhkəmə işi qaldırmağa məcbur etdi. An Luşan işin təhqiqatından yayınmadı, şəxsən paytaxta gəldi, özünə çox gözəl haqq qazandırdı və 2500 nəfər zabitə vermək üçün mükafat da əldə etdi ki, bu da üsyanqabağı ona lazım idi. O, 755-ci ildə 32 nəfər yüksək rütbəli çin zabitini özünün təqdim etdiyi köçəri namizədlərlə əvəz olunmasını xahiş elədi. Yan Qo-çjunun müqavimətinə baxmayaraq imperator bu xahişi yerinə yetirdi. Lakin An Luşan başa düşdü ki, daha məsələni uzatmaq olmaz, odur ki, 755-ci ilin noyabr ayında Xebey əyalətinin Yuyyun adlı kəndində təbillər çalındı və Yan nəslini devirmək üçün üsyana çağırış elan edildi. 150 minlik sərhəd qoşunu əsgər və zabitlərin tam yekdilliyilə üsyana qalxdı. An Luşanın müşavirləri arasında hətta türk şahzadəsi Aşina Çen-Tsin də var idi. Belə güman etmək olar ki, çox ciddi olan bir proqram—Yan Quy-feyin devrilməsi heç kimi aldatmırdı. Əsgərlər başa düşürdülər ki, onlar öz hüquqlarını müdafiə etmək üçun hakimiyyəti ələ keçirməyə gedirlər; çinlilər isə başa düşürdülər ki, onların üzərinə xu adlı barbarlar gəlirlər, onları qırmaq lazımdır. İmperiyanın birliyi hər tərəfdən dağılırdı.
Hökumət üsyana An Luşanın Çanyanda yaşayan oğlunu qətlə yetirməklə, üsyanı yatırtmaq üçün iki ordu göndərməklə cavab verdi. Ordunun birində 60 min nəfər, digərində isə 110 min nəfər döyüşçü var idi. Hər iki ordu darmadağın edildi.
An Luşan dərhal paytaxtın üzərinə hücuma başladı. Şərqi paytaxt olan Loyan şəhəri dərhal onun əlinə keçdi. Şensiyə, Çanyana doğru gedən yolu dağlıq keçidi tunqundakı zastava tutmuşdu, şərqdə, Xebey və Xedunda isə kidan knyazının oğlu Li Quan-bi üsyançılara qarşı güclü müdafiə təşkil eləmişdi. O, 756-cı il üsyançıların sərkərdəsi Şi Sımini məğlubiyyətə uğrada bildi, bununla da Xebeyin bir hissəsi An Luşana qarşı çıxdı.
Lakin Lanbao yaxınlığındakı vuruşmada Çin hökumətinin qoşunları tamamilə darmadağın edildilər, bu Tunquan qarnizonu arasında çaxnaşmaya səbəb oldu. Keçidi müdafiə edən əsgərlər geri çəkildilər və üsyançılar 756-cı il iyulun 10 — da Şensi şəhərinə daxil oldular.
Amma bu peşəkar əsgərlərin törətdikləri vəhşiliklər Çin əhalisini sülalənin möhkəm müdafiəsinə qaldırdı. Halbuki üsyana qədər münasibət skeptik və yaxşı deyildi.
Şair yenicə vəsf elədiyi orduya qarşı münasibətini necə də kəskin dəyişdi. O, artıq onun əsgərlərini vəhşi adlandırır, onlar dərhal qatı düşmənə çevrilmişdilər. Saraya və hökumətə qarşı olan bütün inamsızlıq bir anlığa yox oldu. "Bu dönüş bütün Çin cəmiyyətində baş vermişdi, çünki onlar imperatorun və saray əyanlarının qabiliyyətsizliyini görərək üsyançılarla mübarizə aparmaq təşəbbüsünü öz əllərinə aldılar. Lakin Çin vətənpərvərlərinin An Luşanın döyüşlərdə bərkimiş və qələbədən ilhamlanmış veteran döyüşçülərinə qarşı çıxara biləcək heç bir real qüvvəsi yox idi.
İmperator məşuqəsi ilə paytaxtı tərk elədi, lakin onun şəxsi qvardiyaçıları, xüsusi mühafizə dəstəsi tabeliyindən çıxdılar. Onlar hadisələrin gedişini nəzərə alaraq islahatların keçirilməsini yaxud sülalənin dəyişdirilməsini istəmirdilər, amma daha çox bütün fəlakətlərin səbəbkarı hesab elədikləri Yan quy — feya görə ölmək istəmirdilər.
Bu vaxt hökumət qoşun toplaya bildi: uyğurlar, ərəblər, xotanlar, Şato türkləri və birmanlılar imperiyanın nizami qoşunlarına qarşı Çinin müdafiəsinə qalxdılar. 757-ci ilin sentyabr ayında Finşuy çayının sahilində düşmənlər qarşılaşdılar. Xuay-en uyğurlara başçılıq edərək üsyançıların ordusunun arxasına keçdi. O, bu zaman pusquda duranlarla qarşılaşdı, onları axırıncı süvariyə qədər qırdı və sonra isə arxadan zərbə endirdi. Eyni zamanda xotanlılara, ərəblərə və şatolara başçılıq edən Li Sıye üsyançılara üzbəüz hücum elədi. Üsyançılar darmadağın edildilər, onların itkisi 60 min nəfər oldu, lakin bu rəqəm adi şişirtmə idi. Çünki kampaniya başa çatmamışdı. Əgər üsyançıların ordusu həqiqətən şəxsi heyətin 40 faizini itirmişdilərsə onda kampaniya davam edə bilməzdi. Burada onu da nəzərə almaq lazımdır ki, onun arxa cəbhəsini uyğurlardan və kidanlardan mühafizə etmək lazım idi.
Bununla bərabər müstəqil uyğur dəstəsi Nanşanyanın cənub yamaclarında (görünür, Sinin yaxınlığındadır) üsyançıların qoşununu məhv etmək üçün tapşırıq aldı. O, bu tapşırığı yerinə yetirdi və yenidən şimala qayıtdı. Bu vaxt Qo Tszı-i-nin qoşunu hərəkətə gəldi. Üsyançılar bu qoşunu sıxışdırdılar. Uyğurlar bunu bilib onların arxasına keçdilər və zərbə endirdilər. Qəfil zərbə qoşun arasında çaxnaşmaya səbəb oldu və üsyançılar qaçmağa başladılar. Yan Çjuan Loyan şəhərini ataraq An Luşanın zəif ağıllı oğlu ilə birlikdə Sarı çayın arxa tərəfinə geri çəkildi. Burada uyğurlar nə üçün Çinə gəlmələrini göstərdilər: hər yerdə qarət və zorakılıq başlandı. Sakinlər budda monastırlarında öz "xilaskarlarından" qaçıb gizlənirdilər. Uyğurlar iki monastırı yandırdılar və 10 min nəfərə yaxın adamı qılıncdan keçirdilər. Çinlilər arasında onlara yol göstərənlər də tapıldı. Qocalar uyğurların başçılarına 10 min top ipək gətirib verdikdən sonra onlar qarəti saxladılar və çıxıb getdilər. 757-ci ildə olmuş kampaniya belə qurtardı.[5]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- E. G. Pulleyblank, The Background of the Rebellion of An Lu-Shan, London: Oxford University Press (1955)
- E. G. Pulleyblank, "The An Lu-Shan Rebellion and the Origins of Chronic Militarism in Late T’ang China", in Perry & Smith, Essays on T’ang Society, Leiden: E. J. Brill (1976)
- Denis Twitchett (ed.), The Cambridge History of China, Volume 3, Sui and T’ang China, Cambridge: Cambridge University Press (1979)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lev Qumilyev, Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. səh.300
- ↑ Lev Qumilyev, Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. səh.314
- ↑ Lev Qumilyev, Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. səh.315
- ↑ Beckwith, Christopher I. (2009): Empires of the Silk Road: A History of Central Eurasia from the Bronze Age to the Present. Princeton: Princeton University Press.
- ↑ Lev Qumilyev, Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. səh.320.