Ceyran

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ceyran
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Ceyran
Beynəlxalq elmi adı

Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır.

Ümumi xarakteristikası və görünüşü

[redaktə | mənbəni redaktə et]

Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır. Sifətində və böyürlərində tünd və açıq rəngli zolaqların növbələşməsi, eləcə də ağ quyruqətrafı “güzgüsü” səciyyəvi xarakter daşıyır.

Ceyranlarda quyruq nisbətən uzun olub, ucu qaradır və 15-20 sm-ə çatır. Quyruğu sallandıqda quyruqətrafı "güzgü"nü örtür. Buynuzunun uzunluğu 25-43 sm olur. Bəzən dişilərdə də buynuza təsadüf edilir, lakin qısa ölçülü olur (5 sm-ə kimi). Dişilər 9 aylığında, erkəklər isə 18 aylığında cinsi yetkinliyə çatırlar. Boğazlıq müddəti 5-6 ay çəkir. Ceyranlar 1-2, çox az hallarda isə 3 bala doğurlar. Balalar 4-5 aylıq olana qədər süd əmirlər. Ceyranların ömür müddəti 10-12 ildir. Bu antilopda iy vəziləri yaxşı inkişaf etmişdir. Bu vəzilərin ifrazatı ilə, heyvanlar bir-birini axtarır və ünsiyyət yaradırlar.[3]

Dünyada və Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

İnsanların sevdiyi gözəllik obyekti olan ceyran həmişə onların diqqətini özünə cəlb etmişdir. Başqa məməlilərə nisbətən bu heyvan dünyada çox az yayılmışdır. Növün arealı: Ərəbistan yarımadası, İran, Cənub–şərqi Gürcüstan (nəsli kəsilmiş növ), Kiçik Asiya yarımadası, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Pakistan, Monqolustan, Şimal-qərbi Çin və Cənubi Qafqazda isə əsas arealı Azərbaycandır. Azərbaycan ceyranların nisbətən çox yaşadıqları ərazi olmuşdur. Lakin, uzun tarixi dövr ərzində insanlar bu heyvanları qıraraq, onun arealını – antropogen landşaftlara çevirmiş, beləliklə bu heyvanlar məhdud və bir-biri ilə əlaqəsi olmayan kiçik sahələrdə az miqdarda qala biliblər.

XX əsrin 40-cı illərinədək ceyranlar Azərbaycanda Acınohur, Eldar düzündə, Turt – Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılmışdı. 1950-ci illərə qədər respublikamızda ceyranların sayı kəskin şəkildə azalmağa başlamışdır. 1960-1961-ci illərdə təyyarə vasitəsilə keçirilmiş sayğı zamanı yuxarıda qeyd edilmiş (14, 3 min km²) ərazilərdə cəmi 131 baş ceyran rast gəlinmişdir. Əsas sıx yaşayış arealı olan Muğan düzündə ceyranların tamamilə kökü kəsilmişdir. Buna səbəb ceyranların ovlanması və heç bir təbiəti mühafizə işinin həyata keçirilməməsi olmuşdur. Bu səbəbdən 12-15 başdan ibarət kiçik bir dəstə Giləzi gölü ətrafında müşahidə edilmişdir. Hal – hazırda Azərbaycanda ceyranların müasir yaşadıqları sahələr Şirvan Milli Parkını (17,7 min ha), Bəndovan (51,8min ha) və Korçay (20,55 min ha) yasaqlıqlarını və İlisu Dövlət Təbiət Qoruğunun Acınohur-Ceyrançöl ərazisini (17 min ha) əhatə edir. Bu ərazilər bir-birindən tamamilə uzaq və təcrid edilmiş şəkildədir.

Cütdırnqalı heyvanların istər dağlıq ərazilərdə, istərsə də açıq səhra şəraitində məskunlaşmış növlərinin xarakterik ekoloji xüsusiyyətlərindən biri də, onların dəstələrlə yaşamasıdır. Belə dəstələr və ya sürülər heyvanların birgə yaşayış forması olmaqla bir sıra ekoloji əhəmiyyət kəsb edir. Bu, hər şeydən əvvəl, onların kollektiv sayıqlığını artırır, heyvanlar öz düşmənlərindən yaxşı qoruna bilir, yırtıcıların əksəriyyəti iri sürülərə hücum etməkdən çəkinir, qar örtüyünü tapdalayaraq yumşaldır, getdikləri ərazidə qısa müddətdə cığır sala bilirlər ki, bu da onların hərəkətini asanlaşdırır. Bunlardan başqa, sürüdə olan zəif, xəstə fərdlər nisbətən qüvvətli və sağlam fərdlərin arxasınca gedir. Qar örtüyü olan yerlərdə sürüdə, olan cavan və qüvvətli erkəklər qarı asanlıqla tapdalayıb təmizləyir, zəif dişi və nisbətən kiçik yaşlı fərdlərin rahat otlamasına şərait yaranır. Bir sözlə, cütdırnaqlı heyvanlarda sürülərin yaranması onların kollektiv şəkildə əlverişsiz şəraitdə yaşaması üçün uyğunlaşmadır.

Yuxarıda göstərilən məlumatları ümumiləşdirərək, aşağıdakı nəticələrə gəlmək olar: Şirvan Milli Parkında da ceyranların sürülük indeksi yay aylarında kiçik, yaz aylarında nisbətən böyük olur. Payız fəslində isə bu göstərici hər iki fəsilə nisbətən 9-10 dəfə böyükdür. Sürülərdə heyvanların sayı orta hesabla 15-17 baş arasında dəyişir.

Yaşayış yerləri

[redaktə | mənbəni redaktə et]

Ceyranlar yovşanlışorangəli düzənlik yerlərdə,bəzən də xırda təpələri olan çöllərdə yaşamağa uyğunlaşmışdır. Onlar başlıca olaraq bərk torpaqlı (çınqıllı və gilli) arid sahələrin sakinidir. Ceyranlar həmçinin yarımsəhra bitki örtüyü olan dağətəyi landşaftlarda da məskunlaşmağa uyğunlaşmışlar. Yayda onlar yaxınlıqdakı əlverişli su hövzələrindən 5–6 km-dən artıq aralanmayaraq kanalların,göllərin və Xəzərin sahili boyunca yerlərini dəyişirlər. Ceyranlar fəsillərlə əlaqədar olaraq mövcud yaşayış yerlərini (ümumi areal daxilində) başqa biotoplarla əvəz edirlər. Ceyranlar tipik səhra və yarımsəhralarda məskunlaşmağa uyğunlaşmış faunanın nümayəndəsidir. Onlar Asiyada bütün səhra və yarımsəhra tiplərində yaşayırlar. Çox səciyyəvi yerləri, yovşanlı-şorangəli səhralar və yovşanlı-qırtıclı yarımsəhra landşaftları sayılır.

Ən çox üstünlük verdikləri yaşayış sahələri açıq düzlərdir. Digər antiloplardan fərqli olaraq nahamar, dərəli-təpəli və yarımörtülü sahələrdə yaşamağa uyğunlaşa bilirlər.

Digər vəhşi cütdırnaqlılarla müqayisədə ceyranlar daha çox fəal heyvanlardır. Yaz aylarında ceyranların fəallığı daha yüksək olur. Heyvanlar günün bütün işıqlı vaxtlarını otlayır, qısa müddətdə dincəlirlər. Qışdan çıxmış heyvanlar fizioloji cəhətdən zəif olduğundan çox qida qəbul etmək üçün bütün gün ərzində otlayırlar.

Yazda (mart-may aylarında) ceyranlar səhərin alatoranlığından otlamağa başlayır, çox qısamüddətli istirahətdən sonra yenidən qidalanmanı davam etdirirlər. Qalan saatlarda növbə ilə dincəlirlər. Qidalanma təxminən tam qaranlıq düşənə qədər davam edir. Yaz aylarında ceyranlar yulğun kollarının daldasında, torpaq təpələrinin külək tutmayan tərəfində və qurumuş otların üzərində uzanaraq dincəlirlər.

Ceyranlar ətraf mühitə qarşı həddindən artıq həssasdırlar. Onlar görmə, eşitmə, iybilmə qabiliyyətləri yüksək dərəcədə inkişaf etmişdir. Ceyranlar səhra şəraitində yaşayan digər cütdırnaqlılarla müqayisədə (sayqak, dzeren, qulan və s.), uzaq məsafəli miqrasiyalar etmirlər. Onlardan fərqli olaraq ceyranlar yarımbağlı biotoplarda da (kol-kos, qamışlıq, yulğunluq) otlayırlar.

Azərbaycan şəraitində ceyranların hazırkı yaşayış yerlərini areal adlandırmaq ekoloji cəhətdən düzgün deyildir. Çunki, istər Şirvan Milli Parkı, istərsə də Korçay yasaqlığı konkret sərhədlərə malik qapalı ərazilərdir. Belə yerlərdə, ceyranlar fəsillərlə əlaqədar, həmçinin, qida azlığı, narahatedici amillər olduqda, su mənbələri olmadıqda, gündən qorunmaq üçün kolluqlar olmadıqda yerlərini dəyişməyə məcbur olurlar. Məsələn, Şirvan Milli Parkında ceyranlar qışda soyuq küləkli və qarlı Şimal-şərq kvartallarından daha əlverişli olan Cənub-qərb sahələrinə köç edirlər. Azərbaycanda yalnız 15-18 başdan ibarət olan Giləzi populyasiyası sərhədsiz ərazidə olduğu üçün normal miqrasiya edə bilir.[3]

Ceyranlarda cinsi yetişkənlik dişilərdə 7-19 aylığında, erkəklərdə isə 18-30 aylığında başa çatır. Çoxalmanın birinci mərhələsi olan hövrəgəlmə prosesi, təqribən sentyabrın ikinci yarısında başlayır. Bu proses erkək fərdlərdə sentyabrın sonunadək özünü göstərir. Bu dövrdə, ceyranlar çox az dincəlir, çox otlayır, erkəklər arasında tez-tez vuruşma baş verir, onlar bir-birilə oynaşırlar. Bu proseslə əlaqədar ceyranlarda xüsusi davranış reaksiyaları müşahidə olunur.

Ceyranlarda cütləşmə dövrünün başlanması ərəfəsində bir sıra davranış formaları müşahidə edilir. Onlar cütləşmə prosesinin baş verəcəyi əraziləri seçərək nişanlayırlar. Bu prosesi əsasən yaşlı erkək fərdlər icra edirlər. Onlar seçdikləri cütləşmə sahəsini əhatə edən sərhəd xətləri üzərində qabaq ətrafları ilə yeri qazaraq kiçik çalalar əmələ gətirir və həmin çalalara peyinini ifraz edərək doldurur. Beləliklə, yaşlı erkək fərdlər özləri üçün ətraf sahələrdən təcrid olunmuş cütləşmə sahəsi yaradır. Belə nişanlanmış sahəyə başqa erkək fərdlər girmirlər. Bu proses ceyranlarda özünəməxsus ekoloji uyğunlaşmadır. Belə nişanlanmış sahələrin düzəldilməsi ceyranlardan başqa digər məməli fauna növlərində də müşahidə olunur və cütləşmə dövründə dişi fərdlərə görə başqa erkəklərlə vuruşmaqdan yayınmaq üçün səciyyəvi instinktdir.

Cütləşmə ərəfəsində (təxminən oktyabrın ortalarından dekabrın sonuna qədər) bu prosesdə iştirak edəcək erkək fərdlərin toxumluqları və toxum axarı şişir. Cütləşmədə iştirak etməyən fərdlərdə bu hal müşahidə olunmadığı üçün, onları müəyyən məsafədən təyin etmək mümkündür. Erkək fərdlərin toxumluqları və toxum axarı yolları cütləşmə dövrü başa çatdıqdan sonra yenidən normal anatomik ölçüdə olur.

Cütləşmə dövrü hava şəraitindən asılı olaraq dəyişir. Yağışlı və soyuq payız aylarında bu dövr nisbətən uzanaraq gec başlayır (oktyabrın ikinci ongünlüyündən) və dekabrın axırına qədər davam edir. Nisbətən quraqlıq və isti keçən illərdə isə sentyabrın ortalarından – oktyabrın sonunadək uzanır. Ceyranların boğazlıq müddəti dəqiq təyin olunmayıb. Bu müddət təxminən 5-5,5 aya qədər davam edir. Bəzən bu müddət 6 aya qədər uzanır. Qoruq ərazisində heyvanların cütləşmədə iştiraketmə vaxtından asılı olaraq, doğum dövrü 20-30 gün fərqli ola bilir. Doğum intensivliyi hava şəraitindən asılı olaraq az və kütləvi xarakteri daşıyır. Havaların nisbətən mülayim keçdiyi illərdə doğum dövrü mart-aprel aylarında, yağışlı və soyuq hava şəraitində isə nisbətən uzanaraq aprelin əvvəlindən iyunun əvvəlinə qədər davam edir.

Doğum dövründə boğaz heyvanlar çox dalda yerlərə çəkilərək sakit və təhlükəsiz biotopda bir, iki, bəzən də üç bala doğurlar.

Ceyranlar qidaya çox tələbkar olmayan heyvanlardır. Aparılan müşahidələr göstərir ki, Şirvan Milli Parkında ceyranların qidasını təşkil edən bitki örtüyü yarımsəhra şəraitinə uyğunlaşmış efemer – kserofit bitkilərdir. Parkın ərazisində aşağıdakı bitki formasiyaları mövcuddur: səhra bitkiləri – qara şorangə, şahsevdi, duzlaq şorəngəsi, yarımsəhra bitkiləri yovşanlı, çərənli-yovşanlı, yovşalı-efemerli, dənli – müxtəlif otlu, efemerli sahil qumlu və çala-çəmən bitki formasiyaları. Ərazidə ən çox yayılan yulğun, şahsevdi, şorangə – çoxillik efemerləri və şahsevdili – yulğun kollarıdır ki, bunlar, əksər yerlərdə qarışıq assosiasiyalar yaradır. Bu bitkilər bütün fəsillərdə başlıca olaraq qışda ceyranların çox xoşladıqları qida hesab olunur. Ərazinin cənub-şərq hissəsində ən çox səhra bitkiləri yayılmışdır. Bu bitkilərin sahəsi Xəzər dənizinin sahil xətlərinə qədər uzanır.

Ceyranlar ən çox şorlaşma olan yerlərin bitkilərindən – çərən, şorangə, qışotu, bitişikçiçək, digər çoxillik və birillik halofit bitki qrupları ilə, qış fəslində isə kollar arasında qalan birillik sancaqayağı, bozaq, laturus, bağayarpağı, incilə, dəvəayağı, kimi efemerlərlə qidalanırlar.

Heyvanların qidasının 75-80 %-ni yarımsəhra tipli bitkilər təşkil edir ki, bu da ərazinin şimal və qərb hissəsindəki şorlaşmış, yaxud zəif şorlaşmış torpaqlarda inkişaf etmişdir. Bu hissədə, ot və birillik efemerlərə rast gəlinir. Bunlardan tonqalotu, bozaq, buğdayı ot, qarayonca, kilikburuna təsadüf edilir. Bu bitkilər istər qışda (qar altında) qurumuş şəkildə, istərsə də erkən yazda yovşan yarımsəhraları ilə birlikdə ceyranların yem bazasının əsasını təşkil edirlər. Bu qrup bitkilər qısa vegetasiya müddətinə malikdir və çoxlu toxumları olduğu üçün qüvvətli yem kimi əlverişlidir. Düzənlikdə, xüsusilə, ərazinin cənub otlaqlarında adətən taxıllar, xaççiçəklilər, paxlalılar, mürəkkəbçiçəklilər və s. fəsilələrdən olan efemerlərin iştirak etdiyi xırda sahələrdən ibarət yarımsəhralara rast gəlinir. Bu qruplaşmalar ceyranların yay otlaqları üçün və payız fəslində heyvanların cütləşmə dövrü üçün qüvvətli qidalardır.

Əlverişli hava şəraitində efemerlərin toxumları adətən payızda cücərir və cücərmə mərhələsində qışlayır. Bu cücərtilərin bir hissəsi qış düşənədək inkişaf edir və müəyyən vegetativ kütlə verir ki, bu, ceyranların qış fəsli üçün yem bazasının 20 – 25 % - ni təşkil edir. Efemerlər yazın axırına yaxın (may ayının ortaları) quruyur. Erkən yazda (martın axırları) havaların istiləşməsilə əlaqədar efemerlərin bir hissəsi çiçəkləyir və toxum verir. Bu toxumlar qida rasionunun əsas hissəsini təşkil edir. Məsələn, soğanaqlı qırtıcın inkişafı payızda gedir. Heyvanlar onların soğanağından çox həvəslə istifadə edirlər.

Şirvan Milli Parkının ərazisində su mənbələri, əsasən, Çala gölü, Şirvan kollektoru, onlardan ayrılan arxlar və dənizin sahil xətlərinə yaxın ərazilərdir. Burada suyun tərkibində duz az olduqca (1 litrində 9-14 qr) ceyranlar ondan içə bilir, artıq olduqda isə heyvanlara öldürücü təsir göstərir. Bundan başqa qış aylarında heyvanlar qardan da istifadə edirlər.

Çox ovlanmağına görə IUCN Qırmızı kitabında VU kateqoriyasındadır.azərbaycanda ən çox Şirvan milli parkında qorunur

  1. S.M.Quliyev. Azərbaycanın cütdırnaqlılar faunası. 2008, səh. 620
  2. Azərbaycanın Qırmızı Kitabı. II cild. Bakı: 2013
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. 1 2 Azərbaycanın Çütdırnaqlılar faunası. S.M.Quliyev 2008, səh. 620