Ürəyin xarici masajı
Ürəyin xarici masajı
[redaktə | mənbəni redaktə et]İstənilən səbəbə görə (qəza, suda boğulma, elektrik cərəyanın vurulması və s.) ürəyin dayanması zamanı ürəyin xarici (qapalı) masajını icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır. Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir[1].
Diqqət! Əgər zərərçəkmiş insana yalnız 1 nəfər yardım edirsə, bu halda yalnız ürəyin xarici massajı həyata keçirilir, süni tənəffüs verilmir.
Ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın - əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır.
Zərərçəkənin yaşından asılı olaraq ürəyin xarici (qapalı) masajı bir qədər fərqli şəkildə aparılır. Yenidoğulmuşlarda və südəmər uşaqlarda ürək böyük yaşlı uşaqlara nisbətən bir qədər aşağıda yerləşir. Uşaqlarda döş qəfəsinin elastik və ürək əzələsinin isə zərif olmasını nəzərə alaraq, ürəyin xarici (qapalı) masajı üçün 2 barmaqla döş sümüyünün aşağı hissəsinə (məmələrarası xəttin döş sümüyü ilə kəsişdiyi yerdən 1 barmaq enində aşağıda olmaqla) ehtiyatla təzyiq edilməsi kifayət edir[1].
Ürəyin xarici masajı 1 yaşından 8 yaşınadək olan uşaqlarda sağ əl ovucunun baş barmağın əsasına yaxın olan hissəsi ilə yerinə yetirilir.
Böyük yaşlı uşaqlara və böyüklərə yardım göstərərkən xilas edən şəxs onun sol tərəfində dayanıb bir əlinin ovucunu zərərçəkənin döş sümüyünün aşağı 1/3-nə qoyur. Sonra xilasedici digər əlinin ovucunu döş sümüyünün üzərində olan o biri əlinin üzərinə qoyur (bax şəkilə). Qabırğalara təzyiq etməmək üçün əl barmaqlarınızı bir qədər yuxarı qaldırın. Xilasedicinin çiyinləri xəstənin döş qəfəsinin üstündə yerləşməlidir, qollar düzləndirilməlidir. Ürəyin xarici masajı döş sümüyünə güclü və sürətli təzyiq edilməsi şəklində aparılır. Bu halda ürək döş qəfəsinin ön tərəfi ilə onurğa sütunu arasında sıxılır ki, bu zaman ürəyin daxilində olan qan ürəkdən xaric olaraq arterial qan damarlarına qovulur. Ürəyə təzyiq edilməsi dayanan kimi, ürək yenidən qan ilə dolur, sonradan döş qəfəsinə təkrarən təzyiq etdikdə bu dövr (“tsikl”) təkrarlanır. Xəstəyə yardım göstərərkən, xüsusən də söhbət uşaqlardan getdikdə, artıq canfəşanlıq etməyin. Əks halda siz zərərçəkənin qabırğalarını sındıra bilərsiniz[1].
Ürəyin xarici (qapalı) masajını yalnız ilk 2-3 süni tənəffüs hərəkətindən sonra icra etmək olar. Belə ki, bu süni tənəffüs hərəkətlərindən sonra ikinci xilasedici 1 saniyədə 1 dəfə olmaqla döş qəfəsinə 5 dəfə təzyiq edir. Bundan sonra birinci xilasedici zərərçəkənə güclü şəkildə ağızdan-ağıza və ya ağızdan-buruna olmaqla süni tənəffüs verir. Müəyyən vaxtdan bir xilasedicilər bir-biri ilə yerlərini dəyişdirməlidirlər. Əgər reanimasiyanı edən bir nəfər olarsa, o, orta hesabla 12 saniyə ərzində 15 dəfə olmaqla ürəyin xarici masajını icra edir, daha sonra isə 3 saniyə ərzində zərərçəkənə 2 dəfə güclü şəkildə süni tənəffüs verir[1].
Hər 1 dəqiqədən bir nəbzin (yuxu arteriyasında) və sərbəst tənəffüsün bərpa olunub-olunmadığını yoxlayın. Əgər ürək fəaliyyəti bərpa olunarsa, ürəyin xarici masajını dayandırmaq, süni tənəffüsü isə tələb olunduğu halda davam etdirmək lazımdır[1].
Əgər ürəyin masajı nəticə verirsə, bu halda bir qədər keçdikdən sonra, iri arteriyalarda (bud, yuxu) nəbzi əlləmək olur, göy və qara-göy rəngdə olan dəri və dodaqlar isə qızarmağa başlayır, həmçinin sərbəst tənəffüs də bərpa olunur. Bir müddətdən sonra insan özünə gəlir[1]. Zərərçəkəni mütləq böyür üstə qoyun.
Ancaq siz yerinə yetirdiyiniz ürəyin xarici masajının və süni tənəffüsün effekt vermədiyini görsəniz də (ürək fəaliyyəti bərpa olunmur və tənəffüs yaranmır), reanimasiya tədbirlərini tibb işçiləri gələnədək mütləq davam etdirin! Çünki zərərçəkənə süni tənəffüs verməklə və ürəyin qapalı masajını etməklə, siz onun orqanizmində (əsasən də beyində) qan dövranını saxlamış olursunuz ki, bunun da nəticəsində həkimlər gələnə qədər zərərçəkənin ölməsinə imkan vermirsiniz[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 "Ürəyin xarici masajı - İnsan həyatını xilas edən texnikanın ƏTRAFLI İZAHI" (az.). Saglamolun.Az. 31.07.2011. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.