Monteneqro

Vikipediya, azad ensiklopediya
(Çernoqoriya səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Monteneqro
mont. Црна Гора/Crna Gora
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Áilleacht fhiáin, Harddwch gwyllt
Himn: Ој свијетла мајска зоро
(Ah, Mayın Parlaq Şəfəqi)
Rəsmi dilləri
Paytaxt Podqoritsa
İdarəetmə forması Parlamentli respublika
Prezident Jakov Milatović
Baş nazir Milojko Spajić
Sahəsi Dünyada 162-ci
 • Ümumi 13,812 km² km²
 • Su sahəsi (%) 1,5
Əhalisi
 • Əhali 645 min nəfər (166-cı)
 • Siyahıyaalma (2011) 625 266 nəf.
 • Sıxlıq 47 nəf./km²
 • Ümumi 5.861.430.526 $[1], 6.095.978.868 $[1]
ÜDM (AQP)
 • Ümumi 7 460 million dollar  (158-ci)
 • Adambaşına 12 000 dollar  (107-ci)
Valyuta avro
İnternet domeni .me
ISO kodu ME
BOK kodu MNE
Telefon kodu +382
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Qaradağ

Monteneqro, həmçinin Çernoqoriya (mont. Црна Гора/Crna Gora) və ya Qaradağ[3][4] — cənub-şərqi Avropada dövlət. Monteneqro Balkan yarımadasında yerləşir. Qərbdə Xorvatiya, şimal-qərbdə Bosniya və Herseqovina, şimal-şərqdə Serbiya, şərqdə Kosovo (qismən tanınan), cənub-şərqdə Albaniya ilə həmsərhəddir. Cənub-qərbdə isə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Podqoritsa, köhnə kral paytaxtı Çetinye şəhəridir. Ölkənin ümumi sahəsi 13,812 kvadrat kilometr, əhalisinin ümumi sayı 630,000 (2018) nəfərdir. Monteneqronun dövlət quruluşu parlamentli respublikadır. Ölkə inzibati cəhətdən 21 bələdiyyədən ibarətdir. Turizm ölkə iqtisadiyyatının 20%-ni təmin edir.

Latınca "Monte negro", yerli dildə "Crna gora", osmanlıca "قره‌طاغ" və rusca "Черногория" kimi tanınan bu ölkə üçün işlənən bütün adlar "Qara dağ" mənasını verir və həmçinin orta Sovet dövrünə kimi Azərbaycanca bu ölkə Qaradağ adlanırdı, lakin orta Sovet dövründən bəri Azərbaycan mənbələrində Çernoqoriya sözü daha çox işlənirdi.

Monteneqronun əhalisi keçmiş dövrdə albanlardan ibarət olub. VII əsrdə Bizans İmperatoru Herakliyus hakimiyyəti dövründə Serblər oraya köçürülmüşdür. Osmanlılar Rumelini keçib istilalara başladıqları vaxtlarda Qaradağ Venesiya Respublikasının tabeliyində idi. Osmanlı Dövlətinin Qaradağı fəth etməsi Sultan I Murad dövrünə rast gəlir. Belə ki, ilk Osmanlı-Qaradağ döyüşləri də I Murad dövründə baş vermişdir. İkinci Osmanlı-Monteneqro toqquşması Sultan I Bəyazid dövründə olmuşdur. Bu yürüşdə Osmanlı qüvvələri Skopyedən çıxıb Zveçan və Yeleç üzərindən Lim və Tara çaylarına qədər çatmışdır. Osmanlı Dövlətinin Monteneqronu tam istilası isə Sultan Fatih Mehmet dövründə olmuşdur. Əslində Osmanlı Monteneqronu tam olaraq hakimiyyətinə almadı. Fatih, Monteneqroya bir növ muxtariyyət statusu verdi və bu vəziyyət Qaradağlılar tərəfindən 1878-ci ildə Osmanlıdan ayrılana qədər istifadə olundu. Qaradağlılar Osmanlı Dövlətinin hakimiyyətinə girişindən başlayaraq çox sayda üsyan qaldırmışlar. Məsələn, 1711, 1712, 1714 üsyanlarını təşkil etdilər. 1877–78 Osmanlı-Rus Müharibəsində Rusiyanın tərəfində yer alan Monteneqro, Osmanlı ordusunun mühüm bir qismini Balkanlarda məşğul etmiş və müharibənin Rusiyanın xeyrinə nəticələnməsində böyük bir amil olmuşdular. Müharibə sonrası imzalanan Aya-stefanos və dərhal sonra Berlin Müqaviləsi ilə müstəqilliyini əldə edən Monteneqro, beləliklə müstəqil dövlətlər platformasında yerini almışdır. Dövlət müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan Osmanlı Dövləti olmuşdur. Müstəqilliklə yanaşı Osmanlı Dövləti ilə diplomatik münasibətlər qurulmuşdur. Bu dövrdə iki dövlət münasibətlərinin yaxşı bir səviyyəyə gəlməsində heç şübhəsiz, II Əbdülhəmidin Balkan siyasətində tutduğu mövqeyin əhəmiyyətli bir rolu var idi. Buna baxmayaraq Monteneqro Birinci və İkinci Balkan müharibələrində iştirak edib. Birinci Dünya müharibəsi zamanı Avstriya-Macarıstan ordusu Monteneqronu işğal etdi. 1918-ci ildə Serbiya ordusu ölkəni işğaldan azad etdi və Monteneqro, Xorvatiya və Sloveniya ilə birlikdə Serbiyanın tərkibinə daxil oldu. 12 iyun 1941-ci ildə Alman-italyan ordusu Yuqoslaviyanı işğal etdikdən sonra Monteneqro 1943-cü ilə kimi İtaliyanın protektoratı oldu, daha sonra 1943–1944-cü illərdə alman işğalı altında qaldı. 1944–1945-ci illərdə yuqoslaviyalı partizanlar ölkəni işğaldan azad etdilər. Monteneqro 27 aprel 1992-ci ilə kimi Yuqoslaviyanın tərkibində oldu. 1 mart 1992-ci ildə keçirilən referendumun nəticələrinə görə, Monteneqroda yaşayan əhalinin 95,95%-i ölkənin Yuqoslaviyanın tərkibində qalmasının lehinə səs verdilər. Səsvermədə əhalinin 66%-i iştirak etdi. Monteneqroda yaşayan albanlar, xorvatlar və bosniyalılar referendumu boykot etdilər. 1992–2006-cı illərdə Monteneqro keçmiş Yuqoslaviyanın tərkibində olub (2003-cü ildən etibarən Serbiya və Monteneqro adlanırdı). 2006-cı ildə keçirilmiş müstəqillik haqqında referendumun nəticələrinə əsasən seçicilərin 55,4%-i Monteneqronun müstəqilliyinin lehinə səs veriblər. 3 iyun 2006-cı ildə Monteneqro müstəqilliyini elan edib, 15 iyunda Serbiya onun müstəqilliyini tanıyıb, iyunun sonlarında isə Monteneqro BMT-yə qəbul edilib. 16 dekabr 2008-ci ildə Monteneqro rəsmi olaraq Avropa Birliyinə üzv olmaq üçün müraciət edib. Bundan başqa, ölkə NATO ilə yaxınlaşma kursunu götürüb.

Ölkə ərazisini şərti olaraq 3 yerə bölmək olar. Adriatik dənizi sahili, böyük şəhərlərinin yerləşdiyi nisbətən düzənlik olan mərkəzi hissə və dağlıq ərazilərdən ibarət şərqi hissə. Ölkənin quru sərhədləri 614 km təşkil edir. Qərbdə Xorvatiya ilə 14 km, şimal-qərbdə Bosniya və Herseqovina ilə 225 km, şimal-şərqdə SerbiyaKosovo ilə 203 km, cənub-şərqdə Albaniya ilə 172 km uzunluğunda sərhədi var. Monteneqronun kontinental sahil xəttinin uzunluğu 300 km təşkil edir. Ölkənin tərkibinə daxil olan 14 adanın ümumi sahil xəttinin uzunluğu isə 15,6 km təşkil edir. Monteneqronun çimərliklərinin uzunluğu 73 km-dir.[5] Yeddi ay ərzində sahildəki dəniz suyunun temperaturu +12 °C ilə +26 °C arasında dəyişir. Dəniz suyunun şəffaflığı bəzi yerlərdə 35 metrə çatır.

Monteneqronun ən uzun çayları: Tara çayı (144 km), Lim çayı (123 km), Çeotina çayı (100 km), Moraça (99 km), Zeta (65 km) və Boyana çayıdır (30 km). Çayların təxminən 52,2%-i Qara dəniz hövzəsinə, yerdə qalan 47,8%-i isə Adriatik dənizi hövzəsinə aiddir. Monteneqronun üç çayı (Moraça, Zeta və Piva) ancaq Monteneqro ərazisi boyunca axır. Ölkədəki çayların böyük hissəsi dağ çaylarıdır və dərin kanyonlar formalaşdırırlar. Tara çayının kanyonu 1200 metr dərinliyindədir və bu göstəricisinə görə dünyada ikinci, Avropada isə birinci yeri tutur. Monteneqronun çaylarının enerji potensialı hər 1 km² ərazidə 115 kVt təşkil edir ki, bu da çox yüksək göstərici hesab olunur, lakin müxtəlif səbəblərə görə (həmçinin ekoloji səbəblərə görə) ölkədə hidroenergetika çox da inkişaf etməyib.

Monteneqro və Balkan yarımadasının ən böyük gölü Skadar gölüdür. Səthinin sahəsi 369,7 km²-dir. Gölün ərazisinin üçdə ikisi Monteneqronun, üçdə biri isə Albaniyanın ərazisinə aiddir. Ölkə ərazisinin 41% meşələrdən, 40% isə otlaqlardan ibarətdir. Monteneqronun bitki növləri kifayət qədər rəngarəngdir. Ümumilikdə ölkə ərazisində 2833 bitki növü qeydə alınıb, onların 212 növü Balkan endemiki, 22 bitki növü isə Monteneqro endemikidir. Monteneqro konstitutsiyasına əsasən respublika "ekoloji dövlət"dir, ölkə ərazisinin 8,1%-i qoruqlardan və milli parklardan ibarətdir.

Monteneqronun şimalında iqlim mülayim-kontinental, Adriatik dənizi sahilində isə Aralıq dənizi iqlimi hakimdir. Dənizsahili ərazilərdə yay mövsümü adətən uzunmüddətli, isti (+23 — +25 °C) və quru, qışda isə qısa və sərin (+3 — +7 °C) keçir. Dağlıq rayonlarda mülayim isti yay (+19 — +25 °C), nisbətən soyuq qış (+5dən −10 °C kimi), yağıntılar adətən qar formasında yağır, qar örtüyü 5 aya qədər qala bilər. Ölkədəki yağıntıların miqdarı illik 500 mm ilə 1500 mm arasında dəyişir. Sahilə yaxın dağlıq ərazilərdə bu göstərici 3000 mm qədər artır.

border=none Əsas məqalə: Monteneqro şəhərləri

2003-cü ilin əhali statistikasına görə

Monteneqro vilayətləri

İnzibati bölgüsü 21 əyalətdən (opstina) ibarətdir. Bunlar Andriyeviça, Bar, Berane, Biyelo, Polye, Budva, Çetinye, Danilovqrad, Herseq Novi, Kolasin, Kotor, Moykovaç, Nikşiç, Plav, Plyevlya, Plujine, Podqoriça, Rozaje, Savnik, Tivat, Ulciny, Zablyak vilayətləridir.

1991 əhalinin sayına görə Serblər, Serbiya və Monteneqronın ümumi əhalinin 69%-ni təşkil edirdi. Monteneqrolılar isə ümumi əhalinin 5%-ni, Monteneqro əhalisinin isə 62%-ni təşkil edirdi. Slavyan olmayan Alban azlıq ölkədəki 2-ci böyük etnik qrup və rəsmi proqnozlara görə ümumi əhalinin 17% idi. 1965-dən sonra Serbiya və Monteneqrodan inkişaf etmiş Avropa ölkələrinə və Şimali Amerikaya davamlı emiqrasiya baş vermişdir.

Etnik tərkibi:

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Monteneqronun dövlət başçısı Prezidentdir. Prezident ümumxalq səsverməsi yolu və 2 dəfədən artıq olmamaq şərti ilə 5 il müddətinə seçilir. 6 aprel 2008-ci ildə keçirilmiş Prezident seçkilərində Filip Vuyanoviç qalib gəlmişdir. Növbəti seçkilər 2013-cü ildə keçiriləcəkdir. Baş Naziri Milo Dükanoviçdir. Parlament Monteneqronun ali qanunverici orqanı bir palatadan ibarətdir (2006-cı ildə yerlərin sayı 74-dən 81-ə artırılmışdır). Sonuncu Parlament seçkiləri 2009-cu ilin 29 mart tarixində keçirilmişdir. Növbəti seçkilər 2013-cü ildə keçiriləcəkdir. Parlament Sədri Ranko Krivokapiçdir. Monteneqro Parlamentində aşağıdakı partiyalar təmsil olunmuşdur:

  • Monteneqro Sosialistlərinin Demokratik Partiyası (34 yer)
  • Xorvat Vətəndaş təşəbbüsü (1 yer)
  • Monteneqro Sosialist Xalq Partiyası (16 yer)
  • Monteneqro Sosial Demokratik Partiya (9 yer)
  • Yeni Serb Demokratiyası (8 yer)
  • Boşnak Partiya (3 yer)
  • Dəyişikliklər Partiyası (6 yer)
  • Monteneqroda Demokratik Cəmiyyət koalisiyası (1 yer)
  • Albanların Demokratik İttifaqı koalisiyası (1 yer)
  • Alban Alternativi koalisiyası (1 yer)
  • Yeni Demokratik güc – FORCA (1 yer)[6]

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]

3 iyun 2006-cı il tarixində Monteneqro Respublikasının Parlamentində Müstəqillik Haqqında Bəyannamə qəbul olunduqdan və 21 may tarixində keçirilmiş seçkilərin nəticəsi məlum olduqdan sonra Monteneqro Hökuməti, Monteneqro suveren dövləti olaraq beynəlxalq hüququn əsasını təşkil edən funksiyaları xarici siyasətdə öz istiqamətini müəyyənləşdirmə və ölkəni idarə etmə funksiyalarını həyata keçirməyə başladı. Hökumətin bu konstitusional zərurəti həyata keçirməsi məcburiyyəti Xarici İşlər Nazirinin xarici siyasətdə izləyəcəyi əsas ardıcıllığı müəyyən etməsi və bu məsələləri ölkə daxilində və xaricində tətbiq etməsi ilə əhatə olunur. Bu məsələlərin həllində Respublika Prezidenti, Parlamentin sədri və digər əlaqədar dövlət idarəçilərinin yaxından iştirakı nəzərdə tutulur. Monteneqro konstitusional statusunu dəyişməklə xarici siyasətdəki mövqeyini dəyişmədi. Əksinə, Monteneqronun bu sahədə göstərdiyi səylər onun bugünkü xarici siyasətindəki mövqeyində aparıcı qüvvə kimi müəyyən olunur. Monteneqro yaxın qonşuluq münasibətlərini özünün uğurlu inkişafının zəmanəti kimi dəyərləndirərək bu münasibətlərin daha da inkişaf etdirilməsinə başladı. Eyni zamanda, Monteneqro müstəqil dövlət olaraq Beynəlxalq forumlarda öz mövqeyini möhkəmləndirmək və gücləndirmək imkanı əldə etdi və bu kimi çox mühüm amillərin köməyilə münasibətlərini daha da genişləndirdi. Coğrafi mövqeyinə və əhalisinin sayına görə Monteneqro kiçik Avropa ölkələri sırasına daxildir. Monteneqro stabil, demokratik və çoxmillətli bir ölkə kimi inkişaf etmişdir və öz ümumi maraqlarını təkcə onu əhatə edən ölkələrlə deyil, bütün Avropa qitəsi və dünya ölkələri ilə bölüşür. Monteneqro şərqlə qərbin kəsişdiyi nöqtədə yerləşməklə Balkan və Aralıq dənizi ölkələri ilə qonşuluq edir, Avropa və AvroAtlantikaya inteqrasiyanın bir hissəsi olaraq stabil dövlət kimi tanınır və parlaq perspektivi ilə regiondakı dinamik çərçivənin bir hissəsini təşkil edir. Məhz belə bir mövqeyinə və imkanlarına görə Monteneqro öz xarici siyasətinin fundamental dəyərləri ilə bütöv bir tamlıq təşkil edir. Monteneqro müstəqil bir dövlət kimi xarici siyasətdəki fəaliyyətini strateji dövlət maraqlarına və ölkə vətəndaşlarının maraqlarına dayanaraq, regionda və Avropada hökm sürən prosesləri və qlobal perspektivləri nəzərə alaraq nizamlayır. Monteneqro Hökuməti xarici siyasətindəki maraqlarını aşağıdakı kimi nizamlamışdır:

  1. Avropa Birliyinə və Şimali Atlantik İttifaqına – NATO-ya inteqrasiya
  2. Regional əməkdaşlıq və qonşuluq münasibətlərinin qorunub saxlanması və inkişaf etdirilməsi
  3. İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Monteneqro xarici ölkələrlə münasibətlərində öz mənafeyini qoruyub saxlayır və Avropa və Avro-Atlantik təşkilata inteqrasiya üçün uyğun şərait axtarır, bütün regional təşəbbüsləri və qlobal fikirləri izləyir, öz maraqlarını əhatə etdiyi halda bu fikirlərə qoşulur; qonşu ölkələrlə münasibətləri inkişaf etdirir, bütün inkişaf etmiş və nüfuzlu dövlətlərlə yaxşı münasibətlər qurur və bununla da qarşısına qoyduğu bütün beynəlxalq prinsip və qanunlara riayət etmiş olur.

Monteneqronun strateji məqsədi Avropa Birliyinə inteqrasiyadır. Bu məsələ Monteneqronun xarici və daxili fəaliyyəti çərçivəsində mühüm bir tapşırıq olduğu üçün gələcək dövr ərzində ölkənin xarici siyasətində öndə dayanan məsələlərdən biri kimi qalır. Monteneqro Avropa Birliyini Avropa standartlarına uyğunlaşma və onların qəbul olunması, gələcək islahatların bu standartlara uyğun şəkildə aparılması və həmçinin Avropa Birliyinə üzv ölkələrlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün optimal bir qurum kimi görür. Monteneqroda belə bir fikir hökm sürür ki, inteqrasiyada inkişafın sürəti iqtisadiyyatda, siyasətdə, məhkəmədə, təhlükəsizlikdə və ümumi islahatlardakı dinamikadan, bütöv cəmiyyətin cəlb olunduğu islahatların səviyyəsindən və dərəcəsindən asılıdır. Xarici siyasətdə isə Monteneqro AB (Birliyə üzv ölkələr, Avropa Birliyi Sədrliyi, Avropa Birliyinə daxil üçlük) ilə müntəzəm siyasi dialoquna və öz xarici siyasətinin AB-nin xarici və təhlükəsizlik siyasətinə uzunmüddətli inteqrasiyasına xüsusi əhəmiyyət verir.

Monteneqronun NATO-ya daxil olması üçün də müəyyən zaman tələb olunmasına baxmayaraq bu zamanın onun Avropa Birliyinə daxil olması üçün tələb olunan müddətdən daha qısa olacağı fikri reallığa uyğundur. Sülh və Əməkdaşlıq Proqramı vasitəsilə Monteneqronun NATO-ya daxil olması və gələcək dövr ərzində bu təşkilatla münasibətlərin inkişaf etdirməsi və onun qaydalarına uyğunlaşması məsələsi Monteneqronun xarici siyasətində yer tutan başlıca məsələ deyil. Bu həm sabitlik və təhlükəsizlik vəd edir, həm də onun Avropa Birliyinə inteqrasiya olması kimi strateji məqsədinin həyata keçməsi üçün zəmin yaradır. Monteneqronun NATO-ya inteqrasiyası ölkə və regionun stabilliyini poza biləcək potensial təhlükənin, etiraz və risklərin qarşısını almaq üçün ən yaxşı təhlükəsizlik çərçivəsidir. Monteneqro xarici sərmayəçiləri ölkəyə cəlb etməklə, özünün iqtisadi inkişafını sürətləndirir, dünyada sabit və demokratik bir ölkə kimi tanınır və eyni zamanda qərar qəbul etmə prosesində öz mövqeyini nümayiş etdirir. Hökumət digər səlahiyyətli orqanlarla birgə bu fikrin cəmiyyətdə daha yaxşı anlaşılması və qəbul olunması üçün geniş şəkildə məlumatlandırma aparır.

Monteneqronun NATO və Avropa birliyinə inteqrasiyası ilə bağlı strateji məqsədləri onun regional əməkdaşlıqda və qonşuluq siyasəti yürütməkdə fəal iştirakı olmadan qeyri-mümkün hesab olunur. Monteneqro Albaniya, Bosniya və Herseqovina, İtaliya, Serbiya və Xorvatiya ilə həmsərhəd olmasına baxmayaraq keçmiş Yuqoslaviya ölkələri olan Makedoniya, Sloveniya, tarixi və regional səbəblərə görə keçmiş Yuqoslaviya ölkəsi ilə qonşu olan Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Yunanıstanı da özünə qonşu ölkələr hesab edir. Məqsəd bu ölkələrlə qarşılıqlı səmimi münasibətlər yaradıb inkişaf etdirmək, siyasi, iqtisadi, təhlükəsizlik, elmi və mədəni sahələrdə davamlı əməkdaşlıq etmək və ən əsası da mühüm infrastruktur şəbəkə yaratmaqdan ibarətdir. Monteneqro tarixi, mədəni və iqtisadi baxımdan Serbiya ilə sıx bağlı olduğu və hər ikisi NATO və Avro-Atlantik ittifaqa daxil olmaq üçün ümumi maraqları bölüşdükləri üçün bu əlaqələri daha da möhkəmləndirməyə xüsusi əhəmiyyət verir. Bu Serbiya tərəfin də qarşılıqlı əməkdaşlıq etməsini, əks tərəfə hörmət və ehtiram göstərməsini qaçılmaz edir. Bu əməkdaşlıq Monteneqronun bu ölkələrlə tək eyni coğrafi mövqedə yerləşməsinə görə deyil, həm də eyni siyasi məqsədə daşıdıqları üçün zəruridir. Monteneqronun xarici siyasətdəki yolu regiondakı digər ölkələrlə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətləri üzərində qurulub. Bu halda regionda hər hansı bir ölkənin inkişafı Monteneqronun inkişafı üçün bir təkandır. Monteneqro Cənub-Şərqi Avropa ölkələri ilə də regional və müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Beləliklə, Monteneqro regiondakı hər bir ölkə ilə qarşılıqlı münasibətlər qurub yaratmaqla həm özünün, həm də digər qonşu ölkələrin Avropa Birliyi və Avro-Atlantik İttifaqa inteqrasiyasına yardımçı olur. Monteneqro bütün regional təşkilat və təşəbbüslərdə etibarlı müttəfiqdir və o, hal-hazırda müşahidəçi statusuna malik olduğu təşkilatlara tam üzv olmaq üçün çalışır.

Yeni konstitusiyasına əsasən Monteneqro, demokratik və müstəqil dövlət kimi dünyada bir sıra iri ölkələrlə siyasi, iqtisadi və digər əlaqələri qoruyub saxlamağa və möhkəmləndirilməsinə davam edir. Monteneqro bu günədək 105 ölkə tərəfindən tanınıb və 85 ölkə ilə diplomatik əlaqələr qurulduqdan sonra Podqoritsada bir sıra səfirliklər açıldı və Monteneqro dünyada diplomatik konsulluq şəbəkəsi qurmağa başladı. Monteneqronun məqsədi səmimi münasibətlər qurmaq, siyasi, təhlükəsizlik, elmi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir. Bütün aspektlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi diaspor ilə daha real, məhsuldar və dinamik ünsiyyət üçün əlverişli şərait yaradır. İkitərəfli münasibətlərin gücləndirilməsində öndə gələn məsələlər bunlardır: Avropa və Avropa Birliyi ölkələri ilə əlaqələr – Avropa Birliyinin nüfuzlu ölkələri olan Almaniya, Böyük Britaniya, Fransaİtaliya ilə, beynəlxalq təşkilatlarda və beynəlxalq siyasi arenada sözü keçən ölkələrlə münasibətlər və əməkdaşlıq Monteneqroya onun daxili inkişafı və xarici siyasətdə qarşısına qoyduğu başlıca məqsədlərə çatması üçün güclü faktor ola bilər. Bu ölkələrlə ikitərəfli ünsiyyət və Avropa və Avro-Atlantik inteqrasiyanın köməyi ilə qurulan əməkdaşlıq Monteneqronun iqtisadi və demokratik inkişafına yardımçı olacaq və inteqrasiyanı daha da sürətləndirəcək. Adı çəkilən ölkələrlə yanaşı Monteneqro, Avropanın digər ölkələri ilə də sıx münasibətlər qurmağı çalışır və mərkəzi Avropa ölkələri (Polşa, Çexiya, Slovakiya), Baltikyanı və Skandinaviya ölkələri ilə səmimi münasibətlərin qurulmasına xüsusi əhəmiyyət verir. Monteneqro xırda Avropa ölkələri (İslandiya, Kipr, Malta, Andorra, Lüksemburq, Lixtenşteyn, MonakoSan-Marino) ilə kiçik və dəyişkən idarəçiliklərin uğuruna və təcrübə mübadiləsinə əsaslanan münasibətlər qurmağı nəzərdə tutur. ABŞ ilə münasibətlər Monteneqro üçün xüsusi əhəmiyyət kəsb edir. Monteneqro ABŞ-nin NATO-da nüfuzlu üzv, regionun və Avropa Birliyinin ən yaxın müttəfiqi olmasını, bütün beynəlxalq təşkilatlarda mühüm rol oynamasını nəzərə alaraq xarici və siyasi fəaliyyətinin böyük hissəsini bu ölkə ilə əməkdaşlığın gücləndirilməsinə sərf edir. Rusiya Federasiyası ilə də münasibətlər Monteneqro üçün böyük əhəmiyyət kəsb edir. ATƏT və BMT çərçivəsində Rusiya ilə bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi ölkənin ümumi inkişafına və məqsədlərinə xidmət edir. Tarixi və mədəni səbəblərə dayanaraq Rusiya ilə ənənəvi dostluq münasibətlərini qoruyub saxlamaq Monteneqro üçün mühüm əhəmiyyət kəsb edir. Monteneqro üçün dünyada ən çox əhalisi olan Çin Xalq Respublikası ilə siyasi, iqtisadi və təhlükəsizlik sahəsindəki münasibətlər əvvəlkindən daha mühümdür. Monteneqro Çin iqtisadiyyatı və ticarətinin sürətli inkişafını nəzərə alaraq Pekin ilə ticarət və iqtisadi əlaqələr qurmağı özünün başlıca məqsədlərindən biri hesab edir. Cənub-şərqi Avropada yerləşməsinə baxmayaraq Monteneqronu da coğrafi, tarixi və mədəni faktlara əsaslanaraq Aralıq dənizi hövzəsi ölkələrinə aid etmək olar. Aralıq dənizi hövzəsi ölkəsi kimi Monteneqro bütün Aralıq dənizi hövzəsi ölkələri ilə hazırkı münasibətlərini iqtisadi, siyasi, hərbi və mədəni sahələrdə daha da gücləndirir və şərqi Aralıq dənizi hövzəsinin iki nüfuzlu ölkələri olan Türkiyə və Yunanıstanla münasibətlərə xüsusi yer ayırır. Monteneqro Hindistan, Yaponiya, BraziliyaKanada kimi böyük ölkələr ilə də dostluq əlaqələrinin qurulmasını və qorunub saxlanılmasını, müntəzəm diplomatik əlaqələrin köməyi ilə bu ölkələrlə iqtisadi, siyasi və digər əməkdaşlıq münasibətləri yaradılmasını xüsusilə diqqət mərkəzində saxlayır. Monteneqro diasporunun cəmləşdiyi Argentina, Avstraliya və digər ölkələrlə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir.

Müvafiq beynəlxalq orqanların və maliyyə təşkilatlarının üzvü olmaqla, Monteneqro artıq inteqrasiya prosesində irəliləyiş etmiş olur. Xüsusilə razılıq əsasında qurulmuş beynəlxalq təşkilatlara üzv olması və bu təşkilatlarda fəaliyyəti bu kimi kiçik ölkələrə öz maraq və ehtiyaclarını ifadə etməyə imkan verir. Monteneqronun beynəlxalq təşkilatlarda fəal iştirakını Avropa Birliyi və NATO-ya üzv olmaq üçün bir hazırlıq mərhələsi hesab etmək olar. Monteneqro beynəlxalq təşkilatlarda iştirak etməklə öz maraqlarını qoruyur və inkişaf etdirir, region ölkələri ilə birlikdə müəyyən siyasi qlobal məsələlərdə iştirak edir və eyni zamanda da geniş beynəlxalq forumlarda tanınma və əməkdaşlıq üçün uyğun fürsət əldə etmiş olur.

border=none Əsas məqalə: Monteneqro iqtisadiyyatı

Ənənəvi olaraq Monteneqro iqtisadiyyatının əsasını qara metallurgiya (mərkəzi Nikşiç), alüminium emalı (Potqoriça, elektrotexnika sənayesi (Çetinye), toxuculuq (Bielo Pole), gəmiqayırma və gəmi təmiri (Biela, Bar), ağac emalı (Rojae, Berane, Plevliya, Nikşiç) sənayesi təşkil edir. Əsas faydalı qazıntıları boksit, dəmir filizidaş kömürdür. Əsas sənaye fəaliyyəti tütün yetişdirilməsindən, duz hasilatından və alüminium istehsalından ibarətdir. Əsas kənd təsərrüfatı məhsulları taxıl, kartof, tütün, üzüm, sitruslar və əncirdir.

Yuqoslaviya dövründə Monteneqro federasiyanın geridə qalmış, dotasiya alan respublikası idi. Ölkənin iqtisadiyyatı 90-cı illərdə daha da tənəzzülə uğradı. Buna səbəb Balkanlarda gedən müharibə və kiçilmiş Yuqoslaviyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar idi. Buna baxmayaraq, 2000-ci illərin əvvəlində Monteneqro dünya arenasında özünə yer tapa bildi. Ölkə həm qış, həm də yay turizminin əsas məkanlarından birinə çevrildi, o zamandan bəri Monteneqroda hər il iqtisadi artım qeydə alınır. 2014-cü ildə ölkənin turizmdən əldə etdiyi gəlir ÜDM-nin 20%-ni təşkil edirdi. Ekspertlər yaxın 10 il ərzində gəlirlərin illik ortalama 7,7% artacağını proqnozlaşdırır.[7] Herseq-Novi, Budva, Beçiçi, Petrovaç şəhərlərində, həmçinin Kotor körfəzindəki Kotor şəhərində tarixi və təbiətin görməli yerləri, keçmiş paytaxt Çetinye, Skadar gölü, Lovçen dağı, yüksək zirvədə yerləşən Ostroq monastırı, Tara çayının kanyonu, Durmitor milli parkı və onun dağ-xizək kurortu olan Jablyak (dəniz səviyyəsindən 1465 metr hündürlükdə, Balkanlarda olan ən hündür şəhər) beynəlxalq turizm kurortları kimi çox məşhurdur. Ölkə siyasəti turizm sahəsinin hərtərəfli inkişafına yönəlib, turizmə sənaye və kənd təsərrüfatı üzərində prioritet verilib. Monteneqronun ekoloji dövlət elan olunması da bu siyasətin tərkib hissəsidir. Ölkənin milli valyutası avrodur, lakin ölkə avrozonanın üzvü olmadığına görə avronun emissiyası hüququna malik deyil və buna görə xaricdən gələn (əsasən xarici turistlərdən) pul vasitələri ilə dolanır.

Nəqliyyat və Əlaqə

[redaktə | mənbəni redaktə et]

Ölkədə dəmiryolu iki əsas istiqamətə malikdir: Podqoriçadan şimala Nikşiçə və Belqrada qədər, digəri Podqoriçadan Bar şəhərinə qədər. Monteneqroda şəhər nəqliyyatı zəif inkişaf edib. Şəhərlərarası avtobus nəqliyyatı nəqliyyatın köhnəliyinə və ölkənin dağlıq relyefə malik olmağı səbəbilə çox vaxt vaxt cədvəlinə uyğun işləmir.[8] Ölkədə iki beynəlxalq aeroport fəaliyyət göstərir. Podqoriça aeroportu əsasən daimi, Tivat aeroportu isə çarter reyslərini qəbul edir. Monteneqronun milli sərnişindaşıma şirkəti Montenegro Airlines Avropanın şəhərlərinə uçuşlar həyata keçirir. Ölkədə həmçinin cəmi üç mobil operator fəaliyyət göstərir.

  1. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. http://chartsbin.com/view/edr.
  3. http://web2.anl.az:81/read/page.php?bibid=294941&pno=9 Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine Kapitalist ölkələrin coğrafiyası, Qaradağ
  4. https://obastan.com/ru/dict/aze_rus/word/618229-QARADAĞ Arxivləşdirilib 2019-12-26 at the Wayback Machine Черногория
  5. "RuWeb.net". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-10.
  6. Ümumi məlumat [ölü keçid] Azərbaycan Xarici İşlər Nazirliyi
  7. "В 2014 году Черногория заработала на туризме €733,2 млн". 27.04.2015. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-12.
  8. "Черногория. Советы туристам". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]