Erik Karlfeldt
Erik Karlfeldt | |
---|---|
isv. Erik Axel Karlfeldt | |
Doğum tarixi | 20 iyul 1864[1][2][…] |
Vəfat tarixi | 8 aprel 1931[1][2][…] (66 yaşında) |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Erik Aksel Karlfeldt (isv. Erik Axel Karlfeldt; 20 iyul 1864[1][2][…] – 8 aprel 1931[1][2][…]) — isveçli şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931).
Həyatı
[redaktə | mənbəni redaktə et]İsveç şairi Erik Aksel Karlfeldt sadə ailənin yetirməsidir. Onun uşaqlıq illəri İsveçin mərkəzi hissəsində, mənzərəli guşədə yerləşən ailə malikanələrində keçmişdi. Həqiqi familiyası Eriksson idi. Yaradıcılığa başlayanda fermer təsərrüfatlarının yerləşdiyi kəndin adını özünə təxəllüs götürmüşdü. Soyadını dəyişməyin başqa və daha trivial səbəbi bir məsələyə görə cinayət məsuliyyətinə cəlb edilmiş atası ilə aralarında müəyyən məsafə saxlamaq idi.
Erik Aksel Upsala universitetində oxuduğu dövrdə atası müflisləşmiş və borclarını ödəmək üçün ailə mülkünü satmışdı. Maddi imkanları məhdudlaşan gənc həyatını repetitorluqla təmin etməli olmuşdu. Ona görə də universiteti yalnız 1902-ci ildə başa vura bilmişdi. İsveç Akademiyasına keçənə qədər Stokholmdakı Kral kitabxanasında çalışmışdı.
Karlfeldtin "Vəhşi təbiət və məhəbbət haqqında nəğmələr" adlı ilk şeirlər kitabı 1895-ci ildə çap olunmuşdu. Digər poetik əsərlərindəki kimi bu şeirlərdə də İsveç təbiətinin mənzərələri və kənd həyatının özəllikləri tərənnüm edilirdi. Karlfeldtin "kənd şeirlərinin" çoxuna güclü bir nostalgiya duyğusu hakim idi. Bu duyğu, hər şeydən öncə, kənd həyatının sadəliyindən və patriarxallığından, insani münasibətlərin öz saflığını və ilkinliyini qoruyub-saxlamasından qaynaqlanırdı. Müəllif İsveçdə get-gedə kütləvi hal alan sənayeləşmə və şəhərləşmə müqabilində kəndlərin ilkin, həqiqi, arxaik simalarını itirəcəyindən, insanları tarixi kökləri ilə birləşdirən çoxəsrlik etnomədəni bağların qırılacağından xiffət çəkir və əndişəsini, nisgilini təsirli lirik lövhələrlə rəsm etməyə çalışırdı.
"Fridolinin nəğmələri" (1898) və "Fridolinin həzz bağçası" (1901) kitablarında müəllif Fridolin adı altında öz hiss və duyğularını oxucularla bölüşmüşdü. Yarı şair, yarı kəndli olan Fridolin hər kəslə öz dilində, özünə yaxın və doğma mövzuda danışmağı bacarır. İlk kitabında olduğu kimi bu məcmulərə daxil etdiyi əsərlərində də şair kənd həyatını müəyyən dərəcədə ideallaşdırmaqdan özünü saxlaya bilməmişdi. Lakin mövzu eyniyyətinə baxmayaraq, onun şeirlərinin forma və əhvali-ruhiyyə baxımından get-gedə dəyişdiyini də qeyd etmək lazımdır. Poetiklik nöqteyi-nəzərindən zənginləşsələr də bu şeirlərdə inamsızlıq və bədbinlik ruhu, kədərli notları illər keçdikcə daha da artmışdır.
Erik Karlfeldt 1904-cü ildə İsveç Akademiyasının üzvü seçilmişdi. 1905-ci ildə Nobel İnstitutunun, 1907-ci ildə isə Nobel Komitəsinin üzvü olmuşdu. 1912-ci ildə İsveç Akademiyasının daimi katibi seçilən Erix Karlfeldt ömrünün sonuna kimi bu vəzifəni yerinə yetirmişdi. Başqa sözlə desək, iyirmi il ərzində ədəbiyyat sahəsində yeni Nobel laureatlarının müəyyənləşdirilməsi Karlfeldtin birbaşa rəhbərliyi altında həyata keçirilmişdi. Bu illər ərzində bir neçə dəfə onun özünə də namizədliyini Nobel mükafatına irəli sürmək təklifi edilmişdi.
Lakin Erik Karlfeldt bir tərəfdən Akademiyada tutduğu mövqeni, o biri tərəfdən isə yaradıcılığının İsveç hüdudlarından kənarda o qədər də tanınmadığını əsas gətirərək nominant olmaqdan imtina etmişdi. Yaradıcılığının miqyas və xarakterini bir tərəfə buraxaraq təkcə elə bu addımına görə onu yüksək ləyaqət və təvazökarlıq hissinə malik olan, öz yerini və qiymətini bilən şəxsiyyət və ziyalı kimi dəyərləndirmək lazımdır. Ümumiyyətlə, o, Nobel mükafatını almağa real imkanı olduğu halda, bu şərəfdən könüllü şəkildə imtina edən ilk müəllif idi.
Əslində Erik Karlfeldt sağlığında şair kimi Vətənində kifayət qədər populyar idi. Sadəcə arxaik ifadələrlə, kəndlilərin özünəməxsus nitqini olduğu kimi vermək üçün istifadə etdiyi dialektizmlərlə zəngin dili onun əsərlərinin başqa dillərə yüksək poetik tərcüməsini çətinləşdirmişdi.
Erik Karlfeldt 1931-ci ilin aprelində qəflətən vəfat etdi. Həmin dövrə qədər və ondan sonra heç vaxt həyatda olmayan müəllifə Nobel mükafatı verilməmişdi. Ancaq Akademiya öz üzvü ilə bağlı istisnaya yol verməyi qərara aldı. Bu məsələdə akademik Natan Syoderblum və Upsala arxiyepiskopu xüsusi ilə təkid edirdilər. 1931-ci ilin ədəbiyyat Nobelinə bir neçə ay əvvəl vəfat etmiş keçmiş Akademiya üzvünün layiq görülməsi mükafatla bağlı nizamnamənin pozulması faktı kimi müəyyən narazılıqla qarşılandı. Lakin müvafiq izahat tapıldı. Bildirildi ki, nizamnaməyə əsasən, sağlığında namizədliyi irəli sürülən şəxsə ölümündən sonra mükafat verilə bilər. Karlfeldtin adı isə sağlığında bir neçə dəfə gündəlikdə olmuş, 1918-ci ildə isə hətta nominant kimi qeydə alınmış, amma etirazına əsasən proses davam etdirilməmişdir.
Nobel mükafatı Erik Karlfeldtin ailəsinə verilmişdi. Hesab etmək olar ki, bu təsadüfdə İsveç Akademiyası bədii yaradıcılığı qiymətləndirməkdən daha çox öz keçmiş əməkdaşına diqqət, onun xatirəsinə ehtiram prinsipindən çıxış etmişdi. Erik Karlfeldt bu günə qədər ədəbiyyat sahəsində ölümündən sonra Nobel mükafatı alan yeganə müəllif olaraq qalmaqdadır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Vildmarks- och kärleksvisor (1895)
- Fridolins visor och andra dikter (1898)
- Fridolins lustgård och Dalmålningar på rim (1901)
- Flora och Pomona (1906)
- Flora och Bellona (1918)
- Hösthorn (1927)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Erik Axel Karlfeldt (швед.). 1917.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.