Mayeləri, narın və ya dənəvər halında olan şeyləri olduqları qabdan başqasına və ya başqa yerə boşaltmaq. Buğdanı anbara tökmək. Odun üstünə su tökmək. – Stol üzərindəki qrafindən stəkana su töküb içdim. A.Şaiq. Bəhram makaralarla dama çıxarılan daşı ustasına verir, sement tökürdü. Mir Cəlal. // Üstündə olan bir şeyi salmaq, düşürmək, atmaq. – Payızda ağaclar yarpaqlarını tökür. Toyuq tükünü tökdü. – Sitarə ixtiyarsız çiçəkləri əlindən yerə töküb, yenə pəncərənin qabağına çəkilirdi və başını çiyninə qoyub fikrə gedirdi. Çəmənzəminli. // Ümumiyyətlə, hər hansı şeyi bir yerdən başqa yerə boşaltmaq. Dam üstündəki kərpicləri yerə tökmək. – Bəziləri toğlubaşı daşlardan töküb, çayın ağzını əkinlərin üzərindən azdırırdılar. Ə.Vəliyev.
Aramsız yağmaq. Quşbaşı qar hələ də tökürdü. A.Şaiq. Yağış sel kimi tökürdü. S.Rəhimov.
Sallandırmaq, sallamaq, salmaq. [Qulu] seyrək tüklərini darayıb, geniş alnına tökmüşdü, nazik qaşlarının altından baxan xırda gözləri hiylə saçırdı. Çəmənzəminli. Tök alnına o avara telləri; Qoy olayım bundan belə sərsəri. Ə.Cavad.
Bir yerə çoxlu adam və ya şey gətirmək, yığmaq. Balaca Sabirə suyuq olanda Qəhrəman bir göz qırpımında şəhərin həkimlərini evə tökür. S.Rəhimov.
tex. Ərimiş metaldan tökmə üsulu ilə məmulat hazırlamaq, detallar istehsal etmək. Bolt tökmə. // Tökmə üsulu ilə heykəl hazırlamaq.
Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: tədbir tökmək, qan tökmək, qaşqabağını tökmək, acığını tökmək, plan tökmək və s.