Danışmaq qabiliyyətindən məhrum olan, danışa bilməyən. Lal adam. // İs. mənasında. Lalın dilini anası bilər. (Məsəl). Biz yetişdik yığın-yığın kor, lal; Hər tərəfdən sağır, çolaq və topal. H.Cavid. _ Lal eləmək məc. – susdurmaq, danışmaq iqtidarından məhrum etmək. Bir qüvvə bunların hər ikisini guya lal eləmişdi. İ.Musabəyov. ..Mədinə saray gözəllərini lal edəcək bir hüsnlə Vaqifə baxır, onun qəlbini hər dəqiqə yaralayırdı. Çəmənzəminli. Lal əlifbası – lalların barmaqları vasitəsilə şərti işarələr göstərməkdən ibarət danışma üsulu. Lal olmaq – danışmaq qabiliyyətini itirmək, danışa bilməmək. // Susmaq, səsini kəsmək, sükut etmək, danışmamaq, dili tutulmaq. Teymur baxır ki, bayaqdan tutuquşu kimi danışan vəzirlər, əyanlar Molla Nəsrəddini görcək lal oldular. “M.N.lətif.” Lal olmuşam onu sevəndən bəri; Yoxsa qalmaz idim söz qabağında. Q.Zakir. Düşdün niyə bəs bu hala əlhal? Bilməm nə səbəbdən olmusan lal? M.Ə.Sabir. Lal durmaq – susmaq, susub durmaq, dinməmək, sükut etmək. [Nurəddinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq .. zənn etdilər. S.S.Axundov. Lal olasan! (olsun!) – qarğış məqamında işlənir. Əzizim, dəydi yara; Su gəldi, dəydi yara; Lal olasan, ay dilim; Nə dedim, dəydi yara? (Bayatı).
məc. Ahəstə, sakit, səssiz. Gecə sakit, gecə lal; Gecə qərib bir xəyal; Qaralmış pəncərələr. S.Vurğun. [Salam] lal (z.) axan kəhriz suyundan ovuc dolusu içdi. Mir Cəlal. ◊ Lal xəritə – tədris vəsaiti kimi istifadə edilən yazısız coğrafi xəritə. Lal səhnə – teatr tamaşalarında, kinofilmlərdə danışıqsız, səssiz səhnə.