[go: up one dir, main page]

Yasuciro Ozu

Yapon Film Rejissoru

Yasuciro Ozu (yap. 小津 安二郎; d. 12 dekabr 1903ö. 12 dekabr 1963) yapon və dünya kinosunun tanınmış klassik kinorejissorlarından biridir.[1]

Yasuciro Ozu
小津 安二郎
Doğum tarixi
Doğum yeri Tokio, Yaponiya
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Tokio, Yaponiya
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1927—1962
Təhsili
Mükafatları
IMDb ID0654868
cinemaclassics.jp/ozu/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Yapon və dünya kinematoqrafiyasının klassiklərindən biri olan Yasuciro Ozu 12 dekabr 1903-cü ildə Tokioda anadan olub. Ozunun doqquz yaşı olanda atası və anası ayrılır. On yaşı olanda gübrə taciri olan atası Ozunu kəndə – qohumlarının yanına göndərir. Yasuciro anasının yanında böyüyür. Bu hal rejissorun gələcək həyatına böyük təsir göstərir.

Vaseda Universitetinə qəbul üçün verdiyi imtahanda Ozu iki dəfə uğursuzluğa uğramışdı. Bir neçə ay kənd məktəbində müəllim işlədikdən sonra o, Tokioya qayıdır və 1923-cü ildə ailə əlaqələri sayəsində böyük kinokompaniya olan “Sötiku”ya operator köməkçisi vəzifəsinə düzəlir. Ozunu bu fikrə Toman İnsin “Sivilizasiya” (1911) filmi təhrik etmişdi. 1926-cı ildə o artıq rejissor assistenti idi və daha bir il sonra artıq öz filmini çəkməyə başlamışdı. Onun ilk işləri Hollivud nümunələrinə açıq təqliddir. Yasuciro çox sayda film çəkir. Təkcə 1930-cu ildə o, yeddi film ərsəyə gətirir.

Başlanğıcda onun sevimli janrı satirik komediya idi. Gənc Ozunun unikal yumor hissi “tələbəlik” lentlərində “Cavanlıq günləri” (1929), “Universiteti ki bitirdim...” (1929), “İmtahandan kəsildim...” (1930) kimi filmlərində əksini tapır. “Universiteti ki bitirdim...” filminin ironik adı iqtisadi böhranın yan keçmədiyi Yaponiyada qanadlı ifadəyə çevrilmişdi. Filmdə təhsil alan, lakin əlaqələri və pulları olmayan tələbələr üçün işin olmadığı vurğulanırdı.

Baxmayaraq ki, gəncliyində Ozu bir çox janrlarda uğurlu eksperimentlər aparmışdır, ən böyük uğuru onun ailə dramları qazanmışdır. Qəmli və lirik, yüngül yumorla rənglənmiş “Tokio Xoru” (1931), “Doğulmağa doğuldum” ( 1932), “Üzən ot barədə povest” (1934), “Tokio yataqxanası” (1935), “Ananı sevmək lazımdır” (1934) filmləri tamaşaçını yapon ailəsinin gündəlik həyatına daxil edir, uşaqlar və valideynlərin qəliz münasibətlərindən söz açırdı.

Yaponiya Çinlə müharibəyə başladıqdan sonra Yasuciro iki il ərzində orduda xidmət edir. Evə qayıtdıqdan sonra “şəxsi təcrübəsinə əsaslanaraq” hərbi dramlar çəkmək tapşırığı alır. Lakin Ozu məişət dramları çəkməyə davam edir.

Bu zamanlar çox sərt senzura mövcud idi. “Sadə yeməyin dadı” (1939) filmində belə bir epizod var: çağırışçı kədərli arvadı ilə birgə sadə süfrə arxasında əyləşir. Senzura göstəriş verir ki, qırmızı lobyalı bayram düyüsü daha uyğun olardı. Rejissor tabe olmur və filmin ssenarisini müharibənin sonunadək təxirə salır.

“Ata var idi” (1942) filmi Ozunun kədərli etiraf filmidir. 1934-cü ilin aprelində atasının 67 yaşında vəfat etməsi onun üçün dəhşətli zərbə olmuşdur. Yasuciro gəncliyi, təhsili, evlənməsi... barədə sadə hekayə danışır. Film atanın ölümü ilə başa çatır. Dəfndən və kremasiyadan sonra oğul kül olan urnanı qatarda gətirir, lakin adətə görə onu təmtəraqla əldə tutmaqdansa, baqaj bölməsinə qoyur. Bu hərəkət tək “qəhrəmanlıq ənənələrindən” şüurlu imtina olmayıb, həmçinin müharibə illərində hisslərin kütləşməsinə işarə edir. Kinotənqidçi İvasaki yazır ki, “Ozu müharibə zamanı kobudlaşan, adi görkəmlərindən məhrum olan, əsrlər ərzində formalaşan üslub və adətlərini itirən yaponları göstərmək istəmişdir”. Film bir çox insanı hiddətləndirmişdi, xüsusilə də final səhnəsi ilə.

Tezliklə Ozunu yenidən səfərbərliyə alır və hərbi filmlər çəkmək üçün Sinqapura yollayırlar. Yaponiya təslim olanda o, hərbi əsirlər üçün olan ingilis düşərgəsində bir neçə ay keçirir. Müharibədən sonraki filmlərində Ozu hər bir üzvünün “Biz bir-birimizə bu qədər yad ikən nə üçün bir yerdə yaşamalıyıq?” sualını verdiyi ailəni tədqiq etməyə başlayır. Rejissor sadə və dahiyanə cavab verir: “çünki insana tək yaşamaq çox kədərli və darıxdırıcıdır”.

Məhz bu dövrdən baş rolunu Sacuko Xaronun oynadığı “Gecikmiş bahar” (1949) filmindən sonra Ozu ilk olaraq vətənində sonradan isə onun sərhədlərindən kənarda klassik kimi qəbul olunmağa başladı.

Bütün ömrünü subay yaşayan və uşağı olmayan Yasuciro səmimi və ağrı ilə oğulların və qızların valideyn evini necə tərk etmələri, həyat yoldaşları arasında yadlaşmanın yaranması, insanların sonuncu illüziyalarının necə yox olması və ən əsası cəmiyyətin vahid ailə görüntüsünü necə itirməsi barədə danışır.

“Erkən yay” (1951) filmində ahıl valideynlər evdə qalmış yaşlı qızlarını əbəs yerə ərə verməyə çalışaraq, bununla da onu əzab çəkməyə vadar edirlər. “Gecikmiş bahar” və “Gecikmiş payız” (1960) filmlərində dul ata da bununla məşğuldur. Ozu insan münasibətlərinin bütün sferalarına təsir edən yadlaşmanı qeyd edir.

Yasuciro Ozunun son altı filmi rəngli filmdir lakin rejissorun sözlərinə görə o, “rəng qammasını daraltmağa, çalarları isə boğmağa çalışıb”. “Xigan bayramının gülləri” (1958) filmində Ozu özünün müharibədən əvvəlki “Ailə vodevili” ənənələrini inkişaf etdirir.

“Payızın sonları” (1960) və “Koxayaqava ailəsində payız” (1961) filmlərinin adında yaxınlaşan qocalığa işarə duyulmaqdadır.

Yaponiyada Ozunu “Kinonun allahı” adlandırırdılar, qərbdə isə uzun zaman başa düşmür və nümayiş etdirmirdilər. Demək olar ki, rejissorun ölümünə qədər bu belə idi.

Yasuciro Ozu anadan olduğu gün 12 dekabr 1963-cü ildə 60 yaşında vəfat etmişdir.

Üslubu

redaktə
 
Ozu Tokiya povesti filminin çəkilişləri zamanı

Midzoquti və yaxud Kurosavanın ehtirasla və dramatizmlə işlənmiş obrazlarından fərqli olaraq, Ozunun personajları, adətən, sakit, ləngdirlər və yüngül təbəssümlə danışırlar. Enerjili aktyor Xisay Morisiqe onun “Yayın sonu” filmində çəkilərkən aktyorun hər şeyi çox tez etməsi Ozunu qıcıqlandırırdı və hər səhnə çəkiləndən sonra o istehza ilə təkrarlayırdı: “Bəli, yaxşı oynanılıb, yaxşı oynanılıb. İndi isə, zəhmət olmasa, cənab Morisiqeyə bizim ssenarini verin”.

Ozu heykələ bənzər personajların, kompozisiyanın frontal (izləyiciyə yönəlmiş) olması, genişkünclü və uzunfokuslu obyetivli özünəməxsus unikal kinematoqrafik üslubun yaradıcısıdır. Yasuciro ultraalçaq rakursda çəkilişlər aparırdı (tatami üzərində əyləşmiş insanın baxış bucağına uyğun olaraq) və bu zaman kamera praktik olaraq tərpənmirdi bu da izləyiciyə personajlarla eyni otaqda olma hissini yaşadır. Onun təsvirləri kəskin lakonikdir və tamaşaçıda emosiya yaradacaq bütün səhnələr çıxarılır. Ozunun filmlərində tənqidi qiymətləndirmə və sentimentalizmə yer yoxdur.

Xatirəsi

redaktə
 
Yasuciro Ozunun məzarının üzərinə pərəstişkarları sevimli içkisi sakeni gətirirlər

Yasuciro Ozu Kitakamakura dəmiryolu stansiyasının yanında qəbirstanlıqda dəfn edilmişdir. Başdaşı abidəsində “Heç nə” kimi tərcümə edilən heroqlif təsvir edilmişdir. O, bütün həyatını yanında keçirdiyi 86 yaşında anasının ölümündən cəmi 22 ay sonra dünyasını dəyişmişdir.

Yasuciro Ozunun ölümündən sonraki şöhrəti onun yaşadığı zamanki şöhrətini geridə qoymuşdur. Məşhur Amerikalı tənqidçi, ssenarist və rejissor Pol Şreyder onu “İlahi” üslubun rejissorları sırasına daxil etmiş, Vim Venders isə Ozuya “Tokio-qa”(1981) filmini həsr etmişdir. Vendersin fikrinə görə “Ozunun əsərləri – yüz saat proyeksiyada bir-tək uzun filmdir və bu yüz saat – dünya kinosunun ən müqəddəs sərvətidir”.

Filmoqrafiya

redaktə

Mənbə

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. "BFI | Sight & Sound | Top Ten Poll 2002 — The Critics' Top Ten Directors". 2011-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.