Uppsala Universiteti
Uppsala Universiteti (isv. Uppsala universitet) — İsveç Krallığının Uppsala əyalətinin eyniadlı şəhərində yerləşən və Şimali Avropanın ən qədim ali təhsil ocaqlarından biri.
Uppsala Universiteti | |
---|---|
Uppsala universitet | |
59°51′27″ şm. e. 17°37′44″ ş. u.HGYO | |
Əsası qoyulub | 1477 |
Tip | Dövlət |
Ölkə | |
Sayt | uu.se |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUppsala Universitetinin yaranmasında arxiyepiskop Ceyms Ulfssonun əhəmiyyətli rolu olmuşdur. Belə ki, XV əsrin ortalarında C.Ulfsson Uppsala şəhərində universitet yaratmaq qərarına gəlir. Bunun üçün isə mütləq, orta əsrlər universitetlərində olduğu kimi, papa bullası almaq lazım idi. 1477-ci ildə Uppsala Universiteti bu sənədi almağa nail olur. Bullaya əsasən, Papa IV Sikstus Uppsala Universitetinə daha əvvəl yaranmış Boloniya Universitetində olduğu kimi bir sıra hüquq və imtiyazlar verir. Belə ki, Uppsala Universitetində 4 ənənəvi fakültə açılır. Həmin fakültələr bunlar idi:
- İlahiyyat fakültəsi;
- Hüquq (kilsə və Roma hüququ) fakültəsi;
- Tibb fakültəsi;
- Fəlsəfə fakültəsi.
Uppsalanın arxiyepiskopu yeni yaradılmış universitetin kansleri adlandırılır, İlahiyyat fakültəsi ali məktəbin mərkəzi qüvvəsi hesab olunur.
1515-ci ildə arxiyepiskop Ceyms Ulfsson təqaüdə çıxdıqdan sonra Uppsala Universitetinin inkişafında durğunluq yaranır. Kral XIV Erikin, sonradan isə onun qardaşı və davamçısı III İoannın universiteti dirçəltmək cəhdləri nəticəsiz qalır. 1593-cü ildə Uppsala şəhər rəhbərliyinin keçirdiyi iclasda universitetin əvvəlki nüfuzunun qaytarılması barədə qərar qəbul edilsə də, bununla bağlı faktiki olaraq ciddi heç bir iş görülmür.
İsveç orta əsrlərdə istila etdiyi ərazilər hesabına böyüməyə başlayır, ölkədə dövlət qulluqçularına və müəllimlərə daha çox ehtiyac duyulur. İsveçin müxtəlif şəhərlərində gimnaziya və hazırlıq məktəbləri tikilir. 1620-ci ildə kral II Qustav Adolfun səxavətli yardımı nəticəsində Uppsala Universitetinin iqtisadi təməli möhkəmlənir və ali məktəb inkişaf yoluna qədəm qoyur. Artıq 1630-cu ildə universitet tələbələrinin sayı 1000-i keçir. Eləcə də həmin dövrdə İsveç Krallığının tərkibində olan 1632-ci ildə Estoniyada Derpt, 1640-cı ildə Finlandiyada Abo, 1666-cı ildə Danimarkada Lund universitetləti açılır.
XVII əsrin əvvəllərində Almaniya universitetlərində təhsil almış İsveçin dövlət xadimi Aksel Oksenstierna ömrünün son illərində universitetdə kansler vəzifəsində çalışır və ali məktəbin inkişafında gördüyü xüsusi işlərlə yadda qalır. Kraliça Yelizaveta universitetə etdiyi bir çox yardımlarla yanaşı, ali məktəbdə keçirilən tədbirlərə də şəxsən qatılır. O, gənc alim Olaus Rudbekin Anatomik teatr memarlıq işinin nümayişində iştirak edir. Qeyd edək ki, Niderland Krallığının Leyden Universitetində təcrübə qazanan və ixtisasca həkim olan O.Rudbek 1655-ci ildən Uppsala Universitetində çalışmağa başlayıb və memarlıq sahəsində gördüyü işlərlə tarixə düşüb. Xüsusi gümbəzlərdən ibarət Anatomik teatr binası, hazırda XVIII əsr muzeyi hesab edilən və Botanika bağı məhz onun əməyinin bəhrəsidir. Sonradan bu bağda tibb sahəsi üzrə professor Karl Linney uzun müddət fəaliyyət göstərdiyi və xüsusi qulluq işləri apardığı üçün bağa onun adı verilir.
XVII əsrin sonunda universitetin tarixində nəzərəçarpacaq inkişaf hiss edilmir. Universitetdə dəqiq elmlər üzrə alimlərin sayı xeyli azalır, bu zamanadək ali məktəbdə aparılan fəal fəlsəfi debatlar Fransa inqilabından sonra ləngiməyə başlayır.
1702-ci ildə Uppsala Universitetində baş vermiş yanğın nəticəsində universitetin bir çox binaları yansa da, Rudbekin tikdiyi binalar yanğına daha az məruz qalır. Yanğından daha çox zərər çəkən Uppsala kilsəsi və Uppsala qəsri görkəmli İsveç memarı Karl Harleman tərəfindən bərpa edilir. Həmçinin K.Harleman yeni Konsistoriya (xristianlarda inzibati və məhkəmə hüququna malik ruhani idarə) binasını tikir, rəsədxana, Linney botanika bağının binalarında bir sıra dəyişiklik edir.
XVIII əsrdə universitetdə ortodoksal Lüteran və klassik filologiya hökm sürsə də, dəqiq elmlər üzrə də yeni layihələr həyata keçirilməyə başlanılır. 1728-ci ildə riyaziyyatçı və fizik Samuel Klingenstierna, 1729-cu ildə astronom və fizik Anders Selsi, 1741-ci ildə isə botanik və həkim Karl Linney professor elmi dərəcəsini almağa nail olurlar. Universitetdə dəqiq və humanitar elmlərin tərəfdaşları arasında mübarizə aparılır. 1741-ci ildə Uppsala Universitetində iqtisadiyyat kafedrası yaradılır. Bu, Almaniyanı çıxmaq şərti ilə, Avropada yaradılan ilk iqtisadiyyat fakültələrindən biri olur. 1759-cu ildə universitetdə təsərrüfat məqsədi ilə Təcrübi iqtisadiyyat bölməsi yaradılır.
1865-ci ildə İsveç parlamentinin sonuncu sessiyası zamanı qadınların ali məktəblərə qəbul edilməsi barədə ilk dəfə olaraq məsələ qaldırılır. Sonrakı illər bu məsələ ölkə universitetlərində də müzakirə olunur. İsveç Krallığı üzrə ilk qız tələbə Uppsala Universitetinin tələbəsi Berti Petterson olur. O, 1872-ci ildə kralın icazəsi ilə Uppsala Universitetinə qəbul edilir və burada müasir Avropa dillərini öyrənir. Sonradan isə B.Petterson oğlanlar üçün məktəbdə müəllim işləyən ilk isveçli qadın kimi tarixə düşür. Ölkədə ilk doktorluq səviyyəsi alan qadın da 1883-cü ildə Uppsala Universitetinin tarix elmləri doktoru Ellen Fries olur. 1809-cu ildə qəbul edilmiş İsveç Konstitusiyasına əsasən yalnız isveçli kişilər dövlət vəzifələri tuta və professor adını ala bilərdilər. Bu qanun 1925-ci ildə ləğv edildikdən sonra İsveçdə ilk dəfə olaraq 1949-cu ildə xanım Gerd Enequist Uppsala Universitetində insan coğrafiyası üzrə professor adına yüksəlir.
Müasir vəziyyəti
redaktəUppsala şəhərinin mərkəzindən şimalda Uppsala Universitetinin Müəllimlərin Hazırlanması Mərkəzi, cənubda Uppsala Biotibbi, İnformasiya Texnologiyaları və Geo mərkəzlər, Anqstrem, Rudbek laboratoriyaları, universitet xəstəxanaları, qərbdə Humanitar elmlər, o cümlədən Xarici dillər, Təkamül biologiyası mərkəzləri, Botanika bağı, Kilsə ətrafında Qustavianum, Qədim Konsistoriya, Universitet Holl, Ekerman, Din, Oksentierna, Reqnellianum, Karolina Rediviva binaları, şəhərin müxtəlif hissələrində isə Teatr Oekonomikum və Qamla Torget, Anders Selsi binaları, Linney bağı yerləşir.
Uppsala Universitetində 50-dən çox bakalavr, 60-dan çox magistr və doktorluq proqramı, 1900 müxtəlif kurs təklif edən 16 fakültə fəaliyyət göstərir. Bu ali məktəbdə humanitar və sosial elmlər üzrə İlahiyyat, Hüquq, Tarix və fəlsəfə, Dillər, Sosial elmlər, Pedaqogika, tibb və əczaçılıq elmləri üzrə Tibb, Əczaçılıq, Tibb bacısı fakültələri, Tibb və Əczaçılıq Elmləri Elmi-Tədqiqat Mərkəzi, dəqiq və texniki elmlər üzrə Riyaziyyat və dəqiq elmlər, Fizika, Kimya, Biologiya, Texniki elmlər, Geoelmlər, Texnologiya və dəqiq elmlər fakültələri mövcuddur.
Uppsala Universitetinin Tibb və tibb bacısı fakültələrinin "Akademiska sjukhuset" adlı təhsil və təcrübə xəstəxanası fəaliyyət göstərir. Universitet xəstəxanasının yaşı universitetdən qədimdir, belə ki, bu xəstəxananın binası 1302-ci ildə tikilib və müstəqil xəstəxana kimi fəaliyyət göstərib, sonradan isə Uppsala Universitetinə birləşdirilib. Tibb fakültələri tələbələri üçün tikilmiş xüsusi universitet xəstəxanası Riddartorget ərazisində yerləşən və 1708-ci ildə inşa edilən "Nosocomium Academicum" xəstəxanasıdır. Ali məktəbin digər "Akademiska sjukhuset" xəstəxanası 1850-ci ildə universitet klinikasının ətraf xəstəxanalarla birləşməsi nəticəsində yaradılıb. Uppsala qəsrinin cənub-şərqindəki xəstəxananın yeni binası isə 1867-ci ildə inşa edilib.
Hazırda bu xəstəxana kompleksinin genişləndirilməsi üzrə işlər davam etdirilir. 2000-dən çox pasiyent tutumuna malik bu xəstəxananın 8000-dən çox əməkdaşı var. Universitet xəstəxanaları nəzdində Diaqnostika, anesteziya və texnologiya; Təcili tibbi yardım və reabilitasiya; Onkologiya, döş qəfəsi; Nevrologiya; Psixiatriya, Cərrahiyyə, Qadın sağlamlığı və pediatriya bölmələri, 100-ə yaxın departament fəaliyyət göstərir. Eyni zamanda Uppsala Universitetinin Uşaq xəstəxanası, Uppsala Qabaqcıl Texnologiyalar və Neyroendokrin Şişlər Mərkəzi, Mobil İntensiv Müalicə, Helikopter İntensiv Müalicə, Bərkidilən Qanad İntensiv Müalicə (xəstənin yanına ən sürətli yetişmə, bütün avadanlıqla təchiz olunan vertolyot və təyyarələrə malik) şöbələri mövcuddur. Universitetin Uppsala Qayğı Xidməti ölkədə yaşayan əcnəbi vətəndaşlar üçün tibbi xidmətlər təklif edir. Qayğı Xidməti Endokrin onkologiya; Daxili xəstəliklər; Ginekologiya və sonsuzluq; İmmun catışmazlığı; Nevrologiya və neyrofiziologiya; Neyrocərrahiyyə, əmək terapiyası, reabilitasiya; Protez; Onurğa beyini zədələri reabilitasiyası; Xərçəngin cərrahiyyə və şüa terapiyası yolu ilə müalicəsi; Orqanların transplantasiyası; Uroloji xəstəliklər bölmələrindən; Döş Xəstəlikləri (kardiologiya, angioplastika və aritmiya daxil olmaqla) Mərkəzindən ibarətdir.
Kitabxanası
redaktəUniversitetin kitabxana sistemi ölkənin ən zəngin universitet kitabxanalarından hesab edilir. Bu sistem əsas Karolina Rediviva kitabxanası daxil olmaqla 18 filial kitabxanalarından (Karolina Rediviva, Boye Karin, Blasenhus, Hüquq, Daq Hammarşeld, İqtisadi elmlər, Şəhər və yaşayış yeri tədqiqatları, Təhsil və tədqiqat, Tibb, Səhiyyə və qayğı, Biotibbi, Anqstrem, Yer elmləri, Biologiya, Əlyazma və musiqi, Xəritə və çap, İlkin nəşrlər, Arxiv kitabxanaları) ibarətdir.
Kitabxanalarda humanitar, ilahiyyat, sosiologiya, mədəniyyət, hüquq, pedaqogika, tibb, əczaçılıq, dəqiq elmlər və texnologiya üzrə kolleksiyalar toplanıb. Əsas kitabxana olan Karolina Rediviva binası 1841-ci ildə memar Karl Frederik Sundvall tərəfindən inşa edilib. Bu kitabxanada 6 milyona yaxın kitab, 61959 əlyazma, 7200-ə qədər musiqi partiturası, 345734 xəritə və digər coğrafi sənəd, eləcə də minlərlə digər materiallar saxlanılır. Arxiv və əlyazmalar arasında qotik İncil əlyazmaları (Kodeks Argenteus), astronom Nikolay Kopernikin və digər alimlərin əsərləri, kralların şəxsi sənədləri mövcuddur.
Muzeyləri
redaktəUppsala Universitetinin unikal kolleksiyaya malik bir neçə muzeyi fəaliyyət göstərir. Bu muzeylər tədqiqatçılar, Uppsala şəhərinə gələn insanlar üçün böyük resurs mənbəyi hesab edilir. Universitetin zəngin kolleksiyalara malik muzeyləri arasında Təkamül, Tibb tarixi muzeylərini, Qustavianum binasını, Karolina Rediviva sərgisini xüsusi qeyd etmək olar.
Rəhbərlik və kontingent
redaktəUppsala Universiteti Senat tərəfindən idarə olunur. Senat ali məktəbin elmi, iqtisadi, inzibati işlərinin planlaşdırılması və həyata keçirilməsinə cavabdehlik daşıyır. Senatın üzvlərini İsveç dövləti təyin edir. Müəllim və tələbələr də Senatın üzvü ola bilərlər. Senatın hər bir üzvü səsvermə hüququna malikdir. Senatın müəyyən etdiyi işlərin həyata keçirilməsinə operativ nəzarət universitet rektorunun üzərinə düşür. Uppsala Universitetinin rektoru və vitse-kansleri professor Anders Hallberqdir. Rektorun humanitar və sosial elmlər, tibb və əczaçılıq, eləcə də dəqiq elmlər və texnika üzrə 3 müavini var. Fakültələr dekanlar tərəfindən idarə olunur. Universitetdə ümumilikdə 5000 nəfər işçi çalışır. Onların 3000-i professor-müəllim və tədqiqatçılardır, qalanları isə inzibati heyətə daxildir. Universitetdə 550 nəfər baş müəllim işləyir, müəllimlərin 20 faizini qadınlar təşkil edirlər.
Uppsala Universitetində 45000-ə yaxın tələbə təhsil alır. Onların 23000-ni əyani, qalanlarını isə qiyabi oxuyan tələbələr təşkil edirlər. Tələbələrin yarıdan çoxu humanitar və sosial elmlər üzrə təhsil alır.
Yataqxana kompleksi
redaktəUppsala Universitetinin tələbə şəhərciyində 3500 birotaqlı və 2700-ə qədər mənzildən ibarət yataqxana kompleksi fəaliyyət göstərir. Buna baxmayaraq, tələbələr universitet yataqxanalarında yer tapmaqda bir qədər çətinlik çəkir, kirayə otaq tutmaq və şəhərdə müstəqil olaraq yaşayış yeri axtarmaq məcburiyyətində qalırlar. Bu işdə tələbələrə universitetin Tələbə Təşkilatı yardım edir. Tələbə Təşkilatı bir sıra xüsusi mənzil və otaqlara malikdir və təşkilata üzv olan tələbələri burada yerləşdirir. Təşkilat Kvarnqardet, Floqsta, Centrum, Hoqanas, Luthagen, Ultuna, Qamla Uppsala və digər rayonlarda yerləşən yataqxanalarda otaqlar təklif edir. Bir otağın qiyməti yerləşdiyi ərazi və şəraitindən asılı olaraq ayda 2300-5000 İsveç kronu arasında dəyişir.
Tələbə Təşkilatı
redaktəUppsala Tələbə Təşkilatı 1849-cu ildə yaradılıb və bu təşkilata Əczaçılıq fakültəsinin tələbələrini çıxmaq şərti ilə millətindən asılı olmayaraq bütün tələbələr daxil edilir. Əczaçılıq fakültəsinin tələbələrinin təşkilata üzvlükdən azad olmasının səbəbi onların ayrıca olaraq Əczaçılıq Tələbələri Assosiasiyasının fəaliyyət göstərməsi ilə əlaqədardır. Eyni zamanda Uppsala Universitetində hər ölkəni və ya milləti təmsil edən tələbələr də xüsusi təşkilatlar yaradırlar.
İdman
redaktəABŞ və Böyük Britaniya universitetlərindən fərqli olaraq Uppsala Universiteti tələbələrinin həyatında idman elə də böyük rol oynamır. Universitet daha çox musiqi və xor sahəsi üzrə məşhurdur. Burada tələbələr qılıncoynatma, gimnastika, yüngül atletika, atçılıq və s. idman növlərinə üstünlük verirlər.
Musiqi sahəsi
redaktəUniversitetdə musiqi sahəsinə xüsusi diqqət ayrılır. Kral Akademik Orkestri 1627-ci ildən fəaliyyət göstərir. Bu orkestrdə Vilhelm Stenhammar, Uqo Alfven və Lars-Erik Larson kimi dahi bəstəkarlar çalışıblar. Universitetin məşhur xor qrupu fəaliyyət göstərir və bu qrupun tanınmış simalarından Erik Eriksonun adını qeyd etmək olar. Onun şərəfinə universitetdə Erikson Xor Rejissorluğu kafedrası, 2000-ci ildə isə xor mərkəzi açılıb. Mərkəz xor kursları təklif edir.
Xarici əlaqələri
redaktəDünyanın ən qədim ali məktəblərindən olan Uppsala Universiteti hazırda beynəlxalq əməkdaşlıq, ticarət, iqtisadiyyat, mədəni mübadilə və bir sıra digər sahələr üzrə ən innovativ tədqiqat və təhsil tədbirləri keçirir. Ali məktəbin qarşısında duran əsas məsələlərdən biri də fənlərarası tədqiqatların aparılması və dünyanın müxtəlif böyük şirkətləri ilə əməkdaşlıq çərçivəsində yeni modellərin işlənməsidir. Son illər universitet apardığı tədqiqatların öyrənilməsi üçün beynəlxalq ekspertlər dəvət edib. Universitetin əldə etdiyi nəticələr ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Bu gün Uppsala Universiteti tək Avropanın deyil, bütün dünyanın sürətlə inkişaf edən elmi-tədqiqat müəssisələrindən birinə çevrilib.
2010-cu ilin mayından Uppsala Universiteti Dartmut Kolleci (ABŞ), Darem (Böyük Britaniya), Kuins (Kanada), Otaqo (Yeni Zellandiya), Tübingen (Almaniya) və Qərbi Avstraliya (Avstraliya) universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində Matariki Universitetləri Şəbəkəsinə qoşulub.[2]
Koimbra qrupunun üzvüdür.[3]
Büdcəsi
redaktəUppsala Universitetinin illik büdcəsi 5000000000 İsveç kronu təşkil edir.
Təhsil haqqı
redaktəUniversitetdə yerli və Avropa Birliyi, eləcə də Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən tələbələr ödənişsiz təhsil alırlar. Əcnəbi tələbələrdən isə təhsil haqqı ödəmək tələb olunur. Bakalavr pilləsində onların təhsil haqqı ildə 80000-180000 İsveç kronu təşkil edir. Təhsil haqqı İsveç kronu ilə ödənilir. Tələbə qeydiyyatdan keçmək üçün 900 İsveç kronu (100 avro) verir. Universitetin magistratura və doktorantura səviyyəsində təhsil haqqı tələbənin seçdiyi proqrama görə fərqlənir.
Uppsala Universitetinin təqaüd proqramı Avropa Birliyi və Avropa İqtisadi Məkanından kənar ölkələri təmsil edən tələbələr üçün nəzərdə tutulub. Təqaüd elanları payız və yaz aylarında (1 noyabr, 1 aprel) verilir və tələbələrin ərizə qəbuluna başlanılır. Universitetdə təhsil haqqını tamamilə ödəyəcək məbləğdə bir neşə təqaüd mövcuddur. Burada təqaüdlə yanaşı tələbələrə qrant və kreditlər təklif olunur. Universitetin verdiyi Vallenberq fondu, Linney qrantlarının məbləği 86000 İsveç kronu təşkil edir.
Reytinqi
redaktəBöyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Uppsala Universiteti 100 ən yaxşı ali məktəb arasında 75-ci yerdə olmuşdur.
2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Uppsala Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 147-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 62-ci yerdə qərarlaşmışdır.
2003[5] | 2004[6] | 2005[7] | 2006[8] | 2007[9] | 2008[10] | 2009[11] | 2010[12] | 2011[13] | 2012[14] | 2013[15] | 2014[16] | 2015[17] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
59 | 74 | 60 | 65 | 66 | 71 | 76 | 66 | 67 | 73 | 73 | 60 | 61 |
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Şahzadə Viktoriya — İsveç Krallığının taclı şahzadəsi;
- X Karl — İsveç Krallığının sabiq kralı;
- XV Karl — İsveç Krallığının sabiq kralı;
- II Oskar — İsveç Krallığının sabiq kralı;
- V Qustav — İsveç Krallığının sabiq kralı;
- VI Qustav — İsveç Krallığının sabiq kralı;
- XVI Karl Qustav — İsveç Krallığının sabiq kralı;
- Nils İden — İsveç Krallığının sabiq baş naziri;
- Hens Bliks — İsveçin sabiq xarici işlər naziri, Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri;
- Anna Lind — İsveçin sabiq xarici işlər naziri;
- Per Yakobson — Beynəlxalq Valyuta Fondunun direktoru;
- Hans Korell — BMT Baş katibinin hüquq məsələləri üzrə sabiq müavini;
- Hans Henrik von Essen — Norveçin general-qubernatoru;
- Karl Qustav Vestman — İsveçin sabiq ədliyyə naziri;
- Tito Steyn Dolanc — Yuqoslaviya Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri.
Nobel mükafatı laureatları
redaktə- Arne Tiselius — kimya üzrə Nobel mükafatı laureatı;
- Teodor Svedberq — kimya üzrə Nobel mükafatı laureatı;
- Svante Arrenius — kimya üzrə Nobel mükafatı laureatı;
- Allvr Qulstrand — fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı;
- Robert Barani — fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı;
- Huqo Teorell — fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı;
- Manne Siegbahn — fizika üzrə Nobel mükafatı laureatı;
- Hannes Alfven — fizika üzrə Nobel mükafatı laureatı;
- Kay Siegbahn — fizika üzrə Nobel mükafatı laureatı;
- Erik Aksel Karlfeldt — ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Per Lagerkvist — ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Yalmar Brantinq — ədəbiyyat üzrə Nobel mükafatı laureatı;
- Natan Söderblom — sülh üzrə Nobel mükafatı laureatı;
- Alva Mirdal — sülh üzrə Nobel mükafatı laureatı;
- Daq Hammarşeld — sülh üzrə Nobel mükafatı laureatı.
Həmçinin bax
redaktəMənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Uppsala Universiteti Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 29.04.2011, № 16. (az.)
İstinadlar
redaktə- ↑ 1 2 Public register of government agencies in Sweden.
- ↑ Our Members Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine. matarikinetwork.org (ing.)
- ↑ "CG Member Universities 2014" (PDF). Coimbra Group. 2014-04-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10.10.2015.
- ↑ "ARWU - Uppsala University". Shanghai Ranking Consultancy. 2015. 2015-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
Xarici keçidlər
redaktə- uu.se — Rəsmi saytı