Günəş tacı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Günəş tacı — Günəşdən 5 mln. km-dək məsafədə yerləşir. O, Günəşdən ətraf aləmə səpələnən yüklü hissəciklərdən, tozlardan, qaz kütlələrindən (onlara koronium deyilir) ibarətdir. Bu plazma axınları Günəş küləyi adlanır. Onların sürəti 300–400 km/san.-yə çatır. Günəşin ətrafa şüalandırdığı ümumi enerjinin miqdarı 4*10³³ erq/san-dir. Bu enerjinin 1/2.200.000.000 hissəsi Yer səthinə gəlib çatır.
Adi müşahidə zamanı Günəş tacını ancaq tutulma əsnasında görmək olar. 1868-ci ilin 18 avqustunda müxtəlif ölkələrdən bir çox astronomlar tam Günəş tutulmasını müşahidə etmək üçün Hindistana getmişdilər. Bu zaman tacın və protuberansların spektrini öyrənməklə "helium qazı" kəşf edildi. Ancaq Günəş tutulmaları qısamüddətli olurdu. O biri tutulmanı isə çox gözləmək lazım gəlirdi. J. Jansen öz spektroskopunu elə qurdu ki, adi vaxtda da Günəşi müşahidə edə bilsin. Sonra Günəşi müşahidə texnikasını daha da təkmilləşdirdilər. İndi Günəşi müşahidə etmək üçün tutulmanı gözləmirlər. Ancaq yenə də tutulma Günəşi öyrənmək üçün vacib hadisələrdən biri olaraq qalır.
Balaca uşaqların Günəş rəsmlərini görmüsünüzmü? Sarı dairədən hər tərəfə çöp kimi xətlər uzanır. Bunlar şüalardır. Günəş tacının quruluşu, doğrudan da, şüaşəkillidir. Ancaq uşaq rəsimlərində olduğu kimi, bu şüalar bir-birindən belə aralı deyil. Onların hamısı düz deyil, hamısı eyni uzunluqda deyil. Ləkələr və məşəllər üzərindəki şüalar düzdür. Qonşu şüalar isə cəzb olunurmuş kimi, onlara tərəf əyilir. Şüaların başlanğıcında xromosferin parlaqlığı çox güclüdür. Bu sahələr çoşqun sahələr adlanır. Protuberansların da öz kiçik tacları var. Günəşdə ləkələr çox olduqda onun tacı, demək olar ki, dairəvi olur. Ləkələr azaldıqda isə tac dartılmış şəkil alır.
Tac çox parlaqdır. Temperaturu yüksəkdir. Tac maddəsində atomlar böyük sürətlə hərəkət edir və elektronlarını itirirlər. Nüvələr "çılpaq" qalır. Nüvələrdən qopmuş elektronlar daha da sürətlənir. Tacda müxtəlif kimyəvi maddələrin külli miqdarda müsbət yüklü ionları və sərbəst elektronları olur(hidrogen, helium, karbon, ionlaşdırılmış dəmir, azot və oksigen atomları) . Bu "tac mərasimi" ndə başlıca rol elektronlara məxsus olur.
Tac maddəsinə "tac qazı" və ya "yüksəkionlaşmış plazma" deyirlər.