Faşizm
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Faşizm (lat. fascio, it. fascismo, tərc. "dəstə", "birlik") — Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan. Faşizm İtaliyada yaranmışdır. 1919–1945-ci illərdə İtaliyada totalitar tipli sağ radikal siyasi hərəkat. Xalqın maddi vəziyyətinin pisləşməsi, cəmiyyətin müxtəlif qruplarının gəlir səviyyəsi arasında artan fərq, 4 il davam edən və milyonlarla insanın həyatına son qoyan qanlı ümumavropa müharibəsinin qeyri-insaniliyinin və mənasızlığının dərki kütləvi narazılığa səbəb olmuşdu. Müharibənin nəticələrinin və müharibədən sonrakı sosial reallığın doğurduğu dərin məyusluq hissi keçmiş döyüşçüləri zorakı hərəkətlərə sövq edirdi. İtaliyada sosialist partiyasının sol qanadının sabiq lideri, hələ o zamanlar duçe (rəhbər) titulu daşıyan B. Mussolini onların maraqlarının carçısına çevrildi. O, 1919-cu ilin mart ayından onları faşilərdə birləşdirməyə (əvvəlcə Milanda) başladı; faşi üzvləri özlərini faşist, hərəkatı isə faşizm adlandırırdılar.
Əlaqəli mövzular
İstiqamətlər
Doktrinalar
Təşkilatlar
Faşist liderlər
Faşist dövlətlər
|
İtalyan faşistlərinin proqramı bütün sosial qruplara ünvanlanmışdı: kəndlilərə torpaq, fəhlələrə müəssisələrin texniki rəhbərliyində iştirak, xırda burjuaziyaya ucuz kredit, qadınlara seçkilərdə iştirak hüququ, əməkçi italyanlara iri korporasiyaların hərbi gəlirlərinin 85%-nin müsadirə olunması və kapitala mütərəqqi vergi tətbiqi vəd edilirdi. Bu şüarlar xaosa və liberal hökumətlərin və parlamentin gücsüzlüyünə son qoymaq, güclü hakimiyyət qurmaq və İtaliyaya əvvəlki qüdrətini qaytarmaq vədləri ilə müşayiət olunurdu. Mussolini iddia edirdi ki, qayda-qanunu və sosial ədaləti təmin etməyən köhnə liberal quruluş yenisi ilə əvəzlənməlidir, bunu isə italyanlara faşizm verməyə hazır idi.
Faşist hərəkatı bütün İtaliyaya yayıldı. Şəhər və kəndin xırda burjuaziyası, sinfi simasını itirmiş elementlər, fəhlə, məmur və ziyalıların bir hissəsi hərəkata qoşuldular. Onları faşistlərin antikapitalist demaqogiyasından ehtiyat etməyən və faşistlərə inqilabi hərəkatın qarşısını ala biləcək real qüvvə kimi baxan iri maliyyə strukturları və sənaye qrupları dəstəkləyirdi. B. Mussolini hakimiyyət uğrunda mübarizədə həm zorakılığa, həm də demokratik mexanizmlərdən istifadəyə əsaslanırdı. Faşistlər əvvəl döyüş dəstələri (skvadralar) formalaşdıraraq fəhlələrə, demokratik təşkilatlara və onların liderlərinə qarşı bütün ölkədə kütləvi terrora başladılar. 1921-ci ildə faşistlər parlamentə keçə bildilər və öz partiyalarını yaratdılar. 1922-ci ilin oktyabr ayında silahlı faşistlərin dörd dəstəsi "Romaya yürüş"ə çıxdı, lakin ordu ilə birbaşa toqquşmalar baş vermədi, çünki kral III Viktor Emmanuil mühasirə vəziyyəti haqqında dekreti imzalamadı və Mussolinini baş nazir təyin etdi. "Faşist inqilabı"nın uğurunu liberal dövlətin zəifliyi və fəhlə partiyaları olan sosialistlərlə kommunistlər arasındakı düşmənçilik şərtləndirdi.
1922-ci ildə burada Benito Mussolininin rəhbərliyindəki faşist partiyası hakimiyyətə gələ bilmişdir. Sonralar bu hərəkat dünyanın bir sıra ölkələrinə yayılmışdır. Benito Mussolininin hakimiyyətə gəlişindən sonra İtaliyada intotalitar rejimə transformasiyası başladı. Duçenin rəhbərliyi altında faktiki olaraq qanunverici hakimiyyət rolunu oynayan Böyük faşist şurası (BFŞ) və faşist skvadraları əsasında Könüllü milli təhlükəsizlik milisi yaradıldı. Dövlətin transformasiyası Faşizmin sərt siyasi böhranı ("Matteotti böhranı") dəf etməsindən və 1926-cı ildə "fövqəladə qanunlar"ın qəbulundan sonra daha da sürətləndi. İtaliyada vətəndaşların demokratik hüquqları və mətbuat azadlığı ləğv edildi, qeyri-faşist təşkilat və partiyaları dağıdıldı, tətillərə qadağa qoyuldu, vətəndaş cəmiyyəti üzərində sərt polis nəzarəti bərqərar edildi, müxalif əhvali-ruhiyyəni və fəaliyyəti əzmək üçün xüsusi dövlət sistemi yaradıldı. Antifaşistləri məhkəməyə cəlb etmək üçün Xüsusi tribunal və gizli siyasi polis təsis edildi. Dövlət quruluşu islahatlarının əsas istiqaməti hakimiyyət institutlarının faşistləşdirilməsi oldu. Dövlət aparatı mütləq qaydada faşist partiyasının üzvlərindən formalaşdırılır, Mussolinin başçılıq etdiyi hökumət parlament qarşısında deyil, kral qarşısında cavabdehlik daşıyırdı. Parlament də islahatlara məruz qalmışdı: deputatlığa namizədlərin siyahısı BFŞ tərəfindən təsdiqlənir, onların irəli sürülməsi hüququ yalnız faşist təşkilatlarına verilirdi. 1939-cu ildə parlamentin seçkili olması ləğv edildi, əvəzində isə Faşist partiyası milli şurasının və Milli korporasiyalar şurasının təyin edilən üzvlərindən ibarət faşi və korporasiyalar palatası yaradıldı. Faşistlərin fikrincə, dövlət korporativ olmalıdır, yəni sinfi qarşıdurma istehsal sahələri üzrə korporasiyalarda birləşən istehsalçıların maraqlarının harmoniyası ilə əvəzlənməli və belə korporasiyalarda fəhlədən tutmuş mülkiyyətçiyə qədər bütün üzvlər "ümumi milli maraqlar" naminə işləməlidir. Korporativlik dövlətin bazar iqtisadiyyatına və sosial münasibətlərə fəal müdaxiləsi üsuluna çevrildi və xüsusi mülkiyyət prinsiplərinə toxunmadan onlar üzərində nəzarət yaratmağa imkan verdi. Dövlət sənaye rekonstruksiyası institutunun yaradılması, ictimai işlərin təşkili, fəal tarif siyasəti, milli monopoliyalara maliyyə yardımı, qarışıq dövlətözəl müəssisələrinin yaradılması və digər tədbirlər İtaliyaya da ağır zərbə vurmuş dünya iqtisadi böhranının nəticələrini aradan qaldırmağa yönəlmişdi. Bu tədbirlər əsasında iqtisadiyyatın və sosial münasibətlərin totalitar tənzimləmə modeli təşəkkül tapdı.
BFŞ-nin təsdiqlədiyi "Əmək Partiyası"nda (1927) millətin tərifi italyanların həm ümumi, həm də fərdi iradəsini ifadə edən faşist dövlətində reallaşmış "əxlaqi, siyasi və iqtisadi vəhdəti" kimi verilirdi. İtaliyada məhz dövlət əsas məqsədə — cəmiyyətin və fərdin total faşistləşməsinə nail olmaq üçün faşistlərin əlində başlıca vasitəyə çevrildi. Cəmiyyətin tam tabe edilməsinə yönəlmiş kurs "Hər şey dövlətdədir, dövlətdən kənarda heç nə yoxdur, dövlətə qarşı heç nə yoxdur" formulu ilə ifadə olunurdu. Yeni dövrdə sabitləşmiş liberal azadlıq və bərabərlik idealına əks olaraq, "faşizm doktrinası" azadlığı onun inkarı hesabına təsbit edirdi, çünki onun qarantı qismində totalitar dövlətin özü çıxış edirdi. Dövlətin səciyyəvi cəhətləri faşist, korporativ, unitar ideologiya; ilahiləşdirilməsi 1930-cu illərin ortalarında ən yüksək zirvəyə çatan xarizmatik rəhbərin — duçenin kultu; məqsədi rejimin möhkəm bünövrəsinin və tarixi varisliyinin təminatı olan kütləvi təşkilatlar (faşist partiyası, həmkarlar ittifaqları, ideologiyalaşdırılmış qadın, uşaq, gənclər təşkilatları, asudə vaxtın inhisarlaşdırılması strukturları) sistemi; iqtisadiyyatın və mülki həyatın hərbiləşdirilməsi idi. Avtoritar rejimlərdən fərqli olaraq, Faşizm hakimiyyətin əqidəli adeptlərindən ("Mussolini dövrünün yeni insanı") ibarət kütləvi sosial bazanı formalaşdırmağa çalışırdı. Ölkədəki faşist tərbiyəsinin çoxprofilli sistemi — ali məktəb müəllimlərinin sədaqət andı, məktəb müəllimlərinin mütləq qaydada partiya üzvlüyü, "faşist mədəniyyəti" və yeni davranış qaydalarının ("faşist şənbələri", "faşist toyları", müxtəlif "döyüşlər", faşist üslubu, Qədim Roma atributikası) təbliği, kütləvi hərbi-idman hazırlığı və məişətin hərbiləşdirilməsi məhz buna yönəldilmişdi.
Bütünlükdə faşizmin inkişafı dalğavari şəkildə genişlənmişdir. Onun inkişaf dalğasının ən yüksək dövrü 1933-cü ildə onun Almaniyada hakimiyyət başına gəlməsindən sonra başlanmışdır. Faşizm və ya nasionalsosializm Avropada bir hərəkat kimi qalib gəlir. Avropa ölkələrinin yarıdan çoxuna yayılır, hakim siyasi qüvvəyə çevrilir. 1933-cü ilin oktyabrında artıq faşizm bir hərəkat kimi 23 ölkədə fəaliyyət göstərirdi. 1936-cı ildə 20 Avropa ölkəsində 49 faşist təşkilatı mövcud idi.
İtaliyada Mussolininin və Almaniyada Hitlerin başçılığı ilə faşist diktaturalarının yaradılması faşizm hərəkatında yeni rejimin yaranması demək idi. Faşist rejimi İkinci dünya müharibəsindən sonra da mövcud idi. 1974-cü ildə Portuqaliyada Salazar rejiminin, bir il sonra isə İspaniyada Franko rejiminin devrilməsi ilə Avropada faşizm dövrü başa çatmışdır.
Bütün milli xüsusiyyətləri ilə yanaşı faşizmin mahiyyəti hər yerdə eyni olaraq qalmışdır: o, kapitalizm cəmiyyətinin ən irticaçı dairələrinin mənafeyini əks etdirmişdir. Onlar faşizmə maliyyə və siyasi yardım göstərərək hərəkatdan kütlələrin etiraz çıxışlarının qarşısını almaq, mövcud rejimi saxlamaq və beynəlxalq arenada qəsbkarlıq niyyətlərini həyata keçirmək üçün istifadə etmişlər.
Faşizmin və ya milli-sosializm ideya əsasını ifrat antidemokratizm, rasizm, şovinizm, sosial-darvinizm təşkil edir. O, həm fiziki, həm də mənəvi mənada bütün fərdlərin taleyini həll etmək məsuliyyətini öz üzərinə götürən və "milli birliyə" hər hansı müdaxiləni qəti şəkildə aradan qaldıran totalitar dövlət quruluşunu ilahiləşdirir. Faşizm güclü, hətta qəddar, amansız hakimiyyəti təbliğ edir.
Faşizm ideologiyasında millətin qan ümumiliyinə əsaslanan ən ali və əbədi varlıq olmasından ibarət konsepsiya xüsusi yer tutur. Buradan da qanın və irqin təmizliyinin qorunub saxlanılması vəzifəsi fetişləşdirilir. Millətlər aşağı və ali kateqoriyalara bölünür. Faşist cəmiyyətində ali millətlərin digərləri üzərində ağalıq etməsi nəzərdə tutulur. Bu müddəalar faşizmin təcavüzkar xarici siyasətinə, başqa ölkələrin və xalqların əsarət altına alınması praktikasına bəraət qazandırmaq məqsədi güdürdü. Faşist ideoloqları öz qarşılarına böyük vəzifələr (Mussolininin Aralıq dənizi imperiyası, Hitlerin minillik "böyük reyx"i) qoymuşdular. Onların yerinə yetirilməsi üçün isə nəhəng, hər cəhətdən təmin olunmuş orduların yaradılması nəzərdə tutulurdu.
Faşizm sinifləri və sinfi mübarizəni qəti şəkildə rədd edir, onların irqi və yaxud korporativ birliklərdə inteqrasiya edilməsi uğrunda mübarizə aparır. O, tətil, mitinq və digər etiraz formalarını yolverilməz hesab edir. Əlbəttə, bu, onun hakimiyyətə gələndən sonrakı dövrü üçün nəzərdə tutulur. Hakimiyyətə gələnə qədər isə bu vasitələrdən yetərincə istifadə edir, yeri gəldikcə isə hətta təhriketmə hallarından da imtina etmir. Faşizmin tarixi praktikası göstərir ki, o, yalnız bütün demokratik azadlıqları və institutları ləğv edərək totalitar terrorist rejim yaratmağa qadirdir. İctimai həyatın bütün sahələri hərbiləşdirilir, onun bütün istiqamətləri dövlət tərəfindən ən ciddi nəzarətə götürülür. Həm də bu nəzarət təkcə dövlət strukturları tərəfindən deyil, həmçinin hərbi təşkilatlar, hərbiləşdirilmiş partiya dəstələri (İtaliyada "skuadre" dəstələri, Almaniyada SS və digər hissələr)vasitəsi ilə həyata keçirilir. Faşizm cəmiyyətinə xas olan xüsusiyyətlərdən biri ümumi zorakılıq praktikası və zorakılıq kultunun yaradılmasından ibarətdir.
Bu hal cəmiyyətin gündəlik həyatına elə hopdurulur, elə təşviq edilir ki, müəyyən dövrdə qeyri-ixtiyari olaraq adi vətəndaşların yaşayış normasına, həyat tərzinə çevrilir.
Faşizm cəmiyyətində "ümummilli mənafe" deyilən mücərrədləşdirilmiş ideya hər şeyi özünə tabe edir, bütün başqa hissləri əvəz edir. Fərdi fikir, şəxsi mənafe, etik və mənəvi baxışlar arxa plana keçir. Fərdlərin bir-biri, həmçinin cəmiyyət qarşısında məsuliyyət hissi, ailə, uşaq və valideynlərə qarşı borc hissi öldürülür. İnsanlar ümumi ideyanın tələblərini yerinə yetirməli olan icraçılara, "vint"ciklərə çevrilirlər.
Faşizm İkinci dünya müharibəsi illərində özünün həqiqi mahiyyətini açıb göstərmişdir. Ölüm düşərgələri, soyqırımları, krematoriyalar, bəşəriyyətə qarşı kütləvi cinayət aksiyaları ilə faşizm işə keçirdi. Faşizm İkinci dünya müharibəsinin başlanmasında həlledici rol oynadı, sonra isə misilsiz hərbi və mənəvi-siyasi məğlubiyyətə düçar oldu. Onun cinayətləri Nyurnberq məhkəməsi ilə ittiham və məhkum edildi, lakin bu qələbə faşizmin ideya-siyasi cərəyan kimi tam sıradan çıxarılmasını təmin edə bilmədi.
Müharibədən sonra tezliklə o, neofaşizm şəklində yenidən dirçəlməyə başladı. O, faşizmlə genetik əlaqələrini saxlayır. Belə ki, neofaşizm də uyğun ideoloji və siyasi baxışları rəhbər tutur, zorakılıq və dağıdıcılığı təbliğ edirlər. Onun arxalana biləcəyi sosial baza da mövcuddur. Elmi-texniki tərəqqi ilə bağlı kapitalist ölkələrində baş verən sosial dəyişikliklər həyatın dibinə atılmış xüsusi təbəqəni- marginalların yaranmasına gətirib çıxarır. Bu təbəqənin nümayəndələri neofaşistlərin ekstremist çağırışlarını asanlıqla qəbul edir və onların təşkilatlarına daxil olurlar. İndi neofaşistlərin təşkilatlarında ikinci və hətta üçüncü nəsil "rəhbər"lər fəaliyyət göstərirlər.
Bu gün dirçəlməkdə olan neofaşizm kifayət qədər təhlükəlidir. O, bir sıra ölkələrdə ciddi siyasi qüvvəyə çevrilməkdədir. Fransada ultra-sağ irticaçı "Milli Cəbhə" partiyası fəaliyyət göstərir. Onun lideri Le Pen 80-ci illərdən faşizmi açıq şəkildə təbliğ edir və müasir Fransanın real siyasi liderlərindən biridir. Rusiyada da faşist ideologiyası möhkəmlənir. Bu, əsasən gənclərdən ibarət ayrı-ayrı faşist dəstə və qruplarından başqa, V. Jirinovskinin Liberal- Demokrat partiyası ilə təmsil olunur. V. Jirinovski and içir ki, Hitlerin səhvlərini təkrar etməyəcəkdir və əgər hakimiyyətə gələ bilsə, Rusiya əsgərləri cənub dənizlərinin sularında çiməcəklər. Almaniyada faşistlərə F. Şonxuber, Rumıniyada G. Funar, Serbiyada Z. Raznyatoviç başçılıq edir. Avropa ölkələrində keçirilən son seçkilərdə faşistlərin populyarlığının artdığını göstərir. Almaniyada faşist yönümlü iki partiya — F. Şonxuberin rəhbərlik etdiyi Respublika partiyası və G. Freyler başda olmaqla Xalq hərəkatı partiyası seçicilərin səsinin 28%, Fransada Le Penin "Milli Cəbhə" partiyası 12,4%, İtaliyada J. F. Fininin neofaşist partiyası 11% və s. almışlar. Faşizm Latın Amerikası ölkələrində də mövqeyini möhkəmləndirir.
Mütəxəssislər faşizmin dirçəlişinin səbəblərini iqtisadi böhran, əhalinin orta təbəqələrinin həyat səviyyəsinin aşağı düşməsi, sosial təminatların zəifləməsi və buradan da hökumətlərə inamsızlığın, avtoritar, güclü rejimə isə inamın güclənməsi ilə əsaslandırırlar.
Nasist Almaniyası
redaktəNasist Almaniyasının təzyiqi ilə İtaliyada ölkənin yəhudi əhalisinin hüquqlarını pozan irqi qanunlar (1938) qəbul edildi, lakin faşist təbliğatı və repressiyaları İtaliyanın demokratik qüvvələrinin iradəsini sarsıtmadı. 1943-cü ilin payızında ölkədə yaranan milli qurtuluş komitələrinə kommunistlər və sosialistlərlə yanaşı, demokrat xristianların, "Ədalət və azadlıq" təşkilatının və digər müxalif siyasi qrupların nümayəndələri daxil oldular. İtaliya Müqavimət Hərəkatı və onun yaratdığı partizan ordusu alman nasizmi ilə sıx ittifaqda olan və xarici siyasət avantüralarına girişən Faşizmin məğlubiyyətinə əhəmiyyətli dərəcədə yardım etdi. 2-ci dünya müharibəsi başa çatdıqdan sonra İtaliyada "hər hansı formada faşist partiyasının" ölkədə bərpasını qadağan edən demokratik Konstitusiya (1947) qəbul olundu.
2) İfrat sağ təmayüllü ictimai-siyasi hərəkat və ideologiya, həmçinin onlara müvafiq dövlət idarəçiliyi forması. Faşizm ideologiya kimi hərbcu millətçiliyə, sosial darvinizmə, korporativçiliyə, irqçiliyə, militarizmə, liberalizmin, sosial-demokratiyanın və kommunizmin qəti inkarına əsaslanır. Faşizm dövlət idarəçiliyi forması kimi öz hökmranlığını qoruyub saxlamaq üçün zorakılıq metodlarını və icbari konsensusu istifadə edən, güc strukturlarına və çoxprofilli kütləvi təşkilatlara dayaqlanan, fəal şəkildə daxili və xarici düşmənlərə nifrət, həmçinin rəhbər kultunu aşılayan, cəmiyyətdə yeni tipli münasibətləri formalaşdırdığını və "yeni insan" yetişdirdiyini iddia edən, iqtisadiyyatı və sosial münasibətləri sərt tənzimləyən, ərazi ekspansiyasına və dünya ağalığına can atan totalitar sistem kimi üzə çıxır. Yarandığı ilk mərhələdə Faşizm, əsasən, əhalinin orta təbəqələrinə, həmçinin fəhlə sinfinin, kəndlilərin müəyyən hissəsinə dayaqlanır, ehtiyat qüvvələrini marginal mühitdən alır, mühafizəkar elitanın və bəzi maliyyə-sənaye dairələrinin bir hissəsindən dəstək qazanır.
Faşizmin tərifləri və onun tədqiq olunmasına yanaşmalar çoxdur. Cəmiyyətin "əxlaqi xəstəliyi" (B. Kroçe), "sağ mühafizəkar inqilabçılıq" (A. A. Qalkin), maliyyə kapitalının irticaçı dairələrinin "terrorçu diktatura"sı (G. Dimitrov), "totalitarizm forması" (H. Arendt, Z. Bjezinski) və s. Faşizmin ən çox yayılmış tərifləridir.
Faşizmin ideya mənbəyi 19,20-ci əsrlərin ayrıcında, Avropada və Şimali Amerikada ənənəvi əlaqələrin qırılması, sosial strukturun mürəkkəbləşməsi, radikal sosial və siyasi dəyişikliklər tələb edən ideologiyaların yaranması və yayılması ilə müşayiət olunan sənaye cəmiyyətinin möhkəmlənməsi dövründə formalaşmışdır. Faşistlər sindikalistlərdən (J. Sorel) birbaşa inqilabi fəaliyyət və siyasi zorakılığın legitimliyi ideyasını; radikal millətçilərdən (E. Korradini) "proletar milləti" və plutokratik rejimlərlə mübarizənin zəruriliyi haqqında təlimi; sosial darvinizmdən fərdlərin yaşamaq uğrunda mübarizəsinə dair təsəvvürü və bu təsəvvürü dəstəkləyən "fövqəlinsan" konsepsiyasını (F. Nitsşe); elita nəzəriyyələrindən (Q. Moska, V. Pareto) seçilmiş azlığın hakimiyyətini əsaslandıran arqumentləri əxz etmişdilər. "Həyat məkanı" haqqında geosiyasi nəzəriyyələr (F. Ratsel) də onların ehtiyaclarına cavab verirdi. Eyni zamanda romantizm dövrünün "milli ruh" haqqında mifologemləri, "nordik" tipli insanların irqi üstünlüyünə dair mülahizələr (H. S. Çemberlen) və hətta okkult təsəvvürlər də Faşizmin formalaşmasına təsir göstərmişdir. Birinci dünya müharibəsindən (1914–18) sonra inqilabi əhvali-ruhiyyə daha böyük qüvvə ilə Rusiyada özünü göstərməklə, bütün Avropanı bürüdü. Qərbi Avropada böhran fonunda şüurun radikallaşması, kütlələrin etiraz fəallığı, onların antisistem hərəkətlərə hazırlığı artırdı. Millətçi və sinfi şüarlara müraciət edən və problemlərin sadə, həm də daha radikal həlli yollarını təklif edən hərəkat və partiyalar bu əhvali-ruhiyyələrdən daha uğurla istifadə edirdilər. Geniş xalq kütlələrinin sosial problemlərinin müharibədə məğlubiyyətdən (Almaniya), yaxud onun nəticələrindən narazılıqdan (İtaliya) doğan həyəcan və məyusluq hissi ilə birləşdiyi ölkələrdə xüsusilə ağır vəziyyət yaranmışdı. Rusiyada baş vermiş 1917-ci il Oktyabr inqilabı Qərbi Avropada istər qızğın tərəfdarlarını, istərsə də sərt əleyhdarlarını tapmaqla, kütlələrin radikallaşmasını stimullaşdırırdı.
Radikallaşmış əhali kütləsinə silahlı zorakılığın tətbiqinə və əmrlərin sözsüz yerinə yetirilməsinə öyrəşmiş keçmiş hərbçilər də əlavə olundu. Cəbhəçilərin dinc həyata adaptasiyası münaqişəli səciyyə daşıyır və müharibədə verilmiş qurbanların mənasızlığının dərki ilə daha da ağırlaşırdı. Gözlənilən "sosial cənnət" əvəzinə güclü vətəndaş münaqişələri dövrü başladı (İtaliyada "Qırmızı ikiillik", Almaniyada Noyabr inqilabı, Macarıstanda, Slovakiyada inqilabi döyüşlər və s.).
Sağ siyasi cinahda millətçi ideya və şüarlar irəli sürən radikal qruplar meydana gəldi. 1919 ilin yazında İtaliyada faşist hərəkatı formalaşdı. Oxşar ekstremist qruplar Almaniyada yarandı. 1919-cu ilin əvvəllərində onlar vahid təşkilatda birləşərək, 1920 ildən Nasional-sosialist alman fəhlə partiyası (NSDAP) adlanmağa başladılar.
Faşistlərin İtaliyada (1922), nasistlərin Almaniyada (1933) hakimiyyətə gəlmələri başqa ölkələrdə də bu tipli hərəkatları fəallaşdırdı. 1930-cu illərin ortalarında Avropanın və Amerikanın 20-dən çox dövlətində 40-a qədər faşist partiyası və qrupu mövcud idi. Danimarkada, Yunanıstanda, Niderlandda ("Nasional-sosialist hərəkatı"), Finlandiyada ("Vətənpərvər xalq hərəkatı"), Macarıstanda ("Çarpazlaşmış oxlar" partiyası) və bir sıra digər ölkədə faşistlər parlamentdə və yerli hakimiyyət orqanlarında təmsil olunurdular.
Hərbi təcavüz faşist dövlətlərinin təbiətinə xas cəhət idi; onlar "Aralıq dənizini İtaliya gölünə çevirməyi" və "almanlar üçün həyat məkanı"nı ələ keçirməyi qarşılarına məqsəd qoymuşdular. İtaliya 1935-ci ildə Efiopiyaya müdaxilə etməklə ərazi işğallarına başladı. Almaniya Versal sülh müqaviləsini (1919) pozmaqla yenidən silahlanmaya başladı və 1938–1939-cu illərdə Avstriya ilə Çexiyanı de-fakto işğal etdi. 1939-cu ildə Almaniya və İtaliya istənilən hərbi münaqişədə qeyd-şərtsiz bir-birinin tərəfində çıxış etmək öhdəliyi götürməklə, "Polad pakt" imzaladılar. Onların başladığı müharibə tarixdə ən qanlı və amansız münaqişə oldu. Nəticədə faşist rejimləri məğlub olaraq çökdülər və öz ölkələrini milli faciəyə düçar etdilər,
lakin dünya faşizminin məğlubiyyəti onun tam və qeyd-şərtsiz kökündən yox olması demək deyildi. 2-ci dünya müharibəsindən sonra ideoloji və siyasi cəhətdən Faşizmin varislərinə çevrilən radikal sağ millətçi partiya və qruplaşmalar yaranmağa başladı. Onlar öz tərkiblərinə, proqram müddəalarına, məqsədlərinə və onlara nailolma metodlarına görə fərqlənir. Bir çoxuna Faşizmin tipik cəhətləri — hərbcu antikommunizm, güclü icraedici hakimiyyətə canatma, populist sosial demaqoqluq, ifrat millətçilik və şovinizm, bir sıra halda antisemitizm və irqçilik (bax Neonasizm) və s. xasdır. Radikal neofaşistlər üçün terror aktları da daxil olmaqla zorakı hərəkətlər səciyyəvidir; onlar faşist atributlarından və mərasimlərindən istifadə edir, faşist keçmişini ideallaşdırırlar (Faşizmin apologiyasının və faşist partiyalarının bərpasının qanunla qadağan olunmasına baxmayaraq). Onlar hökumətləri həyata keçirdikləri kursdan (neoliberal, sosial-islahatçı) asılı olmayaraq tənqid atəşinə tutur, demokratik rejimləri plutokratik hakimiyyət, kütlələrlə manipulyasiya edən mason diktaturası hesab edirlər. Ən radikalları silahlı birləşmələr yaradırlar. Bəzi neofaşist təşkilatlar sağ partiyalar daxilindəki ekstremist qruplarla qarşılıqlı fəaliyyət göstərir, bəziləri isə kriminal aləmlə sıx bağlıdır.
20-ci əsrin 2-ci yarısında neofaşist təşkilatları İtaliya, AFR, B. Britaniya, Fransa, Belçika, İsveç və Macarıstanda, daha kiçik qrupları Norveç, Danimarka, İslandiya, İsveçrə, Avstriya, ABŞ, İrlandiya və Latın Amerikasının bəzi ölkələrində yarandı. Onların bir qismi Malmö internasionalı adlanan Avropanın neofaşist, neonasist, millətçi, irqçi təşkilatları birliyinə daxil oldu.
Leqal neofaşist qrup və partiyalar demokratik cəmiyyət çərçivəsində mövcudluq şəraitinə fəal uyğunlaşırdılar. Onlar Faşizmin ən mənfur müddəalarından və cinayətkar fəaliyyətinə bəraət qazandırmaqdan imtina edir, özlərini sistemli sağ təşkilatlar kimi göstərirdilər. Neofaşizmin sosial-psixoloji kökləri bir sıra ölkələrin müəyyən təbəqələrində hələ də qalır və sosial-iqtisadi, siyasi böhranların sərt kəskinləşməsi şəraitində yenidən dirçələ bilər.