[go: up one dir, main page]

Boston Universiteti

Boston Universiteti[3] (ing. Boston University) — ABŞ-nin Massaçusets ştatının paytaxtı Boston şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.

Boston Universiteti
Boston University
Loqonun şəkli
Xəritə
42°20′56″ şm. e. 71°06′01″ q. u.HGYO
Əsası qoyulub 1839
Tip Özəl
Tələbə sayı 33,421 (2014)[1]
Şəhər Boston şəhəri
Ölkə
Sayt bu.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boston Universitetinin tarixi 1839-cu ildə yaradılmış Vermont ştatında yerləşən Nyuberi Bibliya İnstitutundan başlayır. 1847-ci ildə Nyu-Hempşir ştatının Konkord şəhərində fəaliyyət göstərən konqreqasiya cəmiyyəti (kilsə icmaları birləşməsi) Nyuberi Bibliya İnstitutunu öz şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri yerləşdirə biləcək kilsə binasına köçür. Nyuberi Bibliya İnstitutu Konkord şəhərində 20 il fəaliyyət göstərir. 1867-ci ildə institut Massaçusets ştatının Boston şəhərində Piknik-strit 23-ə köçür və burada Boston İlahiyyat İnstitutu adı altında fəaliyyət göstərir. 1869-cu ildə Massaçusets ştatının Qanunvericilik Şurasının qərarına əsasən Nyuberi Bibliya Universitetinə Boston Universiteti adı verilir. Universitetin yaranmasında üç şəxsin — İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük rolu olur. Hazırda universitetdə onların adlarını daşıyan yataqxanalar fəaliyyət göstərir. 1869-cu il mayın 26-da Massaçusets ştatının qubernatoru Klaflin Linin oğlu Uilyam ştatın Qanunvericilik Şurasının qəbul etdiyi nizamnaməni imzalayır. Universitetə, teologiya fakültəsi istisna olmaqla, dinindən, irqindən, milliyyətindən, cinsindən asılı olmayaraq hər kəs qəbul edilir. Boston İlahiyyat İnstitutu 1871-ci ildə Boston Universitetinə birləşdirilir və universitetin İlahiyyat Məktəbi kimi fəaliyyət göstərməyə başlayır. Bir il sonra İsaak Riç öz mülkünün böyük bir hissəsini (1,5 milyon ABŞ dolları) Boston Universitetinə bağışlayaraq vəfat edir. Bu, həmin dövrdə Amerika ali məktəblərinə bağışlanmış ən böyük ianələrdən hesab olunurdu.

1872-ci ilin dekabrında baş vermiş yanğın Boston Universitetini, demək olar ki, tamamilə məhv edir. Yalnız universitetin bir binası yanğından az zərər çəkir. Nəticədə ali məktəbin Aspinuol Hill ərazisində kampus yaratmaq niyyəti baş tutmur və buradakı ərazisini hissə-hissə satır. Hazırda həmin yerlərdəki Klaflin Road, Klaflin Path və küçə adları orada nə vaxtsa Boston Universitetinin fəaliyyət göstərdiyini təsdiq edir.

Boston Universitetinin Bekon Hill, Boylston Strit və Kopli meydanında yerləşən korpusları, Çarlz River kampusu 1937-ci ildən sonra tikilməyə başlayıb. 1951-ci ildə universitetin 5-ci prezidenti Harold Keysin rəhbərliyi dövründə ali məktəb 180000 m² ərazi və 68 yeni bina alır. Universitetin ilk yataqxanaları Klaflin, Riç və Sliper Holls, Qərb kampusu, Uorren Touers, Mugar Memorial kitabxanası və s. binalar tikilir, ali məktəb sürətli inkişaf yoluna qədəm qoyur.

1990-cı illərdə universitetin Qərb və Şərq hissələrini birləşdirmək məqsədi ilə Con Henkok Tələbə Kəndi tikilir. Boston Universitetində mütəmadi olaraq inkişaf proqramları qəbul olunur. 2009-cu il böhranında universitetdə 2,5 milyon dollarlıq kompüter sistemlərinin yeniləşdirilməsi prosesi baş tutub. Bununla yanaşı, universitetdə kitabxana, yataqxana və digər obyektlərin yenidənqurulması ilə bağlı işlər aparılır.

Müasir vəziyyəti

redaktə

Boston Universiteti Çarlz River və Tibb kampuslarından ibarətdir. Əsas Çarlz River kampusu Boston şəhərinin Bek Bey rayonunda Çarlz çayı sahili boyu, Tibb kampusu isə Saut-End ərazisində yerləşir. Çarlz River kampusunda yerləşən binaların əksəriyyəti qotik üslubda inşa olunmasına baxmayaraq, burada müasir tikililər də az deyil. Con Henkok Tələbə Kəndi 40000 m² ərazini əhatə edir. Kənddə Fitnes və Sağlamlıq Mərkəzi, 2000-ci ildə inşa edilmiş bir və 2009-cu ildə tikilmiş iki yataqxana, 19 və 26 mərtəbəli yeni binalar və s. yerləşir. Boston Universitetinin əlavə olaraq Brüssel, Dubay, London, Los-Anceles və Vaşinqtonda kampusları fəaliyyət göstərir.

Boston Universitetinin yataqxana kompleksi ABŞ-nin ən böyük yataqxanalarından hesab olunur. Universitetin yataqxanaları, əsasən, Çarlz River kampusunun Bey Roud və Cənub Kampus rezidental ərazilərində yerləşir. Hazırda ali məktəbin tələbələrinin 76%-i kampus ərazisində məskunlaşıb. Kampusda yerləşən yataqxana binaları müxtəlif dövrlərin üslublarında inşa edilib. Burada XIX əsrin Braunston taunhausları (qəhvəyi daşlardan tikilmiş ev və binalar), 1960-cı və 2000-ci illərə aid yüksək mərtəbəli binalar mövcuddur. Universitetdə tələbə çox olduğundan, kampusda otaq qıtlığı müşahidə olunur. Çarlz çayının üzərində Hyatt Regency Kembric müvəqqəti yataqxanası yerləşir. Uorren Touer yataqxanaların ən böyüyüdür və 1800-dən çox tələbə yerləşdirməyə qadirdir. Yataqxanalar yüksək səviyyəli şəraitə malikdir və ciddi mühafizə olunur.

Boston Universitetində 250-dən çox proqram təklif edən 17 kollec fəaliyyət göstərir. Bunlar İncəsənət və Elmlər, Kommunikasiya, Mühəndislik, Təsviri İncəsənət, Ümumi Tədqiqatlar, Təhsil, Qonaqpərvərlik Administrasiyası, İdarəetmə, Hüquq, İctimai Fəaliyyət, İlahiyyat, Tibb, Qoldman Stomatologiya, İctimai Səhiyyə, Təhsilin Davametdirilməsi, Elmi və Texniki Proqramlar (Metropolitan), Sağlamlıq və Reabilitasiya Elmləri (Sarcent) kollecləridir. Hər kollec öz növbəsində məktəblərdən və bölmələrdən ibarətdir. Universitetdə 140 elmi-tədqiqat müəssisəsi, 2000-dən çox laboratoriya mövcuddur. Həmçinin ali məktəbin nəzdində Boston Universiteti Teatrı, Fotonika, Afrika Tədqiqatları, Tsay İfaçılıq, Distant Zondlaşdırma, Hesablama Elmləri mərkəzləri, İqtisadi İnkişaf, İrq və Sosial Bölünmə institutları, Koyt Rəsədxanası vardır.

Boston Universitetinin kitabxana sisteminə 23 kitabxana daxildir. Universitetin mərkəzi kitabxanası Çarlz River kampusunda yerləşən Muqar Memorial kitabxanasıdır. Bu kitabxanada 2 milyon cild kitab, 4 milyon mikroforma və digər materiallar mövcuddur. Kitabxananın xüsusi kolleksiyalar bölməsində 100000-dən çox nadir kitab, XVI əsrdən dövrümüzə qədər qorunan sənədlər, Dante, Avraam Linkoln, Robert Frost, Teodor Ruzvelt, Kiçik Martin Lüter Kinq və başqa dahi şəxslərin əlyazmalar və əsərlərinin ilkin nəşrləri saxlanır. Muqar Memorial kitabxanasının nəzdində əvvəllər XX Əsr Arxivi adlandırılan Hovard Hotlib Arxiv Elmi-Tədqiqat Mərkəzi yerləşir. Mərkəzdə diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrə aid sənədlər qorunur.

2005-ci ilin sentyabrından başlayaraq Boston Universitetinin 10-cu prezidenti, kimya texnologiyaları üzrə professor Robert Braundur. Universitetin prorektoru isə professor Devid Kempbelldir. Ali məktəbdə 3931 nəfər akademik, 7410 nəfər inzibati heyət çalışır. Ali məktəbin müəllim-professorları arasında 3 Nobel mükafatı laureatı (fizika üzrə Şeldon Qleşou, sülh üzrə Eli Vizel, ədəbiyyat üzrə Derek Uolkott), ikiqat PEN/Folkner mükafatı laureatı Ha Tzin, Broderik mükafatı laureatı Yurye Koskinen, Makartur mükafatı laureatı Cim Kollinz, ikiqat Pulitzer mükafatı laureatı Robert Zelnik, 23 nəfər Amerika İncəsənət və Elmlər Akademiyasının akademiki, 35 Quqqenheym təqaüdçüsü var.

Boston Universitetində dünyanın 100-dən çox ölkəsindən və ABŞ-nin 50 ştatından olan 31766 nəfər qeydə alınıb. Onların 18534 nəfərini bakalavr, 12232 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Universitetdə 500-ə yaxın tələbə təşkilatı, 55 mədəni, 31 dini gənclər təşkilatı, 33 idman klubu, 15 idman komandası və s. fəaliyyət göstərir.

Boston Universitetinin 285000-dən çox məzunu dünyanın bir çox ölkəsində müxtəlif vəzifələrdə çalışır. Bu ali məktəbi Kiçik Martin Lüter Kinq, Uilyam Koen, Geri Lok, Robert Pinski, Ayzek Azimov, Hovard Stern, Bill OTReyli, Frans Klayn, aktyorlar Culiana Mur, Cina Devis və digər məşhur şəxslər bitiriblər. Vətəndaş hüquqları Afro-Amerikan hərəkatının lideri Kiçik Martin Lüter Kinq 1955-ci ildə Boston Universitetində ilahiyyat ixtisası üzrə doktorluq dərəcəsi alıb. 1964-cü ildə sülh üzrə Nobel mükafatına layiq görüldükdən sonra, o öz əlyazmalarını, şəxsi sənəd və qeydlərini universitetin Muqar Memorial kitabxanasına bağışlayıb. ABŞ-də 1864-cü ildə tibb üzrə diplom almış ilk qaradərili qadın Rebeka Li, ilk qaradərili psixiatr və Alzheymer xəstəliyinin tədqiqatçısı Solomon Karter Fuller 1897-ci ildə Boston Universitetinin məzunu olublar.

Boston Universiteti ABŞ-nin dördüncü ən böyük özəl ali məktəbi və ikinci ən nəhəng işəgötürən müəssisəsidir. Dünyanın bir çox ölkələrini təmsil edən tələbələrin burada oxumaları ilə yanaşı, universitet istedadlı və savadlı müəllimləri də özünə cəlb edərək işlə təmin edir.

Simvolları

redaktə

Ali məktəbin şüarı belədir:

  "Öyrənmək, ləyaqət, möminlikǃ"  

Büdcəsi

redaktə

2009–2010-cu tədris ilində Boston Universitetinin illik gəlirləri 1529563000 ABŞ dolları, illik xərcləri isə 1443477000 ABŞ dolları təşkil edib. Ali məktəbin ianə fondunun gəlirləri 1020000000 ABŞ dollarına bərabərdir.

Təhsil haqqı

redaktə

2010–2011-ci tədris ilində Boston Universitetində tələbələrin təhsil haqqı 39314 ABŞ dolları təşkil edir. Universitetdə təhsil alan əcnəbilər ABŞ-dən olan tələbələrlə eyni məbləğdə təhsil haqqı ödəyirlər. Bundan əlavə, tələbələrdən 550 ABŞ dolları dəyərində vergi tutulur. Tələbələr kampus daxilində yaşayış yeri ilə təmin olunmaq üçün ildə 7980, qidalanmaq üçün isə 4280 ABŞ dolları ödəyirlər. Kitab və digər ləvazimatlar üçün gənclərə ildə 940, nəqliyyat üçün 546, şəxsi xərclər üçün isə 1290 ABŞ dollarına qədər vəsait lazım gəlir. Ötən tədris ilindən fərqli olaraq bu il universitet təhsil, yaşayış və qidalanma qiymətlərini 3,65% artırıb. Tələbələrə verilən təqaüd və maliyyə yardımının məbləği də 12% çoxalıb.

Boston Universitetində təqaüd yüksək akademik göstəricilərə, liderlik bacarıqlarına malik, hər semestrin 12 kreditini uğurla verən, dərslərdə mütəmadi iştirak edən, il ərzində yüksək bal nəticələri olan, istedadlı (rəssam, aktyorluq məharəti və s.), idman sahəsi üzrə uğur qazanmış tələbələrə verilir. Universitet tərəfindən təqaüdə layiq görülən tələbələr kampus ərazisində yaşamalıdırlar. Dünyanın digər nüfuzlu ali təhsil ocaqlarında olduğu kimi, Boston Universitetində də müxtəlif təqaüdlər mövcuddur (Qəyyumluq, Texniki, Universitet, Aleksandr Qrahem Bell, Kiçik Martin Lüter Kinq, İdman və s.). Əcnəbi tələbələr Qəyyumluq, Texniki və Universitet təqaüdləri ala bilərlər. Boston Universitetində maliyyə yardımı yalnız yüksək akademik göstəricilərə malik və maliyyə vəziyyəti çətin olan yerli tələbələrə verilir.

Reytinqi

redaktə

Böyük Britaniyanın "Times Higher Education Supplement — QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Boston Universiteti 100 ən yaxşı ali məktəb arasında 54-cü yerdə olmuşdur.

2010-cu ildə "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən Boston Universiteti dünyanın ən nüfuzlu universitetləri arasında 59-cu yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 64-cü yerdə idi.

Xarici əlaqələri

redaktə

Boston Universiteti dünyanın 20-yə yaxın ölkəsində 70-dən çox tədris proqramı təklif edir.

Universitetin BƏƏ-nin Dubay Əmirliyində filialı fəaliyyət göstərir.[4]

Məşhur məzunları

redaktə

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. "About Boston University". Boston University. 2011-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
  2. 1 2 Directory of Open Access Journals. 2003.
  3. BOSTON Arxivləşdirilib 2022-08-19 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  4. Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38.  (az.)

Xarici keçidlər

redaktə