[go: up one dir, main page]

İstanbul Texniki Universiteti

İstanbul Texniki Universiteti (türk. İstanbul Teknik Üniversitesi, İTÜ) — Türkiyənin dövlət universitetlərindən biri. Dünyanın mühəndis hazırlayan ilk universitetlərdən biri hesab olunur.

İstanbul Texniki Universiteti
İstanbul Teknik Üniversitesi[1]
Şüar Əsirlərdir müasir[2]
Əsası qoyulub 1773
Tip Dövlət universiteti
Tələbə sayı 15.358[3]
Ölkə
Sayt itu.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəngin tarixə malik İstanbul Texniki Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda qərar tutub. Osmanlı imperiyası dövründə yenilikçilik funksiyasını öz üzərinə götürən universitet cümhuriyyət zamanında da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr vermişdir. Türkiyənin bir çox zavod, fabrik və xüsusilə də İT şirkətlərinin yaradılmasında və idarə edilməsində ali təhsil ocağının mühəndislərinin əməyi danılmazdır. İstanbul Texniki Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl ola biləcək tələbələr yetişdirən bir dövlət ali məktəbidir.

İstanbul Texniki Universiteti 1773-cü ildə Sultan III Mustafanın hakimiyyəti dövründə Mühəndishane-i Bahr-i Hümayun adı ilə fəaliyyətə başlayıb. İlk olaraq ali təhsil müəssisəsi gəmi inşaatı və dəniz xəritələri üzrə mütəxissis hazırlamaq üçün nəzərdə tutulmuşdu. Haliç Tersanesində yerləşən ali məktəbin qurucusu macar əsilli Baron de Tott olub. 1795-ci ildə Sultan III Səlimin dövründə Mühəndishane-i Berr-i Hümayun adlandırılaraq topçuluq və astronomiya kimi fənlər tədris olunmağa başladı. 1847-ci ildə ali təhsil ocağında memarlıq bölməsi yaradıldı. 1883-cü ildən Hendese-i Mülkiye, 1909-cu ildən isə Mühəndis Mekteb-i Alisi adlandırılaraq yüksək ixtisaslı memar və mühəndislərin yetişdirildiyi böyük bir təhsil mərkəzinə çevrildi. Türkiyədə Cümhuriyyət qurulduqdan sonra ali təhsil müəssiəsi sürətlə inkişaf etməyə başladı və Yüksək Mühəndis Məktəbi adı ilə fəaliyyət göstərdi. 40-cı illərdə Almaniya və İsveçrədən təcrübəli müəllimlərin gəlməsi ilə ali təhsil ocağının kadr potensialı gücləndi və texniki sahədə təhsil verən universitetlər arasında önə çıxmağı bacardı. Artıq 1944-cü ildən etibarən İstanbul Texniki Universiteti kimi tanınmağa başladı. 1974-cü ildən başlayaraq ali təhsil müəssisəsi iki pilləli təhsil sisteminə keçdi və bir çox ixtisasların magistratura bölməsi açıldı.

Kampusları

redaktə

İstanbul Texniki Universitetinin tədris binaları 5 kampusda yerləşir. Bundan əlavə Aydın, ElazığKastamonuda seysmoloji laboratoriyaları var. Əsas Ayazağa kampusu Maslak bölgəsindədir. Rektorluq və idarə heyəti də burada yerləşir. Magistratura və doktorantura pillələrinin tədris olunduğu 5 institutdan 4-ü, 13 fakültədən 8-i, Mustafa İnan kitabxanası, S. Dəmirəl mədəniyyət mərkəzi, idman cəmiyyəti, ilin tələbəsi sosial mərkəzi, qapalı idman zalı, qapalı hovuz bu kampusun ərazisindədir. Mustafa İnan kitabxanası Türkiyədə həftənin bütün günləri 24 saat xidmət göstərən ilk və tək kitabxanadır.

Gümüşsuyu kampusu universitetdə ilk dəfə tədris prosesinin həyata keçirdiyi ərazidir. Əvvəl kampusun bir hissəsi istifadə olunurdu, sonra isə bərpa edilərək tam şəkildə istifadəyə verildi. Burada maşınqayırma, sənaye texnologiyaları və idarəetmə fakültələri, 1 idman salonu və tələbə yataqxanaları mövcuddur.

Maçka kampusunda isə xarici dillər ali məktəbi, dil və inqilab tarixi bölməsi, Türk Musiqi Konservatoriyası və universitetin xeyriyyə büroları, sosial təsisatları yer alır.

16,5 hektar əraziyə malik Tuzla kampusunda dənizçilik ixtisasları üzrə tədris prosesi həyata keçirilir.

Memarlıq, sosial elmlər fakültələrindən əlavə Davamlı Təhsil Mərkəzinin olduğu Taşkışla kampusu renesans memarlıq üslubunda inşa edilmiş tikililəri ilə diqqəti cəlb edir.

Fakültə və institutları

redaktə

Hazırda İstanbul Texniki Universitetində 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institutu fəaliyyət göstərir. Ali təhsil müəssisəsində inşaat, gəmi inşaatı və dənizçilik elmləri, memarlıq, texniki elmlər, maşınqayırma, elektrik və elektronika, mədən, dənizçilik, kimya-metallurgiya, kompüter elmləri, idarəetmə, aviasiya və kosmik elmlər, sənaye texnologiyaları və idarə edilməsi fakültələri, informasiya texnologiyaları, Avrasiya geologiyası elmləri, enerji, texniki elmlər, sosial elmlər, zəlzələ mühəndisliyi və fövqəladə halların idarə edilməsi üzrə institutlar mövcuddur.

İstanbul Texniki Universitetində informasiya texnologiyaları üzrə tədris prosesinə 1980-ci ildə Elektrik və elektronika fakültəsinin əsasında yaradılan kompüter elmləri bölməsinin açılması ilə başlanmışdır. 1997-ci ildə bölmədə təkmilləşdirmə işləri aparılıb. 2010-cu ildə isə bölmənin bazasında kompüter elmləri fakültəsinin əsası qoyulub.

Elmi-tədqiqat işləri

redaktə

Universitetdə təhsil prosesi ilə yanaşı yüksək səviyyədə elmi-tədqiqat işlərinin aparılması əsas hədəflərdən biridir. Bu hədəfə uyğun olaraq araşdırma istiqamətli infrastruktur imkanları sürətlə inkişaf etdirilir və layihələrə dəstək verilir. İstanbul Texniki Universitetində DPT, TÜBİTAK, TTGV, MED-CAMPUS, UNDP, EUREKA və digər yerli və beynəlxalq layihələr həyata keçirilir. Hazırda ali təhsil ocağında 19 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir.

Qeyd edək ki, ilk yerli vertolyot vasitəsi APIKOPTER, Türkiyənin ilk rabitə peyki Türksat 3USAT, ilk hidrogen ilə işləyən gəmi Martı, ilk insansız idarə olunan avtomobil Avto-Mobil, ilk elektrikli minibusu, ilk kub peyki olan İTUpSAT1 ali təhsil müəssisəsinin elmi-tədqiqat işləri sayəsində meydana gəlib. Bunlardan əlavə, Türkiyədə ilk televiziya yayımı 1952-ci ilin aprel ayında universitetin texniki bazası əsasında həyata keçirilib. 1953-cü ildə qurulan İTU TV ölkədə ilk televiziya stansiyasıdır.

Tələbə həyatı

redaktə
 
Universitetin stadionu

İstanbul Texniki Universiteti tələbə sayına düşən yerə görə Türkiyənin ən iri qapalı ərazisinə malik universitetidir. Hazırda ali təhsil ocağında 25000-dən çox tələbə təhsil alır. Sağlamlıq problemləri ilə əlaqədar olaraq Ayazağa və Maçka kampuslarında yerləşən tibbi-sosial mərkəzlər iş saatlarında universitetin tələbə və işçi heyətinə xidmət göstərirlər. Tələbələrin yaşayış yeri ilə təmin olunması kampus daxilindəki yataqxanalarla öz həllini tapır. Bu universitetdə tələbələrin idmanla məşğul olmasına xüsusi önəm verilir. Basketbol, tennis, badminton, futbol və digər idman növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılıb.

Məzunları

redaktə

İstanbul Texniki Universitetinin məzunları Türkiyədə və dünyanın bir sıra ölkələrində uğurlara imza atmışlar. Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti Turqut Özal və 9-cu prezidenti Süleyman Dəmirəl bu ali təhsil ocağının məzunlarıdır. O cümlədən, Nəcməddin Ərbakan, Recai Kutan, Binəli Yıldırım, İsmet Yılmaz kimi dövlət xadimləri burada təhsil alıb. Bunlardan əlavə, "Siemens" şirkətinin keçmiş baş direktoru Arnold Hornfeld, "HAVELSAN"ın baş direktoru Faruk Yarman, "Aselsan" şirkətinin yaradıcısı və bir müddət baş direktor vəzifəsini icra etmiş Hacim Kamay, "TÜBİTAK UEKAE"nin yaradıcısı Yolmaz Tokad İstanbul Texniki Universitetinin məzunları sırasında yer alır.

Xarici əlaqələri

redaktə

Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.[4]

İstinadlar

redaktə
  1. https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
  2. "İTÜ ana sayfa". 2006-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-01-22.
  3. https://istatistik.yok.gov.tr/.
  4. Member Universities (As of 2014) Arxivləşdirilib 2021-09-16 at the Wayback Machine. pul.ynu.ac.jp  (ing.)

Mənbə

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə