Mauritsio Sarri
Mauritsio Sarri | |
---|---|
it. Maurizio Sarri | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 10 yanvar 1959[1] (65 yaş) |
Doğum yeri | |
Boyu | 1,89 m |
Çəkisi | 83 kq |
İdman növü | futbol[2] |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Mauritsio Sarri (Ita: [mauˈrittsjo ˈsarri] – 10 yanvar, 1959) — italiyalı baş məşqçi. Hazırda heç bir klubu çalışdırmır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sarri 1959-cu ilin 10 yanvar tarixində Neapolda dünyaya gəlib. Mauritsio uşaq olarkən atası Ameriqonun fəhlə kimi çalışdığı yerli polad şirkəti ilə müqaviləsi başa çatıb və o, ailəsi ilə birlikdə doğulduğu Toskaniya vilayətinə qayıtmalı olub. Gəncliyinin böyük hissəsini Filine-Valdarno kommunasında keçirən Mauritsio daha sonra həm həvəskar futbolla, həm də bankirliklə məşğul olub.
Əsasən mərkəz müdafiəçisi kimi çıxış edən Sarri öz həvəskar futbolçu karyerasında yalnız yerli “Filinye” komandasında çıxış edib. “Torino” və “Fiorentina” kimi komandalarda uğursuz sınaq oyunlarından sonra o,19 yaşında “Montevarçi” komandası ilə peşəkar futbolçu kimi müqavilə imzalamasına yaxın olsa da, “Filinye”nin 50 milyon lira dəyərində kompensasiya istəməsi “Montevarçi” rəhbərliyini transfer fikrindən daşındırıb. Daha sonra “Pontedera” komandasının təklifini rədd edən Sarri zədələr səbəbilə karyerasını elə “Filinye” komandasında da bitirib.
Sarri həvəskar futbolçu olarkən özünəməxsus rejim yaradıb. Belə ki, o səhərlər bank işləri ilə, günün qalan hissəsi isə futbolla məşğul olub. 1999-cu ildə, baş məşqçi kimi fəaliyyətə başlayandan 9 il sonra Sarri bankirliyi buraxaraq bütünlüklə özünü futbola həsr etməyə başlayıb.
Məşqçilik karyerası
[redaktə | mənbəni redaktə et]Sarrinin məşqçi kimi ilk iş yeri İtaliya futbol çempionatının 8-ci liqasında mübarizə aparan "U.S.D. Sittiya" komandası olub. Növbəti il o, "U.S. Falleze"nin sükanı arxasına keçib və komandanı 6-cı liqaya yüksəldib.
Daha sonra isə "U.S.D. Kavrilya" və "U.S. Antella" komandalarını beşinci liqaya yüksəldən Sarri 1998-ci ildə "A.C. Valdema" ilə müqavilə imzalayıb. Yanvr ayında komandadan qovulan Mauritsio 1999-cu ilin sentyabrında "U.S.D. Teqoleto" ilə eyni öhdəliyə yiyələnib.
2000-ci ildə "Sansovino" ilə ilk mövsümündəcə Seriya D-yə yüksələn Sarri iki il komandanı çalışdırdıqdan sonra 2003-cü ildə C2 divizionundakı "Sanciovannezze"ni C1 liqasına yüksəltməyi bacarıb.
Empoli
[redaktə | mənbəni redaktə et]Müvafiq olaraq "Peskara", "Arezzo", "Avellino", "Verona", "Peruca", "Qrosseto", və "Sorrento"dakı fəaliyyətlərindən sonra Sarri 2012-ci il 25 iyununda Seriya B klubu "Empoli" ilə işə başlayıb. Həmin il komanda mövsümü 4-cü pillədə başa vurub və yuxarı liqaya yüksəlmək üçün pley-off oyunlarına vəsiqə qazanıb. Lakin pley-off mərhələsində əzəli rəqibi "Livorno"ya məğlub olan "Empoli" Seriya A-ya olan vəsiqəni əldən verib.
Növbəti il mövsümün sonunda "Empoli" Seriya B-də ikinci yeri tutaraq birbaşa Seriya A-ya yüksəlib. 2014-2015-ci il mövsümündə komanda Seriya A-da 15-ci yerlə kifayətlənərək liqada qalmağı bacarıb.
Napoli
[redaktə | mənbəni redaktə et]2015-ci ilin yayında Sarri uğursuz nəticələrə görə komandadan uzaqlaşdırılan Rafael Benitezi əvəzləyərək "Napoli"nin baş məşqçisi kimi fəaliyyətə başlayıb.
Mauritsio Elseid Hisaj, Pepe Reyna, və Allan kimi oyunçuları komandaya cəlb edərək ilk ilindəcə yalnız "Yuventus"dan geri qalıb və mövsümü 2-ci yerdə başa vurub. Qazanılan uğurlu nəticələrdən sonra "Napoli" rəhbərliyi Sarri ilə müqaviləni 2020-ci ilə qədər uzadıb. Növbəti mövsümün başlamasına bir müddət qalmış komandanın əsas hücumçusu Qonzalo Hiquain komandadan ayrılaraq "Yuventus"a keçdikdən sonra Sarri cinah oyunçusu olan Dries Mertensi mərkəz hücumçusu kimi sınamaq qərarına gəlib və nəticədə belçikalı mövsümü 28 qolla bitirib. "Napoli" sonda turnir cədvəlində 3-cü yerdə məskunlaşsa da, Mauritsio səsvermə nəticəsində İtaliya A Seriyasında mövsümün ən yaxşı baş məşqçisinə verilən və Enzo Bearzotun adını daşıyan mükafatı qazanıb.
"Napoli" Sarrinin rəhbərliyi altında 2017-2018-ci il mövsümünə yaxşı başlayıb və birinci dövrənin sonunu çempion kimi bitirib. Lakin, bəzi həlledici oyunlarda xal itirdiyindən Neapol təmsilçisi sonda "Yuventus"dan 4 xal geri qalaraq turnir cədvəlini 2-ci yerdə bitirib. 2018-ci ilin 23 mayında isə Sarri "Napoli"nin sükanı arxasından ayrıldığını bildirib.
Çelsi
[redaktə | mənbəni redaktə et]2018-ci il 14 iyulda Mauritsio Antonio Kontenin istefasından bir gün sonra Premyer-Liqa təmsilçisi "Çelsi" ilə müqavilə imzalayıb. "Çelsi" Sarrinin rəhbərliyi altında ilk oyunda İngiltərə Superkubokunun finalında "Mançester Siti"yə 0-2 hesabı ilə məğlub olub. Növbəti həftə Premyer-Liqanın ilk turunda "Çelsi" səfərdə "Haddersfild" üzərində 3-0 hesablı qələbəyə müvəffəq olub.
Məşqçilik tərzi
[redaktə | mənbəni redaktə et]Mauritsio komandadaxili məşq zamanı hazırlıq oyunlarına xüsusi diqqət ayırmağı ilə seçilir. Belə ki, o, 2006-cı ildə “Oyun üçün həftəlik hazırlıq” mövzusunda yazdığı dissertasiyasına görə İtaliyanın məşqçilik məktəbi olan Koverçianonun verdiyi baş məşqçilik diplomuna yiyələnib.
Sarrinin məşqçilik etdiyi komandalar əsasən 4-3-3 taktiki sxemi ilə meydana çıxır. O, müdafiəçilərdən sinxronlaşdırılmış hərəkətlər, süni oyundankənar vəziyyət yaratmaq və rəqib komandanın oyunçularını bağlamaq bacarığı tələb edir. Bundan əlavə, Sarrinin rəhbərliyi altında meydana çıxan pleymeyker müdafiəçilərdən bir az öndə oynamalı və komandanın oyununu genişləndirmək üçün topu həm mərkəz, həm də cinah oyunçularına paylamağı bacarmalıdır. Müdafiə olunarkən isə oyunçular aqressiv pressinqdən istifadə edərək rəqib komandada xətlərarası əlaqəni daraltmalı və tez bir zamanda topa sahib olmağı bacarmalıdırlar. Nəticə olaraq, Mauritsionun komandaları cərimə meydançasına sürətlə daxil olmağı bacaran vingerlərdən, topla düzgün rəftar etməyi bacaran müdafiəçilərdən və qapıçıdan ibarət olur.
Sarrinin komandaları öz cəlbedici oyunları və oynadıqları hücum futbolu ilə tanınıb. Mauritsionun rəhbərliyi altında çıxış edən komandalar qısa və sürətli ötürmələrdən istifadə etdiklərinə görə Fransanın "L’Equipe" dərgisi belə oyun tərzini “şaquli tiki-taka” adlandırıb. İtalyandilli ensiklopediya olan Trekkani Sarrinin oynatdığı gözəgəlimli və hücumameyilli oyunu bildirmək üçün “Sarrizmo” terminini yaradıb. 2018-ci ildə ötənlərin məşhur baş məşqçisi Arriqo Sakki Mauritsionun “Napoli”sini “İtaliya futbolunun son 20 ilində görünən ən əhəmiyyətli hadisə” adlandırıb. Buna baxmayaraq, Sarri gözəl oyunun fonunda kifayət qədər titul qazana bilməməsinə görə bir çox tənqidlərə məruz qalıb. Əlavə olaraq, italyan baş məşqçilər oyun zamanı adətən kostyumda görünsələr də, Mauritsio idman stilində olan geyimləri ilə həmkarlarından fərqlənir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Sarri siqarət aludəçiliyinə görə və oyun zamanı siqaret çəkmə vərdişinə görə tanınır. 2018-ci ildə "Napoli" ilə oyun zamanı "RB Leypsiq" komandası stadionun paltardəyişmə otağında Sarrinin rahat siqaret çəkməsi üçün xüsusi yer ayırdığını bildirib.
Münaqişələr
[redaktə | mənbəni redaktə et]2015-2016-cı il mövsümünün İtaliya kuboku uğrunda final qarşılaşmasında Sarri Roberto Mançiniyə homofobik təhqirlər etdiyinə görə 20.000 avro cərimə olunub və növbəti mövsüm ilk iki kubok oyununda komandanın yanında olmayacağı qərarı verilib.
2018-ci ilin martında Kanal 21-in qadın jurnalistinin sualına seksist şərhlər verdiyinə görə Mauritsio tənqidlərə məruz qalıb. Daha sonra Sarri hamıdan üzr istəyib və bunun zarafat olduğunu bildirib.
2018-ci il Çelsinin baş məşqçisi kimi verdiyi mətbuat konfrasında Sarri etdiyi bu əməllərə görə peşman olduğunu bildirib və o, seksist, rasist və homofob olmadığını dilə gətirib.
Uğurları
[redaktə | mənbəni redaktə et]Məşqçi kimi
[redaktə | mənbəni redaktə et]- "Panchina d'Argento" mükafatı: 2013–14[3]
- "Panchina d'Oro" mükafatı: 2015–16[4]
- Enzo Bearzot mükafatı: 2017[5]
- Seriya A-da ilin baş məşqçisi: 2016–17[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Maurizio Sarri // https://pantheon.world/profile/person/Maurizio_Sarri.
- ↑ PlaymakerStats.com (ing.). 2003.
- ↑ "Albo "Panchina d'Oro"" (Italian). Alleniamo.com. 7 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2016.
- ↑ "Sarri wins Panchina d'Oro". Football Italia. 27 March 2017. 7 September 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 March 2017.
- ↑ "IL 'PREMIO BEARZOT' ASSEGNATO A MAURIZIO SARRI. TAVECCHIO: "UN GRANDE INNOVATORE"" (Italian). figc.it. 26 April 2017. 20 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 May 2017.
- ↑ "Gran Gala del Calcio, Sarri miglior allenatore" (Italian). napolipiu.com. 27 November 2017. 1 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November 2017.
Bu məqalə qaralama halındadır. |