Alikant Buşe
Üzüm (Vitis) | |
Alikant Buşe | |
---|---|
Rəngi | qara |
Mənşəyi | |
VIVC | 304 |
Alikant Buşe — üzüm sortu. Sort Fransada 1855-ci ildə seleksiyaçı Q.Buşe tərəfindən Pti Buşe (Armon x Tentyure) və Qrenaj sortlarının çarpazlaşdırılmasından alınmışdır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort dünyanın əksər üzümçülük ölkələrində əkilib-becərilir.
Yarpaqları
[redaktə | mənbəni redaktə et]Yarpaqları iri (uzunluğu 16-22 sm, eni 14-21 sm), dəyirmi formada, ayası zəif, yaxud orta dərəcədə yarılmış, 3, yaxud 5 dilimlidir. Yuxarı kəsikləri açıq, yaxud bağlı, girintili bucaq şəklində, üçbucaqşəkilli, yaxud dar ellipsvari və ya oval formada olur. Aşağı kəsikləri çox dayaz üçbucaqşəkilli, yaxud girintili bucaq şəklində olub, izi görünür. Saplaq oyuğu açıq, dərin olub dar tağşəkillidir. Dilimlərin ucundakı dişciklər iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə üçbucaqşəkilli-mişarvaridir. Ayanın müstəvisi dalğavari olub, kənarları aşağıya doğru əyilmiş, səthi torşəkilli qırışıqlı olub, tündyaşıl rəngdədir. Yarpağın alt səthi keçəşəkilli, yaxud pambıqşəkilli tüklə örtülmüşdür.
Meyvəsi
[redaktə | mənbəni redaktə et]Çiçəkləri ikicinslidir. Salxımları orta ölçüdə (uzunluğu 12-16 sm, eni 10-14 sm), enli-konusvari formada olub, sıx bəzən isə orta sıxlıqdadır. Gilələri orta, yaxud iri (uzunluğu 16-21 mm, eni 14-20 mm), girdə formada olub, qara rəngdədir. Üzəri qalın mum təbəqəsi ilə örtülmüşdür. Qabığı orta qalınlıqda və möhkəmdir. Ləti şirəlidir. Şirəsi şərabı qırmızı rəngdədir. Dadı şirin, xoşagələn, ətiri sadədir.
Sortun məhsulu yüksək keyfiyyətli qırmızı desert şərablarının alınması üçün qiymətli materialdır. Şirəsinin rəngi tünd-qırmızı rəngdədir. Şərab materiallarının alınmasında kuraj kimi istifadə olunması məqsədəuyğundur. Respublikanın dağlıq və dağətəyi ərazisində əkilib-becərilməsi məqsədəuyğundur.