10050 Cielo Drive
10050 Cielo Drive — ABŞ-da Los-Ancelesin Benedikt Kanyon ərazisində yerləşən, yaranmasından bu günə qədər müxtəlif hadisələrə şahid olmuş məşhur imarət. Bu imarətdə müxtəlif dövrlərdə bir sıra məşhur incəsənət adamı yaşamışdır.[1]
Bir çox insanın həyatını alt-üst edən evin tarixçəsi olduqca maraqlıdır. Bu ev 1969-cu ildə rejissor Roman Polanskinin həyat yoldaşı aktrisa Şaron Teytin və dostlarının ölümü ilə yaddaşlarda qalmışdır. Amma bu tarixə qədər və bu tarixdən sonra da ev bir sıra hadisələrin şahidi olmuşdur.[1]
Ünvanı
[redaktə | mənbəni redaktə et]İmarətin yerləşdiyi küçənin adı dəfələrlə dəyişikliyə məruz qalmışdır. "10050 Cielo Drive" hazırda "10066 Cielo Drive" küçəsi kimi tanınır. Maraqlı bir oxşar məqam da var: bu küçədən bir az aşağıda "10048 Cielo Drive" məhəlləsindəki imarətlər görünüş baxımdan bu imarətə olduqca bənzərdir. Bu binaları çox zaman qarışıq salırlar. Amma "Twin House" kimi tanınan həmin imarətlər isə "The Bedrock Properties" adlanır. Maraqlı cəhətlərdən biri də odur ki, həmin imarətlərin tikilmə tarixi də eyni vaxtlara təsadüf edir.[1]
Memarlığı
[redaktə | mənbəni redaktə et]Bu imarətin layihə rəhbəri memar və dizayner Robert Bördə məxsusdur. Fransız memarlığı üslubunda tikilən bina qərbi Hollivudda Müqəddəs Monika dağının "Beverli Hills" deyilən dağlarına baxan hissəsində ucaldılıb. Burda tikilən bütün binaların girişi şərqə açılır. Evlərin hər biri çardaq, üzmə hovuzu, eləcə də, geniş qonaq otağından ibarətdir. İmarət qalın şam ağacları və çiçəkli albalı ağacları ilə əhatələnib.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Fransız aktrisası Mişel Morqanın şərəfinə tikilən "10050 Cielo Drive" imarətinin tikintisinə İkinci Dünya Müharibəsinin ən qızğın dövründə – 1942-ci ildə başlanılıb. 1944-cü ildə isə bina tamamlanıb. Mişel Morqan bu evdə imarət tamamlananadək bir müddət yaşayıb. Amma müharibənin bitdiyi ərəfədə aktrisa Fransaya qayıdıb; amma imarətdən ayrılma səbəbini heç bir zaman açıqlamamışdır. Belə ki, buradan ayrıldıqdan sonra — hətta burada cinayət hadisəsi baş verəndə belə heç vaxt bu evlə maraqlanmayıb.[1]
1946-cı ildən imarət olduqca yüksək məbləğə kirayənişinləri qəbul etməyə başladı. İlk belə kirayənişin Amerikanın kino sahəsində ilk qadın aktrisa kimi şöhrət tapan yazıçı-ssenarist Lillian Diana və onun anası olub. Bütün dövrlərin nəhəng qadın aktrisası kimi tanınan Lillian həmin vaxt "Duel in the Sun" filminin çəkilişləri ilə məşğul idi. O, da bu evdə qısa müddət qaldı.[1]
Musiqi və film sənayesinin ən öndə gələn simalarından hesab olunan Rudi Altobelli 1960–1970-ci illər ərzində bu evi 86 000 dollara satın alır. Amma özü qısa müddət qaldıqdan sonra, Rudi də evi kirayəyə çıxarır. Həmin illərdə bu evdə ingilis əsilli amerikalı aktyor Kari Qrant, eləcə də, kino və serial aktrisası Düan Kannon yaşayıblar. Onlar 1965-ci ildə ailə qurduqdan sonra bu evi "Bal ayı" evi kimi seçdilər. Amma onların bu evdə yaşayışları üç il davam etdi. Sonu isə uğursuz bitdi. "Bal ayı" ilə başlayan ev, cütlüyün ayrılığının şahidi oldu. 1968-ci ildə Kari Qrant və Düan Kannon boşanaraq evdən ayrıldılar.[1]
Kino və teatr aktyoru Henri Fonda, yunan əsilli amerikalı rəqqas və müğənni, ən əsası, bu gün də yaşayan hər kəsin məşhur "Santa Barbara" serialından tanıdığı Corc Çakiris, "Paul Revere & the Raiders" rok musiqi qrupunun aparıcı müğənnisi Mark Lindsey, televiziya aparıcısı Samanta Eqqar və "Romeo ve Cülyetta" filminin 1968-ci il versiyasında Cülyetta rolunun ifaçısı, "Qızıl Qlobus" mükafatının qalibi Oliviya Hüssey də bu evin sakinləri sırasındadırlar. Həm müğənni, həm də 35-dən çox məşhurun qətlində günahkar bilinən cinayətkar dəstənin qurucusu Çarlz Menson bu imarəti 1968-ci ilin sonlarında ziyarət edir. O vaxt rok musiqisi üslubu ilə tanınan Terri Melçer və aktrisa-model Kendays Berqen bu evdə yaşayırdılar. Bir il sonra bu bəlalı imarət daha bir ayrılığa şahid oldu. 1969-cu ildə Terri ilə Bergen ayrıldılar. Həmin ilin fevralında rejissor Roman Polanski və həyat yoldaşı Şaron Teyt evi Altobellidən kirayə aldılar.[1]
9 avqust 1969-cu ildə isə məşhur cinayət baş verdi. Bir az əvvəl qatil-müğənni Mensonun bu evi ziyarətə gəldiyini qeyd etmişdik. Mensonlar ailəsinin üzvləri olan cinayətkar dəstə aktrisanın evində qurduğu şənliyi alt-üst etdi. Evin giriş və çıxışlarını yaxşı müəyyən etmiş qatil imarətin arxa girişindən evə daxil olur. Voyçieyç Frikovski, Cey Sebrinq, Stiven Parent, eləcə də, Abicel Folqer həmin evdə qətlə yetirilir. Hər birinin ağır silah, bıçaq zərbələri ilə öldürülməsi azmış kimi, qatillər həm də cəsədləri alçaltmaqla dövrünün məşhurlarına mesaj yollayırdı. Çarlz Mensonların həmin gecə Teyt ailəsinin qonşuluğunda olan başqa bir ailənin qətlində də iştirakı ortaya çıxdı. Məşhur biznesmen ailə Leno və Rozmariy LaBianka da digər qonşu evdə ölü tapıldılar. Qadının cəsədindən hiss olunur ki, xilas olmaq üçün həyətə qaçıb və qonşulardan kömək istəyib, amma həmin qonşuları, yəni Teyt və dostları artıq öldürülmüşdülər. Biznes sahəsindəki uğurlarının əvəzi olaraq Leno LaBiankanın çılpaq bədəni üzərində bıçaqla "Müharibə" sözü yazılmışdı. Uğursuzluqlarını uğur qazananlardan intiqam yolu ilə alan Mensonlar artıq ən təhlükəli qrup idilər. Qeyd edək ki, bu cinayət hadisəsi Hollivud ulduzlarının narahatlığına səbəb olub. 1969-cu ildə Teyt ilə dostlarının və biznesmenlərin ölümü çox pul qazanan, həddindən artıq məşhur insanları özəl mühafizə şirkətləri ilə mühafizə haqda müqavilə məsələsini meydana gətirdi. O vaxtdan bu cür məşhur simaların qurbanlarının sayı çoxalmasın deyə mühafizə sisteminin gücləndirilməsi işinə xüsusi önəm verilməyə başlandı. Altobelli evə cinayət baş verən gündən 20 gün sonra qayıtdı. Müsahibələrində o, belə deyirdi:
"Mən orada yaşayan hər bir sakinin təhlükəsiz, sevgi dolu bir həyat yaşayacağını ümid edirdim. Amma gördüyüm qədərilə hər şey düşündüyümün tam tərsi oldu. Və buna çox üzülürəm."[1]
1972-ci ilə qədər imarət polislərin nəzarəti altında araşdırma üçün bağlandı. "10050 Cielo Drive" tam 20 il sahibsiz və zülmətə bənzəyən məkana çevrildi.
1992-ci ildə evin sonuncu sakini musiqiçi Trent Reznor oldu. Reznor bu evi həm yaşayış, həm də iş məqsədilə alır. Binanın içində həm də studiya düzəldən musiqiçi studiyanın adını "PİG" yəni "donuz" adlandırır. Şaron Teyti öldürən Menson ailəsinin üzvü Suzan Atkinsin aktrisanın ölümündən sonra onun qanı ilə divara yazdığı "Donuzlara ölüm" və giriş qapısına yazılan "Donuz" sözünə görə studiyaya bu ad verilib. Reznor 1997-ci ildəki müsahibəsində deyir:
"Özüm üçün musiqi ilə məşğul idim. Amma aktrisa Teytin bir zamanlar öldürüldüyü evdə yaşayırdım. Bir dəfə Şaronun bacısı ilə təsadüfi qarşılaşdım. O, məni görən kimi "Sən nə etdiyini düşünürsən? Bacımın ruhunu alçaldırsan" – deyib mənə şillə vurdu. Heyrətimdən donmuşdum. Belə bir addımı heç gözləmirdim. Sadəcə, "musiqimlə məşğulam" deyə bildim. Mən Menson musiqisini bəyənirdim. Amma Şaronun bacısı mənə əhvalatı danışandan sonra evə qayıtdım. Hönkür-hönkür ağladım. Həmin vaxtdan düşüncələrimi dəyişdim. Hətta həmin evdən də çıxdım".[1]
Sökülməsi
[redaktə | mənbəni redaktə et]Kimsəyə uğur gətirməyən imarət 1994-cü ildə dağıdılaraq, tamamilə söküldü və yerində Ceff Franklinin "Villa Bela" adlandırdığı bir başqa gözəl bina tikilmişdir. Küçənin adı da 1994-cü ildən "10066 Cielo Drive" adlandırılmışdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Məşhurların bəlası olan lənətli imarət Arxivləşdirilib 2015-01-14 at the Wayback Machine kult.az, 07.01.2015, (az.)