Yonkoma
Yonkoma (4コマ漫画?, "dörd bölməli manqa" və ya qısaca 4-koma) — komiks stripi formatı növü. Yuxarıdan aşağıya doğru sıralanmış dörd bərabərölçülü paneldən ibarət olur. Lakin bəzən peyda olduqları nəşrlərdən asılı olaraq sağdan sola sıralana və ya hibrid 2x2 stilində ola bilər. Yonkoma sözü yapon sözü olsa da, bu stil sadəcə Yaponiyada deyil, digər Asiya və ingilisdilli ölkələrdə də mövcuddur.
Tarixi
İlk yonkoma 1902-ci ildə Rakuten Kitazava (Yasuci Kitazava qələm adından istifadə edirdi) tərəfindən istehsal olunmuşdur. "Jiji Manga" adı bu yonkomanın Frank Artur Nankivell və Frederik Burr Opperin əsərlərindən təsirləndiyi güman olunur.[1]
Strukturu
Ənənəvi yonkomanın strukturu kişotenketsu adlandırılan struktura əsaslanır. Bu söz aşağıdakı yapon kancilərinin birləşməsindən əmələ gəlmişdir:
- Ki (起): Hekayə üçün əsas qoyan birinci panel.
- Şo (承): Birinci paneldəki hekayəni inkişaf etdirən ikinci panel.
- Ten (転): Klimaks rolunu oynayan və hekayəyə gözlənilməzlik qatan üçüncü panel.
- Ketsu (結): Yonkomanın sonuncu paneli olan, hekayəni yekunlaşdıran dördüncü panel.[1]
İstifadəsi
Komiks stripinin bu növü demək olar ki, Yaponiyadakı bütün nəşrlərdə peyda ola bilər: manqa jurnalları, qrafik romanlar, qəzetlərin komiks bölməsi, oyun jurnalları, kulinariya jurnalları və s. Çox vaxt yonkomaların hekayəsi elə dörd panellə bitir, lakin bəzən davamlı hekayəsi olan yonkoma seriyaları da hazırlanır. Yonkomaların çoxunda yumor üstünlük təşkil etsə də, ciddi mövzuya malik yonkomalar da var. Bəzi manqalarda hekayəyə yumor qatmaq üçün cildin sonuncu fəslinə və ya əlavə cildə yonkoma əlavə olunur.
Həmçinin bax
İstinadlar
- ↑ 1 2 Carolin Fischer,'Mangaka,Unknown date of publication, "http://www.mangaka.co.uk/?page=yonkoma Arxivləşdirilib 2017-09-30 at the Wayback Machine", 2009-10-29