Dalton Plan
Dalton Plan — fərdiləşdirilmiş tədris sistemi.[1]
Təsviri
20-ci əsrin əvvəllərində H.Parkherst tərəfindən yaradılmış, Dalton (ABŞ, Massaçusets ştatı) şəhərinin adı ilə adlandırılmışdır. Dalton Plan üzrə tədrisin təşkili zamanı şagirdlər ümumi sinif fəaliyyətindən asılı olmurlar, onlara həm məşğələ, müxtəlif fənlərin öyrənilməsi ardıcıllığının seçimində, həm də iş vaxtından istifadədə sərbəstlik verilirdi. Dərs ilinin əvvəlində hər bir şagird müəllimlə müəyyən tapşırıqların müstəqil və vaxtında yerinə yetirilməsinə dair müqavilə bağlayırdı.
Xüsusiyyətləri
Şagirdlər ayrı-ayrı fənlər üzrə kabinet-laboratoriyalarda (Dalton Planın digər adı – laboratoriya planı buradan götürülmüşdür) işləyərək burada fənn müəllimindən məsləhət ala bilirdilər. Dalton Plan tədris tempini şagirdlərin qabiliyyətinə uyğunlaşdırmağa imkan yaradır, onları müstəqilliyə, təşəbbüskarlığa, səmərəli iş metodları axtarmağa, məsuliyyət hissini artırmağa sövq edirdi.
1920-ci illərdə SSRİ məktəblərində Dalton-Planın ifrat fərdiliyini aradan qaldırmaqla, onu modifikasiya etmək cəhdləri göstərilmişdir. Bu cəhdlər briqada-laboratoriya tədris metodu formasında öz ifadəsini tapırdı. Dalton Plan elementləri, məs. “müqavilə”lərin tətbiqi ABŞ-nin bir sıra məktəbində hələ də saxlanmışdır.
İstinadlar
- ↑ Dalton-Plan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 269.
Xarici keçidlər
- Dalton plan ana səhifəsi Arxivləşdirilib 2017-05-19 at the Wayback Machine